Milli musiqi alətlərimizin satış-sərgisinin
keçirilməsi ilə bağlı təklifimizə alimlərdən gniş dəstək gəldi...
Elxan Məmmədli: "Onların ərsəyə gətirdikləri alətlər təbliğ edilməlidir"
Abbasqulu Nəcəfov: "Azərbaycanın qədim musiqi alətlərinin bir çoxu bərpa edilib"
Azərbaycan xalqının musiqi mədəniyyətinin formalaşmasında önəmli rolu olan musiqi alətlərimizin tarixini araşdırarkən qarşımıza olduqca maraqlı faktlar çıxır. Azərbaycan xalqı azsaylı xalqlardandır ki, çeşidli musiqi alətlərinə malikdir. Zəngin musiqi alətləri xəzinəsinə sahib olan xalqımız bu alətlərin hər birinə dəyər verir. Milli musiqi alətlərimizin xeyli bir hissəsi tarixin elə çağlarından xəbər verir ki, biz onu maraqla qarşılayırıq. Mənəvi irsə xüsusi dəyər verildiyi məlumdur.
Azərbaycanın musiqi nəzəriyyəçiləri, bərpaçıları musiqi alətlərini təkmilləşdirir, onlara yeni nəfəs verir. Bu gün milli musiqi alətlərimizi düzəldən ustalar həm paytaxtda, həm də bölgələrdə fəaliyyət göstərir. Onların əməyindən yaranan bu alətlərin geniş təbliğinə ehtiyac var. Onu da nəzərə alsaq ki, bəzi qonşularımız bizim milli musiqi alətlərimizi mənimsəməyə cəhd edir, alətlərimizi dünyaya tanıtmalıyıq. Məlumdur ki, milli musiqi alətlərimiz xalq çalğı alətləri ansambllarında təqdim edilir. Amma bu da təbliğat üçün yetərli sayıla bilməz.
Musiqişünaslar qeyd edir ki, qədim musiqi alətləri xalqın tarixi, mədəniyyət və mənəviyyat abidəsidir. Unudulmuş abidələri bərpa etmək, onları yenidən həyata qaytarmaq, tarixin qaranlıq səhifələrini işıqlandırmaq, mənəviyyatımızı, mədəniyyətimizi zənginləşdirmək olduqca vacib bir işdir.
Qədimdə yaranan və çağdaş dövrümüzə qədər gəlib çıxan saz, tar, kamança, tulum, tütək, saz, balaban, zurna, nağara, dəf və sair alətlərimizin çox istedadlı ifaçıları var.
Alimlər bildirir ki, qədimdə yaranıb unudulmuş, sonradan bərpa edilmiş bərbət, rud, çəng, kos, qaşığek, çanaq və s. alətlər çox böyük maraq doğurur.
Bizdə həm simli, həm nəfəsli, həm də zərb alətləri mövcuddur. Saz, tar, kamança, qanun, ud, tənbur simli, balaban, tütək, zurna, ney, tulum nəfəsli, nağara, qaval, qoşanağara, dümbək zərb və dərili alətlərdir. Özüsəslənənlər isə şaxşax, kaman və laqqutu alətləridir.
Məlumat üçün bildirək ki, bu alətlərin, demək olar, hamısı Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində sərgilənir. Bu alətlər tarixi eksponat olduğu üçün onların səyyar sərgisi mümkün deyil.
Yuxarıda vurğuladığımız
kimi, Azərbaycanda
milli musiqi alətləri düzəldən ustalar
çoxdur. Demək olar ki,
bütün alətlərin ustaları
var.
Alətlər ustaların emalatxanasında ərsəyə gəlir və oradan da müştəri alıb aparır.
Bu gün, demək olar ki, ustaların emalatxanalarında böyük
sənət əsərləri yaranır. O əsərlərdən geniş tamaşaçı kütləsinin xəbəri olmur.
Qəzet olaraq təklif
etmək
istəyirik
ki, paytaxtda, yaxud Azərbaycanın
hansısa bölgəsində milli musiqi alətlərinin satış-sərgisi
keçirilsin. Burada sənətkarlar həm
əl
əməyindən yaranan sənət
əsərlərini satsın, həm də sərgiləsin. Təbii, sərgiyə gələn insanlar burada nümayiş olunan çeşidli alətlərin arasından zövqünə uyğun gələni
alacaq. Bu zaman həm
də
ustalar bir-birini tanıyar və
onlar arasında əlaqə yaranar.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən davamlı olaraq xalq sənətkarlarının yaradıcılıq nümunələri ilə bağlı sərgilər açılır. Burada əsasən dulusçular, misgərlər, xalçaçılar, şəbəkəçilər, digər xalq sənəti növləri düzəldən ustalar iştirak edir. Milli musiqi alətlərinin satış-sərgisi isə hələlik təşkil edilməyib. Güman edirik ki, müvafiq qurumlar bu sahədə işlər görəcək. Musiqi alətlərinin satış sərgisi ustalara böyük stimul verər.
Məsələyə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri namizədi Elxan Məmmədli bizimlə söhbətində milli musiqi alətlərinin satış sərgisinin keçirilməsi ilə bağlı təklifimizi təqdir etdi. Alim bildirdi ki, bunun musiqi alətlərinin təbliğatında böyük rolu var və əhəmiyyətli bir işdir: "Bilirsiniz ki, buna ehtiyac var. Azərbaycanda milli musiqi alətləri düzəldən ustalar çoxdur. Onların ərsəyə gətirdikləri alətlər təbliğ edilməlidir. Bəzi qonşularımız bizim saz, balaban kimi musiqi alətlərimizə sahib durmağa cəhd göstərir. Amma məlumdur ki, bu alətlər Azərbaycan xalqına məxsusdur. Milli musiqi alətlərimiz "İrs" ansamblında, qədim musiqi alətləri ansamblında yaşadılır. Ayrı-ayrı musiqi alətlərimizin ifaçıları onları təbliğ edir. Təbii, daha geniş təbliğat lazımdır".
Musiqişünas Abbasqulu Nəcəfov da milli musiqi alətlərimizin satış-sərgisinin açılması ilə bağlı təklifimizi bəyəndi. Ömrünü milli musiqi alətlərinin, xalq musiqisinin təbliğinə həsr edən A.Nəcəfov bildirdi ki, musiqi alətlərimizin gənc nəslə tanıdılması vacibdir. "Azərbaycanın qədim musiqi alətlərinin bir çoxu bərpa edilib. Bu gün bizim ustalarımız var ki, onlar milli musiqi alətləri düzəldir. Onların düzəltdiyi alətlər təbliğ edilməlidir" - deyə A.Nəcəfov vurğuladı.
Milli musiqi alətlərinin geniş səviyyədə təbliği o deməkdir ki, biz tariximizə sahib çıxmağı bacarırıq. Biz aləti və onun ifaçılarını həmişə təbliğ edirik, amma əksər hallarda o alətləri düzəldən ustaları, sənətkarları unuduruq. Əlbəttə, bu da ədalətsizlikdir. Sənətkarın əl əməyi təbliğ olunmalıdır ki, onu cəmiyyətdə tanısınlar. Milli musiqi alətlərimiz bizimlə dünənimiz arasında etibarlı bağdır.
Bu bağı qırmayaq, əksinə, daha da zənginləşdirək.
İradə SARIYEVA
Bakı xəbər.- 2017.- 3 fevral.-
S.12