Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Ölkəmizin tarixinə qısaca nəzər salsaq, bu məkanda demokratik intibah dövründə də, vahid totalitar rejimdə də müxtəlif xalq və dinlərin dinc yanaşı yaşamasının şahidi olarıq. Xalqımızın milli mədəniyyəti, adət və ənənələri müqəddəs dininə söykənməklə özündə böyük mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları əks etdirib. İftixarla qeyd etməliyik ki, tarixin bütün mərhələlərində ölkəmizdə milli, irqi, dini zəmində heç bir diskriminasiya hadisəsi olmayıb.

23 illik müstəqilliyimiz dövründə isə bu ali dəyər qanunla qorunur və dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Dini və milli tolerantlıq termininin geniş məna tutumuna lakonik izah verən mərhum prezident Heydər Əliyev deyib: "Tolerantlıq həm insani münasibət və cəmiyyətdə gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına, mədəniyyətlərinə dözümlülük deməkdir".

Göründüyü kimi, tolerantlıq düşüncə tərzi, cəmiyyətin tarixi inkişafının nəticəsi, müxtəlif mədəniyyətlərin birgəyaşayışıdır. Tolerantlıq ayrıca bir dövlətin deyil, artıq bütün dünyanın qlobal, sosial-mədəni problemi statusunu kəsb edib. Tolerantlıq həm də bu gün hər bir ölkənin demokratiklik səviyyəsini müəyyən edən amillərdən birinə çevrilib.

"Dini etiqad azadlığı haqqında" AR Qanununa edilən düzəlişlər, mərhum prezident Heydər Əliyev tərəfindən ölkədə əsası qoyulan "Tolerantlıq Günü"nün hər il qeyd edilməsi, "Sivilizasiyaların dialoqu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfranslar, tolerantlıq və dini dözümlülüyün möhkəmlənməsinə yönələn qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, 2006-cı ildə Bakıda keçirilən "İslamda dözümlülük" mövzusunda beynəlxalq konfrans, İSESKO-nun 2009-cu il üçün Bakı şəhərini İslam Mədəniyyətinin Paytaxtı elan etməsi, son dörd ildə paytaxtımızda I,II və III beynəlxalq humanitar forumların, 2012-ci ildə yenə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə Toplantısı və digər mötəbər tədbirlərin keçirilməsi bu sahədə dövlətin apardığı siyasətin tərkib hissəsidir.

Müstəqillik dövründə xalqımızın öz kökünə və islami dəyərlərə qayıdışı, insan haqq və azadlıqlarının qanunla qorunması həm də cəmiyyətin əxlaqi-mənəvi yüksəlişinə, müxtəlif inanclara sahib ölkə vətəndaşlarının bütövlüyü və birliyinə xidmət edib. Qloballaşma şəraitində həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat və informasiya dəhlizlərinin yaradılması, xarici investorların Azərbaycana uzunmüddətli sərmayə qoyması da ölkədəki daxili sabitlik və onu reallaşdıran milli və dini tolerantlıq siyasəti sayəsində mümkün olub. Artıq çağdaş Azərbaycan multikulturalizm məkanı kimi mədəniyyətlərin, dinlərin müxtəlifliyini yaşadan və inkişaf etdirən unikal ölkəyə çevrilib. Burada hər bir xalq və etnikin mədəni, dini müxtəlifliyi vahid harmoniyaya-ümummilli vətəndaş həmrəyliyinə xidmət edir. Əksər ölkələr üçün örnək olan bu model artıq müxtəlif inanc və mədəniyyətlərə sahib Azərbaycan vətəndaşlarının həyat tərzinə çevrilib.

Ölkəmizdəki mövcud multikulturalizmi qiymətləndirən Moskva və bütün Rusiyanın patriarxı II Aleksi hələ 2001-ci ildə Bakıda Heydər Əliyevə müqəddəs Moskva Knyazı Daniel ordenini təqdim edərkən demişdi: "Ölkənizdəki tolerantlıq və dini dözümlülük başqa dövlətlər üçün nümunədir". Roma Papası mərhum II İohann Pavelin xristianlığın katolik məzhəbinə etiqad edən ölkələrin israrlı dəvətlərinə rəğmən, məhz əhalisinin cəmi 0,5 faizini katoliklərin təşkil etdiyi Azərbaycana səfər etməsi isə azsaylı millət və onların etiqad etdiyi dinlərə də sayğının, xoş münasibətin dönməzliyindən xəbər verir. Burada qeyd olunası vacib məqamlardan biri də Azərbaycanın mədəni irsini Vatikanda nümayiş etdirən ilk islam ölkəsi olmasıdır. Azərbaycandakı nümunəvi dini tolerantlığa heyranlığını gizlətməyən İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman isə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar deyib: "İSESKO bütün dünyaya çatdırmalıdır ki, siz necə də qədim və zəngin mədəniyyətə sahibsiniz. Ölkənizlə əməkdaşlıq sahəsində imzalanan sənədlərin həyata keçirilməsi üçün biz öz tərəfimizdən hər tələbi yerinə yetirəcəyik və bu əməkdaşlıq digər üzv dövlətlər üçün nümunə olacaqdır". Azərbaycanın dünyaya örnək olan tolerantlıq modelinin İlham Əliyev tərəfindən BMT kürsüsündən elan edilməsi və onun əksər xarici ölkə başçıları, din xadimləri, siyasətçiləri, alimləri tərəfindən qəbul edilməsi odlar diyarının beynəlxalq aləmdə nüfuzunu daha da artırıb. Bu modelin dövlətin siyasi kredosunda önəmli yer alması şübhəsiz ki, müstəqil Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində də mühüm rol oynayıb.

1963-cü ildə ABŞ təhsil sistemində seqreqasiya ləğv edilərkən, cənub ştatların birində "ağların" məktəbinə qaradərili qızı buraxmadılar. Ölkədə tolerantlıq ənənəsi olmadığı üçün dövlət son tədbir kimi Milli Qvardiyanı ayağa qaldırdı. Həmin qurum zənci qızı məktəbə 2 il zirehli maşında aparıb gətirdi. Qanunun təntənəsi naminə ... Halbuki, ABŞ və bir çox Qərb dövlətlərindən fərqli olaraq, müasir Azərbaycanda dini və milli tolerantlıq kimi demokratik dəyərlər bir yox, üç əsas prinsiplə qorunur. Bunlar xalqımızın əsrlər boyu formalaşdırdığı adət-ənənələr, islami dəyərlər və müstəqil Azərbaycanda fəaliyyət göstərən qanunlardır.

Müstəqilliyimizin ilk illərində bizə tolerantlıq və dözümlülükdən tövsiyə və bəzən də qəbuledilməz tələblər edən Qərbi Avropa isə bu gün etnik faciə, dini-etnik qarşıdurma ilə üzləşib. Bunu Polşa və Almaniyada baş qaldıran neofaşizm ideologiyası, Avropa İttifaqı ölkələrində miqrantlara qarşı etiraz mitinqləri sübut edir. Müasir Qərb politoloqları artıq etiraf edirlər ki, multikulturalizm burada iflasa uğrayıb. Onlar vəziyyətdən çıxış yolu kimi Azərbaycanın tolerantlıq modelini müzakirə edir, öyrənirlər. Çünki mədəniyyətlərarası, dinlərarası dialoqun təşviqində Azərbaycanın gördüyü işlərlə müqayisə ediləcək ikinci bir təcrübə, demək olar ki, yoxdur. Arqumentlərimizi 2012-ci il Londonda "Avropa multikulturalizminin perspektivləri: dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan modeli haqqında səslənən fikirlər də təsdiq edir. Və sözsüz ki, Bakıda yox, Londonda keçirilən bu konfrans Azərbaycan modelinin örnəkliyinin, onun beynəlxalq aləmə ixracının sübutudur. Deməli, "Dini və mədəni dözümlülük bizim üçün nailiyyət deyil. Bu, bizim gündəlik həyat tərzimizdir. Bu, həm də bizim bildiyimiz yeganə həyat tərzidir" (Sözügedən konfransda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çıxışından).

Azərbaycan artıq bu gün sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində aparıcı ölkə statusunu qazanıb. Fikrimizi bu günlərdə Bakıda ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi və UNESKO üzrə Azərbaycan Milli Komissiyası tərəfindən birgə təşkil edilən "Dini tolerantlığın möhkəmləndirilməsi, Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar" mövzusunda keçirilən ilk beynəlxalq konfrans da təsdiq edir. Cənab Prezidentin konfrans iştirakçılarına müraciətində deyilir: "Son illər sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini tolerantlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilən Azərbaycanda etnik mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir".

Təəssüf ki, tolerantlıq və dözümlülük sahəsində örnəkliyimiz, müasir dünyada tutduğumuz mövqe düşmənlərimiz və qərəzli opponentlərimizi yeni-yeni təxribatlara sövq edir. Bəziləri tolerantlığımızdan sui-istifadə edərək bizi tarixi torpaqlarımıza ermənilərin köçürülməsi ideyasının müəllifi Qriboyedov vaxtına döndərmək istəyir. Ermənipərəst dairələr, o vaxt olduğu kimi, indi də bizi "sakitləşdirmək məsələsini dəfələrlə götür-qoy edirlər". Onlar sərhədsiz tolerantlığı özlərinə yox, bizə vacib bilirlər. Bu dairələr ikili standartdan çıxış edərək, sələfləri 451-ci ildə Xolkidon Ümumdünya Kilsə Məclisindən küfr damğası ilə qovulan Qriqoryan Kilsəsinin məkrinə, rəsmi Ermənistanın monoetnik və işğalçılıq siyasətinə göz yumurlar. İslamofobiya xəstəliyinə düçar olanlar, sivilizasiya və dinlərin toqquşmasının labüdlüyünü müdafiə edənlər isə, Azərbaycan da daxil olmaqla, islam aləmini yeni təxribatlara cəlb etmək istəyirlər. Bu məkrlərin üstünü açan cənab İlham Əliyev deyib: "Bəzi ölkələrdə islamofobiya meyllərinin güclənməsi, islam müqəddəslərinin təhqir edilməsi bizi narahat edir, hiddətləndirir". Anti-Azərbaycan siyasəti yürüdən üçüncü qüvvələr isə ölkəmizin dini etiqad azadlığı ilə bağlı qanunlarındakı məhdudiyyətlərə irad tuturlar. Halbuki, məhdudiyyətlər Avropa Konvensiyasında tətbiq edilən hüquqi termindir. Konvensiyada deyilir: "Məhdudiyyətlər ancaq qanunlaəyyən edildiyi halda; demokratik cəmiyyətdə ictimai sabitlik və asayişin mühafizə olunmasına xidmət etdiyi halda, cəmiyyətin sağlamlıq və mənəviyyatının qorunmasına yönəldiyi halda; başqa insanların hüquq və azadlıqlarının qorunmasının zəruri olduğu halda tətbiq edilir...". Göründüyü kimi, dövlətlər kimi insan haqlarının da sərhədləri var. Və Azərbaycan da daxil olmaqla, hər bir dövlət bu maraqlar çərçivəsində məhdudiyyətləri tətbiq edə bilər. Maraqlıdır ki, bir çox ölkələrə demokratiya dərsləri verən Qərbin beynəlxalq təşkilatları yaxın keçmişə qədər Avropada tolerantlığın vəziyyəti, müsəlmanlara qarşı diskriminasiyaya aid faktların olması haqqında hesabatlar hazırlamırdılar. Belə hesabatlar Azərbaycan və bir çox dövlətlərin haqlı tələbilə son illərdə hazırlanır.

Tarixi, mənəvi - dini dəyərlərini, sivilizasion irsini və qanunun aliliyini qoruyan müasir Azərbaycan dünya hüquq məkanına uğurla inteqrasiya edir. Bu gün ölkəmizdə "maqdonaldlaşma" və "çayxana" mədəniyyətləri bir-birini sıxışdırmır. Əksinə, ölkədəki dözümlülük və tolerantlıq mühiti onların birgə əməkdaşlığına stimul verir.

Azərbaycanın unikal tolerant ölkə, xalqımızın mədəniyyətdə, dində, əxlaqda, dünyagörüşündə, xaraktercə tolerant olmasını bu gün ən qatı opponentlərimiz də təsdiq edir. Müxtəliflikdə bir harmoniya olan Azərbaycanın tolerantlıq modeli artıq bu məkanda təkcə mənəvi borca deyil, eyni zamanda siyasi və hüquqi tələbata çevrilib. Azərbaycanda tolerantlıq dil, din, düşüncə və irqindən asılı olmayaraq hər bir vətəndaşa, diskriminasiyaya məruz qoymadan sosial-iqtisadi inkişaf üçün şərait yaradan və qanunla qorunan ləyaqətliliyin özüdür, yaşam tərzidir.

 

Vaqif CƏLİLOĞLU

Bakı xəbər.- 2017.- 3 fevral.- S.15