Azərbaycanda özəl teatrların (g)özəl
tarixi...
Həsən Həsənov: "Ümumiyyətlə, özəl teatrların
inkişafı onların maddi-texniki bazasının
hansı səviyyədə olmasından asılıdır"
Firuz
Mustafa: "Özəl teatrlar o zaman güclü olar ki, onun böyük
maliyyə dayağı olsun"
Cəvahir Səlimqızı:
"Bizimkilər ciddi repertuar əvəzinə nədənsə..."
Teatr cəmiyyətin həyatını dəyişir deyirlər. İndi bu məsələyə
yanaşma fərqlidir.
Bəziləri deyir ki, teatr
böyük ideoloji-mənəvi təsir gücünə malikdir. Bəziləri isə iddia edir ki,
artıq teatr kinoya, internet resurslarına uduzub. Kimin nə
deməsindən və nə cür düşünməsindən asılı
olmayaraq, deyə
bilərik ki, teatr
qədim
çağlardan indiyə
qədər insanların mənəvi gərəyinə çevrilib.
Əslində, teatr cəmiyyətin bir parçasıdır desək yanılmarıq. Çünki
birbaşa həyatla,
canlı ünsiyyətlə əlaqəsi
olan teatr sənəti
maarifçilik missiyasını bu gün də
daşıyır. Bəzən
deyirlər ki, kino
bu qədər sürətlə inkişaf edir,
daha böyük təsir
imkanlarına malikdir, bu halda, teatrların fəaliyyəti məhdudlaşmalıdır.
Bizim respublikada bəziləri belə
düşünür, beynəlxalq
aləmdə isə insanlar
teatrın yaşaması, nəfəs alması
üçün daha çox cəhd
edir.
Azərbaycanda teatr sənətinin inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Azərbaycanda
teatrların böyük hissəsi
dövlət
teatrıdır, onlar büdcədən maliyyələşir. Bu
gün, demək
olar ki, heç bir teatr bilet satışı ilə öz kollektivini
saxlaya bilmir. Odur ki, onlar fəaliyyətini dövlət dəstəyi ilə davam etdirir.
Təbii
ki, dövlətin
teatrlara dəstəyi bu sahənin
inkişafına təsirsiz
ötüşmür. Dövlət
teatrlarının fəaliyyətini geniş təhlil etmək niyyətimiz yoxdur. Məqsədimiz özəl teatrlar
haqqında araşdırma aparıb onların
inkişaf perspektivlərini
öyrənməkdir.
Özəl teatrlarımız...
Bu gün bütün dünyada özəl teatrların fəaliyyətinə geniş yer ayrılır
və özəl teatrlar müstəqil şəkildə faəliyyətini davam etdirir. O özəl teatrların öz
repertuarı, öz tamaşaçısı var. Beynəlxalq teatr aləmində mövcud olan özəl teatrlar kifayət qədər maliyyə dayaqlarına malikdir. Onlar ancaq tamaşaçı büdcəsindən asılı
deyil, müxtəlif
maliyyə fond və qurumları da
onlara vəsait
ayırır. Məlumatlara
görə, bu
teatrların müxtəlif
ölkələrə qastrolları da onlara
böyük maliyyə
gətirir.
Beynəlxalıq teatr festivallarının
iştirakçılarının siyahısında
daha çox özəl teatrların adına rast gəlinir.
Bir sıra ölkələrdə yeni özəl teatrlar yaradılmaqla yanaşı, həm də dövlət teatrlarının özəlləşdirilməsi halları baş verib. Yəni imkanlı bir
şəxs dövlətdən teatrı alıb
və onu yönəldib, işlədib.
Bir vaxtlar belə xəbərlər yayılırdı ki, Azərbaycanda da bəzi dövlət teatrları özəlləşəcək. Lakin belə bir hal baş vermədi. Dövlət
teatrları öz statusunda fəaliyyət göstərir.
Zəngin teatr ənənəmizin olduğu hər kəsə məlumdur.
Bu ənənələrin
formalaşması uzun zaman hesabına başa gəlib. Onu da ədalət naminə vurğulayaq ki,
Azərbaycanda
saysız peşəkar
teatr xadimi, istedadlı insanlar var və onlar güclü potensiala
malikdir.
Qeyd edək ki, keçən yüzilliyin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində bir sıra istedadlı
teatr xadimləri müstəqil teatr anlayışını gündəmə gətirdilər. Bəziləri
işlədikləri dövlət teatrından
çıxıb özəl
teatr yaratmaq təşəbbüsü ilə
çıxış etdi, bəziləri kiçik teatr
studiyaları yaratdılar.
Yarı
yolda qalan özəl teatrlar...
XX əsrin 90-cı illərində bir sıra özəl teatrlar yaranmağa başladı. Təəssüflər olsun ki, bu teatrlar
arasında tam olaraq ayağa qalxan, irəliyə addımlayan olmadı...
Özəl
teatrların əksəriyyəti
yarandığı vaxtdan qısa zaman sonra fəaliyyətini
dayandırdı. Əlbəttə, onların fəaliyyətinin
dayandırılması müsbət hal deyil və əksəriyyəti peşəkarlar tərəfindən yaradılan özəl teatrlar maliyyə çətinliyi üzündən qapadılmaq məcburiyyətində qaldı. Sözsüz
ki, maliyyə
dayaqları olsaydı, o teatrlar bu gün dövlət teatrları ilə rəqabətə girə bilərdi. Çünki peşəkar
heyətdən ibarət olan kollektivin
maliyyəsi
olarsa, o daha böyük işlər
görməyə qadirdir.
Bəzi teatrşünasların fikrincə, Azərbaycanda özəl teatrların ilkin
yaranması prosesi durğunluq dövrünə düşdüyü
üçün, görülən işlər özünü doğrultmadı.
Teatrşünaslar
qeyd edir ki, yaradılan teatrların maliyyə dayağı olsaydı,
onlar özəl teatrın pioneri kim Azərbaycan teatrının
yönünü daha erkən dünya teatrına çevirə biləcəkdilər. Lakin maliyyə dayaqlarının
zəif olması,
yaxud heç olmaması özəl
teatrların "raxit" doğulmasına şərait yaratdı.
Yeri gəlmişkən qeyd edək ki, zamanında özəl teatrın mərhum teatr xadimi
Hüseynağa Atakişiyev, xalq artistləri Afaq Bəşirqızı,
İlham Namiq Kamal, Arif Quliyev, mərhum Hacıbaba
Bağırov və digərləri kimi peşəkar pionerləri olub. Lakin qeyd edildiyi kimi, sənətkarlarımız tərəfindən yaradılan
teatrların əksəriyyəti yarı yolda qaldı... Əfsuslar olsun ki, belə oldu.
Müasir
özəl teatrlar və onların qayğıları...
Bu gün Azərbaycanda bir neçə özəl teatr var, amma onların fəaliyyəti elə də qabarıq görsənmir. Əskəriyyəti kiçik teatr
studiyası kimi fəaliyyət göstərdiyindən, onların nəinki repertuarından, heç fəaliyyətindən belə
tamaşaçıların xəbəri yoxdur. Teatrşünaslar
qeyd edir ki, yaradılan özəl
teatrlara qayğı olmalıdır ki, onlar pərvəriş tapıb
inkişaf edə bilsin.
Özəl teatrların formalaşmasında hər bir normal
düşüncəli vətəndaş maraqlı olmalıdır. Teatrlar da
"özələm" deyib istədiyini etməməlidir. Repertuar
məsələsi olduqca ciddi işdir. Ancaq təəssüf ki, bəzi özəl teatrlar gündəm naminə bayağı
repertuar seçir. Bu da peşəkarların
haqlı narazılığına səbəb
olur. Əlbəttə, gənclər yeni ideyalarla teatr sənətinə böyük fayda verə bilər, bilir də. Amma xəstə düşüncəsinin "yeni estetika"
adı ilə təqdim edilməsi yolverilməzdir.
"Azərbaycanda özəl teatrlar həmişə olub və indi də var"
Azərbaycanda özəl teatrların fəaliyyəti və vəziyyəti haqqında teatra bağlı olan insanların
fikirlərini öyrəndik.
İrəvan Azərbaycan Dövlət Dram Teatrının
müdir müavini Həsən Həsənov bizimlə söhbətində özəl teatrların formalaşması, ayağa
durması üçün tələb olunan amillərdən danışdı:
"Ümumiyyətlə, özəl teatrların inkişafı onların
maddi-texniki bazasının hansı səviyyədə olmasından
asılıdır. Azərbaycanda
özəl teatrlar
həmişə olub və indi də var. Lakin
onların inkişafı çox zəifdir.
Bu da maliyyə
məsələsi ilə
bağlıdır. Özəl teatr açan
şəxs ilk
növbədə
çalışır ki, tez pul qazansın. Məhz o
tezliklə pul
qazanmaq məsələsi özəl
teatrın inkişafına maneçilik yaradır.
Hər
özəl
teatrın özünün yaradıcılıq
konsepsiyası olmalıdır. Götürək Tiflis özəl teatrlarını,
yaxşı işləyirlər. Balaca bir zirzəmini
götürüb teatr məkanı
yaradırlar. Tamaşaçı
zalı kiçik olsa da, onlar buna qane olur. Ona görə
də onlarda özəl teatrlar
inkişafdadır. Fikrimcə, ilk növbədə, özəl
teatr yaratmaq üçün müəyyən imtiyazlar
olmalıdır. Bütün vergilərdən heç olmasa 5-6 il azad olmalı, kirayə bina götürməməli, ilkin olaraq kiçik
kollektiv yaratmalıdır. Özəl teatr yaratmaq istəyən adam ətrafına bilikli insanlar
yığmalıdır".
H.Həsənov qeyd edir ki, bu insanlar günün nəbzini tuta bilməli və insanların daha çox
hansı mövzuya meylli olmasını bilməlidir. Onun sözlərinə görə, ilk növbədə, teatra yardım edəcək sponsorlar olmalıdır:
"O vaxta qədər ki, teatr özünü saxlamaq gücünə malik ola
bilsin. Güclü reklamı
olmalıdır və
bu reklamlardan dəyərlənməyi
bacarmalıdır. Yəni tamaşaçını
aldatmamalıdır".
"Teatr
prodüsseri o insanlar ola bilər ki..."
Qeyd edək ki, Azərbaycan Respublikasının "Teatr və teatr fəaliyyəti haqqında"
Qanununda təsbit olunan biri neçə maddə prodüsserliklə bağlıdır. Yəni dünya teatr aləminin tələbatına uyğun olaraq, Azərbaycan
teatrlarında prodüsserlik institutunun
formalaşdırılması məsələsi sənəddə əks olunub. Bu məsələ
hələlik sənəd üzərində qalıb, icra
edilmir.
Buna da
münasibət bildirən H.Həsənov bildirdi ki, Azərbaycan teatrında hələ bu sahə inkişaf etməyib: "Teatr
prodüsseri dedikdə, ilk növbədə, ağlımıza teatrda inzibatçı yada
düşür. Bizdə
hələ teatr
prodüsseri yoxdur, inkişaf etməyib. Fikrimcə, teatr prodüsseri o
insanlar ola bilər ki, teatrı,
dramaturgiyanı incəliyinə qədər bilsin. Teatrla tamaşaçı
arasında güclü əlaqə qurmalıdır,
yaxşı imkana malik olmalıdır ki, heç olmasa
ilk tamaşaya verilən
quruluş reklam xərclərini ödəyə bilsin. Loru
dildə desək, pul qoyub pul
götürməlidir.
Teatr da elə
tamaşalar hazırlamalıdır ki, prodüsseri zərbə altında
qoymasın. Əsas vəzifələrindən biri də teatrı dünya
miqyasına çıxarmağı
bacarmasıdır. Ona görə,
yuxarıda qeyd etdiyim kimi, yaxşı maliyyə imkanına malik
olmalıdır. Onda özəl teatrın rəhbərliyi də, aktyorlar da
bütün qüvvələrini səfərbər
edəcək ki, tamaşa
yüksək səviyyədə hazırlansın".
"Bu
gün də imkanlı şəxslər teatra dayaq olmalıdır"
Tanınmış
dramaturq Firuz Mustafa da bizimlə söhbətində özəl teatrların
formalaşmasına əsasən maliyyə çətinliyinin mane olduğunu dedi: "Özəl teatrlar o zaman
güclü olar ki, onun böyük maliyyə dayağı olsun. Bütün dünyada olduğu kimi, bizim
ölkədə də fəaliyyət göstərən özəl
teatrlar müxtəlif
beynəlxalq layihələrdən
bəhrələnməlidir,
fondlardan maliyyə
almalıdır. Onlar QHT-lərdən də qrant udub teatrı
saxlaya bilər.
Ümumiyyətlə, özəl teatrın
tamaşaçı hesabına yaşaması
mümkün deyil. Onu da
vurğulayım ki, özəl
teatrların sponsorları olmalıdır. Azərbaycanda
ilk peşəkar
teatrın hamisi milyonçu Hacı Zeynalabdin
Tağıyev idi. Bu gün də imkanlı şəxslər teatra dayaq
olmalıdır. Dövlət öz nəzarətində olan teatrlara
qayğı göstərir.
Bu çox müsbət
haldır".
Tetarlarda prodüsserlik institutunun fəaliyyətinə toxunan dramaturq qeyd etdi
ki, hələ bizdə bu sistem formalaşmayıb.
"Bizdə özəl teatrlar hələ formalaşmayıb"
Tanınmış
yazar Cəvahir Səlimqızının qeyd etdiyinə görə, özəl teatrların
inkişafının zəif olması maliyyə problemi ilə bağlıdır: "Bu
teatrlara maddi dəstək yoxdur. Onların normal bir əsəri səhnələşdirməsi
üçün maliyyə
lazımdır. Təbii
ki, aktyor da acqarına oynamaq istəmir.
Klassikaya müraciət
edib hadisəyə çevrilə bilən tamaşa ilə də özələrini tanıda bilərlər. Amma etmirlər.
Bizimkilər
ciddi repertuar əvəzinə nədənsə 18+ tamaşalarla
vəziyyətdən
çıxmağa çalışır. Pulsuz komandanı qınamaq da olmur. Bizdə
özəl teatrlar
hələ
formalaşmayıb. Rusiyada və digər ölkələrdə
özəl
teatrların dövlət
teatrlarından daha çox tamaşaçısı
var".
İradə SARIYEVA
Bakı xəbər.- 2017.- 7 fevral.- S.13