Düşünür,
düşündürür...
Görkəmli publisist Fazil Rəhmanzadənin anadan olmasının 75 illiyi tamamlanır
... Onun hər yeni kitabını əlimə alanda dərhal da barəsində nəsə yazmaq meylim artır. Uzun müddətdir bu xoş istəyimi içimdə yaşadıram. Ancaq nə gizlədim, düzü, "nəsə" ni sözgəlişi dedim. Çünki Fazil Rəhmanzadə 50 ildən çox zaman içərisində elə zəngin, elə mənalı yaradıcılıq yolu keçib, özündən sonrakı nəslə elə gərəkli bədii irs bəxş edib ki, barəsində sadəcə "nəsə" yazmaqla iş bitmir. Belə ki, bütöv yaradıcılıq irsi çox geniş əhatə dairəsini özündə ehtiva edir, rəngarəng mövzuları özünəməxsusluqla işıqlandırır.
Fazil Rəhmanzadənin
yaradıcılıq meydanı hüdudsuzdur. O bu
meydana hakimdir. Onun qələminin gücü
ilə oxucu müəllifin yazı tərzini qəbul edir, maraq dairəsi genişlənir. Nəticədə publisist,
düşündüyü kimi, düşündürməyə də
nail olur. Əsərlərinin rahat, birnəfəsə oxunması da təbiidir. Belə
ki, dil şirin, dialoqlar məntiqli,
hadisə və faktların təcəssümü sadə və anlaşıqlıdır,
axıcıdır. Onun qələminin füsunkarlığı
burasındadır ki, qəmli-kədərli məqamların
şərhində də, sevincli-fərəhli səhnələrin təcəssümümdə də müəlliflə oxucu
arasındakı rabitə
qırılmır. Hadisələrin dinamik və məntiqi
ardıcıllıqla təsviri
əla təsir
bağışlayır. Oxucunun hadisələrin tam axarına düşməsi təqdirəlayiqdir.
Fazil müəllim taleyin ona bəxş etdiyi istedadını paylaşmaqda "bədxərclik" eləmir, hər sözü, kəlməni, cümləni, ifadəni belə yerli-yerində işlədir. Fikrin aydın ifadəsi, bu ifadənin eyni zamanda təfəkkür və
ağlın məhsulu
olaraq qabarıq təcəssümü bənzərsizdir.
Ən önəmlisi budur ki, hər hansı sahəyə baş qatan publisistin geniş erudisiyası, dərin biliyi, nəhayət yüksək peşəkarlığı ilkin nəzərə çarpır. Onun qüdrətli
yaradıcı sənət adamlarına,
tarixi hadisələrə, şöhrətli idman ustalarına,
ümumiyyətlə hər hansı sahəyə
həsr etdiyi
yazılar onun peşəkarlığını
çox aydın çalarlarla nəzərə çarpdırır. Bu da Fazil Rəhmanzadənin ən fərqli cəhətlərindəndir. Fikrim
aydın anlaşılsın deyə, müəllifin ötən il nəşr olunmuş "Bu
isimdə bir can..." ikicildliyinə nəzər yetirmək kifayətdir. Məsələn, həmin kitabda Qara Qarayev,
Fikrət Əmirov, Rəşid Behbudov,
Müslüm Maqomayev barəsindəki qeydlərlə bir sırada şöhrətli idman
ustalarımız Ələkbər Məmmədov, Oqtay Ağayev haqqındakı yazılar eyni dərəcədə oxunaqlıdır, peşəkar qələm məhsulları kimi qəbul olunur. Müəllifin geniş və dərin
dünyagörüşü, hərtərəfli savadı, qələmə aldığı
bu və ya digər mövzuya
peşəkarlıqla
yanaşma tərzi
önəmlidir.
Bu məqamda akademik Rafael
Hüseynovun vaxtilə Fazil Rəhmanzadənin "Adın yadigar qalsın" kitabına
yazdığı ön sözdən bir parçaya diqqəti yönəltmək istəyirəm:
"Araşdırıcılığın,
kəşfin,
tapıntının min bir yolu, üsulu var. Çox
tapıntı, çox kəşf əlyazma xəzinələrində, kitabxanalarda, laboratoriyalarda,
iş otağında dilsiz vərəqlərlə ötən səssiz, amma inadlı
dialoqlarda doğulur. Fazilin jurnalistikasında
araşdırıcılıq yönü də var, ancaq onun tətqiqatçılığının
səmti, tərzi
başqadır. Hər
örtülü faktın, hər
örtülü sualın arxasında insanlar durur.
Fazilin jurnalist inancı belədir ki, günlərin birində Cəfər Cabbarlının bir naməlum şeirilə üzləşəndə, aşıq Növrəs İmanın indiyəcən bilinməyən şəklini tapanda, XX əsrin əvvəllərində Buxarada tacikcə ilk qəzeti buraxmış
adamın azərbaycanlı Mirzə Cəlal Yusifzadə olduğundan xəbər tutanda o, akademik həvəsinə elmi məqalə yazmaq eşqinə düşmür. Daha dəqiq
izlər göstərəcək,
daha inamlı sözlər
deyəcək canlı
şahidlərin
axtarışına başlayır. O canlı
şahidlər ki, Fazillə danışır, ona özlərilə biryolluq apara biləcəkləri yaddaşları, xatirələri söyləyirlər, onlar bu gün var, sabah yox. Olsun ki, bir elmi məqalədən daha gec yazılan,
çoxlu görüşlər, ezamiyyətlər, sorğular hesabına
yaranan bir yazısıyla Fazil Rəhmanzadə neçə-neçə əvəzsiz xatirəni, yaddaşı
unudulmaqdan, itməkdən xilas edir. Nəticədə isə
onun bu qəbil
yazıları sabahın
araşdırıcıları üçün gərəkli, insan səsiylə dolu mənbələrdən
birinə
çevrilir".
Bu fikirlərlə tam şərikəm. Mən həmişə böyük qürur hissi
ilə
bildirmişəm ki, tələbə çağlarında Fazil Rəhmanzadənin şöbə müdiri olduğu
"Bakı"-"Baku" qəzetləri redaksiyasında
bilavasitə onun rəhbərliyi ilə təcrübə praktikasını başa vurmuşam. Sonralar da xeyli müddət
onunla sıx yaradıcılıq təmasımdan
çox bəhrələnmişəm.
Lap düzünə
qalsa, onunla hər
görüş şəxsən mənim
üçün əsl
"ustad dərsləri"
timsalındaydı. Bu "dərslər" mənə çox şey bəxş edib. Ən
başlıcası, hər bir yazını qələmə alanda məsuliyyət hissini önə çəkməyi, daim təkmilləşməyi, hər kəlmənin cümlədə yerini tapmağı,
dünyagörüşü artırmağı bir an da unutmamağı...
Bu baxımdan Fazil Rəhmanzadə bizə əla nümunə idi. Yada salım ki, indinin
özündə yaxşı tanınan istedadlı qələm sahiblərinin bir çoxu vaxtilə məhz Fazil müəllimin yanında
"ikinci universitet" təhsili almış, təkmilləşib boy atmışlar. Və həmişə də bunu fəxrlə
vurğulayırlar. Onların hamısının
adlarını sadalamaq mümkün olmasa da, bir
neçəsini xatırlaya bilərəm; Möhbəddin Səməd, Telli Pənahqızı, Zemfira Məhərrəmli, Loğman Rəşidzadə, Qərənfil Xəlilova, Flora Xəlilzadə, Xalid Niyazov, Aqil
Dadaşov, Mais Səfərli, Musa Ələkbərli, Əmir Hacıyev... Saymaqla bitən deyil.
Təbii ki, bu sırada mərhum şairlər Nüsrət Kəsəmənlini, Vaqif İbrahimi də yaddan çıxarmaq
olmaz.
Həmkarımız Telli Pənahqızı adları burada
anılan və anılmayanların adından sanki
ustadımıza minnətdarlıq əlaməti olaraq Fazil müəllimin 1994-cü ildə çapdan
çıxmış "Yol" tarixi-publisistik
kitabının birinci cildinə ön sözündə çox maraqlı məqamlara toxunur. O yazır: "Cəlayi-vətən olan övladları nəsil-nəsil Azərbaycanın həsrəti ilə yaşayıblar. Doğma dili unutmamaq üçün səslərini heç kəs duymasın deyə yalnız gecələr ucadan danışıblar.
Fazil müəllim
bu adamları Azərbaycana,
Azərbaycanı
da onlara qovuşdurmaq üçün min zəhmətə qatlaşıb. Niyə
deyirəm bunu?
Ona görə
ki, məhz indi hər kəs öz evinin,
öz ailəsinin
qayğıları ilə
yaşadığı bu dəhşətli dövrdə həmkarım üç ildə 30-dək xarici ölkə gəzib. Özü
də bu səfərlər
kef havasına, ya şöhrət
xatirinə deyil.
Fazil müəllim ailəsinin boğazından kəsib yad məmləkətlərə, naməlum şəhərlərə üzücü səfərlərə yollanıb...
Mən jurnalistikanı özünə sənət seçən, ona bağlanan, onun
bütün əzablarına qatlaşan cəfakeş fanatiklər arasında Fazil Rəhmanzadənin
yaradıcılığını xüsusi diqqətlə izləyirəm. Bunun bir neçə səbəbi var. Ən
başlıcası budur ki, Fazil müəllim böyük
jurnalistika aləmində mənim əlimdən tutan, mənə qayğı göstərən, sözün əsl mənasında müəllimlik, atalıq edən bir adam
olub. İkincisi, mən
həmişə ondan səliqə-sahman,
davranış, danışıq, müraciət mədəniyyəti,
müsahib səriştəsi, insanlara təmiz münasibət, qərəzkarlıqdan uzaq səmimi bir yazı
manerası əxz
eləmişəm. Üçüncüsü, dünyanın
düz vaxtı çoxları "əvvəl evin içi, sonra
çölü" prinsipi ilə
yaşayanda belə,
Fazil müəllim
"yetim-yesir" atası olub, imkanı daxilində çoxlarına
kömək edib.
Şəxsən mən bunun canlı şahidiyəm..."
Telli xanımın qəlbən söylədiyi bu şirin sözlər, əslinə qalsa, Fazil müəllimin "şinelindən çıxan" qələm əhlinin hamısının
ümumi fikrinin ifadəsidir.
Fazil Rəhmanzadə çox çalışqan, işgüzar və məhsuldar sənət ustasıdır. Otuza qədər sırf publisistik kitabın
müəllifidir.
Bu baxımdan heç bir müasir həmkarını
onunla muqayisə
etmək olmaz.
Təbii,
burada kəmiyyət göstəricisini ona
görə dəyərləndirmək vacibdir ki, həmin əsərlərin
hamısı yüksək
dəyərə malikdir. Yeni maraqlı
tapıntıların, fakt və mənbələrin
araşdırılıb üzə
çıxarılması ilə fərqlənən və "Jurnalistin cib dəftərindən" rubrikası
altında buraxılan, məmləkətimizin qüdrətli yaradıcı sənət xadimlərinin portretini təsvirə gətirən, habelə tarixi-ensiklopedik biliklər aşılayan silsilə kitablarının hər biri mühüm dəyər kəsb etmirmi?
Son 50 il ərzində bir kitabı 200 min tirajla nəşr olunan hər hansı publisistimizin
adını xatırlamaq çətindir. Fazil Rəhmanzadəyə belə
bir xoşbəxtlik
qismət
olmuşdur. Bu baxımdan Zeynəb Xanlarovaya və Müslüm
Maqomayevə həsr etdiyi kitabları
yada salmaq kifayətdir.
Bizim günlərdə - insanların
kitab oxumaq meylindən
uzaqlaşmaqda olduğu bir vaxtda Fazil müəllimin
kitablarına satışda rast gəlməməyimiz təbii
reallıqdır.
Həm bu söz ustadının, həm də ümumən mətbuatımızın həyatında çox önəmli məna kəsb edən bir fakta diqqət yetirmək vacibdir. Vaşinqtonun
"Caan books" nəşr
evində 1994-cu ildə ingilis dilində "Sən mənimsən, Azərbaycan"
adlı kitabının buraxılması hamımızın
ürəyincə oldu. Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını qəsb etməsi, erməni
separatçılarının doğma yurd yerlərimizdə ağlasığmaz vəhşiliklər törətməsi həmin kitabda real fakt və mənbələrlə işıqlandırılmışdır.
Kitab ABŞ-da böyük marağa səbəb olduğu kimi, erməni toplumunun ciddi
hay-küyü, etirazı ilə
də
qarşılandı. Buna baxmayaraq, əsərin təsir
qüvvəsi
indiyədək ermənilərin
varlığını tərk
etməmişdir.
Ürəkaçan daha bir fakt:
Fazil Rəhmanzadənin ötən il Bakıda nəşr olunmuş "Bu
isimdə bir can".... ikicildliyinin ABŞ-da
buraxılacağı barədə xoş xəbər alınmışdır.
"Caan books" nəşr evinin müdiriyyəti "Bu isimdə bir can..."ı da orada
ingilis dilində çap etmək istəyini məktubla müəllifə bildirmişdir. Arzulayırıq ki,
bu müqəddəs istək tezliklə reallaşsın.
Yeri gəlmişkən yada salım ki, Fazil müəllim vaxtilə Moskvada nəşr olunmuş ən mötəbər qəzet və jurnallardakı məqalələri ilə də tanınırdı. "İzvestiya",
"Nedelya", "Sovetskaya kultura" kimi mətbuat
orqanlarında onun mütəmadi
dərc edilən müxtəlif səpkili
yazıları geniş marağa səbəb olurdu.
Əlbəttə, kiçik bir qəzet məqaləsində bu görkəmli publisistin yaradıcılıq aləmini, fəaliyyətinin bütün spektrlərini, vətəndaş, sənətkar kimi mühüm
ictimai mövqeyini tam mənası ilə sərgiləmək qeyri-mümkündür. Məsələn, onun son illərdə bir çox beynəlxalq müşavirələrdə, simpoziumlarda,
toplantılarda iştirakı, həm də sadəcə iştirakçı yox,
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı real həqiqətləri ictimaiyyətə aşılamaq cəhdi az
iş deyil. Biz həmin
toplantılarda Fazil Rəhmanzadəni vətənpərvər qələm ustası, ağıllı-zəkalı, məntiqi
düşüncə
sahibi olan bir azərbaycanlı
kimi görürük. Belə toplantılardan birinin
iştirakçısı olan pedaqoji elmlər doktoru Vaqif Qurbanov
danışır ki, Moskvada Fazil müəllimin
çıxışı o qədər təsirli oldu ki, ertəsi gün plenar iclasda
çıxışçılar bir neçə dəfə ona istinadən fikirlər irəli sürürdülər. Söhbət isə Dağlıq
Qarabağdan gedirdi....
Fazil Rəhmanzadə əlamətdar yubileyi ərəfəsində öz pərəstişkarlarını yeni, dolğun yaradıcılıq töhfəsi ilə bir daha sevindirdi. Unudulmaz aktyorumuz Ələsgər Ələkbərovun ömür yollarından söhbət açan "Dahiliyin sehri" kitabı da çox böyük maraqla qarşılandı. Bu da çox təbiidir.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Respublika Teatr Xadimləri İttifaqının üzvü, Azərbaycan Yaradıcılıq Akademiyasının filologiya doktoru, "Qızıl qələm", "Dan ulduzu", "Humay", H.B.Zərdabi mükafatları, respublikanın əməkdar mədəniyyət işçisi fəxri adı istedadlı publisistin çoxillik səmərəli fəaliyyətinə, mətbuatımızın xəzinəsini zənginləşdirən monumental əsərlərinə verilən çox dəyərli qiymətdir.
Son illərdə ərsəyə gətirdiyi kitabları bir daha göstərdi ki, Fazil Rəhmanzadə ikinci gənclik dövrünü yaşayır.
Ad günün mübarək, ustad.
Rafiq Hacıyev
Bakı xəbər.- 2017.- 4 fevral.- S.11