Aytən Məhərrəmova ilk dəfə səhnədə Leyli obrazını yaratmağa hazırlaşır
Aytən
Məhərrəmova gözəldi,
yaraşıqlıdı! Və ən
əsası qaynar,
büllur bir SƏS sahibidi. Çox ustalıqla və məharətlə ifa etdiyi
"Anama deyin", "Şirin yuxun olaydım",
"Heyfim gəldi",
"Heyratı" və
başqa ifalarında öz sirli səsinin möhürünü
yaşatmağı bacarıb. Aytən
xanımın öz yolu, öz üslubu, öz
yanaşması var. Səsindəki həzinliyə qarışan məhrəmanə bir duyğu var ki,
bu da öz-özünə
yaranan deyil. Hardasa qaynayan saf bulağın, təmiz və şəffaf çeşmənin gözündə "ilişib
qalan" inci - SƏS Aytən
Məhərrəmovada boy göstərib. Bu SƏSin mənbəyi hardan qaynaqlanır? İlk olaraq verdiyim suala
xanəndə belə cavab verdi:
- Aytən xanım, adətən möhtəşəm səs genetik olaraq qanla
keçir. Musiqiçi ailəsində doğulmadan musiqiyə bu qədər bağlılıq necə ola bilər?
-
Doğru, ailəmizdə, nəslimizdə ifaçı olmayıb. Amma
gözümü açandan musiqini sevmiş,
vurğunu olmuşam. Uşaqlıqdan
fortepiano çalmağa həvəsim olub. Bir müddət
musiqi həvəsimi
boğmağa da çalışdılar. Bunun ötəri
həvəs olduğunu
düşünürdülər.
Fortepianonu özüm öyrənməyə çalışırdım.
Beşinci sinifdə
oxuyanda atam məni
musiqi məktəbinə yazdırdı.
36 saylı musiqi məktəbinin direktoru Məlik müəllim səsimi dinlədikdən sonra atama təklif etdi ki, Aytənin çox yaxşı səsi var, gələcəkdə gözəl xanəndə ola bilər. Atam da bu məsləhəti qəbul
edib məni xanəndəlik sinfinə yazdırdı.
Daha sonra Bülbül adına Orta
İxtisas Musiqi Məktəbində oxudum. Asəf Zeynallı adına musiqi
texnikumunda dəyərli ustadım, xalq artisti Mənsum İbrahimovun tələbəsi oldum. O gün, bu gün
Mənsum
müəllimin dəstəyini öz üzərimdə hiss edirəm. O, tələbələrinə müəllim, ustad kimi yox, mənəvi ata kimi qayğı göstərir. Hər bir əziyyət çəkən, çalışan, zəhmətkeş tələbə
üçün Mənsum
müəllim əlindən gələn köməyi
əsirgəmir. Onun üçün tələbənin onun sinfində dərs
almasının əhəmiyyəti yoxdu, təki istedadı
olsun. Mənim
sənət yolunda, eləcə də
həyatda ən böyük
uğurum Mənsum
müəllim kimi
gözəl
insanla rastlaşmağımdı.
-
Toylarımızda muğam oxunmasına münasibət necədi? Bu mənəvi sərvətimiz toylarımıza
daxil ola bilibmi?
- Hər xanəndənin toya fərqli yanaşması var.
İndi tamaşaçılarımız muğam
haqqında xeyli məlumatlıdılar. Biz elə təhsil almışıq ki, toya da
gedəndə klassik muğam ifa
edirik. Əvvəllər bəziləri muğam adı ilə fərqli musiqilər ifa edirdilər. Lakin indi
televiziyada yayımlanan Muğam vüsabiqəsi ictimaiyyəti məlumatlandırdı.
Daha heç kim
tamaşaçını aldada bilmir. Hansı
el şənliyində klassik muğam ifa
olunursa, o muğam dinlənir.
Əgər ifaçı peşəkar xanəndədisə, istənilən toplumu özünə cəlb edəcək. Məlumdur ki, son illər muğamımıza yüksək səviyyədə dövlət
dəstəyi var. Buna görə Heydər Əliyev Fonduna,
onun prezidenti Mehriban xanıma dərin təşəkkürümü
bildirirəm.
Azərbaycanın
birinci xanımının sayəsində muğam bir daha həyata vəsiqə aldı, beynəlxalq musiqi
arenasında öz layiqli yerini tutdu. Hər il
televiziyada muğam müsabiqəsinin canlı yayımla
efirə getməsi, ustadların seçimi ilə yeni ifaçıları
sənətə cəlb eləmək
muğamımızın inkişafı üçün
böyük dəstəkdi.
- Gənclərimizin musiqi tariximizə,
muğamımızın tarixinə münasibəti necədi?
- Mən özüm "Azərbaycan xalq musiqisi
ifaçılığı tarixi" fənnini tədris edirəm. Musiqi məktəblərində gənclərə hər hansı bir muğamın, təsnifin
ifaçıları haqqında, tarixi haqqında dərslər keçilir.
Məsələn, bu gün musiqi məktəbində təhsil alan
gəncin
Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin kim
olduğunu, hansı musiqiləri, muğamları, təsnifləri ifa etdiyini bilməməyə haqqı yoxdu. Çünki orada çalışan pedaqoqlar,
mütəxəssislər tərəfindən
uşaqlara bu tarix öyrədilir.
İstər çalışdığım Şuşa
Musiqi Kollecində, istərsə də Müslüm Maqomayev adına 26 saylı musiqi məktəbində bu fənlər tədris olunur.
- Aytən Məhərrəmova bu gün
tamaşaçılarından, dinləyicilərindən razıdırmı?
-
Tamaşaçılarımın mənə olan münasibətindən çox razıyam.
Onlardan hər zaman müsbət enerji alıram və sevildiyimi hiss edirəm. Həyatda da, efirdə də
hər zaman
olduğum kimiyəm.
Dəyişib
ikiləşməyi bacarmıram.
Başqa cür görünməyə heç vaxt
çalışmamışam. Əslində efirlərə tez-tez
çıxmağın tərəfdarı deyiləm. Ona görə də dəvət olunan hər efirə
çıxmağı düzgün hesab etmirəm. Bu məsələdə
çox seçiciyəm.
Bəlkə də buna görə mən
öz tamaşaçılarmı qoruya bilirəm.
- Bu
yaxınlarda Özbəkistana səfər etdiyinizi eşitdik. Səfərinizin məqsədi nə idi?
- Heydər Əliyev Mərkəzinin dəstəyilə Özbəkistanda muğam albomu
çıxmalıdı. Burada həm gənc xanəndələrin, həm
də ustad xanəndələrimizin ifalarının yer
alacağı gözlənir.
Bu ideya hələ natamamdı.
Amma ümid edirik ki, həyata
keçəcək.
-
Növbəti muğam müsabiqəsində tələbələrinizdən iştirak edənlər olacaq?
-
Hazırlaşan, müsabiqədə iştirak edəcək tələbələrim var. Mən də seçimləri gözləyirəm. Birincilik əldə edə bilməsələr də, əsas odur ki, müsabiqənin gedişatı ilə tanış
olub, təcrübə qazanacaqlar. O cür ustadların
qarşısında ifa eləmək asan iş deyil.
-
Leylinin anası nə zamansa Leylinin özünü oynamaq istəyibmi?
- Əslində mənim elə bir kompleksim yoxdu ki, mütləq Leylini oynamalıyam. Gənclər arasında
Leylini görünüş olaraq göstərə biləcək gözəl səsli xanəndələrimiz var. Arzu Əliyeva gənc xanəndələr arasında mənə
Leyli obrazını sevdirən
yeganə
insandı. Arzunun ifasını
görəndə özüm həvəslənirəm ki, Leyli
obrazını canlandırım. Xarici
görünüşüm üzərində
çalışıram. İnşallah,
uyğun bir zamanda mən
də Leylini ifa edərəm. Yeri gəlmişkən bir sirr açım: Arzu Əliyeva ilə birgə (O Leylini, mən isə anasını oynayanda) səhnədəcə ağlamışıq. O
qədər obraza
qapılırıq ki... Bu o deməkdir ki, biz
obrazı bir - birimizə
ötürə
bilirik. Bu gün səhnəmizdə "Leyli və Məcnun"- un çox gözəl ifaçıları var.
Mənim
heç vaxt Leyli obrazını canlandırmaq kimi
böyük arzum olmayıb. Amma indi
artıq o arzu cücərib.
Bunun da səbəbkarı Arzu Əliyevadı.
- İfa eləmək istədiyiniz şah əsər hansıdı?
- Oxumaq
istədiyim
bütün əsərləri ifa etmişəm. Bəzən elə olur ki, hansısa əsəri oxumaq istəyirəm.
Amma zamanın yetişmədiyini hiss edirəm. İllər keçsə də, tələsmirəm. Şüuraltı həmişə yadımda saxlayıram.
Özümü tam hazır hiss edəndə ifa edirəm. "Anama
deyin", "Heyfim gəldi"
bu cür ifalarımdandı. Sonda özümü
hazır hiss elədim və ifa etdim. Düşünürəm ki, tələsməyəndə gözəl ifa, keyfiyyətli iş alınır.
- Xanəndəni peşəkar musiqiçilərin müşayiət etməsi hər hansı bir əsərin uğurlu
olacağından xəbər verir. Ədalət Behbudov və Pərviz Fərhadovun istedadlı
musiqiçi kimi sənətkarlar tərəfindən qəbul edildikləri hər kəsə bəllidi. Bu üçlüyün "Aypara"sı necə yarandı?
- Mənsum İbrahimovun hər il həyata keçirdiyi "Gəncləşən muğam" adlı
layihəsi var. 2009-cu ildə bu layihə üzərində çalışarkən Pərviz Fərhadov və Ədalət Behbudovla birgə çıxış etdim.
Əslində biz əvvəldən dost idik. Hər
üçümüz eyni vaxtda Milli Konservatoriyada təhsil
almışıq. Həm dostluğumuz, həm sənət baxımından bir-birimizi
anlamağımız və
bunun nəticəsində yaranan
uğurlarımız "Aypara" qrupunun
yaranmasına səbəb oldu. Birlikdə
xeyli uğurumuz olub. 2011- ci ildə Muğam Müsabiqəsinin qalibi oldum. Dörd il sonra Beynəlxalq Muğam Müsabiqəsində birincilik əldə etdim.
-
Uğurlu imic dəyişikliyinizin sənətinizə təsiri olacaqmı?
Muğam ifaçısı olsam da,
repertuarımda retro mahnılar da var. Hər zaman bəstəkar mahnılarına
müraciət etmişəm. Ayaqüstü ifalardan çəkinmişəm.
İmicimdə
dəyişiklik
olunandan sonra televiziya tamaşaçıları
ayaqüstə
ifalarımı da görə
biləcəklər.
-
Müasir dövrdə gənclərin hamısında internetdən asılılıq
yaranıb. Sizdə
bu "xəstəlik" necədi?
-
Hamı internetin çox vaxt aparmağından şikayət edir.
Düşünürəm ki, işinə məsuliyyətli olan şəxs heç vaxt ondan asılı ola
bilməz. Hər
kəs kimi mən də səhər,
axşam saatlarında olub-bitənlərdən xəbərdar olmaq üçün
informasiya agentliklərini
izləyirəm. Vaxtım olanda sosial şəbəkələrdəki
hesablarımı idarə
edirəm. Bütün sosial şəbəkələrdəki səhifələrimi özüm idarə edirəm.
- Son
vaxtlar geyimlərinizdə fərqlilik hiss edirik. Modelyeriniz sizi qara rəngdən uzaqlaşdırmağa
çalışır, deyəsən...
- Geyimlərimlə Sevil xanım məşğul olur. Çox zövqlü xanımdı. Təcrübəli, çox gözəl əl qabiliyyəti olan, daim
axtarışlar edən, sənətini sevən və ən əsası bu gözəl sənətindən zövq alan bir xanımdı. Parçaların rəngini,
formasını onunla birgə
qərarlaşdırırıq.
Düşünürəm
ki, brend geyimləri
brendə
çevirən
insan özüdü. Mənim üzərimdə normal, ucuz qiymətə satılan libas da görə bilərsiniz. Əgər o geyim mənə yaraşırsa, demək mənim üçün brenddi. Yaxud da əksinə, hansısa brenddən olan paltar mənə yaraşmaya bilər, hətta onun brend
olduğu hiss oluna bilməz.
Çox zaman brend firmalardan olan geyimlərdən qaçıram.
Sadəliyə
üstünlük verirəm.
-
Tamaşaçılarınız solo konsert xəbərinizi nə zaman eşidəcək?
- Konsertlə bağlı suallar
çox verilir. Repertuar baxımından
konsertə
çoxdan hazırıq. Sadəcə maddi və
təşkilati
problemlər
üzündən,
təəssüf ki, konsert
alınmır. Konsertin uğurlu olması
üçün yüksək
səviyyədə dekorasiya, reklam işləri tələb olunur. Konsertlərimiz, demək olar ki, qastrol səfərlərində olur. Edəcəyim bütün
işlərin
yaxşı olmasına əmin
olduqdan sonra üzə
çıxarmağın tərəfdarıyam. Bu yalnız konsertlə
bağlı deyil, mahnı seçimimə, ifalarıma da prinsipial
yanaşıram.
-
Hazırda hansı əsərlər üzərində işləyirsiniz?
- Beş retro mahnını yeni aranjimanda təqdim etməyi
düşünürəm.
Bundan başqa, Arzu Əliyeva ilə
iki duet oxumağı planlaşdırmışıq. Biri demək
olar ki, hazırdı. Böyük sənətkarımız
Zeynəb
Xanlarovanın repertuarındandı. Tahir Əkbərin "Gərəksən
mənə"
mahnısını yaxın zamanlarda duet şəklində ifa edəcəyik.
Bakı xəbər.- 2017.- 15 fevral.- S.14