Azərbaycana turist axınının
gücləndirilməsi rəsmi dövlət siyasəti kimi təsbit edildi
"Yaxın bir il ərzində ölkəyə gələcək turistlərin sayında artım olacaq"
img
Bahadur Bilalov: "Bu sərəncam nəticəsində əcnəbi vətəndaşlar rahatlıqla Azərbaycana gəlmək qərarı verəcək"
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycana turist axınının sürətləndirilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam Respublikası və Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidini təmin etmək məqsədilə xüsusi ayrılmış hərəkət zolaqlarının müəyyən edilməsi üçün müvafiq infrastrukturun yaradılmasını üç ay müddətində təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə birgə məlumat verməli, xüsusi ayrılmış hərəkət zolaqlarının nişanlanmasını və hər kəsin yaxşı görə biləcəyi məlumatlandırma lövhələrində hərəkət istiqamətlərinin əks etdirilməsini təmin etməli, dövlət sərhədinin buraxılış məntəqələrindən keçidin sürətləndirilməsi və yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə qarşılıqlı fəaliyyət göstərərək əlaqələndirmə işlərini daha da təkmilləşdirməlidirlər.
Ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamı müsbət dəyərləndirən turizm sahəsi üzrə ekspert Bahadur Bilalov "Bakı-Xəbər"ə açıqlmasında qeyd etdi ki, ölkəyə gəlmək istəyən hər bir xarici turist çox asanlıqla sərhəd-keçid məntəqələrində viza rəsmiləşdirə bilər. Bu hal ölkəyə gələn turistlərin sayına təsir edəcək: "Elə turistlər var ki, hansısa ölkəyə getməzdən əvvəl oranın sərhəd-keçid məntəqələrində əcnəbilərin sərhəddən rahat keçə bilmək imkanını araşdırır. Bu qərar nəticəsində əcnəbi vətəndaşlar rahatlıqla Azərbaycana gəlmək qərarı verəcək".
Həmsöhbətimiz onu da əlavə etdi ki, ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncam nəticəsində turist axını sürətlənəcək. Yaxın bir il ərzində ölkəyə gələcək turistlərin sayında artım olacaq: "Bəllidir ki, son zamanlar əcnəbi vətəndaşların Azərbaycana marağı artıb. Bunun səbəbi ölkəmizin sosial-iqtisadi inkişafı və turizm ölkəsinə çevrilməsidir. Keçirilən beynəlxalq tədbirlər xarici ölkə vətəndaşlarının Azərbaycana marağını artırır".
Günel CəLİLOVA
Bakı xəbər.- 2017.- 22 fevral.-
S.12