Tarixdə iz buraxanlar: İmam Buxari
Bu gün sevimli peyğəmbərimizin "Hədis" deyilən sözlərini toplayanlar
arasında ən zəminli və ən doğru mənbə olaraq İmam Buxarinin çalışması
göstərilir. Bütün İslam aləmi
İmam Buxarini hədis
toplamada ilk sıraya qoyur. Kimdir bu
İmam Buxari?
İmam Buxari buxaralı bir türkdür. Buxarada
doğulduğuna görə,
bütün İslam aləmi
onu qısaca olaraq Buxari və
yaxud İmam Buxari deyə
tanıyır. Onun həqiqi adı Əbu Abdullah
Məhəmməd ibn İsmaildir.
810-cu ildə
Buxarada anadan olub. Kiçik
yaşlarında atasını itirib. Atasından
qalan sərvət onun heç kimə möhtac olmadan
elm öyrənməsinə kifayət edib.
Peyğəmbər əfəndimizin mübarək sözlərini bir yerə yığıb kitab
halına gətirərək müsəlmanların xidmətinə təqdim etmək qədər faydalı bir iş ola bilərmi? Bax,
İmam Buxari bu faydalı işi görənlərdən biri, həm də ən başda gələnidir.
Bu da bir həqiqətdir ki, bir çox adam peyğəmbərimizin sözlərini toplayıb. Amma İmam Buxarinin istər
məlumat vermə üslubu, istərsə də sevimli peyğəmbərimizin
sözlərini nəql edən şəxslərin əxlaqını tədqiq etməsi onu bir mənbə halına gətirib.
İmam Buxari 11 yaşında ikən hədislərlə məşğul olmağa
başlayıb. Hələ uşaq ikən Uca Yaradan ona hədisləri yadda saxlamaq
istedadı bəxş
edib. İmam Buxari dərin zəka
və əzbərləmə qabiliyyətinə malik idi. Hər
hansı bir şeyi yadda saxlamaq üçün ona bir dəfə baxması və ya onu bir dəfə dinləməsi kifayət
edərdi. O,
çox sayda hədis əzbərləməklə şöhrət qazanıb.
Onun hələ 15 yaşı yox idi, amma hədis alimləri kiçik Buxari ilə görüşüb,
topladıqları hədislərin doğru olub-olmadığını ondan
soruşardılar. İmam Buxari Müqəddəs
İslamın ən
önəmli əsərlərini
əzbərdən bilirdi. Gənc
yaşlarında anası və
qardaşı ilə
birlikdə həccə gedib, hacı olub.
Həcc
ziyarətini yerinə yetirdikdən sonra
qardaşını və
anasını Buxaraya göndərib,
özü isə Məkkədə qalıb.
Hədisləri toplamaq və dərs vermək üçün altı il Məkkədə qalan Buxari daha sonra bir çox islam ölkələrini gəzib. Misirə və İraqa gedib, Bəsrədə beş
il yaşayıb. Bu yerlərdə
gecə-gündüz
sevimli peyğəmbərimizin sözlərini toplayıb.
Olduğu yerlərdə hədis müəllimliyi
edib. İrana da getdikdən sonra doğulduğu yerə - Buxaraya
dönüb. Ancaq Buxarada dinc
buraxılmayıb. Çünki
Buxara Valisi Xalid ibn Məhəmməd Buxaridən uşaqlarına
hədis dərsi verməsini istəyib. Buxari bunu qəbul
etməyib. Belə
olduqda o, Buxarada çox qala bilməzdi.
Buxaradan ayrıldığı zaman Səmərqəndin
tanınan adamları onu dəvət ediblər. Buxari bu dəvəti məmnuniyyətlə qəbul edib. Ancaq dəvət edənlərlə bəzi səmərqəndlilər arasında
münaqişələrin baş verməsilə yenə də bir uğursuzluq yaranıb.
"Dincliyin, sakitliyin pozulmasına səbəb olaram" düşüncəsilə Buxari Səmərqəndə getməkdən vaz keçib, Səmərqənd
yaxınlığındakı Xartəngdə
yerləşməyi qərara alıb. Daha sonra səmərqəndlilər yenə də onu rahat buraxmayıb. Onlar Buxarini yenidən
dəvət ediblər. Bu dəfə bu tarixi şəxsiyyəti bütün səmərqəndlilər dəvət etmişdi. İmam
Buxari də bu dəvəti rədd
etməyib. Fəqət Səmərqəndə getmək üçün
atına minərkən bayılıb və Allahın rəhmətinə qovuşub. O
zaman Buxari 59 yaşında idi. Məzarı Xartəngdədir.
İmam Buxari özünü tamamilə elmə və ibadətə həsr edib. O, tez-tez belə deyərdi: "Mən həyatım boyu heç kimdən bir dirhəmlik də olsa bir şey satın
almadım və heç kimə bir dirhəmlik də olsa bir şey satmadım".
İmam Buxari hədsiz cəsarəti, əliaçıqlığı, möminliyi və ləyaqəti ilə fərqlənərdi. Bir dəfə bir hökmdar uşaqlarına dərs vermək üçün onun
dalınca adam göndərir, fəqət Buxari ona xəbər göndərir ki, elm axtaranlar bilənlərin yanına özləri gəlməlidir və hökmdarın yanına
getməkdən imtina edir.
Uca
Yaradan Buxariyə gözəl yaddaş vermişdi, Xaşid ibn İsmail
bunları belə rəvayət edib: "Bəsrədə Buxari hələ gənc ikən bizimlə birlikdə hədis bilicisi olan müxtəlif şeyxlərin görüşünə gedərdi və heç vaxt qeydlər aparmazdı. Bir neçə gün sonra biz ona belə deməyə başladıq: "Sən bizimlə müxtəlif şeyxlərin görüşünə gedirsən, amma heç nə qeyd etmirsən, niyə belə edirsən?" On altı gündən sonra o bizə dedi: "Siz həqiqətən çox
danışır və mənə irad tutursunuz! Göstərin mənə nə yazmısınız."
Biz on beş mindən çox hədis qeyd etdiyimiz vərəqlərimizi çıxartdıq,
o isə
bunların hamısını əzbərdən deməyə başladı və biz onun yaddaşına əsasən oxuduqları ilə öz qeydlərimizdə düzəlişlər etdik. Sonra o bizdən sordu: "Siz indidəmi hesab edirsiniz ki, mən müxtəlif şeyxlərə zarafat xətrinə baş çəkir və vaxtımı boş yerə sərf edirəm?" Onun bu sualına biz
cavab verə bilmədik, amma bizə məlum oldu ki, yaddaşda heç kim
onu ötüb keçə bilməz."
İmam Buxari hələ gənc ikən hədis dinləmək istəyən bəsrəlilər, istədiklərinə nail olana qədər onun ardınca düşər, onu hər hansı bir yolun
üstündə oturdar və ətrafına minlərlə dinləyici yığışardı. Onların əksəriyyəti onun dediklərini
yazardılar.
İmam Buxari elm öyrənmək üçün Şam,
Misir, Bəsrə, Bağdad, Məkkə, Mədinə, Xorasan kimi bir çox yerlərə səfər edib, getdiyi ölkələrdə
görüşdüyü şeyxlərdən eşitdiyi hədisləri rəvayət edib. Onun tələbələrinin sayı
olduqca çox olub. Fərabi belə deyib:"Buxarinin "Səhih" əsərini onun özündən doxsan min nəfər eşidib." İbn Kəsir də: "O bir dəfə kitabı oxumaqla onu əzbərləyərdi" - deyib.
Alimlərin böyük əksəriyyəti İmam Buxari haqqında tərifəlayiq sözlər söyləyib. Bir dəfə İmam Müslüm Buxarinin
alnından öpərək ona belə deyib: "Ey müəllimlərin müəllimi, mühəddislərin şeyxi və hədis qüsurlarının
həkimi,
icazə ver sənin alnından öpüm." Bundan
sonra o, günahların bağışlanması
haqqında hədisə dair bir sual verib,
Buxari də ona bu hədisin
qüsurlarını izah edib. O izah edib
qurtardıqdan sonra Müslüm ona belə deyib: "Ancaq paxıl
adamlar sənə nifrət edə bilər. Şahidlik edirəm
ki, bu dünyada sənə bərabər
olan yoxdur."
İmam Buxarinin "Camius- Səhih"i yazması iki səbəbə bağlıdır. Bunların
birincisi müəlliminin
ondan bunu xahiş etməsi,
ikincisi isə bunu
yuxuda görməsidir.
Buxari "Səhih"
olaraq adlandırılan və
içərisində onun özünə görə səhih olduğu sabit olan hədislərə yer verdiyi kitabında bir
çox dini hökmlərin
qaynağını göstərməsi ilə İslam
dünyasına böyük bir xidmət
edib. İmam Buxari özündən əvvəl
yaşamış məzhəb
imamlarının söykəndiyi
təməllərin sağlam
olduğunu, heç birinin şəxsi
görüşlə
fətva vermədiyini ortaya
çıxarıb. Elm adamları
Buxarinin əsərinə böyük önəm veriblər. Xüsusilə
hədisin səhihliyi məsələsində onun əsərində
qəbul etdiyi
şərtlərin daha dəqiq olduğu qənaətinə gəliblər.
Buxari bu əsəri meydana gətirərkən çox diqqətli olub. Əsərində yer verdiyi hədisləri 600 min hədisin içindən seçib. O, səhihlik ölçülərinə uyğun gəlməyən hədislərə kitabında yer verməyib. Onun kitabında yer alan hədislərin sayı 7275-dir.
"Camius-Səhih"də hədislər mövzulara görə kitablara ayrılıb və hər kitab bir neçə hissəyə bölünüb. Əsərdə üzərində ixtilaf edilməyən hədislərə yer verilib, hədis rəvayət edilənlərin inanılır
olmasına diqqət edilib.
İmam Buxari hədislərə bəzi
dəqiq
ölçüləri
tətbiq etdikdən sonra onları səhih qəbul edirmiş.
Ondan sonra gələn alimlər də bu
ölçüləri
tətbiq edərək səhih
hədislərin zəif və uydurma
olanlarını ayıra biliblər.
Səhih
hədis kitabı
tərtib edənlərin çox
olmasına baxmayaraq, onlar arasında Buxari kimi dəqiqi olmayıb.
Həyatı
səyahətlərdə və elm yolunda keçən bir insanın 16
illik zəhmətinin məhsulu olan
"Camius-Səhih"i
97 kitabdan 3450 hissədən ibarətdir. Hər
kitabda kitaba uyğun hissələr, hər hissədə də
mövzuya uyğun hədislər vardır.
İmam Buxari elminə əməl edən bir alim idi. O, müqəddəs İslami qaydalara riayət etməyə diqqət edər, halal və haram məsələlərə çox əhəmiyyət verərdi. Hədis elminə xidmət etmək, bu yolla Uca
Yaradanın razılıq və
şəfaətini qazanmaq onun əsas fikri olub. Atasından qalan mirası bu yolda xərcləyib, səxavət və comərdliyi ilə şöhrət qazanıb.
İmam Buxari müqəddəs Qurani-Kərimi çox oxuyar,
çox namaz qılardı. Tarixi məlumatlara görə o, hər üç
gündən bir
Qurani-Kərimi xətm edərmiş. Gecənin
bir hissəsini
yatar, qalan hissəsini
şam işığında hədis
yazar, yazdıqlarını əzbərləyərdi. Sübh
namazından əvvəl gecə namazını
qılar, sonra Müqəddəs Kitabın
üçdəbirini
oxuyardı. İmam Əhməd onun barəsində belə deyib: "Xorasan
diyarı hələ onun kimi bir istedadı ortaya
çıxarmayıb". Nəcm ibn əl-Fəzl isə Buxarini yuxusunda belə görüb: "Yuxuda Rəsulullahı
gördüm. O, bir kənddən çıxıb gedirdi və arxasından İmam Buxari
onu izləyirdi. O, bir addım atdıqda Buxari də bir addım atırdı və ayağını Rəsulullahın
ayağını basdığı yerə basırdı.
Kitabını da hər baxımdan ona nisbət edirdi..."
İmam Buxari elmə əməl edən bir insan idi və İslami qaydalara çox riayət edər, halal və haram məsələlərinə çox diqqət edərdi. Hədis elminə
xidmət, bu yolla
Uca Yaradanın rizasını qazanmaq onun əsas fikri olub.
Bu gün fərqli din mənsubları bir-birilə dialoq qurmaq üçün səy göstərərkən eyni din mənsublarının sadəcə ictihad və anlayış fərqliliyindən meydana gələn məzhəb ayrılığı səbəbilə bir-birinə qarşı düşmənçilik etmələri qəbuledilməzdir. Odur ki, hər kəsin məzhəbinə hörmətlə yanaşmaq məqsədəuyğundur. Hər kəs öz məzhəbinin
görüşünü daha doğru olaraq qəbul edib, digərinin
görüşünü isə
xətalı
ictihad olaraq qəbul
edə bilər. Amma
heç bir zaman öz məzhəbinin görüşünün xətalı ola
bilmə ehtimalını unutmamalı, digər məzhəbin
görüşünün də düzgün olma
ehtimalını düşünməlidir.
İslam alimi İmam Buxarinin çox sayda əsərləri var. Hədisi toplayan şəxslərin şəxsiyyətlərini anlatdığı əsərdə Buxari hədis mövzusunda tənqidçiliyə başlayıb. Onun
maraqlı əsərlərindən biri Buxara valisi
ilə özü
arasında baş verən
mübahisəni
nəql edən əsəridir.
Əlbəttə, Buxarinin əsərləri arasında ən önəmli yer tutan və Buxarini bütün dünyada tanıdan, ona
şöhrət qazandıran "Səhih-i Buhari" deyə bilinən "Camius-Səhih" adlı əsəridir. 7275 hədisi ehtiva edən bu əsər Qurani-Kərimdən sonra müraciət ediləcək ən
etibarlı mənbə sayılır.
Digər
kitabları isə bunlardır: "Tarixüs-səğir",
"Tarixül-kəbir", Tarixül-əvsət", "Əbədül-müfrəd", "Rəfül-yədeyn fis-səlat", "Xəyrül-kəlam fil-qiraat xəlfə-imam",
"Birrül-valideyn", "Təfsirül-kəbir lil-QurTan", "Xəlqu əfalil-ibad",
"Kitabül-iləl fil-hədis", "Kitabu müsnədil-kəbir",
"Kitabül-vuhdan", "Kitabül-məbsut", "Əd-düəfa".
Bütün türk xalqları bu dəyərli İslam alimi ilə öyünə bilər.
Fazil Qaraoğlu
Bakı
xəbər.- 2017.- 22 fevral.- S.13