Tarixdə iz buraxanlar: Bəxtiyar Vahabzadə
Türk dünyasının tanınan şairi Bəxtiyar Mahmud oğlu
Vahabzadə 16 avqust 1925-ci ildə Azərbaycanın qədim şeir-sənət mərkəzlərindən biri olan Şəki şəhərində anadan olub. İlk təhsilinə Şəki şəhərində
başlayan məşhur
şair orta məktəbi Azərbaycanın
paytaxtı Bakı şəhərində bitirib. Orta məktəbi əla qiymətlərlə bitirən gənc Bəxtiyar Azərbaycan Dövlət Universitetinin
Filologiya fakültəsinə qəbul olub.
Hələ məktəb illərindən yazmağa başlayan gənc şairin ilk şeiri
1944-cü ildə yayımlanıb. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunub. Gənc
olmasına baxmayaraq, bu tarixi şəxsiyyət
1945-ci ildə Azərbaycan
Yazıçılar İttifaqına üzv
seçilib. 1947-ci ildə Filologiya fakültəsini müvəffəqiyyətlə bitirən görkəmli şair 1951-ci
ildə bu
fakültədə dərs verməyə başlayıb.
Şeirlərini yazmaqda davam edən Bəxtiyar Vahabzadə elm dünyasında da
sürətlə irəliləyb. O,
"Səməd Vurğunun lirizmi" mövzusunda namizədlik və "Səməd Vurğunun sənətkarlıq yolu"
mövzusundakı doktorluq dissertasiyalarını
müdafiə edib, 1964-cü ildə yüksək elmi ada - elmlər doktoru adına layiq görülüb.
Dəfələrlə Türkiyəyə gedib türklüyün tarixini
araşdırıb. Hələ o illərdən Türkiyədə tanınmağa başlayan Bəxtiyar Vahabzadə Türkiyəni öz Vətəni qədər sevib. Bu sevgini anlayan Türkiyənin
yazıçıları və
elm adamları onun barəsində çox sayda
yazılar yazıb nəşr
etdiriblər.
Klassik və yeni Azərbaycan şeirində mövcud olan bütün
xüsusiyyətləri öz şeirlərində toplayan Bəxtiyar Vahabzadə Vətən mövzusunu mənalı ifadələrlə anladıb. Zaman-zaman əruz
vəznindən istifadə edən və sərbəst
misralarla yazan şair ən
çox hecə vəznindən istifadə edib. Türk dünyasının məşhur şairi Füzuli
başda olmaqla, Azəri
divan və xalq
şeirinin ustadlarına böyük hörmət və heyranlıq bəsləyən Vahabzadə
klassik nümunələr içərisində də yeni məsələləri
və xəbərdarlıqları rahatca dilə gətirib.
Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Şairin
insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu
yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun güclənməsində və ədəbi-ictimai fikrin
istiqlal ideyaları ilə
zənginləşməsində böyük rol
oynayıb. Tarixi-mədəni
dəyərlərə ehtiram və
ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm
istiqamətlərindən birini təşkil edib.
Bəxtiyar müəllim şair kimi də, ictimai xadim kimi də, vətəndaş kimi də ana dilimizin həm təbliğatçısı,
həm
qoruyucusu, həm də yaradıcısı kimi tanınırdı. Qətiyyətlə demək istərdik ki, Bəxtiyar müəllimin sözün
əsl mənasında
müasir Azərbaycan
ədəbi dilinin
inkişafında xüsusi xidmətləri olub.
Bəxtiyar Vahabzadə şair və vətəndaş idi. Onun şeirlərində zahiri planda
görünməsə də, yazıların alt
planını, müəllif
ideyasının bütün mahiyyətini
təşkil edən bir qızıl xətti milliliklə
bağlıdır. Bir rəsmi təqdimatda Azərbaycan Respublikası Ali
Sovetinin deputatı Bəxtiyar Vahabzadə haqqında belə deyilib: "Bəxtiyar Vahabzadənin evi bir növ millətin ümid qapısına
dönüb. Belə
ki, müxtəlif
kənd və rayonlardan hər gün onlarla məktub alır,
neçə-neçə şikayətçini evində qəbul edir, onları dinləyir və hər birinin dərdinə əlac edir. Respublika
parlamentinin sessiyalarında, ictimai-siyasi məclislərdə, kütləvi informasiya
vasitələrində o, xalq mənafeyinin əsl müdafiəçisi olub,
milli mənafeləri şəxsi mənafedən üstün
tutub, hamının dərin
hörmət və məhəbbətini
qazanıb."
Bəxtiyar Vahabzadəyə görə, hər bir şair Vətən sevgisinin və millət eşqinin təmsilçisi olmalıdır. Milli mədəniyyətini, Vətən sevgisini, ailə istiliyini, ana, qardaş,
övlad məhəbbətini ən gözəl və mənalı şəkildə, qeyri-adi duyğularla anlatmalı, haqq və həqiqət yolunda hər cür mücadilə verməli, millətinin mənəviyyat və müqəddəslərini, canı bahasına
olsa belə, qorumalı və sevdirməlidir.
Xalqımızın
milli özünüdərkində, milli ruhun oyanmasında, həmçinin bədii-fəlsəfi, poetik fikir tariximizin
inkişafında özünəməxsus xidmətləri olan, əsərlərini böyük vətəndaşlıq
narahatlığı ilə qələmə alan xalq
şairi Bəxtiyar Vahabzadə xalqımıza qarşı aparılan ağır
siyasətə hiddətli etiraz səsini qaldırardı. O, ən yüksək kürsülərdə öz sözünü
deməkdən çəkinməzdi.
"...Bəxtiyar Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu
müstəsna dərəcədə zəruri bir haldır ki, sən övladı
olduğun xalqın nitq hissəsində fel olmağı
bacarasan, xalqının canlı dil
memarlığına öz töhfəni
verə biləsən..." - deyib məşhur yazıçı-şair
Çingiz Aytmatov.
Görkəmli azərbaycanlı şair,
dramaturq, Azərbaycanın xalq şairi, filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı
laureatı, M.F.Axundov adına ədəbi mükafat və "İstiqlal"
ordeni ilə təltif olunan, Azərbaycan Respublikası Ali Sovetinin deputatı Bəxtiyar Vahabzadə özünü qeyb
etmiş, ruslara qapılmış, yad dəyər və adətlərə heyran, dəblərə düşkün bəzi zümrələri şeirlərində qınayıb və həcv edib. Dünyaca
tanınan və
özünə xas
bir yolu olan məşhur
şair təqlidçiliyi
şəxsiyyətsizlik sayıb.
Ona sorulan bir soruya: "Mənim türk gənclərinə, eyni zamanda Azərbaycan gəncliyinə sözüm budur: kökdən, soydan ayrılmayın!.. Türk gəncləri
Qərbə çox meyllidir.
Halbuki, türklərin
Qərbdən bəzi texniki məlumatlar xaricində alacaqları bir
şey yoxdur..." - cavabını verib.
Azərbaycan şeirinin ən böyük təmsilçilərindən biri olan Bəxtiyar Vahabzadə söyləmək istədiyini şeirlərində aydın və mənalı bir şəkildə açıqca söyləyərdi. Bir baxın, görün bu dahi
şəxsiyyət həyat barəsində nə deyir:
"Yaşamaq
yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa,
yaşamır demək,
Onun yaşamağı yanmağındadır!"
Bəxtiyar Vahabzadənin "Mənim dostlarım" adlı ilk kitabında
toplanmış lirik şeirlərində faşizmə qarşı mübarizədə qalib
çıxmış xalqın duyğu və düşüncələri öz əksini tapıb. Onun lirik
şeir və
poemalarında, mənzum
pyeslərində müasir
dövrün problemləri
lirik-fəlsəfi planda təsvir edilib. Onun bir çox pyesləri
Azərbaycan
Dövlət Akademik
Mill Dram Teatrında tamaşaya qoyulub.
Bəxtiyar Vahabzadə tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib. 1958-ci ildə yazdığı
"Gülüstan" poeması ilə iki yerə parçalanan Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars
imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub. Bu
poemaya görə
şair 1962-ci ildə
"millətçi"
damğası ilə
Azərbaycan
Dövlət
Universitetindən
çıxarılıb, yalnız 2 ildən sonra işə yenidən
bərpa edilib.
Onu da qeyd edək ki, Bəxtiyar Vahabzadə 40 il Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan Ədəbiyyatı
kafedrasının professoru vəzifəsində fəaliyyətdə olub.
Bəxtiyar Vahabzadə Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə edib, iri həcmli poema və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirib. Birbaşa
Sovet diktaturasını ifşa edən
əsərlərini isə şair Sovet
İttifaqı dağılandan sonra "Sandıqdan səslər"
başlığı altında nəşr
etdirib.
Klassik və yeni Azərbaycan şeirində mövcud olan bütün
xüsusiyyətləri öz şeirlərində toplayan Bəxtiyar Vahabzadə Vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən dərin və mənalı ifadələrlə öz şeirlərində anladıb. Xalqı
oyandırmaq məqsədilə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində milli mövzuları ən güclü və dərin məzmunlarla izah edib. O,
müasir Azərbaycan poeziyasında milli istiqlal və azadlıq
ideyalarını yenidən bərpa edən, qədim şeirimizin
müdriklik, fəlsəfi dərinlik kimi ənənələrini şeir üslubu ilə birləşdirən görkəmli xalq şairidir. Bəxtiyar
Vahabzadə 1988-ci
ildəki xalq hərəkatının liderlərindən biri olub.
Vahabzadənin şeirlərinə baxdığımızda gözə dəyən ilk mövzu Vətən sevgisi olmaqdadır. Bir müsahibəsində ona verilən: "Bütöv olmayan
Azərbaycanın
bir hissəsi Qarabağa bir müddət əvvəl ziyalılarımız
getmişdilər. Bu səfərin davam etdirilməsi gözlənir. Sizə imkan verərlərsə, Qarabağa,
Şuşaya gedərdinizmi" sualına belə cavab verib:
"İşğal altında olan torpaqlarımıza
getmək arzum yoxdur. Mən
oraları görüb dözə
bilmərəm. Vətənimi yağı
tapdağında görmək
istəmirəm. İrana gedəndə bir neçə gün Təbrizdə qaldım. Ürəyim
çox ağrıdı. Dükanlara
baxırdım, eynən
Şəkidəki kimi idi. Amma mənim
soydaşlarım orada boynubükük, əl-qolu
bağlıdır. Bu mənim üçün çox
ağır dərddir.
Allah bizə Təbrizi, Qarabağı, Azərbaycanı bir yerdə, bütöv görmək qismət etsin! O gün olsun siz mənimlə Şuşada üz-üzə oturub söhbət edəsiniz", - deyib.
Ermənilərin separatçı-bölücü siyasətinə, xalqımıza
qarşı yürüdülən hiylə, böhtan dolu
yazılarına etiraz etməsinə, erməni və erməni yönlü mətbu informasiya mənbələrinə müqavimət göstərməyə çalışmasına,
xarici mətbuatın bizə qarşı çıxmalarına
vaxtlı-vaxtında layiqli cavab verməsinə baxmayaraq, Bəxtiyar Vahabzadənin ruhu sarsılardı.
Azərbaycan ədəbiyyatının,
bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin adı təkcə Respublikamızda deyil,
onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik
dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri - şeir kitabları,
dramları və publisist yazıları dünyanın bir çox
dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan,
macar və Sovet birliyinə daxil olan bir çox xalqların dillərinə tərcümə edilib və bu əsərlər çox böyük maraq
və sevgi ilə qarşılanıb. Son illərdə Azərbaycan ədəbiyyatında Bəxtiyar Vahabzadə qədər ümumxalq məhəbbəti
qazanan ikinci bir şairin adını çəkmək çox çətindir.
Ümumilikdə Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2
monoqrafiyanın, 11 elmi publisistik kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri
- şeir kitabları, dramları və
publisistik yazıları dünyanın bir çox dillərinə tərcümə
edilib.
Dərin məlumata malik olan xalq şairi Bəxtiyar Vahabzadə
yaradıcılığı ilə hər zaman diqqət mərkəzində olub, onun əsərləri həmişəyaşar əsərlər olaraq qalacaq. Bu tarixi şəxsiyyət 2009-cu il
fevral ayının 13-də, 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.
Biz bu tarixi şəxsiyyətimizin xidmətlərini həmişə yad etməyə borcluyuq. O, millətinin parlayan və sonsuzluğa qədər parlayacaq sönməz bir ulduzudur!
Allah rəhmət eləsin.
Fazil
QARAOĞLU
Bakı xəbər.- 2017.-24 fevral.- S.13.