Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

 

Gənclərin vətənpərvərlik, dövlətə və xalqa məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm məsələlərdən biridir. Bu cür tərbiyə işini həyatla əlaqələndirmək üçün gənclərimiz xalqımızın adət-ənənələrinə hörmət ruhunda tərbiyələndirilir, onlarda yüksək vətənpərvərlik hissi inkişaf etdirilir. Eyni zamanda, gənc nəslin nümayəndələri Vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyə olunur, milli dəyərlərimizə zidd təzahürlərə qarşı qətiyyətli mübarizə aparan insanlar kimi formalaşır.

Təxmini hesablamalara görə, bəşəriyyətin 32,3 faizini gənclər təşkil edir. Gənclər yaşlı nəslin əvəzediciləri, bəşəriyyətin dayağıdır. Gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, milli vətənpərvərlik ruhunda tərbiyə olunması müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin ideya-siyasi, elmi və mədəni tərəqqisi üçün mühüm amildir. Ümummilli lider Heydər Əliyevin təbirincə desək: «Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq-budur vətənpərvərlik».

Məsələ ondadır ki, milli mənlik şüuru sayəsində millət, xalq və etnik qrup dünyada baş verən inkişaf qanunauyğunluqlarına yaradıcı münasibət bəsləyir, bu və ya digər hadisələrə öz münasibətini bildirir. Məlumdur ki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud deyil və insanın özünün fikir və hisslərinin öyrənilməsində başlıca əhəmiyyət kəsb edir. Sosial şəraitdən asılı olaraq, mənlik şüuru dəyişir, formalaşır, inkişaf edir və insan başqaları qarşısında məsuliyyət daşıdığını dərk edir. Bunun fərqinə varır. Mənlik şüuru olan insan özünütəhlil və özünümühakimə qabiliyyətinə malik olur. Proseslərə daha dərindən yanaşır. Mühakimə qabiliyyəti daha mükəmməl təsir bağışlayır.

Ümumilikdə, vətənpərvərlik məfhumu öz məzmununa görə çoxşaxəlidir və onu heç bir sözlə əvəz etmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, bu hiss uşaqlarda tədricən, necə deyərlər, mərhələ-mərhələ formalaşır. İnsan dünyanı dərk etdikcə Vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Bütövlükdə, sözügedən hiss öz dövlətinin tərəqqisi üçün can yandırmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, Vətənin rifahı naminə əlindən gələni etmək deməkdir. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi bir sıra faktorların vəhdətindən keçir. Həmin faktorlar bir-biri ilə sıx bağlıdır. Ona görə də nəzərə almaq lazımdır ki, mənəvi dəyərlərin, vətənpərvərlik hisslərinin əsası ailədə, məktəbəqədər tərbiyəəssisələrində, orta məktəblərdə qoyulur. Tədqiqatçılar hesab edir ki, milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Belə ki, burada vicdan, milli mənlik mühüm əhəmiyyət kəsb edir.

Gənclik çağı kimi ifadə edilən 15-30 yaşarası ömrün ən dinamik mövsümü hesab olunur. İnsanın dəyərlərinin, xarakterinin, şəxsiyyətinin və cəmiyyətlə münasibətlərinin formalaşdığı dövrdür. Bir millətin gələcəyi onun gəncliyinin təfəkkürünün mükəmməlliyinə, ümidinə, ideallarına bağlıdır. Milli, dini, elmi duyğularla dolmuş, bayrağını, torpağını, millətini, Vətənini sevən bir gəncliyə sahib bir ölkə ən böyük sərvətə və xəzinəyə sahibdir. Belə bir gəncliyə sahib olan ölkənin gələcəyi çox parlaqdır. Gələcəyinə qiymət verən millətlər gənclərin yetişməsinə böyük diqqət göstərməli və bunun üçün əlindən gələni əsirgəməməlidir. Gənclərin xarakterini bir zərgər dəqiqliyi ilə formalaşdırmağa çalışmaq lazımdır. Gənclərin yetişməsində bədən-ruh, maddi-mənəvi, dünya-axirət tarazlığının qorunması çox əhəmiyyətlidir. Gənc sevgi və dinamizm dolu, qayğısız, təmiz qəlbli, səbrli, özü ilə və yaşadığı cəmiyyətlə təmkinli olmalıdır. Bu gün gənclərin qarşısında bir çox maneələr və problemlər durur. Bunların bir çoxu da müasir dünyanın və qloballaşmanın doğurduğu problemlərdən qaynaqlanır. Ancaq reallıq onu göstərir ki, Azərbaycan gəncliyi bu problemləri aşmağa qadirdir. Çünki ölkə gəncliyi dinamizmi, kreativliyi və hadisələrə adekvat yanaşması ilə seçilir. Azərbaycanda gənclərin inkişafı, onların gələcəyi baxımından məqsədyönlü siyasət həyata keçirilir. Aydın məsələdir ki, bütün bunların qarşılığında gənclik də öz potensialından istifadə edərək doğulduğu torpaq, yaşadığı ölkə, Vətəni üçün əlindən gələni əsirgəməməlidir. Gənclərdə milli vətənpərvərlik hissləri güclü olmalıdır. Xüsusən də Azərbaycan gəncinin vətənpərvər olması vacibdir. Hər bir Azərbaycan gənci bilməlidir ki, torpaqlarımızın 20 faizi işğal altındadır, məcburi köçkünlərimiz var. Belə olan halda, heç şübhəsiz ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün gənclərimizdə vətənpərvərlik ruhu günü-gündən yüksələcək. Necə ki, biz bunu müşahidə edirik. Bugünkü gənclik Azərbaycanın potensial hərbi gücüdür. Ona görə də ailə başçılarından tutmuş, müəllimə qədər hamı bunun fərqində olmalı, uşaqları bu ruhda tərbiyə etməlidirlər. Bu istiqamətdə görülən işlər sistemli xarakter almalıdır. Təsadüfi deyil ki, torpağa, Vətənə sevginin əsası ailədə və məktəbdə qoyulur. Buna görə də hər bir məktəb ilk növbədə şagirdlərinin yüksək vətənpərvər kimi böyüməsi üçün bütün imkanlardan istifadə etməlidir. Bunun üçün məktəblilər Vətənin tarixilə yanaşı, onun hər bir bölgəsini yaxşı öyrənməlidir. Çünki Vətəni yaxşı tanımadan onu sevmək, ona dərindən məhəbbət bəsləmək çətindir. Ölkə, Vətən sevgisi uşaqlara davamlı və əsaslı şəkildə aşılanmalıdır. Gənclərdə vətənpərvərlik hissinin aşılanması, formalaşdırılması məhz məktəblərin üzərinə düşən vəzifələrdəndir. Vətənpərvərlik hissi uşaqlarda körpə yaşlarından formalaşdırılmalıdır. Torpaqlarımızın işğal altında olduğu bir şəraitdə uşaqlarda Vətənə, torpağa, elə-obaya sevgi, məhəbbət hissini formalaşdırmaq məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bugünkü məktəbli nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar. Bu mənada məktəb gələcəyimizin bünövrəsinin möhkəmlənməsinə xidmət edən bir qurumdur. «Təhsil haqqında» Qanun da, məktəbin daxili qayda-qanunları da, pedaqoqun öz işinə məsuliyyəti də müasir məktəblinin tərbiyəsinə kompleks yanaşmanı tələb edir. Yəni bu gün formalaşan şagird yalnız yaxşı oxumaqla kifayətlənməməli, eyni zamanda, vətənpərvər, dövlətçiliyimizə sədaqətli olmalıdır.

Ona görə də gənclərin həqiqi vətənpərvərlik ruhunda tərbiyəsi başlıca vəzifəyə çevrilməlidir. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarına, ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə diqqətlə yanaşıb. Çünki yuxarıda qeyd olunan bu amillər gənclərdə fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, inam hissini gücləndirir, qələbəyə ruhlandırır. Ümummilli lider Heydər Əliyev tərəfindən 2002-ci il mayın 6-da imzalanmış «Gənclər siyasəti haqqında» Qanunda deyilir: «Bu siyasət gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət və ənənələrinə, dövlət dilinə və rəmzlərinə, mənəvi ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə birbaşa bağlıdır».

Sözügedən məsələ ilə bağlı fikirlərini bizimlə bölüşən şərqşünas Seyid Camal Əzimbəyli bir sıra məqamlara toxundu. Onun sözlərinə görə, gənc nəslin milli mənlik şüurunun formalaşmağında vətənpərvərlik başlıca faktordur: «Vətənpərvərlik deyəndə ilkin olaraq Vətəni sevmək, ona olan ülvi hisslər başa düşülməlidir. Vətənə olan məhəbbəti sözlə ifadə etmək çətindir. Vətənə olan sevgi onun var olması, inkişafı uğrunda çalışmaq deməkdir. Bunun üçün canından, malından keçmək deməkdir. Hansı ki, biz hər zaman bunun fərqinə varmalı və bu istiqamətdə çalışmalıyıq. Gənc nəsli məhz bu ruhda, amalda tərbiyə etməliyik. Bir çox ölkələr çox uğurla bu mərhələni keçib. Qardaş Türkiyədə bunun çox gözəl örnəkləri var. Gənclərimiz hər zaman bir şeyin fərqində olmalıdır ki, savaş hələ bitməyib. Bu gün Avropanın heç bir ölkəsinin ərazisi işğal altında deyil. Son 50 ildə həmin qitədə belə problem yaşanmayıb. Bu baxımdan da Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyəsi digərlərindən çox fərqli bir anlam daşımalıdır. Çünki bizim torpaqlarımız işğal olunub, Qarabağ kimi ümummilli problemimiz var. İşğala son qoymaq üçün Prezidentin ətrafında sıx birləşməli və gənclərin potensialından istifadə etməliyik. Vətənpərvər gənclər bütün sahələrdə ölkənin inkişafını təmin etmək iqtidarındadır. Gənc nəslin unutqanlığı, lazımi şəkildə tərbiyə olunmaması dövlətin qarşısında olan problemin daimi qalmasına gətirib çıxara bilər. Ona görə də son dərəcə ayıq-sayıq olmalıyıq. Vətənpərvər və təhsilli gənc nəslin formalaşmasına çalışmalıyıq. Bu istiqamətdə hər kəs üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidir».

Səfərova Samirə

Bakı xəbər.- 2017.- 28 fevral.- S.15.