Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyinin yaranmasından 13 il ötür...

Naxçıvanlılar tarixən hərb peşəsinə maraqlı olublar. Nəinki Azərbaycanın, Rusiya hərb tarixində yüksək mövqe tutan Hüseyn xan Naxçıvanski, Cəmşid Naxçıvanski, Əbülfət ağa Şahtaxtinski kimi görkəmli sərkərdələr özlərindən sonrakı nəsillər üçün əsl qəhrəmanlıq, cəsurluq örnəyi qoyublar. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev Sovet rejiminin tüğyan etdiyi bir zamanda bütün çətinliklərə rəğmən Bakıda yaratdığı hərbi təhsil ocağına Cəmşid Naxçıvanskinin adını vermişdi. 70-ci illərdə yaradılan lisey Azərbaycanın bugünkü müstəqilliyinə hesablanmışdı.

Naxçıvanlıların hərb peşəsinə olan sonsuz marağını və Naxçıvanın milli ordu quruculuğuna verə biləcəyi töhfələri nəzərə alan ulu öndər bu qədim diyarda da hərbi təhsil ocağının yaradılması ilə bağlı sərəncam imzaladı. Bununla da Naxçıvan tarixində ilk hərbi təhsil ocağının təməli qoyuldu.

Filial kimi fəaliyyətə başlayan Liseyə ildən-ilə marağın artması qəbul faizinin yüksəlməsi ilə nəticələndi. 1999-cu il oktyabrın 13-də filialın, onun yeni tədris korpusunun açılışında işrtirak edən ulu öndər Heydər Əliyev deyib: “Mən özünü bu peşəyə həsr edənləri yüksək qiymətləndirirəm. Ümidvaram ki, Naxçıvan filialı qısa müddətdə genişlənəcəkdir. Buraya 100 yox, 200 bəlkə də ondan daha artıq gənc qəbul edib hazırlamaq mümkündür ki, bizim zabit kadrlarımız daha çox olsun”. Gələcəyinə böyük ümidlərlə səsləndirilən bu fikir çox keçmədi ki, reallığa çevrildi. Qəbul sayı orta hesabla 2 dəfə artan filial ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə ləğv edilərək onun əsasında Heydər Əliyev adına Hərbi Lisey fəaliyyətə başladı.

4,5 hektar sahəni əhatə edən hərbi lisey şəhərciyindəəllifi heykəltəraş Ömər Eldarov olan ümummilli liderin tunc büstü ucaldılıb, ikimərtəbəli qərargah binası, 750 nəfərlik yeməkxana, ən müasir tibb avadanlıqları ilə təchiz olunmuş tibb məntəqəsi, idman zalı, futbol meydançası tədris korpusu istifadəyə verilib. Yaşayış, tədris -təlim üçün hər cür şərait yaradılıb.

Artıq məktəb yeni avadanlıqlarla təmin olunmuş müasir tipli hərbi təhsil ocağıdır. Tədris korpusunda fizika, kimya, biologiya laboratoriyaları, kompyuter otaqları, tarix, ingilis dili, riyaziyyat, hərbi-topoqrafiya və ədəbiyyat kabinələri yaradılıb, bütün kabinələr tədris proqramına uyğun avadanlıqlar, stend və elektron dərsliklərlə təmin olunub. Hazırda elektron lövhələr və internetə çıxışı olan kompüterlər dərslərin interaktiv formada keçirilməsinə və hərbi liseyin muzey şəbəkəsinə qoşulmasına imkan verir, dəqiq elmlər və xarici dillər müasir metodlarla tədris olunur.

2005-ci ilin dekabrında muxtar respublikaya səfəri zamanı ölkə başçısı cənab İlham Əliyev Hərbi liseydə olaraq, burada yaradılan şəraiti yüksək qiymətləndirib.

İndi nəinki muxtar respublika üzrə, Azərbaycanın bir çox bölgələrindən təhsil almaq üçün gənclər ən yaxşı ünvan kimi bu hərbi təhsil müəssisəsinə üz tuturlar. Heydər Əliyev adına Hərbi Lisey öz ətrafında yüzlərlə vətənpərvər gənci birləşdirir. Belə gənclərdən biri də Goranboy rayonun Yolqullar kəndindən olan Rəvan Məmmədovdur. Düşmənə olan nifrət hissi, Vətənin müdafiəsində dayanmaq arzusu onu Goranboy rayonundan Naxçıvana qədər gətirib.

Şərur rayonunun Vərməziyar kəndindən olan Hidayət İsmayılov isə Xocalı faciəsini televiziyadan izlədikdən sonra hərbçi olub Vətənə xidmət etmək qərarına gəlib.

Hələ orta məktəbdə oxuduğum illərdəKim olmaq istəyirsən?” mövzusunda yazdığım inşa yazıda bu suala belə cavab vermişdim: general. Bu məktəbə qəbul olunduğumu bilərkən sevincimin həddi-hüdudu yox idi. Artıq liseyi bitirirəm. Lisey həyatı çox şey qazandırdı bizə. Yüksək təhsil, nizam-intizam, fiziki və mənəvi güc”. Bu sözləri isə kursant Zəka Həsənov deyir.

Hərbçilərdə müşahidə etdiyi çeviklik, cəsurluq, vətənpərvərlik Murad Hacıyevin də yiyələnmək istədiyi keyfiyyətlərdir. Onun üçün Vətən hər şeydən öndə gəlir. “Vətənin keşiyində dayanmaq, ölkəmizin ərazi bütövlüyünü qorumaq millətini, dövlətini ürəkdən sevən hər bir azərbaycanlı gəncin müqəddəs borcudur”,-deyir.

Bu gün dövlətin diqqət mərkəzində saxladığı prioritet sahələrdən biri təhsilin inkişafıdır. Bu istiqamətdə son illərdə aparılan məqsədyönlü islahatlar müasir düşüncə tərzinə malik, bilikli, dövlətçiliyimizə sadiq vətənpərvər gəncliyin yetişməsinə əsaslı zəmin yaradıb. Əgər bir ölkənin gəncliyi vətənpərvərlik ruhunda tərbiyə edilirsə, təbii ki, orada hərbi təhsilin inkişafı da qaçılmaz olacaq. Bu səbəbdəndir ki, liseyə maraq ilbəil artır. 56 nəfər kursantla fəaliyyətə başlayan liseydə hazırda təhsil alan kursantların sayı 627 nəfər təşkil edir. Bu gün hərbi liseyin yüzlərlə məzunu ali hərbi məktəblərdə təhsillərini davam etdirir, Milli ordumuzun sıralarında xidməti vəzifələrini yerinə yetirirlər. Hazırda liseyin məzunlarından 1 nəfəri Türkiyə Respublikasının, 13 nəfəri Rusiya Federasiyasının Ali Hərbi Məktəblərində təhsilini davam etdirir. Liseyin mindən çox məzunu ali təhsilini başa vuraraq Müdafiə Nazirliyinin birləşmələrində, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrində, Milli Qvardiya və Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yüksək rütbə və vəzifələrdə şərəf və ləyaqətlə xidmət edərək müxtəlif orden və medallarla təltif olunub.

Hazırda liseydə çalışan kapitan Ramiz Əliyev bu təhsil ocağının ilk məzunlarındandır. Onun üçün doğma liseydə çalışmaq, xidmət etmək qürurvericidir. Sevdiyi, seçdiyi peşəsinə yiyələndiyi üçün Hərbi liseyə minnətdar olduğunu bildirir.

Ötən ilin aprel ayında Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımız uğrunda həyata keçirdiyi uğurlu əməliyyatlar, qazandığı qələbələr, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdış liseyin kollektivində də böyük ruh yüksəkliyi yaradıb. Bu uğurlu əməliyyatlarda öz şücaəti ilə düşmənə layiqli cavab verənlər sırasında Hərbi Liseyin məzunları da var. Aprel döyüşlərində şəhid olan zabitimiz Qabil Orucəliyev kimi gənclər vətənin iftixarı, gənc və gələcək nəsillər üçün örnəkdir. Həmçinin içdikləri hərbi anda sadiq qalaraq, Vətənin hər qarışı uğrunda mübarizə aparan və müxtəlif illərdə şəhidlik zirvəsinə yüksələn məzunlardan leytenant Zamin Məmmədovun, baş leytenant Cəfər Cəfərovun, leytenant Şəhriyar Məmmədovun, baş leytenant Orxan Quliyevin, kapitan Ceyhun Orucəliyevin adları iftixarla səslənir. Gələcəyin zabitlərini daha mətin, mübariz olmağa, düşməndən intiqam almağa, üçrəngli bayrağımızı əzəli və əbədi ata-baba yurdlarımızda dalğalandırmağa sövq edir. Mətinlik məktəbi, vətənpərvərlər ocağıdır Hərbi Lisey. Yeniyetmə yaşlarında Ordubaddan, Culfadan, Şahbuzdan, Sədərəkdən, Kəngərlidən, Şərurdan, Sumqayıtdan, Tovuzdan, Salyandan, Masallıdan və Azərbaycanın digər bölgələrindən qarşılarına məqsəd qoyub Vətəni müdafiə yolunu seçərək Hərbi liseyə üz tutanlar əsl vətənpərvərlik örnəkləridirlər. Seçdikləri şərəfli yol, sarsılmaz iradələri, mübariz ruhları gələcəyin peşəkar, güclü zabit kadrları kimi formalaşacaqlarına təminat verir.

Kursantlar muxtar respublikada keçirilən tədbirlərdə də fəallıqları ilə seçilirlər. Bilik müsabiqələrində, fənn olimpiadalarında, bədii özfəaliyyət baxış-müsabiqələrində, idman yarışlarında müntəzəm iştirak edərək yüksək nəticələr əldə edirlər. Təhsil, idman, mədəni sahələr üzrə liseydə 30 növdə dərnək fəaliyyət göstərir.

Gələcəyin zabitlərini yetişdirmək kimi şərəfli missiyanı üzərlərinə götürən məktəbin pedaqoji kollektivi öz məsuliyyətlərini dərk edir. Hər il yüksək səviyyədə keçirilən buraxılış mərasimi, Ali Məclis Sədrinin verdiyi tövsiyələr, yaradılan əlverişli şərait tədris prosesini düzgün istiqamətləndirməyə kömək edir. Hərbi liseyin pedaqoji kollektivində 5 nəfər müxtəlif sahələr üzrə fəlsəfə doktoru, bir nəfər Azərbaycan Respublikasının əməkdar müəllimi, 4 nəfər Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, 2 nəfər “Tərəqqi” medalı, 1 nəfər isə “Rəşadətli əməyə görədöş nişanı ilə təltif olunmuşəllimlər çalışır.

Ötən il iyunun 24-də Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının 2016-cı il buraxılışı münasibətilə keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan hərbi liseyin məzunu olmaq böyük məsuliyyət və şərəfdir. Vətənimiz Azərbaycanın gələcək müdafiəçiləri kimi bu şərəfə layiq olmalı, ali hərbi məktəblərdə yaxşı təhsil almalı, hərb sənətinə dərindən yiyələnməli, sədaqətlə xidmət etməlisiniz. İnanırıq ki, bu gün Heydər Əliyev adına Hərbi Liseyin müdavimləri olan kursantlar şərəfli zabit adını doğruldacaq, torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanacaqlar”.

Heydər Əliyev adına Hərbi Lisey 13 ildir ki, Milli ordumuzun peşəkar zabit kadrları ilə təminatında strateji rol oynayan hərbi təhsil ocağı kimi fəaliyyətini davam etdirir. Naxçıvan bütün dövrlərdə Azərbaycan mədəniyyətinə, elminə, təhsilinə, incəsənətinə layiqli töhfələr verib. Heydər Əliyev adına Hərbi Lisey də, öz növbəsində, Azərbaycan hərb tarixinə parlaq səhifələr açacaq.

 

Ruhiyyə Rəsulova

Bakı xəbər.- 2017.- 28 fevral.- S.12.