Naxçıvan abidələri
Ümumdünya İrsi Siyahısına doğru...
Əhməd Qəşəmoğlu:
"Naxçıvan abidələrinin UNESCO-nun
Ümumdünya İrsi Siyahısına
salınması zəruridir"
Ənvər Çingizoğlu: "Siz
çox aktual məsələni gündəmə gətirmisiniz"
Qiymət Məhərrəmli:
"Düşünürəm ki, abidələr o
siyahıda yer alsa, Naxçıvan tarixi və mədəniyyəti
də bütün dünya miqyasında tanınacaq"
Yüzillər əvvəl
Naxçıvanda inşa edilən qiymətli
memarlıq inciləri bu gün öz dəyəri və
unikallığı ilə seçilir. Naxçıvanın
müxtəlif yaşayış məntəqələrində
göz bəbəyi kimi qorunan bu abidələr
xalqımızın milli-mənəvi, mədəni irs
siyahısında öndə dayanır.
Bilirik ki, Azərbaycanın
bir neçə dünya əhəmiyyətli abidəsi
artıq UNESCO-nun Ümumdünya irsi siyahısına
salınıb və onlar bəşərin nadir inciləri
kimi qorunur. UNESCO-nun Ümumdünya İrsinə
müvəqqəti namizəd siyahısına bir
sıra abidələr daxil edilib. UNESCO-nun Ehtiyat
Siyahısında Naxçıvan abidələri də
yer alıb. Onlardan XIII əsrə aid olan
Gülüstan türbəsinin, Möminə Xatun abidəsinin,
Qarabağlar türbəsinin, Atabəylər
memarlıq kompleksinin adını çəkmək olar.
Gülüstan türbəsi XIII əsr Azərbaycan
memarlığının ən maraqlı nümunələrindən
biridir və Culfa rayonu ərazisində yerləşir.
Arxeoloq alimlərin verdiyi bilgiyə
görə, Culfa yaxınlığında yerləşən
Gülüstan türbəsi isə Azərbaycan
memarlarının daş sənəti incisidir.
Məşhur Möminə
Xatun türbəsi məşhur Azərbaycan memarı
Əcəmi Naxçıvaninin şah əsəri və
Naxçıvan-Marağa memarlıq məktəbinin ən
dəyərli abidələrindən biridir.
Naxçıvan şəhərinin tarixi mərkəzində-Atabəylər
memarlıq kompleksinin tərkibində yerləşir.
Möminə Xatun türbəsi həmin kompleksdən
dövrümüzə çatmış yeganə abidədir.
Əcəmi
Naxçıvaninin dövrümüzə
çatmış ən gözəl əsəri olan
Möminə Xatun türbəsi bu gün də orta əsrlər
Naxçıvan şəhərinin əzəmətini əks
etdirir. Naxçıvan memarlıq məktəbinin,
bədii memarlıq səviyyəsinin gözəl
nümunəsi kimi şəhərin mərkəzində
yüksəlir.
UNESCO-nun Ehtiyat Siyahısında yer alan
Naxçıvan abidələrindən biri də
Qarabağlar türbəsidir. Abidə Azərbaycan orta
əsr memarlığının qiymətli
yadigarlarından biri olmaqla, Naxçıvan ərazisində,
Qarabağlar kəndində yerləşir. Bu kompleksə
daxil olan qoşa minarələrin XII əsrin
axırlarında və ya XIII əsrin əvvəllərində
tikilməsi güman edilir. Bu iki minarəni bir-birinə
bağlayan portal quruluşu isə XIV əsrə aid
quruluşdur.
Atabəylər memarlıq kompleksi də Ehtiyat
Siyahıda yer alır. Atabəylər memarlıq kompleksi
Naxçıvan şəhərində yerləşən,
şəhər Atabəylərin paytaxtı olan zaman əsası
qoyulmuş nəhəng abidədir. Kompleksə
Atabəy hökmdarlarının sarayı, Divanxana,
Cümə Məscidi, Möminə Xatun türbəsi,
Mədrəsə, giriş baştağı və digər
yardımçı binalar daxil olub. Dövrümüzə
kompleksdən yalnız Möminə Xatun türbəsi
çatıb.
Naxçıvan abidələrinin UNESCO-nun
Ümumdünya İrsi Siyahısına
salınması artıq günün zərurəti kimi
meydana çıxıb. Düşünürük
ki, bu abidələr birbaşa qorunan abidələr
siyahısına salınacaq.
"Bu
abidələr böyük tarixi dövrləri
özündə əhatə edir"
Professor
Əhməd Qəşəmoğlu bizimlə söhbətində
bildirdi ki, Naxçıvan abidələri yalnız
yerli əhəmiyyətə malik deyil, onlar dünya
miqyaslı abidələrdir: "Naxçıvan qədim
diyardır. O təkcə təbiəti ilə deyil, həm
də möhtəşəm abidələri ilə zəngindir.
Bu abidələrin yalnız Azərbaycan səviyyəsində
deyil, dünya miqyasında mühafizə edilməsinə
ehtiyac var. Naxçıvan abidələrinin UNESCO-nun
Ümumdünya İrsi Siyahısına
salınması zəruridir. Bu abidələr
böyük tarixi dövrləri özündə əhatə
edir. Hər abidə bir bəşər
irsidir. Bu gün Naxçıvanda elə
abidələr var ki, onlar haqqında bütün
dünya xəbər tutmalıdır. Onlar
dünya mədəniyyətinin bir hissəsidir. Görün bu abidələr hansı dövrlərdə
inşa edilib, onları kimlər inşa etdirib. Azərbaycanın dövlətçilik, mədəniyyət
tarixində böyük izlər qoyan şəxsiyyətlərin
tikdirdiyi bu abidələrin dünya üçün əhəmiyyəti
böyükdür. Onlar dünyaya
böyük bir sivilizasiya haqqında zəngin məlumatlar
verir. Hesab edirəm ki, yaxın
vaxtlarda onlar Ehtiyat Siyahıdan çıxarılaraq
real şəkildə qorunan abidələr siyahısına
salınacaq. Çünki buna zərurət
yaranıb. Möminə Xatun türbəsi
də, Qarabağlar türbəsi də, digər abidə
və komplekslər də dünya səviyyəsində
qorunmalıdır".
"Bildiyim
qədər, bir sıra Naxçıvan abidələri
hələ 2001-ci ildən..."
Azərbaycan
Milli Elmlər Akademiyasının Arxeologiya və
Etnoqrafiya İnstitutunun doktorantı,
jurnalist-etnoqraf Ənvər Çingizoğlu
"Bakı-Xəbər"ə
açıqlamasında bildirdi ki, o bir tədqiqatçı kimi
Naxçıvanın folklor və
etnoqrafiyasını, o cümlədən də zəngin
abidələrini öyrənib. Tədqiqatçının
fikrincə, Naxçıvan ərazisində yerləşən
bütün abidələrin, Azərbaycanla
yanaşı, bütün dünya üçün də
dəyəri əvəzsizdir: "Siz çox aktual məsələni
gündəmə gətirmisiniz. Bildiyim qədər,
bir sıra Naxçıvan abidələri hələ
2001-ci ildən UNESCO-nun Ehtiyat Siyahısına
salınıb. Amma çox arzu edərdim ki, o abidələr
birbaşa qorunan maddi irs siyahısına
salınsın. Düşünürəm
ki, bu reallaşacaq. Mən tədqiqat
sahəmlə əlaqədar olaraq Naxçıvanda
olmuşam, o abidələrin hər biri ilə
yaxından tanışam. Düzdür,
əsasən Naxçıvan etnoqrafiyasını
araşdırmışam, ancaq arxeologiyaya da biganə
qalmamışam. Kəngərli və
digər qədim türk tayfalarının tarixini, həyat
və məişətini, onların dövlətçilik
tariximizdə oynadığı rolu öyrənmişəm.
Naxçıvan abidələrinin hərəsi
bir dövrün silinməz izlərini özündə
ehtiva edir desəm yanılmaram. Burada
elə abidələr var ki, onları bütün
dünya tanımalı, görməlidir".
Ə.Çingizoğlu bildirdi ki, Naxçıvan
abidələri əzəmətli memarlıq zənginliyi
ilə yanaşı, qədim tariximizin, möhtəşəm
dövlətçilik ənənələrimizin,
yüksək mədəniyyətimizin göstəricisidir. Onun fikrincə,
dünya miqyasında tariximizi, milli-mənəvi dəyərlərimizi
əks etdirən tarix və memarlıq abidələrinin
öyrənilməsi, təbliği, qorunması və
gələcək nəsillərə
çatdırılması vacibdir. O qeyd etdi ki,
artıq Heydər Əliyev Fondu tərəfindən qədim
diyarımızda olan böyük əhəmiyyətə
malik tarixi memarlıq abidələrinin bir qismi
UNESCO-nun Ümumdünya İrsi Siyahısına
salınıb. O hesab edir ki, Naxçıvan abidələri
də tarixi-mədəni irs kimi bu
siyahıda halal yerini tutacaq.
"Naxçıvanın
bəşər tarixində ayrıca yeri var"
Azərbaycan Milli Elmlər Akademiyasının
Folklor İnstitutunun əməkdaşı, filologiya
üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli
də Naxçıvan abidələrinin UNESCO-nun
Ümumdünya İrsi Siyahısına
salınmasına tərəfdardır. Alimin fikrincə,
UNESCO-nun bəşər miqyasında qorunan abidələri
sırasında Naxçıvan
memarlığının incilərinin də yer
alması vacib haldır: "Məlum olduğu kimi,
UNESCO abidələrin mühafizəsi məsələlərinə
xüsusi diqqət yetirir. Azərbaycanın
bir sıra tarixi əhəmiyyətə malik abidələri
artıq bəşər aləminin abidəsi kimi
mühafizə edilir. Tarix və mədəniyyət
abidələrimiz xalqımızın minilliklər
boyu bu torpaqlarda yaşadığını sübut edən,
maddi və mənəvi həyatımızın,
tariximizin daşlaşmış yadigarlarıdır.
Bu daş yadigarlar həm bizə, həm də
dünyaya gərəkdir. Qədim
insan məskəni kimi Naxçıvanın bəşər
tarixində ayrıca yeri var. Düşünürəm
ki, abidələr o siyahıda yer alsa, Naxçıvan
tarixi və mədəniyyəti də bütün
dünya miqyasında tanınacaq.
Azərbaycanın
sabiq Prezidenti, müstəqil Azərbaycan
Respublikasının memarı Heydər Əliyevin
maraqlı bir kəlamı var: "Tarix və mədəniyyət
abidələri xalqın milli sərvətidir". Gizlin deyil, son illər tarix və mədəniyyət
abidələrimizin bərpasına dövlət səviyyəsində
diqqət və qayğı göstərilir. Ölkəmizdəki dünya əhəmiyyətli
abidələrin bir neçəsi UNESCO-nun Dünya Mədəni
İrsi Siyahısına salınıb. Qeyd etdiyim kimi, Azərbaycanın, o cümlədən
dünyanın qədim yaşayış və mədəniyyət
mərkəzlərindən biri olan Naxçıvan min
illərin tarixini yaşadan qədim yaşayış
yerləri baxımından səyyahları, alimləri,
tədqiqatçıları özünə cəlb edən
bir məkan kimi tanınıb. Burada qədim
mağaralar, qalalar, qədim yaşayış yerləri,
qayaüstü rəsmlər, daş qoç heykəlləri
və türbələr bu torpaqda tarixi mədəniyyət
nümunələridir.
Gəmiqaya abidəsi
Naxçıvanın ilkin yaşayış məskəni
olmasını elmi və tarixi əsaslarla təsdiq etməklə
xalqımızın ən qədim dövr incəsənətini,
mənəvi və maddi mədəniyyət nümunələrini
bu günə daşıyan əvəzsiz tarixi abidədir.
Naxçıvan ərazisində mövcud olan Qazma
mağarası, "Əshabi-Kəhf" Ziyarətgahı
dini-mədəni abidə kompleksi, Kilit mağarası,
I və II Kültəpə, Xarabagilan, Quyulu dağ,
Qarabağlar türbə kompleksi, Möminə Xatun,
Yusif Küseyiroğlu, Gülüstan türbələri,
Əlincə qalası, Qızılburun, Qızqala,
Ovçular təpəsi, Oğlanqala, Xələc,
Naxçıvanqala, tarixi təbiət abidələrindən
Haçadağ, Duzdağ, Batabat, Babək qalası, Dəvəboynu
və yüzlərlə başqa abidə keçmişdən
qalan tarixi yaddaşımızdır.
Bilirsiniz
ki, üzümüzə gələn il
Naxçıvan İslam Mədəniyyəti
Paytaxtı funksiyasını yerinə yetirəcək.
Düşünürəm ki, həmin
dövrdə Naxçıvana çoxlu sayda turist gələcək.
O turistlər indi də gəlir. Onlar bu abidələrə
böyük sevgi və həsədlə baxır. Onlar bu abidələrin timsalında bu qədim
yurdun tarixi keçmişi haqqında məlumat alır".
"Əlbəttə,
bu tarixi lazımi səviyyədə təqdim etməliyik"
Q.Məhərrəmli bildirdi ki, hazırda Şəki
Xan Sarayının UNESCO-nun Ümumdünya İrsi
Siyahısına salınması reallaşmaq üzrədir. O hesab edir ki, Şəki
Xan Sarayından sonra Naxçıvan abidələrinin
bu siyahıya salınması arzuediləndir:
"Düşünürəm ki, artıq UNESCO ekspertləri
Naxçıvanın zəngin memarlıq abidələri
ilə tanışdır. Bu abidələr
ancaq gözəl memarlığına görə
seçilmir, həm də tarixi əhəmiyyətinə
görə diqqətdədir. Hər
daş parçası bir tarixdir. Əlbəttə,
bu tarixi lazımi səviyyədə təqdim etməliyik.
Qarabağlar türbəsi bir aləmdir.
Möminə Xatun abidəsinin isə
dünyada analoqu yoxdur. Bütün qədim
xalqlar kimi, biz də öz abidələrimizi dünya
miqyasına çıxarmalıyıq. Çünki bu zamanın tələbidir.
Biz o abidələri nə qədər
yüksək səviyyədə qorusaq da, onların bəşər
mədəniyyətinin incisi kimi qorunması daha
yaxşı olardı. Bu həm də
onların dünyada tanıdılması deməkdir".
Alim hesab edir ki, Naxçıvan abidələrinin hər
biri ayrılıqda UNESCO-nun Ümumdünya İrsi
Siyahısına salınmalıdır.
İradə
SARIYEVA
Bakı xəbər.- 2017.- 5 iyul.- S.10.