Naxçıvanın ləziz
nemətləri: Ordubad limonu
Ordubad rayonu tarixən
meyvəçilik diyarı kimi tanınıb. Təsadüfi
deyil ki, bu qədim yurd yerini “Bağlar diyarı”
adlandırırlar. Buraya yolu düşən turist və səyyahlar
Ordubad meyvələri haqqında yüksək fikirlər
söyləmiş, hətta buradan dünyanın bir çox
ölkələrinə müxtəlif tinglər
aparmışlar. Qədim mənbələrdə,
yazılı kitabələrdə də Ordubad və onun meyvələri
haqqında ətraflı məlumatlar verilir. Fransız etnoqraf
İ.İ.Şopen (1798–1870) Qafqazın, o cümlədən
İrəvan və Naxçıvan xanlıqlarının
tarixinə, coğrafiyasına həsr etdiyi əsərində
əla meyvələri-üzümü, əriyi,
şaftalısı, albuxarası,
heyvası olan Ordubadın Qafqazda, hətta Şərqdə
şöhrət tapdığı, həmçinin sağlam
iqlimi haqqında məlumat vermişdir.
Ötən əsrin məşhur səyyahı
Hacı Zeynalabdin Şirvani isə “Bustanus-səyahət” (Səyahət
gülzarı) kitabında yazır: “Ordubad ürəkaçan
gözəl bir qəsəbədir. Ora adama fərəh verən
yerdir. Onun möhkəm qalası, bol suyu və çoxlu
bağı vardır. Meyvəsi bol və dadlıdır.
Havası insana sağlamlıq verir”...
Sovet dönəmində Ordubad respublikanın ən
iri meyvəçilik rayonlarından olub. XX əsrin əvvəllərində
Azərbaycanda yetişdirilən 40-dan artıq ərik
növünün çoxu Ordubadın payına
düşürdü. İlkin mərhələdə illik
istehsal gücü 400 min şərti banka olan Ordubad Konserv
Zavodu istifadəyə verilmişdi. Dəfələrlə
Ordubadda yetişdirilmiş meyvələr dünyanın bir
çox sərgilərində nümayiş etdirilmiş, ən
yüksək mükafatlara layiq görülmüşdür.
Ordubad öz quru meyvələri (qaysava, qaysı, alana,
basdıq və s.) ilə də məşhurdur. Burada meyvələri
qurudaraq qışa saxlamaq və çay süfrələrində
onlardan istifadə etmək ənənəsi yerli məişətdə
çox geniş yayılıb.
Ordubadlıların başlıca məşğuliyyət
sahələrindən biri də limon yetişdirmələridir.
Rayon sakinləri quru və
kontinental iqlim şəraitində yüksək məhsuldarlığa
nail ola bilirlər. Nəticədə limonçuluq ən gəlirli
sahələrdən birinə çevrilib. Ordubad
torpağında yetişdirilən digər meyvələr kimi,
limon da özgə keyfiyyətə, dada-tama malikdir, tərkibi
qələvi elementləri və bir çox vitaminlərlə
zəngindir.
Ordubad limonunu fərqləndirən əsas cəhət
onun tərkibində efir yağları və mineralların zəngin
olmasıdır. Buna da əsas səbəb torpağın
faydalı elementlərlə zənginliyi, suyun və havanın
saflığıdır. Ona görə də Ordubad limonunun
bir ədədi 5-15 manat arası satılır. İşdir, əgər
Ordubad limonunu aparıb başqa yerdə becərmək istəsən,
arzuladığın məhsulu almağa çətin nail
olarsan. Ağac bar versə də, Ordubad limonunun dadını
verməyəcək. Bu limon sırf Ordubada və
ordubadlılara məxsusdur. Onlar bu meyvənin yetişdirilməsinin
dilini yaxşı bilirlər. Uzun illərdir, bir ənənə
kimi nəsildən-nəslə ötürülür. Hər
ailə limonçuluq təsərrüfatı ilə məşğul
olmasa da, evinin, həyətinin bir guşəsində bir dənə
də olsa, limon dibçəyinə rast gələrsən. Sanki bir simvol kimi xoş ətilri
limon Ordubad evlərini bəzəyir.
Ordubadlıların dediyinə görə, qız
köçürtdükləri zaman cehizə limon
ağacı da əlavə olunar. Ordubadlılar
limonu həm də bərəkət simvolu kimi qəbul edirlər.
Ordubad limonu görünüşü və
rəngi ilə də digər limonlardan fərqlənir. Olduqca saf və şəffaf görüntüyə
malikdir. Təcrübəli aqronom Zahid Əkbərovun dediyinə
görə, iki növ limon yetişdirilir:
biri yumrusov, nazik qabıqlı, digəri uzunsov, nisbətən
qalın qabıqlıdır. Hər ikisi ata- baba
sortlarımızdır.
Ordubad limonu həm dibçəkdə, həm də
torpaqda yetişdirilir. Zahid Əkbərovun sözlərinə görə,
dibçəkdə yetişdirilən limon
daha keyfiyyətli olur. Dəriləndən sonra sərin yerdə 15-20
gün saxladıqda keyfiyyətini itirmir. Digər
limonların qabığı acı və qalın olduğu
halda Ordubad limonunun qabığı xeyli zərif və
tamlıdır. Qabıqlı halda da yemək
mümkündür.
Yaxşı qulluq edildikdə limon
ağacı ilin bütün fəsillərində
çiçəkliyir. Bir ağacda həm göy limon, həm də yetişmiş limon olur.
Limon bitkisi o qədər həssasdır ki, gündəlik
qulluq tələb edir. Saxlandığı
yerin temperaturu yayda 20-28, qışda 8-12 dərəcədən
yüksək olmamalıdır. İstər istixanada, istərsə
də limon ağacı saxlanılan evdə
mütləq termometr qoyulur, temperaturu onunla tənzimlənir. Subtropik bitki olduğu üçün rütubəti
sevər. Becərilməsində əsas
etibarilə təbii gübrələrdən istfadə olunur.
Lakin ilk yazda
cüzi miqdarda 10-15 qram azot gübrəsi və
50-60 qr fosfor gübrəsi vermək lazımdır. Çox sərin
su ilə suvarmaq
olmaz.
Yaxşı qulluq edildikdə, yaxşı da məhsul
götürmək olur. Tək limon deyil, həmçinin
limon dibçəkləri də satışa
çıxarılır. Üstündəki limon
sayından asılı olaraq qiymətlər dəyişir.
Zahid Əkbərovun sözlərinə görə, il ərzində təkcə limonçuluqdan
5000-6000 manat arası xalis gəlir əldə edir. Odur ki, bu sahəni oğluna da öyrədib. “Ordubadın nemətləri nədir? Cəviz
mürəbbəsi, sucuq, alana, ərik
qurusu, daha nələr. Təbii, bir də ki, limon.
Nəvəm Moskvada oxuyur. Limonla
cəviz mürəbbəsi göndərmişdim, o isə
müəlliminə pay verib. Müəllimi etiraf edib ki,
hələ mən nə belə dadda limon
görmüşəm, nə də cəvizdən mürəbbə.
Ümumiyyətlə, Ordubad torpağının
yetişdirdiyi məhsulların şöhrəti çox yerdə
məlumdur, – deyir Zahid Əkbərov.
Bununla belə,
Ordubadda torpaqda kök salıb böyüyən limon ağacları da az deyil. Hündürlüyü
5 metrə çatan belə ağaclara Aşağı Əndəmic
kənd sakini Rza Məmmədovun bağında rast gəlmək
olar. O, 2003-cü ildən bu sahə ilə sıx məşğul
olmağa başlayıb, indi də faydasını
görür. Deyir ki, limon həm də
sağlamlıq üçün faydalıdır. Limon vitamin C, kalsium, maqneziumla zəngindir. Bu bitkinin hər növ xərçəng xəstəliyini
qabaqlayıcı təsiri sübut edilmişdir. Antibakterial olaraq iltihablara, infeksiyalara və göbələyə
qarşı istifadə edilir. Həmçinin,
çox yüksək qan təzyiqini nizama salır.
Rayonun Yuxarı və Aşağı Əndəmic kəndlərində
limonçuluq daha geniş yayılıb. Ordubadda limonun
əsas məskəni elə, demək olar ki, Əndəmicdir.
Aşağı Əndəmic kənd sakini İsmayıl
Əliyev deyir ki, gözümü açandan həyətimizdə
limon görmüşəm. Atam
bu sahə ilə məşğul olub. 20
ildən çoxdur ki, özüm də bu işlə məşğulam.
Əvvəl 10-15 ağac idisə, dövlətin
bu sahəyə ayırdığı kreditdən faydalanaraq, 4
ildə sayını 100 ağaca çatdırmışam.
Onun dediyinə görə, hündürlüyü 3 metrdən
yuxarı qalxan hər ağacdan il ərzində
300 ədəd limon götürür. Oğluna
da bu peşəni öyrədib. “Moskavaya, Ukraynaya qədər
limon göndərirəm, – deyir. Ukraynada da
limon boldur, lakin portağal dadı verir. Bizim limonun yerini verməz. Ordubad
limonunda heç bir meyvə qarışığı yoxdur.
O qədər gözəl dadı var ki, qabıqlı da yemək
olur. Bir otaqda kəsildisə, ətri dərhal ətrafa
yayılar. Ordubad
limonuna bələd olanlar mümkün deyil ki, onu başqa
limonla dəyişik sala. Yaşlı
insanlar, təzyiqi yuxarı olanlar limonu yarı stəkan suya
qatıb içirlər. Bu, qanı
duruldur. Limondan digər məhsullar – şərbət
və mürəbbə də hazırlanır.
Düzdür, mürəbbə o qədər geniş şəkildə
hazırlanmasa da, amma çox fərqli və gözəl dada malik olur”.
Çay yorğunluğu aradan qaldıran vasitədir. Limonla
içilən çay isə stressə və əsəb
pozğunluğuna qarşı çox yaxşı təsir
edir. İsti çayın içərisinə
atılmış bir dilim limon sinirləri
sakitləşdirir, əhvalı yüksəldir. Ordubad limonu
ilə çay isə ayrıca bir zövq verir. Ordubada gələsən, limonla çay içməsən,
demək sən çox şey itirmisən. Şəhərin mərkəzində, qoca və uca
çinarların altında Ordubad limonu ilə verilən
çay süfrəsi üçün hətta muxtar
respublikamızın başqa bölgələrindən də
gəlirlər. Həmçinin muxtar respublikamıza gələn
qonaqları qonaqpərvərlik əlaməti olaraq elə
Ordubada aparanlar da az deyil. Rayon sakinlərindən Babək
Xəlilov və Nüsrəddin Yusifovla elə çay evində
həmsöhbət oluruq. Uca çinarların kölgəsində,
bir də Ordubadın tərtəmiz havasında heç nə
yox, elə bir stəkan çay, qənd, bir də təbii, Ordubad
limonu bəs edər ki, bu çay süfrəsi ətrafında
vaxtını xoş, söhbətini şirin edəsən. Həmsöhbətlərimsə, Ordubad limonunu tərif
etməkdən nə bezir, nə də usanırlar. Deyirlər ki, Ordubad
limonu Azərbaycanda yeganə məhsuldur. Bakıya, ya
rayonlara getdikdə, limon aparmasaq, bizdən
inciyirlər. Çünki tanıyanlar, bilənlər
Ordubadı limonsuz təsəvvür etmir. Elə
sovqat kimi də Ordubad limonu olduqca dəyərlidir.
Bəli,
gilası, əriyi kiloqramlarla yığıb sizə verərlər,
amma limonun bir, uzaqbaşı beş ədədini.
Elə düşünməyin ki, ordubadlılar
xəsisdir. Əsla. Ordubadlıların
elə təkcə mürəbbəli, paxlavalı,
şorqoğallı, şəkərburalı, saymaqla bitməyən
naz-nemətlərlə dolu çay süfrələri bəs
edər ki, mətbəxinin zənginliyinə və süfrə
mədəniyyətinə heyran qalasan.
Ordubadda limon yetişdirmə ənənəsinin
qorunması və bu ənənənin davam etdirilməsi ilə
bağlı sahibkarlara ayrılan güzəştli kreditlər
isə onu deməyə əsas verir ki, limonçuluq təsərrüfatları
ilbəil genişlənəcək, çay süfrələrimiz
Ordubad limonu ilə zənginləşəcəkdir.
Naxçıvanda milli mətbəximizi və əvəzsiz
nemətlərimizi təbliğ
edən, tanıdan festivalların keçirilməsi artıq
bir ənənə halını alıb. Elə bu
yaxınlarda keçirilən ikinci “Göycə” festivalı
kimi. Düşünürük ki, gələcəkdə
Ordubad limonu ilə bağlı festival da bu məhsulun daha
geniş miqyasda tanınmasına və Ordubadın özünəməxsus
mətbəxinin təbliğinə xidmət etmiş olar. Bu
cür festivallar həm də turizmin inkişafına da dəstəkdir.
Ordubadlılarda belə bir inam var ki, limona
sahibindən başqası əl vursa, ağac küsər və
bar verməz. Deyirlər ki, arı ailəsi və bir də limon o qədər həssasdır
ki, sahibini tanıyar. Biz də bu inama hörmət edirik. Təki
məhsulumuz bol, çay süfrələrimizsə
Naxçıvanın əvəzisiz nemətlərindən
olan – Ordubad limonundan əskik olmasın.
Ruhiyyə Rəsulova.
Bakı
xəbər.- 2017.- 8-10 iyul.- S.14