Tarixdə
iz buraxanlar: Leonardo da Vinçi
Leonardo da Vinçi 15 aprel 1452-ci ildə Arno
çayı vadisindəki Vinçi şəhəri
yaxınlığında Ankiano Messer Pyero və
Katerina adlı sadə kəndlinin övladı olaraq
dünyaya gəlib. Leonardonun babası Antonio da Vinçinin öz
gündəliyində etdiyi qeyd belə səslənir:
"Şənbə günü, 15 apreldə gecə saat
3-də nəvəm anadan oldu. Uşağa
Leonardo adını qoydum. Onu oğlum Pyero xaç
suyuna çəkdi..." Leonardo 16
yaşına çatdıqda atası Pyero ailəsi ilə
birlikdə Florensiyaya köçüb.
İntibah
rəssamlarının bioqrafı Vazari tərəfindən
nəql olunan əfsanəyə görə, bir dəfə
tanış kəndli dairəvi qalxan
düzəldərək Pyeroya gətirib və içinə
rəsm çəkdirmək üçün rəssam
tapmağı ondan xahiş edib. Pyero qalxanı
öz oğluna verib, Leonardo isə qalxan üzərində
Meduza qorqonanın başını təsvir etmək qərarına
gəlib və bunun üçün kərtənkələ,
ilan, çəyirtkə, yarasa və digər heyvanlardan
istifadə edərək qorxunc və iyrənc bədheybət
şəkli yaradıb. Nəticə
Leonardonun gözlədiyindən də artıq olub.
İlk dəfə təsviri görən
atası qeyri-adi hisslər keçirərək kəndliyə
üzərində oxla dəlinmiş ürək təsviri
olan bir qalxan verib, Leonardonun yaratdığı Meduza
qalxanını isə Florensiyada yüksək qiymətə
satıb.
1466-cı ildə Leonardo 14 yaşında ikən
Verokkio adı ilə tanınan rəssam Andrea di
Çionenin Florensiyada ən yaxşı sayılan
emalatxanasında şagirdliyə başlayıb. Emalatxananın
İtaliyanın həmin dövrdəki intellektual mərkəzi
Florensiyada yerləşməsi Leonardonun
inkişafında böyük rol oynayıb: o, təkcə
humanitar biliklərə yiyələnməyib, həmçinin
rəsmxətt, kimya, metallurgiya, metalla, qipslə və
dəri ilə işləmə, mexanika və dülgərlik
kimi bəzi texniki bacarıqlar əldə edib, rəsm və
heykəltəraşlıqla məşğul olub.
1472-ci
ildə 20 yaşlı Leonardo da Vinçi rəssam və
həkimlərin gildiyası sayılan Müqəddəs
Luka gildiyasında usta təsnifatını əldə
edib. Atasının Leonardo üçün
emalatxana açmasına baxmayaraq, onun Verokkio ilə
bağlılığı bitməyib və öz müəllimi
ilə əməkdaşlığa davam edib.
Verokkionun emalatxanasındakı rəsm işlərinin
bir çoxu onun tələbələri tərəfindən
görülürdü. Vazarinin yazdığına
görə, Verokkionun "Məsihin vaftizi" rəsminin
yaradılmasında Leonardo da iştirak edib: gənc rəssama
İsa peyğəmbərin geyimini saxlayan mələyi
çəkmək tapşırılmışdı. Beləliklə, rəsmdəki 2 mələkdən
birini Verokkio, digərini isə Leonardo yaradıb.
Vazarinin iddiasına görə,
şagirdinin özündən daha güclü
olduğunu görən Verokkio fırçasını
yerə qoyub və bir daha rəssamlıqla məşğul
olmayıb.
Ömrünün ilkin illərində Florensiyada
yaşayıb-yaradan Leonardo da Vinçi sonralar
ayrı-ayrı hökmdarların saraylarında
yaşayaraq möhtəşəm ixtiralar irəli
sürüb.
Fəqət heç kimin onun bu
ixtiralarını başa düşmədiyini
anlayıb, bir müddət dərin məyusluğa
qapılıb. Bu məyusluğu
zamanı Fransa kralı I Fransiskdən dəvət
alıb və Fransaya köçərək
ömrünün sonuna qədər burada
yaşayıb-yaradıb.
"İntibah insan"ın prototipi kimi
hamının yaxşı tanıdığı Leonardo
da Vinçinin elmə olan sonsuz həvəsi və heyrətamiz
ixtiraçılıq-yaradıcılıq
istedadı Avropa intibahının əsas hərəkətverici
qüvvəsinə çevrilib, bütün dövrlərin
ən böyük rəssamı və çoxçeşidli
qabiliyyətə malik ən istedadlı şəxsiyyəti
kimi qəbul olunub.
Leonardao da Vinçinin rəsm əsərlərindən
ən məşhurları təkrarolunmaz Mona Liza
portreti və "Gizli Şam yeməyi" əsəridir. Yalnız və
yalnız Mikelancelonun yaratdığı Adəmin
Yaradılışı əsəri bu iki əsərə
bərabər tutulur. Leonardonun
yaratdığı "Vitruvian İnsan" əsəri
də bu kateqoriyalı rəsm əsərlərinə
daxil edilir.
Təəssüflər olsun ki, müasir
günümüzə bu dahi rəssamın cəmi 15 rəsm
əsəri gəlib çatıb. Fəqət bu
azsaylı rəsm əsərləri da Vinçinin elmi
diaqramlar, cizgilər və rəssamlığın nəzəri
əsaslarına aid fikirlərin əks olunduğu şəxsi
əlyazmaları sonrakı nəsillər
üçün misilsiz elmi mənbə rolunu
oynayıb.
Leonardo da Vinçi bir mühəndis kimi də o
dövr insanlarının qavraya bilməyəcəyi,
yalnız bir neçə əsr sonra bəşəriyyətin
tam yiyələnəcəyi olduqca mürəkkəb
ixtiralar edib.
Onun vertolyot, tank, konsentrə edilən günəş
enerjisi, kalkulyator, ikikorpuslu gəmi və s. mürəkkəb
texnologiyaları hələ XVI əsrdə
konsepyalaşdırması və plitələrin
tektonikası haqqında irəli sürdüyü
ibtidai fikirlər onun sonsuz duhasından xəbər
verir. Adlarını
sadaladığımız konsepsiyaların əksəriyyəti
onun sağlığında nəinki həyata
keçirilməyib, hətta müasirləri tərəfindən
qavranılmayıb.
Leonardo da Vinçi anatomiya, mühəndislik,
optika və hidrodinamika elmlərini də mükəmməl
səviyyədə bilib və bu elmlərin
inkişafına böyük töhfələr verib.
Bir
neçə il bundan əvvəl
dünyanın bir çox ölkələrinin vətəndaşlarının
qatıldığı geniş rəy sorğusunda belə
qənaətə gəlinib ki, ikinci minilliyin ən
böyük şəxsiyyəti italiyalı Leonardo da
Vinçi olub. Təsadüfi deyil. Əsasən rəssam olan və "Mona Liza"
əsərinin müəllifi kimi tanınan Leonardo da
Vinçi zamanı qabaqlayan unikal bir zəka sahibi
olaraq bu gün də milyonları heyrətə gətirir.
Leonardo da Vinçinin bir insan kimi qəribəlikləri
də çox olub. Bu qəribəliklərdən biri belə qələmə
alınıb: "O, bazarları gəzir, qazancının
az olmasına baxmayaraq, quş satılan yerlərdə
quşları qəfəsdən çıxarır,
pulunu ödəyib azad edərdi".
Tezliklə istedadlı bir rəssam kimi tanınan
Leonardo 1482-1499-cu illərdə Milanda Hersoq Lüdovik
Sfortsanın yanında hərbi mühəndis,
arxitektor, heykəltaraş və rəssam olaraq işləyib. Sfortsa İtaliyada tiran kimi tanınırdı. Onu
heç kəs sevmirdi, amma qorxudan onunla
hesablaşırdılar. Buradakı iş
Leonardonu da təmin etməyibsə də, o, Sfortsanın sifarişi ilə "Gizli
şam yeməyi" əsəri üzərində
işləməyə başlayıb. Rəsmdə
İsa peyğəmbərlə həvarilərin son
söhbəti təsvir olunur. Peyğəmbər
orada bildirir ki, həvarilərin biri satqındır.
Təbii ki, bu sözlər ayrı-ayrı
sifətlərdə fərqli emosiyalar oyadır. Da Vinçi burada öz unikal
bacarığını göstərib. Rəsmdə satqın Luda da yer alır. Bunu
görən Hersoq Sfortsa: "Sən tamamilə
düzgün seçim etmisən" - deyib.
Leonardo da Vinçi sənətdə sfumato
(italyanca-tüstü kimi yox olan) prinsipinin
yaradıcısıdır. Bu üsulla çəkilən
şəkillərdə rənglər sanki bir-birində
həll olunur, dəqiq sərhəd yaranmır. Həyatda olduğu kimi hər şey
yayılır, biri digərinə nüfuz edir. Da Vinçi şəkil çəkəndə qəsdən
işlədiyi otağı tüstü ilə
doldurardı ki, tüstü burunlarında, topalarda
obrazlar tapsın. Məhz sfumato
prinsipi nəticəsində Cokondanın parlaq təbəssümü
öz təcəssümünü tapır. O elə
çəkilib ki, şəklə baxanda fokus nöqtəsindən
asılı olaraq Mona Liza bəzən nəvaziş və
şəfqətlə gülür, bəzənsə qəzəblə
dişlərini qıcayır. Əsərin
üçüncü möcüzəsi odur ki, Mona Liza
sanki diridir.
Leonardo
da Vinçinin bioqrafiya yazarı yazır ki, bu əsər
konkret sifarişlə çəkilib: "Leonardo
fırçaya sarılıb Françesko del Cokonde
üçün onun arvadı Mona Lizanın portretini
çəkməyə başlayıb, bu əsərin
üzərində dörd il işləyib. Bu
portret hazırda Fransa kralının
kolleksiyasındadır".
Nədənsə, Leonardo da Vinçinin
bütün rəsmlərində qadınlar sirli bir tərzdə
gülümsəyirlər. Bu təbəssüm və
yarımtəbəssümləri kişi
rəsmlərində də görmək olar. "İsa peyğəmbərin xaç suyuna
çəkilməsi" rəsmində Yəhya peyğəmbər
xaçı - gələcək çarmıxın
simvolunu göstərərək gülür. Madonna Liza qıvrımsaçlı, gələcəyin
peyğəmbəri olacaq körpənin üzərinə
əyilib gülümsəyir. Mona Liza
gülür. Onun gülüşü
haqqında cildlərlə kitablar yazılıb.
Araşdırmaçılar bir məsələdə həmrəydir:
bunlar adi gülüş deyil, böyük sirləri bilənlərin
gülüşüdür.
Çox da uzaq olmayan keçmişdə
İstanbulda Topqapı sarayında bir vərəq
tapılıb. Burada Leonardo da Vinçinin türk
sultanı II Bəyazidə məktubu və onun tərcüməsi
var. Məktubun 1502 və ya 1503-cü ildə
yazıldığı güman edilir. Burada
Leonardo sultana bir neçə ixtirasını təqdim
edir. Bunların sırasında
böyük bir körpü layihəsi də var. O vaxt
florensiyalılarla türklər arasında gözəl
münasibətlər vardı. Da Vinçi sultana
yazır: "Eşitmişəm İstanbulla
Qalatanı birləşdirən körpü tikdirmək
istəyirsiniz, amma bacarıqlı usta tapa
bilmirsiniz..." Leonardo Da Vinçi altından yelkənli
gəmilərin rahatlıqla keçəcəyi
böyük bir körpünün ölçülərini
qeyd kitabçasında belə verib: eni 40 dirsək,
sudan hündürlüyü 70 dirsək, uzunluğu 600
dirsək - bunun 400-ü su üzərində, 200-ü
quruda olmalıdır. Bu yazıda
körpünün cızmaqarası da var. O vaxt bir
Florensiya dirsəyi 0,586 metr olub. Beləliklə,
körpünün ölçüləri belə
olmalı idi: eni 23,75 metr, sudan
hündürlüyü 40,852 metr, uzunluğu 350 metr. Bu layihə o vaxt həyata keçməyib.
Amma 500 il sonra - cəmi bir neçə
il bundan əvvəl Norveçdə bu layihə ilə
möhtəşəm bir körpü tikilib. Körpünün təşəbbüskarı
olan Vebyurn Sand yazır ki, gözəlliyinə görə
Da Vinçinin layihəsi çox cazibədardır.
Onun yanında XX əsrin yetmişinci illərinin
layihələri köhnə dəbli görünür.
Leonardo da Vinçinin maraq dairəsi universal olub. Buraya rəssamlıq,
heykəltəraşlıq, arxitektura, pirotexnika, hərbi
və mülki mühəndislik, riyazi və təbii
elmlər, tibb və musiqi daxil idi. Quşların
necə uçmasını araşdıran Leonardo da
Vinçi hətta uçmaq qərarına gəlmişdi.
Bunun üçün o, qanadlar da düzəltmişdi.
Uçuş Qu dağı adlanan yerdə
baş tutmalı idi. Yəqin ki, Qərb
Renessansının dahisi ondan hardasa beş
yüz il əvvəl - düz 1000-ci ildə Nişapurda məscidin
günbəzinə çıxıb düzəltdiyi
cihazla quş kimi uçmağa cəhd edən və
yıxılıb ölən dilşünas və
ixtiraçı əl-Cövhəri haqqında
eşidibmiş... Yeri gəlmişkən, XV
əsrdə anonim fransız rəssamının çəkdiyi
bir rəsmdə İsa peyğəmbərin çağa
vaxtı fırtına ilə oynaması təsvir olunur.
Üç yarusda yerləşən lülələrdən
biri atanda o biri soyumalı, üçüncü cərgə
isə doldurulmalı idi. Bu, avtomatik
silahların və raket qurğularının sələfi
idi. Bundan başqa o, vertolyotun,
sualtı qayığın, skafandrın, deltaplanın,
hətta velosipedin belə çertyojunu çəkmişdi.
Deyilənə görə, rəssamın müsəlman
anasının vətəni Cənubi Qafqaz
dağları və Xəzər dənizi arasında
yerləşən Azərbaycandır. Bu barədə
Kanadanın "National Library and Archives"də Azərbaycan
və Türkiyə səfirliklərinin birgə təşkil
etdiyi mühazirə zamanı məlumat verilib. Hazırda tədqiqatçılar onun
anasına aid sənədləri axtarır,
çünki məhz bunun sayəsində qadının
həqiqətən Şərqi Avropa və Qərbi
Asiyanı birləşdirən Azərbaycandan
olduğu sübut ediləcək. Yəni
Leonardo da Vinçinin tədqiqatları hələ də
davam etdirilir.
Leonardo da Vinçi ömrünün qürub
çağını Fransada keçirib. 1516-cı ildə
böyük rəssam kral 1-ci Fransisk tərəfindən
dəvət olunub. Ona kralın baş rəssamı,
arxitektoru və mexaniki vəzifəsi təklif edilib.
Şahidlərin dediklərinə əsasən
o, sarayda müşavir və məsləhətçi
kimi fəaliyyət göstərib, ixtiralarını
yenə davam etdirib.
Rəvayətə görə, sarayda olanda Leonardo
yayla hərəkət edən mexaniki bir şir düzəldibmiş. Bir dəfə
msiteriya zamanı şir krala doğru hərəkət
edir - sanki üstünə cumacaq. Fransisk əsa ilə
şiri vuranda altına zanbaq tökülür... Vazari yazır ki, da Vinçi xəstə olanda
bir dəfə bayılır və Fransisk onu
qaldırıb başını dizinin üstünə
qoyur. Elə həmin anda da böyük
rəssam canını tapşırır. Bu, 2 may
1519-cu ildə baş verib.
Allah rəhmət eləsin.
Fazil
QARAOĞLU
Bakı xəbər.- 2017.- 26 iyul.- S.13.