Tarixdə iz buraxanlar:
Üzeyir Hacıbəyov
Tarixi şəxsiyyət Üzeyir
Hacıbəyov 18 sentyabr 1885-ci ildə anadan olub. Atası Əbdülhüseyn bəy, anası
Şirinbəyim xanımdır. Üzeyir bəyin
atası Əbdülhüseyn öz dövrünün
savadlı, ziyalı şəxslərindən biri olub.
O, XIX əsrin tanınan dövlət xadimi
və şairi, Qarabağ xanlarının varisi
Xurşudbanu Natəvanın mirzəsi olub və onun
Ağcabədidəki təsərrüfatına
başçılıq edib. Üzeyirin anası
Şirinbəyim xanım Qarabağda məşhur
Əliverdibəyovlar nəslindən olub.
Üzeyir Hacıbəyov ilk təhsilini
Şuşada ikisinifli rus-türk məktəbində
alıb. Şuşanın zəngin
musiqi-ifaçılıq ənənələri
Üzeyirin musiqi tərbiyəsinə müstəsna
təsir edib. Onun ilk müəllimi Azərbaycan
musiqisinin bilicisi, dayısı Ağalar bəy
Əliverdibəyov olub.
Üzeyir Hacıbəyov 1899-1904-cü illərdə
Qori Müəllimlər Seminariyasında təhsil
alıb. Onun
dünyagörüşünün
formalaşmasında bu seminariya böyük rol
oynayıb. Üzeyir bəy seminariya illərində
qabaqcıl dünya mədəniyyəti ilə
yaxından tanış olub, burada
Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib,
skripka və baritonda çalmağı öyrənib,
xalq mahnı nümunələrini nota
köçürüb. Qori
Seminariyasında Üzeyir Hacıbəyov gələcəkdə
Azərbaycan opera musiqisində öz sözünü
deyəcək Müslüm Maqomayevlə tanış
olub. Seminariya illərindən
başlayan bu dostluq sonralar həm də qohumluğa
çevrilib. Üzeyir Hacıbəyov və
Müslüm Maqomayev Terequlovlar ailəsi ilə
qohumluq əlaqəsi yaradıblar. Belə ki,
Üzeyir Hacıbəyov Məleykə xanımla,
Müslüm Maqomayev isə Badigülcamal xanım
Terequlova ilə evlənib.
Seminariyanı bitirdikdən
sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının
Hadrut kəndinə müəllim təyin edilib, bu məktəbdə
rus dili, hesab, tarix və musiqidən dərs
deyib. 1905-ci ldə Bakıya gəlib və burada ədəbi-publisistik
fəaliyyətə başlayaraq "Həyat" qəzetində
tərcüməçi işləyib. 1907-ci ildə rus
yazıçısı Nikolay Qoqolun "Şinel"
povestini Azərbaycan dilinə tərcümə edib.
Üzeyir Hacıbəyov
1911-ci ildə musiqi təhsili almaq üçün
Moskvaya gedib və filarmonik cəmiyyətin nəzdində
İlyinskinin xüsusi musiqi kursunda təhsil
almağa başlayıb, fəqət maddi ehtiyac
üzündən musiqi təhsilini yarımçıq
qoyaraq Bakıya qayıtmağa məcbur olub. Burada
yaradıcılıq fəaliyyətini davam etdirərək,
yazdığı operaları səhnəyə qoymaqla
məşğul olub.
Üzeyir Hacıbəyov
1910-cu ildə Məleykə xanımla ailə həyatı
qurub. İxtisasca rus dili müəlliməsi olan Məleykə
xanım həyat yoldaşının sənətinə
yaxın olmaq üçün konservatoriyanın
musiqi nəzəriyyəsi şöbəsinə daxil
olub. Adətən gecələr işləyən
Üzeyir bəyi Məleykə xanım heç vaxt tək
qoymayıb. Bu insanlar
38 il qoşa ömür sürüblər.
Sovet hakimiyyətinin ilk illərində Üzeyir
Hacıbəyovun adı xalq düşmənləri
sırasında səslənməyə başlayıb. 1920-ci ildə
bəstəkarı güllələmək istəyiblər.
Fəqət bu təhlükə bir təsadüf
nəticəsində sovuşub. Üzeyir
bəyin qaynı əqidəcə qatı bir kommunist
idi. Bir gün o, təsadüfən təhlükəsizlik
idarəsi şöbə müdirinin masasının
üstündə haqqında güllələnmə
hökmü çıxarılan 59 nəfərin
siyahısında Üzeyir Hacıbəyovun da
adını görür və tez Nəriman Nərimanovun
yanına gedərək vəziyyəti ona
danışır. Nəriman Nərimanov
müvafiq orqanlardan həmin siyahını tələb
edir. Siyahını ona gətirdikdə
tələm-tələsik qərar çıxaranı
günahlandırır və siyahını cırıb
atır.
Üzeyir Hacıbəyov Azərbaycan musiqisində
köklü dönüş yaradan dahi bir bəstəkardır. O, XIX-cu əsrin əvvəllərinədək
şifahi xalq musiqi sənəti şəklində
mövcud olan Azərbaycan milli musiqisini zənginləşdirib
və ümumiyyətlə Şərq musiqisinin
inkişaf perspektivlərini müəyyənləşdirib.
Yəni müasir Azərbaycan elmi
müsiqişünaslığının əsasını
qoyub. Sovet dövründə
bütün isti-soyuqlara dözərək, milli
musiqimizin şəriksiz lideri olaraq qalıb, ilk bəstəkarlar
və ifaçılar nəslini formalaşdırıb.
Zaman Üzeyir bəyi əridə, uda bilməyib,
onun dayanmadan böyüyən, şöhrətlənən
şəxsiyyətinə ehtiram göstərməli
olub. Onun "Koroğlu" operası və "Azərbaycan
xalq musiqisinin əsasları" adlı əsərləri
Üzeyir Hacıbəyovun kimliyini bir daha təsdiqləyib.
Onun dalbadal SSRİ Ali Sovetinə deputat seçilməsi,
ali mükafatlara və titullara - Azərbaycan SSR xalq
artisti, SSRİ xalq artisti adlarına, Stalin
mükafatına, Lenin və "Qırmızı Əmək
Bayrağı" ordenlərinə layiq görülməsi,
Azərbaycan Elmlər Akademiyasına seçilən
ilk akademiklərdən biri olması, Konservatoriyaya
rektor, Akademiyanın İncəsənət
İnstitutuna direktor təyin olunması, Bəstəkarlar
İttifaqının sədri seçilməsi və s.
xalqa təmənnasız xidmətdən doğan ədalətin
təntənəsi olub. Dövrün korifey
musiqiçiləri D.Şostakoviç, S.Prokofyev, D.Kabalevski,
İ.Muradeli ona Şərqin ən böyük bəstəkarı
kimi baxıb, hədsiz rəğbət və hörmət
göstəriblər.
Üzeyir
bəy 1905-ci ildə "Həyat" qəzetində
yazırdı: "Avropalılar bu dünyaya ana bətnindən
mədəniyyətli düşməyiblər... Biz türklər də əl-ələ verib,
cümləmiz mədəniyyət və mərifət
sarayına daxil olmalıyıq. Bu dünyada bəzi
fasid və məfsud şəxslər belə bir fürsəti
həngamda bizlərə xələl yetirir..." Tarixin bu "ölüm-qalım" məsələsini
aydın dərk edən Üzeyir bəy sonrakı 43 illik
həyatını xalqımızın tarixin mədəniyyət
və mərifət sarayına layiqincə daxil
olmasına sərf edib.
Bu dahi
insanın şəxsiyyəti ali
keyfiyyətlərlə - dərin hissiyyat, güclü zəka,
tükənməz enerji və bol şəfqətlə
tamamlanmışdı. Üzeyir sənəti
ayrı-ayrı bədii iradə sahələrini əhatə
edərək estetik bütövlük təşkil edir.
Üzeyir bəyin dünya səviyyəsində
tanınan bəstəkarlığını onun
filosofluğu, ədibliyi, müəllimliyi,
rejissorluğu, təşkilatçılığı,
ictimai xadimliyi bəzəyir. O, sözünü,
məramını birbaşa və dolayısıyla,
ciddi və yumorla, yumşaq və kəskinliklə rahat
və bitkin ifadə etməyi bacarırdı.
Azərbaycan
ictimai-mədəni mühitinin tələbatını
dərindən duyub-anlayan Üzeyir bəy "Həyat"
qəzetində tanış olduğu, "Kaspi"
redaksiyasında isə əməkdaşlıq etdiyi
"Milli ziyalıların atası" Həsən bəy
Zərdabini arzu və istəklərinin misilsiz
daşıyıcısı kimi kəşf etmişdi. Qısa müddətdə Üzeyir bəy
böyük ustaddan məfkurə dərsi almış,
bir sıra sahələrdə estafeti ondan qəbul edib
irəli aparmışdı. Şuşanın təbii
konservatoriyasında çalıb-oxumağı
öyrənmiş, Qori Seminariyasında həm də
musiqi təhsili almış Üzeyir Hacıbəyov
onun bu qabiliyyətini görüb-qiymətləndirən
böyük Həsən bəyin istəyini göyərdərək
1906-1907-ci illərdə Şərqin ilk operası "Leyli
və Məcnun"u ərsəyə gətirib, 1908-ci il
yanvarın 25-də H.Z.Tağıyevin milli teatrında
bu muğam operası uğurla oynanılıb.
Müəllimliyi
publisistika ilə, qəzetçiliyi ictimai fəaliyyətlə,
mədəni təşkilatçılığı bəstəkarlıqla
qovuşduran Üzeyir bəy bir neçə ildə
misilsiz bir istedadla dalbadal "Şeyx Sənan",
"Rüstəm və Söhrab", "Şah Abbas və
Xurşudbanu", "Əsli və Kərəm",
"Arşın mal alan" musiqili əsərlərini
və komediyalarını yaradıb. O, musiqi fəaliyyətini
əvvəlcə "Necat" cəmiyyətinin teatr
truppası ilə həyata keçirib, 1914-cü ildə
isə teatr cəbhəsində ona qoşulan
qardaşları ilə birlikdə davam etdirib.
Üzeyir bəy 1918-ci ilin mart soyqırımı
günlərində erməni terrorundan yaxa qurtararaq
truppa ilə birlikdə bir neçə aylığa
İrana səfər edib, burada tamaşalar
hazırlayıb. Təəssüf ki, Sovet
dövründə bu məcburi mühacirət
"qastrol" kimi qələmə verilib. Azərbaycan
Cumhuriyyətinin elan olunmasını həyat və
mübarizə məramının gerçəkləşməsi
kimi qarşılayan Üzeyir bəy 1918-ci il
sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını
erməni-daşnak, rus-bolşevik,
ağqvardiyaçı və ingilis
işğalından azad etdikdən sonra Vətənə
dönüb, "Azərbaycan" qəzetindəki
publisist-redaktorluq və mədəni quruculuqdakı fəaliyyəti
ilə milli dövlət quruculuğuna
bacardığı qədər kömək göstərib.
Bu dövrdə Üzeyir Hacıbəyov
Cumhuriyyət himnini və bir sıra
marşlarını yazıb.
Üzeyir Hacıbəyov 1920-ci ilin aprel ayında
hakimiyyətin bolşeviklərə verilməsinin qəti
əleyhdarı olub, ömrü boyu bunun
acısını çəkib. O, bir neçə dəfə
repressiyadan xilas olub, ayrı-ayrı illərdə təqib
və qınaqlara məruz qalıb. Bu
dövrdə Siyasi İdarəyə rəhbərlik edən
Mircəfər Bağırov da Üzeyir bəyi
bacardığı qədər qoruyub. Yaranmış vəziyyətə baxmayaraq,
1920-1930-cu illərdə Üzeyir bəyin əsərləri
səhnədən düşməyib. O, imkan
verildiyindən artıq dərəcədə milli-mədəni
quruculuqda iştirak edib. Milli Konservatoriyanın, bir
sıra mədəni təsisatların və musiqi
kollektivlərinin formalaşdırılması,
xalqın musiqi irsinin toplanması və öyrənilməsi,
milli musiqi nəzəriyyəsinin və bəstəkarlıq
məktəbinin yaradılması kimi tarixi işlər
də o dövrdə Üzeyir bəyin rəhbərliyi və
fəal iştirakı ilə həyata keçirilib.
Üzeyir bəyin bu ictimai-mədəni fəaliyyəti,
nadir istedadının parlaq əsərləri ona
qarşı yönələn fitnə və qəsdlərin
fövqündə dururdu. Yeni yaradılan
sovet mədəniyyətinin o illərdə Üzeyir bəysiz
keçinməsi sadəcə olaraq mümkün
deyildi. Beləcə, XX əsrin 20-30-cu
illəri Üzeyir Hacıbəyovu təkcə Azərbaycanda
deyil, SSRİ-də və dünyada Qərb musiqi
janrlarında müxtəlif əsərlər
yazması, xüsusən 1932-1937-ci illərdə
"Koroğlu" operasını yaratması
Üzeyir bəyi daha da məşhurlaşdırdı.
Dahiyanəliklə yazılan bu əsər
müəyyən mənada Üzeyir bəyi 1937-ci ilin
repressiyasından da xilas etdi. Ayrı-ayrı
tədqiqatçıların məlumatlarından məlum
olur ki, Üzeyir bəyin Sovet dövründə sağ
qalması və yazıb-yaratması həm də
kommunist diktator İ.Stalinin onu 1905-1907-ci illərdə
Bakıdan şəxsən tanıması və sonralar
unutmaması ilə bağlıdır. Görünür, M.Bağırov da Stalinin
göstərişilə Üzeyir bəyin
yaradıcılıq imkanlarını hörmət və
ehtiramla artırıb, mövcud cəmiyyətdə
nüfüzunu təmin edib.
Çağdaş
Azərbaycan musiqisinin banisi, korifey bəstəkar,
qüdrətli söz adamı, istiqlalçı
publisist, bunlardan əlavə misilsiz mədəniyyət
qurucusu, parçalanmış Vətənini,
bölünmüş xalqını ümummədəni
məcrada birləşdirən nadir ictimai xadim, milli mədəniyyətimizi
dünyaca yüksəkliyə qaldıran nəhəng
şəxsiyyət... Bunlar Üzeyir
Hacıbəyovun ilk xatırlamada yada düşən
keyfiyyətləri və xidmətləridir. Bu qədər çoxtərəfli, tarixi mənbələrə
və gələcək hədəflərə
bağlı, milli-məfkurəvi, ictimai-mədəni vəzifə
daşımış bu insan bir ailənin və nəslin
qismətinə deyil, bütün xalqının taleyinə
doğulmuşdu.
1948-ci
ildə milli varlığın xalis materialından
yoğrulmuş, zəkasını və ruhunu millət
xəmirinə qatmış, nadir dahilərin
sırasında ölməz şəxsiyyətini
qoymuş Üzeyir Hacıbəyov əbədiyyətə
qovuşanda Məhəmmədəmin Rəsulzadə
xaricdə çıxan "Azərbaycan" qəzetində
belə yazmışdı: "Başda bir həvəs
olaraq işə başlayan Üzeyir sonra
öz-özünü yetişdirmiş, musiqi təhsilini
tamamlamış, nəticədə sözün
Avropayı mənasıyla avtoritetini hər kəsə
tanıtmış bir kompozitor olmuşdur. Fəqət
beyhuda, dəmir pərdənin arxasında özünə
süni marşlar yazdırılsa da, Moskvada çiyni
diktatorun əli ilə oxşadılsa da, tabutu
başında Azərbaycan mənəviyyatı ilə əlaqələri
olmayan komissarlar növbədə dursalar da, Üzeyiri
Azərbaycan mədəniyyətindən və Azəri-Türk
tarixindən kimsə ayıra bilməz! O, milli Azərbaycan
varlığının dayanaqları arasında
qalacaq ayrılmaz bir dəyərdir!"
Peşəkar musiqimizin banisinin yubileyləri
respublika və SSRİ miqyasında, 100 illiyi isə
YUNESKO tərəfindən təntənə ilə qeyd
olunub.
Üzeyir bəyin dəfn mərasimi də şəxsiyyətinin
nəhəngliyinə və sənətinin əzəmətinə
layiq olub. Bu dəfn mərasimi Azərbaycan tarixinə ən
ağrılı matəmlərdən, ən
izdihamlı vidalaşmalardan biri kimi düşüb.
Üzeyir Hacıbəyov 1948-ci ildə ağır xəstəlikdən
sonra noyabrın 23-də görkəmli
ziyalıların əhatəsində 63 yaşında
dünyaya gözlərini əbədi yumub.
Milli musiqimizin atasının cismani yoxluğu
onun möhtəşəm sənətini soldura,
yaratdığı məktəbi yox edə bilmədi. Üzeyir bəy
Azərbaycan xalqının ölməz ruhundan
doğularaq onun milli varlığına
qarışıb. Bu, həqiqi mövcudluq, ruhi
ölməzlikdir!
Allah rəhmət eləsin.
Fazil
QARAOĞLU
professor acaq.
Bakı
xəbər.- 2017.- 21 iyul.- S.13.