Qarabağın
tarixinə qısa bir baxış...
Qarabağ kiçik Qafqaz sahəsinin iki
böyük bölgəsindən biridir. Coğrafi
gözəlliyi ilə diqqət çəkən bu
bölgənin məşhur mineral su mənbələri
var. Bu gün ermənilərin işğalı
altında olan Qarabağ fiziki coğrafiyası
baxımından dağlıq və ovalıqlardan əmələ
gələn bir bölgədir. Bu
bölgənin təbii sərhədlərini Kür və
Araz çayları ilə Göyçə gölü təşkil
edir.
Dahi şairimiz Nizami Gəncəvinin Qarabağ
haqqında yazdığı beytlər Azərbaycanın
bu gözəl və qədim diyarının nə qədər
füsunkar olduğunu açıq-aydın göstərib. Bədr
Şirvani Qarabağ çiçəklərindən,
Muğan səhrasının gülzara çevrilməsindən,
Qarabağı əhatə edən Araz və Kür
çaylarından söhbət açıb. Azərbaycan tarixşünası İsgəndərbəy
Münşi Qarabağın gözəl ab-havası,
çoxlu yaşıllıq və çiçəkləri,
bar-bərəkətinin şöhrəti barədə
danışıb. Hacı Zeynəlabdin
Şirvani isə Qarabağın behiştə bənzər
bir vilayət olduğunu, buralarda hər şeyin bol
olduğunu bildirib.
Qarabağ yaylağı Kəlbəcərlə
Laçın ərazisinə daxildir. Bu bölgənin ən
önəmli mərkəzləri Şuşa
və Xankəndidir. Qarabağın zəngin
bitki örtüyü, saf havası, su mənbələri
diqqətçəkicidir. Buraların
təxminən 1/3 meşəlikdir. Yeraltı
mənbələri baxımından da bu bölgə
olduqca zəngindir. Kəlbəcər
bölgəsində qızıl mədənləri belə
var. Qarabağ bölgəsinin 210.000 hektar sahəsi əkinə
əlverişlidir. Bu bölgənin
sadəcə 23.000 hektarının suvarılmağa
ehtiyacı var, qalan sahələr isə yeraltı sular
və yağışlarla təmin olunur.
Qarabağın digər bir xüsusiyyəti də
Azərbaycanın ən önəmli turistik bölgəsi
olmasıdır. İşğaldan əvvəl bu
bölgə Azərbaycanın inkişaf etmiş
bölgələrindən biri idi. Təəssüflər
olsun ki, bütün bunlar təbii gözəlliklərə
belə düşmənçilik edən erməni
daşnakların tapdağı altındadır,
Göyçə mahalı, Zəngəzurda olduğu
kimi.
Tarix baxımından Qarabağ bölgəsi
insanlığın ən keçmiş mərkəzlərindən
biridir. Bu
bölgə dünyanın ən qədim beş
insan mərkəzindən biri sayılır. Füzuli
rayonuna yaxın olan mağaralarda aparılan
qazıntılar nəticəsində əldə olunan
qalıntılar arxeoloqlar tərəfindən incələndikdə
bu bölgənin 1,5-2 milyon il əvvəl
insanların məskunlaşdığı bir sahə
olduğu müəyyən edilib. 1969-cu ildə
bu bölgədə aparılan arxeoloji
qazıntılarda dünyada beşinci olaraq ən qədim
insana aid sümük qalığı aşkar edilib.
Təxminən 20 yaşında bir qadına
aid olduğu təsbit edilən bir çənə
sümüyünə əsaslanılaraq bu bölgənin
ən qədim yaşayış sahələrindən
biri olduğu qəbul edilib.
Bilindiyi kimi, Qafqaz tarixin ən keçmiş
çağlarından etibarən Şərq və Qərb
arasında bir körpü rolunu oynayıb, müxtəlif
millətlərin mübarizələrinə səhnə
olub. Miladdan əvvəl VII əsrdən etibarən
Azərbaycanın sakinləri Orta Asiyadan gələn
Saka türkləri olub. Sonralar
buralara müxtəlif türk boyları gəlib yerləşib.
Bəzi türk boyları isə Dərbənd
keçidini aşaraq buralardan Anadoluya üz tutub.
Bax bu keçidlər sırasında
Qarabağın türklərin ən geniş və ən
keçmiş qışlağı olduğu, Dədə
Qorqud qəhrəmanlarının Azərbaycan və
Şərqi Anadolunu yurd etdikləri məlumdur.
XI əsrə qədər müxtəlif Oğuz
boylarının yerləşdiyi Azərbaycan 1015-1021-ci
illər arasında Səlcuqlu Türk dövlətinin
qurucularından Çağrı bəyin Şərqi
Anadoluya etdiyi səfər sonrası türk toplumunu
yaşadan bir bölgə halına gəlib. Malazgird zəfərindən
sonra Qafqaza doğru çoxalan Səlcuqlu türk
axınları zamanı bu bölgədə (Gəncə,
İrəvan, Naxçıvan, Təbriz və s.) müsəlman
əmirlikləri hökmran idi. O zamanlar Azərbaycan
və onun ətrafı İraq səlcuqlularının
hakimiyyəti altında olub. Səlcuqlu
sultanı Məsud zamanında Qıpçaq türklərindən
Şəmsəddin Eldəniz Azərbaycanın ümumi
valisi olub. Eldəniz Arran və
Şirvan bölgələrini səlcuqlulara
bağlayıb. 1146-cı ildə
müstəqilliyini elan edən Eldəniz Atabəyliyin
mərkəzi olan Təbrizi və Naxçıvanı
bu torpaqlara birləşdirib. Ondan
sonra taxta oturan bəylər də bu bölgələrdə
sabitliyi təmin ediblər. Bu Atabəylik
1211-ci ildə Xarəzmşahlara bağlanıb və Cəlaləddin
Xarəzmşahın Təbrizi işğal etməsilə
bitib.
Daha sonra monqollar bu bölgədə hakimiyyətlərini
qurublar. Monqolların istilası dövründən
Arranın cənub hissəsi Qarabağ
adlandırılıb. Hacı Zeynəlabdin
Şirvani yazır ki, Arran türk dilində isti yer deməkdir.
Məhz isti iqlimə malik olduğuna
görə türklər oranı Arran adlandırıb.
Kürlə Araz çayı arasında məşhur
olan bu vilayəti Həmdullah Qəzvini də Arran
adlandırıb.
Qarabağ sözünə Hülakunun oğlu
Əhməd Takudarın hakimiyyəti dövründə
(1282-1284) rast gəlinir. Qarabağın
dağlıq hissəsi ilə düzənlik hissəsi
tarixən bir olub. Bu mövzuda
aparılan tədqiqatlarda 1923-cü ilə qədər
Dağlıq Qarabağ termininə rast gəlinmir.
1259-cu ildə Böyük Monqol xanı
Manqunun ölümündən sonra Monqol
imperatorluğu parçalanıb və bu
parçalanmadan bir çox dövlətlər ortaya
çıxıb. Bu dövlətlərdən
biri olan İlhanlılar (1256-1336) olub ki, İran və
Qafqaza hakim olub, Təbrizi özlərinə paytaxt
seçib, Qarabağı isə istirahət mərkəzi
edib. İlhanlılar Təbrizdə,
Marağada, Qarabağda, Aladağda, Arranda qalalar,
saraylar, karvansaralar tikərək Azərbaycanın
inkişafında böyük rol oynayıblar. Qarabağ gözəl iqlimi, otlaq və ov
üçün əlverişli şəraiti
baxımından dövrün hökmdarlarının diqqətini
özünə cəlb edib. Təsadüfi deyil ki,
Qazan xanı hakimiyyətə gətirmək
üçün bütün şahzadələr, əmirlər,
dövlətin yüksək rütbəli şəxsiyyətləri
Qarabağa toplanaraq onu 1295-ci il noyabr
ayının 3-də şahlıq taxtına oturdublar.
1386-cı ildə Qarabağ bölgəsi Teymurləng
tərəfindən fəth edilib. Teymurləng
Qarsı da zəbt edib, Tiflisi mühasirə altına
aldıqdan sonra qışlamaq üçün
Qarabağa çəkilib. Çingiz
xanın soyundan gələn bu türk əmiri 1386-1388-ci
illərdə Qafqazı və İran bölgəsini
işğal altında tutub. Azərbaycanı
ələ keçirmək istəyən Qıpçaq
xanı Toxtamışın Dərbəndi zəbt edib Azərbaycana
daxil olmasına qarşı çıxan Teymurləng
onunla savaşıb və onu məğlub edib. Bu andan etibarən Azərbaycanın tək
hakimi olan Teymurləng Göyçə
gölünün sahilində bir ordu quraraq Anadolunun fəthinə
başlayıb. Hindistan və Çini
fəth edərək böyük bir imperatorluq qurmaq istəyən
Teymurləng 1405-ci ildə vəfat edib.
Teymurlulardan sonra Qarabağda Qaraqoyunlular, daha
sonra Ağqoyunlular hakimiyyəti qurulub. Qaraqoyunlu
hakimiyyəti özünü İranın şimal,
İraq və "Anadolu Ermənistanında"
göstərib. Azərbaycan tarixində
önəmli rolları olan Ərdəbil şeyxləri
bu zaman kəsiyində ortaya çıxıblar. Qaraqoyunlu hökmdarı Cahan şahın
Ərdəbil şeyxi Cüneytin üzərinə
hücum etməsilə şeyx Ağqoyunlu
hökmdarı Uzun Həsənə sığınıb.
Qaraqoyunlulardan sonra bölgəyə
Ağqoyunlular hakim olub (1458-1502). Bu
vaxtlar Qarabağ Ağqoyunlu hökmdarlarına
qışlaq yeri olub. Qaraqoyunlu və
Ağqoyunlu dövlətləri zamanında bu bölgədə
türk dili və ədəbiyyatı inkişaf edib.
Şeyx Sofinin soyundan gələn Şah
İsmayılın Səfəvi dövlətini
qurması 1502-ci ildə Naxçıvanda Ağqoyunlu
ordusunu məğlub etməsi ilə başlayıb. Bu dövrdə
Qarabağ və ətrafında Səfəvi hakimiyyəti
olub. Bundan sonrakı əsrdə isə
bölgə Şah Abbas zamanında nəzarət
altına alınıb və idarə olunması
baxımından üç bəylərbəyliyinə
ayrılıb. Qarabağa Qacar
türklərindən Şahverdi sultan bəylərbəyi
təyin edilib. Sonrakı zamanlarda da
buraların hakimiyyəti Qacar türklərinin əlində
olub.
Səfəvi dövlətinin qurulması bu
dövlətin Osmanlı dövləti ilə
qarşı-qarşıya gəlməsinə səbəb
olub.
Osmanlı dövləti ilə İran arasında baş
verən mübarizə özünü ən çox Azərbaycan
coğrafiyasında hiss etdirib. Qanuni Sultan Süleyman
Naxçıvanı, İrəvanı və
Qarabağı öz idarəsi altına alıb. 1555-ci ildə isə Osmanlı dövləti Səfəvilərlə
sülh müqaviləsi bağlayıb.
Bu tarixdən etibarən Osmanlı dövlətinin
əsas siyasətlərindən biri Qafqaz siyasəti
olub. Xüsusilə XVI əsrin ikinci
yarısında Qafqazdakı ən önəmli siyasi və
hərbi qüvvənin Osmanlı dövləti
olduğu görünür. III Murad
dövründə Osmanlı qüvvələri
Qarabağı öz hakimiyyəti altına alaraq
Şirvanı və Bakını da fəth edib. Bu hakimiyyət 1590-cı ildə imzalanan
İstanbul müqaviləsini İrana da qəbul
etdirib.
Ancaq çox keçmədən bu bölgə
yenidən İran hakimiyyətinin əlinə
keçib. İqtidarını və hərbi qüvvəsini
genişləndirən Şah Abbas Anadoluda baş verən
Cəlali üsyanlarından istifadə edərək
1603-cü ildə Təbriz, İrəvan, Gəncə,
Şirvan kimi Osmanlı imperatorluğuna bağlı
Azərbaycan torpaqlarını fəth edib. 1618-ci ildə Osmanlı və İran qüvvələri
arasında baş verən müharibə nəticəsində
Şah Abbas Təbriz və Ərdəbil bölgələrini
boşaldaraq geri çəkilib, Qars və Ahıska
bölgələri də Osmanlı dövlətinə
buraxılıb.
1628-ci ildə Şah Abbas vəfat etdikdən sonra
onun yerinə nəvəsi Şah Safi keçib. Bu dövrdə
İranda yaranan zəiflik nəticəsində
Osmanlılar İrana bir çox dəfə səfərlər
təşkil edib. Nəhayət, 1639-cu
ildə imzalanan Qəsri Şirin müqaviləsi nəticəsində
uzun sürən bu hərb dövrü sona çatıb.
Bu müqaviləyə görə
Bağdad, Bəsrə və Şehri Zor Osmanlı
dövlətinə, İrəvan isə Səfəvilərə
buraxılıb. Bu müqavilə ilə
müəyyən edilən sərhədlər, kiçik
dəyişikliklər olsa da, bugünkü Türkiyə-İran
sərhədinin təməlini təşkil edir.
1722-ci
ildə I Pyotrun Xəzər dənizinə enməsi
Osmanlı dövlətini hərəkətə gətirib
və türklər Köprülü Abdullah
paşanın rəhbərliyində Təbrizi, Mərəndi,
Naxçıvanı, 1724-cü ildə isə Ərdəbil
və Qarabağı fəth edərək Azərbaycanın
böyük bir hissəsini himayəsi altına
alıb. Nəticədə, Fransanın
vasitəsilə Osmanlı dövləti ilə Rusiya
arasında bir müqavilə imzalanıb. Altı maddədən ibarət bu müqavilə
əsasında Xəzər boyları ilə İran
şahı II Təhmasibin boşaltdığı
bölgələrin Rusiyaya aid olduğu qəbul edilib.
Buna müqabil Şirvan, Gəncə, İrəvan,
Muğan və Qarabağ Osmanlı dövlətinə
qatılıb. Ancaq çox keçmədən
Nadir şah Osmanlı dövlətinin idarəsində
olan bölgələrə hücum edib, fəqət
Osmanlı qüvvələri qarşısında
çox dura bilməyib və 1729-cu ildə məğlubiyyətə
uğrayıb. Bundan sonra Osmanlı
ordusu irəliləyərək 1731-ci ildə Azərbaycanın
mərkəzi bölgələrini də himayəsi
altına alıb. Çətin vəziyyətdə
qalan İran sülh müqaviləsi imzalamaq məcburiyyətində
qalıb. 1732-ci ildə imzalanan müqavilə ilə
Araz çayı sərhəd olaraq qəbul edilib:
Şirvan, Dağıstan və Gürcüstan Osmanlı
hakimiyyətində qalıb, Təbriz, Kirmanşah, Həmədan
isə iranlılara verilib. Fəqət
çox keçmədən Nadir Şah təkrar Azərbaycanı
işğal edib. Bu bölgədə
Osmanlı hakimiyyətini istəməyən ruslarla
iranlılar qurduqları ittifaq nəticəsində
1735-ci ildə imzalanan Gəncə müqaviləsi ilə
Qafqazı öz aralarında paylaşıblar. Bu müqaviləyə görə, Tiflis, Gəncə,
İrəvan, Naxçıvan və Qarabağ vilayətləri
İran hakimiyyəti altına girib. Yaranmış
vəziyyət Nadir şahın 1743-cü ildə
öldürülməsinə qədər davam edib.
Nadir şahdan sonra Azərbaycan bölgəsi
kiçik xanlıqlara bölünüb və
Qarabağ xanlığı qurulub.
Qarabağ xanlığının qurucusu
Pənahəli xandır. Pənahəli xan əvvəllər
Nadir şahın xidmətində yer alıb və önəmli
vəzifələrdə çalışıb. Amma Nadir şahın əmrilə qardaşının
edam edilməsi nəticəsində Qarabağa
qaçıb və azadlıq mübarizəsinə
başlayıb. 1749-cu ildə xanlığını elan
edən Pənahəli xan rəqib xanlar
və İrandan gələ biləcək hücumlardan
müdafiə olunmaq üçün Şuşa
qalasını tikdirib. Ələ keçirilməsi
çətin olan Şuşa qalası İran
hücumlarına qarşı mühüm rol oynayıb.
Bura xanlığın mərkəzi olub.
1749-cu ildə xanlığını elan edən
Pənahəli xandan sonra onun yerinə oğlu
İbrahimxəlil xan keçib. Bir müddət
xanlıq etdikdən sonra taxtdan imtina edən
İbrahimxəlil xan 1786-cı ildə ikinci dəfə
xanlıq taxtına oturub.
1806-cı ildə İbrahimxəlil
xanın xələfi Mehdiqulu xan Qarabağ
xanlığının hökmdarı olub və bu vəziyyət
1822-ci il rus istilasına qədər davam edib.
Yetirdiyi dahi sənətkarlarla
xalqımızı bütün dünyada şöhrətləndirən
Qarabağın Azərbaycanın ürəyi, onun
ayrılmaz parçası olması barədə
çox sayda qiymətli əsərlər
yazılmasına baxmayaraq, doğma
Qarabağımızı, onun dilbər guşəsi
olan Şuşanı əlimizdən alan erməni
daşnaklar heç bir tarixi faktlarla hesablaşmır,
öz havadarlarına güvənməklə həyasız
tələblərindən əl çəkmirlər. Ağıl və zəkaya arxalanan Azərbaycan
xalqı isə öz hüququnu, doğma
torpağımız üzərindəki suverenliyini
tutarlı faktlarla daha da möhkəmləndirmək və
müasir siyasi mövqedən, dövlət
konstitusiyası mövqeyindən müdafiə etməyə
səy göstərir.
Fazil QARAOĞLU professor
Bakı
xəbər.- 2017.- 3-5 iyun.- S.12.