Gözəlim, həsrətim
Şuşanın tarixindən...
Vətənimizin hər guşəsi onun
keçmiş əzəmətini əks etdirən
silinməz izlərlə zəngindir. Azərbaycan
tarixinin öyrənilməsində alimlərimizin
göstərdiyi gərgin səylərə baxmayaraq, bu
barədə hələ də tədqiq edilməsi vacib
bir çox açılmamış maraqlı səhifələr
var. Bu səhifələrdən biri də əsrlər
boyu mürəkkəb hadisələrin şahidi olan,
öz gözəlliyi və təbii şəraiti ilə
şöhrət qazanan qədim şəhərimiz
Şuşadır.
Məlum olduğu kimi, tarix boyu Azərbaycan
ərəb, fars və türk
işğalçılarının hücumuna məruz
qalıb. Bu da ölkəmizdə bir çox
şəhər adlarının dəyişməsinə,
daşıdıqları tarixi adların sıradan
çıxmasına, yeni-yeni adların meydana gəlməsinə
səbəb olub. Çox güman ki, Şuşa şəhəri
və onun yerləşdiyi Qarabağ mahalı da ilk
zamanlar başqa cür adlandırılıb. Buna görə də ərəb mənbələrində
həmin mahal və şəhərin adına təsadüf
edilmir, həmin mənbələrdə bu yerlər ümumi
adla - Aran kimi göstərilib. Fəqət
geniş bir sahəni əhatə edən Aranın
inzibati bölgüsü nəticəsində burada
yerləşən mahal, şəhər və kəndlərin
dəqiq adı və təsviri verilməyib.
XIX əsrin ortalarında Azərbaycan
və İranı tədqiq edən fransız arxeoloqu Jak
de Morqan Qarabağ sözünün etimologiyası ilə
maraqlanıb və belə nəticəyə gəlib
ki, həmin ad vilayətə onun təbii şəraətinə
uyğun olaraq verilib. Yəni Qafqaz silsilə
dağlarının həmin hissəsini meyvə
bağları, onun davamı olan sahəni meyvəsiz bəzək
ağacları əhatə etdiyinə görə bura
"Qarabağ" adı verilib.
İngilis səyyahlarından
Robert Ker Porterə görə, Qarabağ vilayətinə
həmin adın verilməsi qədimdə onun ərazisində
yerləşən və "Qara bazar" adını
daşıyan yarmarka ilə əlaqədar olub. O belə yazır: "Həftədə
bir dəfə təşkil olunan Qara bazar yarım fərsənk
(təxminən üç kilometr) uzunluğa və
yarım fərsənk enə malik idi. Bazarda
ayrı-ayrı məhsulların alverinə məxsus
dalanlar salınmışdı. Fəqət sonralar həmin
bazar aradan çıxmış, onun yerində geniş
meyvə bağları əmələ gəlmişdir ki,
bu da "Qara bazar" sözünün
"Qara bağ"la əvəz edilməsinə səbəb
olmuşdur." Mənbələrin məlumatına
görə, həmin bazar Qarabağın Bərdə
mahalında yerləşirmiş. Doğrudan da
Qarabağ vilayətinin təbii şəraiti bu
müddəaları tamamilə təsdiq edir.
XVIII əsrin ikinci yarısında
Şuşa şəhəri Qarabağ
xanlığının paytaxtı olub. Bu adın həmin
şəhərə verilmə tarixi hələlik məlum
deyil. Fəqət mənbələrin tədqiqi göstərir
ki, onun ilk adı Şuşa yox, Şuşi olub. Sonralar bu
söz dəyişərək müasir ədəbiyyatda
ahəng qanununa uyğun olaraq Şuşa kimi
formalaşıb.
Bəziləri
Şuşanın adını Ağa Məhəmməd
şah Qacarın şəhəri mühasirəyə
aldığı vaxtda İbrahim xana göndərdiyi mənzum
məktubla əlaqələndirir. Bir beytdən ibarət həmin məktub
belədir:
Fələyin
mancanağından yağarkən fitnə daşı,
Şişə içrə dayanıbsan necə bir
axmaq tək.
Həmin şeirin məzmunundan və Molla Pənah
Vaqif tərəfindən yazılan cavabdan ehtimal etmək
olar ki, "Şişə" burada məcazi mənada
işlədilib və şəhərin adı ilə
heç bir əlaqəsi olmayıb.
"Şuşa" sözünün tarixi
kökü onun təhrif olunmuş "şuşi"
sözündən əmələ gəlməsi
haqqında mülahizə yürütməyimizə əsas
verir. "Şuşi" sözünün
etimologiyası göstərir ki, həmin mahal və
şəhərə verilən bu ad, Qarabağda
olduğu kimi, onun təbii vəziyyəti ilə bağlı
olub. Müxtəlif lüğət kitabları və
ensiklopediyalarda "şuşi" sözü qədim
fars dilində düzənlik sahədə
ucalan hündürlük, qabarıq yer,
daşlı-qayalı təpə, piramida, məzar
üzərində ucalan başdaşı mənalarında
izah edilib.
Təbii
şəraitlə əlaqədar olaraq bir sıra
başqa yerlərdə də Şuşa
adını daşıyan qalalara təsadüf edilir. XVI əsrin etibarlı mənbələrindən
biri olan Şəmsəddin Bidlisinin "Şərəfnamə"
əsərində həmin adda bir neçə
qalanın olduğu qeyd edilib. Bu
yaxınlarda İranda Əhəmənilərin
paytaxtı Şuş şəhərində aparılan
qazıntılar haqqında məlumat verən bir əsər
çap edilib. Həmin kitabda şəhərin
tarixi müəyyən qədər
işıqlandırılıb və onun hündür
sıldırım qayalar üzərində
salındığı təsvir edilib. Bundan
başqa, coğrafi termin və lüğət
kitablarında, o cümlədən Ələkbər
Dexuda və Rezmara Əlinin əsərlərində
İranın müxtəlif vilayətlərində
Şuş, Şuştər adları daşıyan bir
sıra qala, şəhər, yaşayış yerləri
olub. Onu da qeyd etmək lazımdır ki,
Şuşi adını daşıyan yaşayış
yerlərinə təkcə Şərq ölkələrində
deyil, başqa yerlərdə də təsadüf edilir.
Rus dilində yazılan bir sıra bədii əsərlərdə,
o cümlədən İrina Rakşanın kitabında
Sibirdə Şuşi adlı yaşayış yerinin
olduğu qeyd edilir.
Sovet alimlərindən E.İ.Vasilyev
apardığı tədqiqat əsasında belə nəticəyə
gəlib ki, orta əsrlərdə Şərq ölkələrində
qüdrətli və alınmaz qalalara Şuşi
qalaları deyilirdi. Çox güman ki, həmin lüğət
yuxarıdakı mənaları daşıyan və
bizim dilimizdə geniş surətdə işlədilən
"şiş" sözündən
götürülüb. Fəqət, fars
dili tərkibinə daxil olarkən müəyyən qədər
dəyişərək "şuş" kimi
formalaşıb. Bir sıra müəlliflər, əsas
etibarilə "Qarabağnamə"lərin müəllifləri
Şuşa şəhərinin əsasının
1756-cı ildə qoyulduğunu iddia edir. Lakin ilkin mənbələrdəki
məlumat və XVIII əsrdə baş verən tarixi
hadisələr Şuşa
qalasının göstərilən tarixdən əvvəl
mövcud olduğunu sübut edir.
Qarabağ Azərbaycan təbiətinin nadir
gözəlliklərini, Azərbaycan xalqının
maddi və mədəni irsini, qədim adət və ənənələrini
özündə əks etdirən füsunkar bir
diyardır.
Sərt dağlar, sıx meşələrlə əhatə
olunan bu diyarın paytaxtı Şuşa
şəhərinin ərazisi zəngin və
şanlı tarixi keçmişə malikdir.
Şuşa ətrafındakı qədim
yaşayış yerləri, o cümlədən məşhur
Cıdır düzündəki Şuşa
mağarası bu yerlərin Azərbaycan ərazisində
ən qədim insan düşərgələrindən
biri olduğunu sübut edir. XX əsrin 70-ci illərində
Şuşa mağara düşərgəsində
aparılan arxeoloji qazıntılar zamanı burada
paleolit dövrünə aid daş alətlər aşkar
olunub. Bu ərazilər tarixi Azərbaycan
torpaqlarının - Midiya dövlətinin, Qafqaz
Albaniyasının, Qarabağ xanlığının ayrılmaz
hissəsidir.
Mötəbər mənbələrin verdiyi məlumata
görə, Məhəmməd Həsən xan Qacar 1751-ci
ildə Qarabağa hücum edərək
Şuşanı mühasirəyə alıb. Fəqət
şəhər möhkəm istehkamlara malik olduğu
üçün Qacar onu tuta bilməyib və geri
qayıtmağa məcbur olub.
Göründüyü kimi, "Qarabağnamə"lərin
müəllifləri şəhərin salınması
tarixini Məhəmməd Həsən xan Qacarın
hücumundan dörd-beş il
sonrakı illərdə göstəriblər. Bu müəlliflər öz kitablarını
faktiki materiallar və ilk mənbələr əsasında
deyil, eşitdikləri rəvayətlərə əsasən
yazdıqlarını qeyd ediblər. Məhz
buna görə də "Qarabağnamə"lərdə
bir sıra hadisələr müəlliflərin
subyektiv münasibətlərindən asılı
olaraq şişirdilib, bəzi faktlar isə yanlış
izah edilib. Onlar geniş
axtarışlar deyil, təxminən xanlıqlar
dövrü üçün mənbə hesab edilən,
müəyyən tədqiqat əsasında yazılan
A.Bakıxanovun "Gülüstani-İrəm" əsərini
nəzərə alsaydılar, Qarabağ
xanlığı və şəhərin
salınması haqqında daha obyektiv fikir söyləməyə
imkan tapa bilərdilər. Adını
çəkdiyimiz əsərdə aydın surətdə
göstərilir ki, Pənahəli xan Qarabağda hakimiyyəti
ələ aldıqdan sonra Bayat, Şahbulağı
qalalarının əsasını qoyub və
Şuşi qalasını təmir etdirib.
İlk
dövrlərdə Şuşa
insanların məskunlaşdığı kiçik
yaşayış məntəqəsi idi. Rus
məmurlarının XIX əsrin əvvəllərində
tərtib etdikləri arxiv sənədlərindən məlum
olur ki, Şuşanın əsasını azərbaycanlılar
qoyub və ilk dövrdə burada ancaq azərbaycanlılar
yaşayıb. Sonrakı dövrdə
şəhərdə yaşayan əhalinin sayı
Qarabağ xanlığının müxtəlif
mahallarından köçüb gələnlərin
hesabına sürətlə artıb. Bir tərəfdən
çox əlverişli mövqedə yerləşməsi,
digər tərəfdən isə Qarabağ
xanlığının mərkəzinə çevrilməsi
və qeyri-adi təbii gözəlliyə sahib olması
ilə Şuşa şəhəri ətrafda
yaşayan əhali üçün çox cəlbedici
olub. Tarixi məlumatlar göstərir ki,
artıq XVIII əsrin sonunda burada 2 mindən artıq
ailə yaşayırdı.
XIX əsrdə Azərbaycan və eləcə də
Şuşanı müşahidə edən Qərbi
Avropa səyyahları onun daha qədim şəhər
olması haqqında dəyərli fikirlər söyləyiblər. Onlardan
ingilis səyyahı Ceyms Morye Şuşada bizim eradan əvvəl
insan cəmiyyətinin yaşadığı haqda
mülahizələr irəli sürüb.
Başqa
bir ingilis səyyahı Robert Burter yazır:
"Şuşidə Qafqazın başqa şəhərlərində
olmayan, Avropa şəhərlərindəki kimi daş
binalar, daş döşəməli geniş
küçələr və qədim Roma
hamamlarını xatırladan gözəl hamam
qalıqları var. Bütün bunlar onun qədim şəhər
olması haqqında fikir söyləməyə imkan
verir".
Eramızın
II əsrində yaşamış qədim Roma
tarixçisi Gasius Cornelius Tacitus Qafqaz ərazisində
Türk tayfasına məxsus Sosu (Şuşa)
şəhərinin olması haqqında məlumat
verib. Xalq əfsanəsinə görə,
bu yerlərin havası büllur kimi saf və şəfalı
olduğu üçün onu "Şuşa"
adlandırıblar.
Şuşanın gözəl mənzərəsi və
uca dağlar qoynunda yerləşməsi səyyahları
heyran edir, onları vəcdə gətirirdi. Məşhur rəssam
V.Vereşşagin Şuşanı görəndən
sonra belə yazıb: "Bu şəhərin evləri
düzgün formalı, qəşəng və
hündür olub, çoxsaylı və gözəl pəncərələrlə
işıqlandırılır. Qayalıqlar
qoynunda yerləşən bu şəhər elə həmin
qayalıqlardan götürülən daşlardan
tikilib. Şəhərin bütün
küçələrinə enli daş plitələr
döşənib, evlərin damları tirlərdən
düzəldilib.
Şuşa bir sıra görkəmli şəxsiyyətlərin
vətənidir. Cabbar Qaryağdıoğlu, Qurban Pirimov,
Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid
Behbudov, görkəmli Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov,
Soltan Hacıbəyov, Niyazi, Fikrət Əmirov,
Süleyman Ələsgərov və bir sıra
istedadlı sənət adamları əslən
şuşalı olublar. Yazıçılardan Nəcəf
bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev,
Süleyman Sani Axundov, məşhur şairə
Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir,
heykəltaraş C.Qaryağdı, rəssam Toğrul Nərimanbəyov
və başqaları Şuşada doğulublar.
Heç
şübhəsiz, Şuşa və
onun tarixindən bəhs edərkən Mil-Qarabağ
arxeoloji ekspedisiyasının apardığı
axtarışı və əldə etdiyi nəticəni
başlıca faktlardan biri kimi qəbul etmək olar. Həmin
ekspedisiya Şuşa və onun ətrafında,
dərin və hərtərəfli olmasa da,
apardığı ilkin qazıntılarla orada çox qədimlərdən
insanların məskən saldığını
aşkara çıxarıb.
Yuxarıda
göstərilən faktlar Şuşa
şəhərinin, onun ətrafındakı
istehkamların XVIII əsrin üçüncü
rübündə salınması müddəasını
tamamilə rədd edir və qalanın qədim tarixə
malik olduğunu göstərir.
Fazil
QARAOĞLU professor
Bakı
xəbər.- 2017.- 7 iyun.- S.12.