Azərbaycan muğamının
fenomeni
Ariz ABDULƏLİYEV, Bakı Musiqi
Akademiyasının müəllimi.
VI Televiziya Muğam Müsabiqəsi
yekunlaşmaq üzrədir. 2005-ci ildən Heydər Əliyev
Fondunun layihəsi əsasında təşkil olunan bu
müsabiqə yeni istedadları aşkar etmiş, istedadlı
gənclərin professional sənətə gəlişində,
uğurlar qazanmasında mühüm rol oynamışdır.
Ötən illərin müsabiqə qalibləri indi fəxri
adlar daşıyır, daha da püxtələşərək
ifaçılıq və müəllimlik fəaliyyətilə
məşğul olurlar. Vaxtilə bu müsabiqələrin sayəsində
sənətin gənc nəsli
kimi tanınan ifaçılar indi muğam sənətini
layiqincə təmsil edir, öz ustadları ilə
çiyin-çiyinə dərs verir, müsabiqəyə
iştirakçı hazırlayırlar. Bir
sözlə, bu müsabiqələr müasir dövrdə
muğam irsinin öyrənilməsində, təbliğində,
ötürülməsində və yaşamasında ən
uğurlu layihə kimi bütün musiqisevərlərin, sənət
ictimaiyyətinin rəğbətini və dəstəyini
qazanmışdır.
Növbəti, VI müsabiqədə də
istedadlı iştirakçılar yox deyil. Məcid Əsri,
Almaxanım Əhmədli, Rəvanə Əmiraslanlı, Pərviz
Qasımov, Məftun Məmmədov, Valid Abdullayev... Məftun,
Valid, Pərviz bundan sonra öz üzərlərində daha
çox işləməli, hər gün mükəmməl
ifaları dinləməli, öyrənməli və çoxlu
məşq etməlidirlər. Pərviz Qasımov
repertuarına daha ciddi fikir verməlidir, çünki səsi
birinci oktavanın sol-lya pillələrindən sonra
cırlaşmağa başlayır. Məcid, Məftun
və Valid ifaçılıqda epizodik, yaxud təsadüfi
uğurların təsirindən azad olmalı, şöbələri
ardıcıl oxumaqla kifayətlənməməli, peşəkarlıq
meyarlarına, səsi inkişaf etdirməyə, daim öyrənməyə
can atmalıdırlar. Rəvanəyə gəlincə,
Milli Konservatoriyada Arif Babayevin ixtisas sinfini bitirib. Oxuyanda hiss
olunur ki, yaxşı ustaddan yaxşı dərslər
alıb. İştirakçılardan yalnız birini -
Almaxanım Əhmədlini xüsusi qeyd etmək, adını
xüsusi vurğulamaq istəyirəm.
Almaxanım budəfəki müsabiqədə ən
gənc iştirakçıdır, cəmi on beş
yaşı var. Buna baxmayaraq, müsabiqə başlayandan bəri
ən çox alqışlanan da odur. Sözümü yaş
göstəricisindən başlamağımın ciddi səbəbi
var. Birincisi, onu qarşıda ciddi sınaq – səsin dəyişmə,
mutasiya dövrü gözləyir. Səsi olanların
hamısı 17-18-19 yaşlarda bu ağır mərhələni
keçməli olurlar. Bu mərhələ səsin fizioloji
keçid məthələsidir. Ondan sonra səs işləməkdə
davam edir və ya müğənnilik, xanəndəlik
üçün yaramır. Deyərdim ki, bu, həm də tale
məsələsidir. Təkcə Almaxanım
üçün yox, muğam irsimizin də gələcək
taleyi üçün bir sınaq mərhələsidir. Musiqini az-çox bilən, duyan, sevən, milli dəyərlərə
və xalqın istedadlı övladlarına hörmət və
sevgi ilə yanaşan soydaşlarımız gərək bu
yeniyetmənin gələcək sənət taleyi
üçün Tanrıya dua etsinlər. Söz yerinə
düşər, - deyiblər. İndi müqəddəs
Ramazan ayıdır. Hamılıqla bu nadir istedadın gələcəkdə
səsinin qalması, sənətini davam etdirməsi
üçün Tanrıya dua etməliyik. İstedad bir millətin
deyil, bütün dünyanın sərvətidir. Muğam sənətinin gələcək
uğurları, muğamın gələcəkdə yenə də
öz ali səviyyəsində yaşaması, sevilməsi və
layiqincə ifa, təbliğ olunması naminə dualar etməliyik
və çalışmalıyıq ki, Almaxanım kimi nadir
istadadlı gəncləri qoruya bilək.
Allah üç insanı seçir: Peyğəmbərləri,
dahiləri və istedadları. Allahın hər insana qismət
etmədiyi, lütf etmədiyi bu üç keyfiyyətdən
biri də istedad adlı qeyri-adi hadisədir. Amma qızıl
kimi istedadın da əyarı olur: az istedad, qənaətbəxş
bacarıq, ortabab qabiliyyət, çox istedad, tükənməz
ali istedad. Bu baxımdan, istedad həm keyfiyyətin özünə
deyilir, həm də onu daşıyan insana deyilir.
İstedad aksiomadır,
sübuta ehtiyacı olmayan keyfiyyətdir. O, ya var, ya da yoxdur;
lakin özünü gizlətmir, gec və ya tez büruzə
verir. Mən qəti əminliklə
deyə bilərəm ki, Almaxanım Əhmədli yüksək
istedad sahibidir. Hələ 15 yaşı olan bu yeniyetmənin
fenomen istedad olmasına böyük bir elmi sübut lazım
deyil. Onun ifasının özü
inkarolunmaz sübutdur. Muğamın nə demək
olduğunu bilənlər, muğam
ifaçılığının təkcə bilimə deyil,
əsasən ruhi, təhtəlşüuri və yaddaş
qanunlarına tabe olduğunu bilənlər məni
yaxşı başa düşərlər. Muğam
ifaçılığında səsi olanla, səsi və
istedadı olanı, istedadı olanla yüksək istedadı
olanı, duyanla dərin duyanı fərqləndirə bilənlər,
şübhə etmirəm ki, Almaxanımın necə qeyri-adi
istedad sahibi olmasının fərqindədirlər.
Bayatı-Şiraz,
Xaric Segah, Orta Mahur... Almaxanımın müsabiqədə təqdim
etdiyi bu çətin, ağır dəstgahları çox
böyük (vurğulamaq istəyirəm: çox
böyük!) professionallıqla, ustalıqla, heç bir səhv
olmadan ifa etməsi heyrət doğurmaya bilmir. Birinci növbədə,
muğamın melodiyasında, muğamın melodiya və
intonasiya ardıcıllığında, intonasiya
xırdalanmasında, sekvensiyalarda, melodiyanın pilləvari
eniş və yoxuşlarında, səsarası
sıçryışlarda bu
ifaçının zərrə qədər də səhv
buraxmaması, belə çətin, mürəkkəb
quruluşları dəqiqliklə icra etməsi onun qeyri-adi
bacarığına heyrət, alqış (əl çalmaq
yox, məhz alqış) yaradır. İkincisi, o, səsini, ifasını
yaşına və təcrübəsinə
uyğun olmayan böyük bir bacarıqla, mən deyərdim
ki, hətta ustalıqla idarə edə bilir. Muğam elə
bir əsərdir ki, onun ifası əvvəlcədən dəqiq
hazırlanmış məşqlərə heç də həmişə
tabe olmur. Bu, elə bir musiqi növüdür
ki, ifaçı əvvəlcədən
hazırladığı qəliblərdən konsert zamanı
gözlənilmədən çıxa bilir, əlavələr
edir, tamamilə fərqli hissləri və ruhi vəziyyəti yaşayır,
gözlənildiyində fərqli şərhləri verir.
Elə buna görə də muğamda
professionallıq təkcə ifa təcrübəsilə,
muğam qaydalarını, rədifləri və şöbə
ardıcıllığını bilməklə və düz
ayaq verməklə bitmir. Muğam
professionallığı həm də çoxsaylı
şöbələrdə və guşələrdə,
aşağı və orta registlərdə, bəmdə və
zildə, şöbəarası təsniflərdə,
keçidlərdə, intonasiyalarda səsin eyni dərəcədə
düzgün idarə olunması ilə
ölçülür. Sirr deyil ki, səsində
güc, dinamika olmayan, səsi tez yorulan xanəndələr dəstgah
ifasında qeyri-ixtiyari olaraq, səslərini zil şöbələr
üçün qoruyurlar. Buna görə
də, bəm, orta və zil şöbələrin hərəsini
iki-üc melodik cümlə ilə oxumaqdan başqa çarələri
qalmır. Amma elə səs və istedad
sahibləri olan xanəndələr də var ki, şöbələri
çox cümlələrlə və tam şəkildə
oxuyurlar, üstəlik şöbələrarası təsnifləri
də oxuyurlar, zil şöbələri də
qısaltmırlar, bacardıqca cümlələrin
sayını azaltmırlar, necə deyərlər “xaltura” eləmirlər.
Almaxanın da belədir. O, müsabiqədə
oxuduğu dəstgahlarda zərrə qədər də ibarə
və cümlə ixtisarları, qısaltmalar etmədi, bəmi
də, miyanəni də, zili də tam şəkildə oxudu,
səsində xaricliyə yol vermədi. Muğamın
dərin qatlarında yerləşən elə intonasiyaları
eşitdirə bildi ki, bunu hamı bacarmır. Dinləyici dəstgahın əvvəlindən sonuna
qədər onun səsində yorulma, özündə cəsarətsizlik,
“səsə qənaət”, geriçəkilmə, xariclik
görmədi, eşitmədi. Qəzəllərin
bəhrini, hecalarını və mənasını da düz
çatrdıra bildi. Bunları ona görə
deyirəm ki, Almaxanımın necə böyük, qeyri-adi
istedada malik olduğunu başa düşək.
Muğamın şöbələrinə, ayağına
və onların mexaniki ardıcıllığına riayət
etməklə muğam musiqisi əmələ gəlmir. Müqayisə
üçün deyim ki, dirijorlar da, pianoçular da,
skripkaçılar da, vokalçılar da, trubaçılar
da təkcə notu əzbərləyib ifa etsələr, o
zaman ifa etdikləri notlar musiqi olmaz, sadəcə notların
ardıcıllaşmasından əmələ gələn səslənmə
olar. İfaçı
çaldığı və ya oxuduğu əsəri mütləq
duymalıdır, özü də bütün hisslərilə,
ruhu ilə, şüuraltrı yaddaşı ilə,
bütün həssaslığı ilə duymalıdır.
Musiqidə istedadın ən mühüm
göstəricilərindən biri də məhz nə qədər,
hansı miqyasda, hansı dərinliyə və ucalığa qədər
duya bilməsidir. Bu vacib keyfiyyəti
muğam da tələb edir. Elə
Almaxanımın da öz yaşıdlarından, bütün
müsabiqə iştirakçılarından, hətta deyərdim,
çoxlarından üstünlüyü muğam musiqisini məhz
dərindən, bütün ruhu ilə duymasındadır.
Açığı, hər səsi olana Allah
bu qədər istedad, bu qədər duymaq qabiliyyəti vermir.
A.Əhmədli
Bayatı-Şiraz, Xaric segah, Orta mahur kimi mürəkkəb,
ağır dəstgahları elə peşəkarlıqla, elə
duyumla, elə həssaslıqla, düzgün və yerli-yerində
ifa etdi ki, doğrusu, onun yüksək istedadına heyrət
etməyə, qürurlanmaya, fəxarət və sevinc
yaşamaya bilmirsən. Bayatı-Şirazın
ifasını çox dinləmişik. Ona
tez-tez müraciət edirlər. Amma bu
muğamın dərin hissi yaşantılarını aça
bilmək hər xanəndəyə nəsib olmur. Sadəcə, şöbələri
ardıcıllaşdırır və ayaqlara riayət edirlər.
Bu da olur, sıradan bir təfsir, yaxud
muğamın necə deyərlər, “şagird təqdimi”. Almaxanım isə
Bayatı-Şiraz da daxil olmaqla, muğamları yaşına
uyğun olmayan həssaslıqla, dərindən duyaraq oxudu.
Orta mahur dəstgahını götürək. Açıq
etiraf edək ki, muğamdan dərs verənlər, bu və ya
digər münasifləri təmsil edənlər, hətta fəxri
ad daşıyanlar və təriflənənlər arasında
bu muğamı lazımınca oxuya biləni tapmaq çətindir.
Amma on beş yaşlı A.Əhmədli
bu dəstgahı müsabiqədə çox yüksək səviyyədə
oxudu. Onun Əşiran, Şikəsteyi-fars
şöbələrini böyük bir duyumla oxuması, bu
şöbələrin həssas və təsirli
intonasiyalarını göstərə bilməsi fenomenal
istedad sahibi olduğuna daha bir əyani sübutdur. Kim bilir bəlkə də bu gəncə yüksək
qiymət verməyə sənət adamlarının
lovğalığı və təkkəbürü yol vermir.
Amma mən A.Əhmədliyə bu qədər yüksək
qiymət verirəm, şübhəsi olanlara bu istedadın
fenomenallığını sübut edə bilərəm
Onun ifalarını diqqətlə dinləmək
lazımdır ki, muğamın zəngin melodik ifadəliyinin
dərinliklərinə hissi olaraq varmasını, fasiləsiz
intonasiya axınını necə dəqiqliklə və nə
qədər qeyri-adi duyumla oxumasını eşidə biləsən. Aman Allah, cəmi on beş yaş... Allahın
möcüzələrini görmək istəyirsinizsə,
Almaxanın Əhmədli adlı, on beşi yaşlı
fenomenal istedada qulaq asın. Onun ifası
duymağı, düşünməyi bacaran, həssas qəlbi
olan, qarın adamı yox, ruh adamı olan insanları mütləq
və mütləq böyük heyrətə, yüksək məqamlara,
gözəl ruhi yaşantılara aparacaq.
Qəribə millətik. Başqa xalqlarda elm,
musiqi, rəssamlıq, vokal sahəsində 14-15 yaşlı
istedadları görəndə mətbuat, internet saytları,
telekanallar məlumat verir, süjet hazırlayırlar, eşidən
kimi ağıs dolusu heyrətlə danışırıq.
14-15 yaşlı uşaq skripkada Paqaninin çətin
kaprislərini çalanda, yaxud P.Çaykovskinin fortepiano
konsertini ifa edəndə, ona qeyri-adi istedad kimi
yanaşırıq, fenomen adlandırırıq. Amma
gözümüzün qarşısında 15 yaşlı
Almaxanım bu əsərlərdən də çətin,
formaca daha iri, daha mürəkkəb muğam dəstgahlarını
böyük ustalıqla, böyük professionallıqla, dərin
həssaslıq və duyumla oxuyanda ona fenomen, böyük
istedad deməyə dilimiz gəlmir... Belə
fenomenal istedadlar başqa xalqlarda olsaydı, indi dünyanın
İnternet saytlarında gecə-gündüz səslənərdilər.
Amma biz... Nə isə... Yaxşı olardı ki, onun
müsabiqədəki ifalarının lent yazıları
yaxşı-yaxşı qorunsun və təbliğ olunsun. Çünki hamısı professional və
istedadlı ifalardır.
Muğamın musiqisi, ritmi, daxili plasikası və
dinamikası, onun bilim və duyum, rasional və irrasinal vəhdəti
səma harmoniyasına, kosmik ahəngin universal qaydalarına əsaslanır. Bu
harmoniyanı, ahəngi emosinal-hissi qavrayışla duymaq,
yaşadığımız zaman-məkan hüdudlarından
yüksək məqamlarda açıqlaya bilmək və
onları varlığınla yaşamaq musiqi sənətində
yalnız Almaxanım Əhmədli kimi çöx yüksək
istedad sahiblərinə nəsib olur.
Məni VI müsabiqənin nəticələri
o qədər narahat etmir. Bilirəm ki, Almaxanım indi və
bundan sonra nə qədər böyük mükafatlar, təriflər
alsa belə, hamısı onun bir Bayatı-Şiraz, Orta-Mahur,
Segah ifasına dəyməz. Almaxanım Əhmədli öz
ifası ilə birlikdə Azərbaycan muğam sənətinin,
muğam ifaçılığının yüz ildən bir
yaranan çox nadir istedadlarındandır, muğam fenomenidir.
Onu qorumaq, dəstək olmaq, meydan vermək borcumuzdur. Gələcəkdə
onun xanəndə səsini bəstəkar mahnlarının
vokal ifasından hifz etmək lazımd.
Bakı
xəbər.- 2017.- 8 iyun.- S.13.