Tanınmış sənətçi
Zülfiyyə Eldarqızı yeni yaşına qədəm
qoydu...
Qadın
haqqında yazmaq, onu təsvir etmək, onu küll
halında qiymətləndirməkdən çətin
iş yoxdur. Həqiqət budur ki, qadın həyatın
başlanğıcıdır. Deyərdim ki, bəşəriyyətin
çırağı, əbədi yanan pərvanəsi
elə qadındır...
Onu uzun illərdir tanıyıram. İşıq
kimi, günəş kimi, hava-su kimi mərhəmdir,
doğmadır mənə. Mənim
tanıdığım, dəyər verdiyim Zülfiyyə
Eldarqızı, sözün əsl mənasında, fədakar
qadındır. Fədakar
olmasaydı, sənətdə özünəməxsus
dəst-xətt yarada bilməzdi, ailəsini,
dostlarını qoruya bilməzdi. Ancaq
fədakar insanların getməyi bacara biləcəyi
bir yol tutub o. Mən hər gün onu yenidən
tanımağa başlayıram. Arximedin
gözəl bir sözü var, deyir ki, sevginin və
dostluğun hər gün təsdiqə ehtiyacı var.
Zülfiyyə xanım hər gün bu münasibətləri
yenidən təsdiq etməyə hazır
xanımdır. Bəzən
müşahidə edəndə görürəm ki, onun
dostlarının əsas heyəti illərin
sınağından üzüağ çıxan
insanlardan ibarətdir. O da sadiqdir, dostları da sədaqətlidir.
Mənim insanda ən çox qiymətləndirdiyim
keyfiyyətlərdən biri məhz sədaqət məfhumudur.
Sən sədaqətli deyilsənsə,
başqasından da sədaqət ummağa birmənalı
olaraq haqqın yoxdur. Ancaq Zülfiyyə
Eldarqızı sədaqəti haqq edən dost, xanım sənətkardır.
Onun sənət yolu sadə və hamar
olmayıb. Çox çətinliklərdən,
qaranlıqlardan adlayıb, bəzən yoluna
kötük itələyənlər, hasar çəkmək
istəyənlər də olub. Ancaq
onlar öz "arzu"larına çata bilməyib.
Çünki bu yolu seçən qadın
inadkar, fədakar, məqsədi aydın, xeyirsevər
bir insan olub. Məqsədi, məramı
sənətə gəlmək və sənətdə
öz halal, bənzərsiz cığırını
açmaq istəyi ona stimul verib. Əlbəttə,
Uca Tanrı da sevdiyi bəndəni sınaqlardan
çıxararaq onu istəyinə qovuşdurub. Bu gün Z.Eldarqızı sənətdə
özünü tapıb. Sənət
adamı öz yolunu tapa bilirsə, onun dizlərini
bükmək, ilhamını göylərdən endirmək
çətindir. Qadın və zaman bir-birilə paralel hərəkətdə
olan qüvvələrdir. Zülfiyyə
xanım zamanın sınaqlarından mətin
çıxan xanımlarımızdandır.
20 iyun Cəfər
Cabbarlı adına İrəvan Dövlət Dram
Teatrının aktrisası, sənətşünslıq
üzrə fəlsəfə doktoru, tanınmış bədii
qiraətçi, "Bakı-Xəbər"in mədəniyyət
üzrə eksperti Z.Eldarqızının növbəti
doğum günüdür.
Zülfiyyə xanımın neçə
yaşı olduğunu qeyd etmirəm, heç buna
lüzum da yoxdur. Əsas odur ki, o var, sənət aləmindədir,
teatrda, kinoda, bədii qiraət sahəsində öz
sözünü deyir. Onun deməyə hələ
sözü çoxdur və uzun illər səhnədən
öz qəlbinin
işığını, ruhunun hərarətini, mehr-məhəbbətini
tamaşaçılara paylayacaq.
Hər il doğum günü ərəfəsində
Z.Eldarqızını redaksiyamıza dəvət edib
onunla yeni arzu və istəkləri, ad günü
sevincinin yaratdığı xoş ovqatla bağlı
müsahibə götürürdüm. Bu dəfə
ənənəni pozdum, özü də bilərəkdən.
Bu dəfə onun ad gününə yaxın dostlarının,
sənət yoldaşlarının fikir və
arzularını ərmağan edirəm. Necə
deyərlər, sürpriz edirəm ona.
Sizə
Z.Eldarqızı haqqında tanınmış rejissor
Vaqif Azəryarın, tanınmış alim, professor
Nizaməddin Şəmsizadənin,
yazıçı-dramaturq Aqşin Babayevin, xalq artisti
Həmidə Ömərovanın, tərəfmüqabili,
aktyor Əjdər Zeynalovun, professor Gülşən
Əliyevanın, xalq artisti Simarə İmanovanın və
şair İlham Qəhrəmanın fikirlərini təqdim
edirəm.
Görək
Z.Eldarqızı dostlarının "ayna"sında
necə görünür...
Tanınmış
rejissor Vaqif Azəryar: "Zülfiyyə xanımla
tanışlığımın səbəbkarı Mədəniyyət
və İncəsənət Unversitetinin dossenti Nadir
Hüseynov olub. Əvvəllər Zülfiyyə
xanımın da çalışdığı səhnə
danışığı kafedrasında hər il yaradıcılıq işi təhvil verirdilər.
Nadir müəllim məndən xahiş
etdi ki, bu işlərə rejissorluq edim. Zülfiyyə xanımın da iştirakı
ilə çox möhtəşəm bir kompozisiya
hazırladım. O çox istedadlı,
bacarıqlı, öz üzərində işləməyi
sevən, çalışqan, rejissor sözünə
qulaq asan bir səhnə adamıdır. Bizim
hazırladığımız kompozisiya Musa Yaqub və
Ramiz Rövşənin şeirlərindən ibarət
idi. Kompozisiya o qədər maraqlı
alınmışdı, Zülfiyyə xanım şeirləri
o qədər gözəl ifa etmişdi ki, hər kəsin
xoşuna gəlmişdi. Hətta Ramiz Rövşən
Zülfiyyə xanımın ifasında öz şeirlərini
dinlədikdən sonra tədbirin sonunda "bu şeirləri
mən yazmışam" - deyə bir sual da verdi. O istedadlı aktrisa, gözəl bədii
qiraətçi olmaqla yanaşı, savadlı, bilikli
pedaqoqdur. Onunla işləməkdən həmişə
böyük zövq almışam. Onun
haqqında ancaq xoş sözlər deyə bilərəm.
O mərd, səmimi, dediyi sözə yiyə duran,
istedadlı, şən, zarafatcıl, hər şeyin
yerini bilən insandır. Mənim üçün hər zaman onunla
ünsiyyətdə olmaq xoşdur. Sevinirəm
ki, belə bir şəxsiyyəti tanıyıram.
Mən onu doğum günü münasibətilə təbrik
edir, ona can sağlığı, uğurlar, xoşbəxtlik
arzulayıram. Çünki o bunların
hamısına layiqdir".
Professor
Nizaməddin Şəmsizadə: "O daxilən zəngin,
emosional, romantik bir xanımdır. Sözü,
sənəti, poeziyanı gözəl bilir. Zülfiyyə xanım Anarın kino yaradıcılığı
ilə bağlı çox maraqlı dissertasiya
yazıb, onu da çox yüksək səviyyədə
müdafiə etdi. O evdar xanım kimi də çox
dəyərlidir, ailəcanlıdır. Qızı
televiziyada işləyir, oğlu Azərbaycan Dövlət
Dillər Universitetində oxuyur. O, Azərbaycan ənənələrini,
qayda-qanunlarımızı, mənəvi keyfiyyətlərimizi,
xanımlarımızın gözəllik etalonunu
qoruyub saxlamağa çalışan bir
qadındır. Həddindən artıq
ürəyiaçıq olması səbəbindən bəzən
ətrafdakılar onu başa düşmür. O ciddi bir
xanımdır. Ona dayaq olmuşam həmişə,
uzun illər İncəsənət Universitetində
birgə çalışmışıq. Elin bir
sözü var: "O aydan arı, sudan duru" bir
xanımdır. Onun gözəlliklərindən
biri də odur ki, bizim keçmiş elat, tərəkəmə
xanımlarının sərbəstliyinə, müstəqilliyinə
malikdir. Zülfiyyə xanım daxilən
sərbəstdir. Bu onun xarakterində
də əks olunur. Allah ona hər şey
verib -istedad, sərbəstlik, gözəllik, ailə,
övlad da. Eşq olsun Zülfiyyə
xanıma".
Yazıçı-dramaturq
Aqşin Babayev: "Biz onunla bir yerdə işləmişik.
Zülfiyyə xanımın dissertasiya
işinin müdafiəsi çox yüksək səviyyədə
keçdi. Onun müəllimliyi də çox
gözəl idi, tələbələri onu həddindən
artıq çox sevirdi. Mənim ən
çox rəğbət bəslədiyim, öz balam,
öz qızım kimi çox istədiyim Zülfiyyə
xanım haqqında həmişə gözəl sözlər
demişəm. Bu ona layiqdir. Çexov deyib ki, hər bir şey insanda gözəl
olmalıdır. Yəni insanın
ağlı da, gözəlliyi də, istedadı da,
savadı da, geyimi də yüksək səviyyədə
olmalıdır. Çexovun bu tələbinə
Zülfiyyə xanım birmənalı olaraq cavab verir.
Hazırda İrəvan Teatrında
çalışır. Çox
istedadlı aktrisadır, onun oynadığı rollara
baxmışam. Hidayətin "İrəvanda
xal qalmadı" pyesində baş rollardan birini
oynayıb, bu obraz mənim çox xoşuma gəlir.
O hərtərəfli şəxsiyyətdir. Onda bütün keyfiyyətlər
özünün əksini tapıb. Arzu edirəm ki, doktorluq
işini də müdafiə etsin. Ona
böyük uğurlar arzu edirəm".
Xalq
artisti Həmidə Ömərova:
"Z.Eldarqızı hər şeydən əvvəl
gözəl, istedadlı yaradıcı şəxsiyyətdir.
Onun çox gözəl şeir demək
qabiliyyəti var, poeziyanı bilir, hər bir şeirin
poetikasını, müəllifin ruhunu dinləyiciyə
çatdıra bilir. O həm də gözəl, sədaqətli
dost, yaxşı yol yoldaşıdır, qiymətli
anadır. Mən ona bütün işlərində,
yaradıcılıq yolunda uğurlar arzu edirəm.
Son vaxtlar insanlarda qiymətləndirdiyim
bir xüsusiyyət var - xeyirxahlıq. Zülfiyyə çox xeyirxah bir
xanımdır. O hamıya yaxşılıq arzu
edir. Hər kəsin işinin yaxşı
olmasını, insanların dara düşməməsini
istəyir. Bacardığı qədər
insanlara yaxşılıq edir. O çox nəcibdir.
İnsanlarda olan müsbət keyfiyyətləri
qiymətləndirməyi, onlara stimul verməyi
bacarır. Zülfiyyənin mənim
üçün etdiyi bir yaxşılığı
heç vaxt unutmaram. Mənim çətin
günlərimdə o mənə dayaq olub. Amneziya xəstəliyindən əziyyət
çəkən anam üç gün idi itmişdi.
Heç yerdə tapa bilmirdik, Zülfiyyə
də mənə qoşulub anamı axtarırdı.
Elə anamı da xəstəxanalardan
birindən Zülfiyyə tapdı. O görüb ki,
anam "Qaragilə" mahnısını oxuyur,
yanına gedib, oradan mənə zəng vurub dedi ki, Nəsibə
xala mahnı oxuyur, onu tapmışam. Mən
bu yaxşılığı ömrü boyu unutmaram.
Zülfiyyəni çox istəyirəm və
onun dostluğunu çox yüksək qiymətləndirirəm.
Ad günün mübarək, əziz dost!".
Aktyor
Əjdər Zeynalov: "Zülfiyyə xanım çox
gözəl insandır, çox istedadlı,
bacarıqlı tərəfmüqabildir. Öz
üzərində işləməyi, rejissor
tapşırıqlarına əməl etməyi çox
sevir. O eyni zamanda da gözəl pedaqoqdur. Açığı, mən onu bədii qiraətçi
və pedaqoq kimi tanıyırdım, amma o bizim teatra gəldikdən
sonra gördüm ki, həm də gözəl
aktrisadır. Onunla bir neçə
tamaşada tərəfmüqabil olmuşam və
zövq almışam. Peşəkarla
işləmək peşəkara müsbət təsir
edir. Ondan çox razıyam. Zülfiyyə xanımın sənətkarlığı
da, rolları da göz qabağındadır. O
çox çalışqandır. Zülfiyyə
xanımın bütün xarakteri, sadəliyi, səmimiliyi,
dostluğu çox qiymətlidir. Mən
Zülfiyyə xanımın doğum gününü təbrik
edir, ona uğurlar arzu edirəm. Kollektivimiz
də, tamaşaçılar da onu çox sevir. Bir aktrisa kimi özünü
tamaşaçılara çoxdan sevdirib".
Xalq
artisti Simarə İmanova: "Deyirlər ki,
qardaşın necədir, deyir hələ yoldaş
olmamışam. Mədəniyyət və
Turizm Nazirliyinin tədbirləri ilə bağlı
Zülfiyyə xanımla çox yol yoldaşı
olmuşam. İnsanı yolda
tanıyarlar. O qədər gözəl,
qayğıkeş xanımdır, dostdur. Həddindən
artıq sədaqətli insandır. Gözəl
ailəsi, balaları var, yaxşı sənətkardır.
Zülfiyyə xanımda bütün
keyfiyyətlər toplanıb, hamısı da göz
qabağındadır. Zülfiyyə xanımı
təbrik edirəm, ona can sağlığı,
balalarının xoş gününü görməyi
arzu edirəm. Arzu edirəm ki, yaxın gələcəkdə
dövlətimiz tərəfindən ona fəxri ad verilsin.
Ona görə ki, o buna gerçəkdən
layiq bir xanım sənətkardır".
Şair
İlham Qəhrəman: "Zülfiyyə xanım bu
gün Azərbaycan səhnəsinin qazandığı
istedadlı, bacarıqlı aktrisadır. O səhnədə
hökmdar obrazından tutmuş, sadə evdar qadına
qədər obrazlar yaradıb. Obrazların
daxilinə girməyi çox yaxşı bacarır.
Bu günlərdə İrəvan Teatrı
Rus Dram Teatrının səhnəsində "Min
möhtəşəm günəş"
tamaşasının premyerasını keçirdi.
Bu tamaşada Zülfiyyə xanım da rol
almışdı. Öz rolunu elə məharətlə
təqdim etdi ki, mən bir tamaşaçı kimi
böyük zövq aldım. Onun
bacarığından, istedadından həm kino, həm
də teatr rejissorları geniş istifadə etməlidir.
Çünki o çox talantlıdır.
Gözəl bədii qiraətçidir.
Şeir deməyi ayrı bir aləmdir.
Hansı tədbirə dəvət edirsənsə,
mütləq gəlib iştirak edir. O çox
gözəl və xeyirxah insandır. Mən ona uğurlar
və can sağlığı arzu edirəm. Yaxşıların yaxşısına layiq bir
xanım dostumuzdur".
Professor
Gülşən Əliyeva: "Zülfiyyə xanım
çox səmimi, sadiq bir dostdur. Onu
haqqında "könül dostu"dur demək olar.
Çox vəfalıdır. Söyüd yarpağı kimi kövrək,
ceyran kimi hürkəkdir. Eyni zamanda
da şir ürəyi yeyib. Hər zaman
dosta gərək olmağı bacarır. Gecə də yuxudan oyadıb desən ki, mənimlə
getməlisən, heç soruşmaz ki, hara gedirik,
"hara gəlim" deyəcək. O çox mərddir.
Biz uzun illərdir onunla dostuq,
sirdaşıq. Mənə o qədər
qayğı, diqqət, nəvaziş göstərib ki, mən
ona onun qədər qarşılıq verə bilməmişəm.
Mənə elə gəlir ki, bu yolda ondan
geridə qalıram. İndiyə qədər
o mənə ona edə bilməyəcəyim yüzlərə
sürpriz edib. Hərəkətlərində,
jestlərində çox orijinaldır. Mən Zülfiyyə xanımı çox sevirəm.
Ona can sağlığı, uzun ömür, gözəl
günlər arzu edirəm".
İradə
SARIYE
Bakı
xəbər.- 2017.- 20 iyun.- S.13.