Naxçıvanın kənd turizmi...
Yay tətili günlərini
necə keçirməyi
düşünənlər bəzən seçim qarşısında qalırlar. "Hara
getməli, istirahət
üçün sərfəli
ünvan haradır"-
suallarına cavab axtarırlar. Təbii ki, şəhərin səs-küyündən uzaq,
fərqli mühitdə
dincəlmək istəyənlər
adətən kənd
turizminə üstünlük
verir. Turizmin bu növü getdikcə populyarlığını
artırmaqdadır. Dağların qoynunda, füsunkar təbiət mənzərələri
ilə zəngin, sadə, kiçik bir kənd evində
yaşamaq 5 ulduzlu otellərdə qalmaq arzusunu bəzən üstələyir. İstirahətini kəndlərdə
keçirmək istəyənlər
heç də yanılmırlar.
Naxçıvan kəndləri turistlərə
nəyi vəd edir?
Naxçıvan Muxtar Respublikasında
aparılan genişmiqyaslı
quruculuq işləri,
yaradılan müasir
infrastruktur, yaşıllıqların
artırılması, tarixi
abidələrin bərpası istiqamətində həyata
keçirilən çoxşaxəli
tədbirlər bu qədim diyarda turizmin bir sıra növlərinin
inkişafı üçün
real zəmin hazırlayıb. Tarixi-mədəni, dini, sağlamlıq turizmi ilə yanaşı, kənd turizminin də inkişafı üçün
muxtar respublika geniş potensiala malikdir. Ən ucqar dağ kəndlərinədək çəkilən
abad yollar, yaşayış məntəqələrinin
qaz, su, elektrik, rabitə və internetlə təminatı, bütün
bölgələri əhatə
edən quruculuq tədbirləri də buna şərait yaradır. Təbii ki,
əhalinin kənd təsərrüfatının ayrı-ayrı növləri
ilə məşğul
olması, qonaqpərvərliyi
və zəngin süfrə mədəniyyəti
də buna öz təsirini göstərir.
Nəzərə alsaq ki, əhalinin 70 faizi kəndlərdə yaşayır,
o zaman kənd turizminin muxtar respublika iqtisadiyyatı
üçün nə
qədər əhəmiyyətli
olduğunu bir daha görərik.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin xətti ilə keçirilən maarifləndirici
tədbirlər də
bu sahənin inkişafına istiqamətlənib.
Əhalinin iştirakı ilə keçirilən
həmin tədbirlərdə
kənddə istirahət
etmək istəyən
turistlər üçün
normal şəraitin
yaradılması ilə
turizm mövsümü
ərzində yaxşı gəlirlər
əldə etməyin
mümkünlüyü diqqətə
çatdırılır.
Həyata keçirilən məqsədyönlü tədbirlər
öz bəhrəsini
verib. Əgər əvvəllər ancaq Batabata gedən yolun üstündə yerləşən Biçənəkdə
evlər kirayə verilirdisə,
bu gün artıq demək olar ki, belə
təcrübə muxtar
respublikamızın digər
bölgələrinə də yayılıb. İndi ən səfalı kəndlərimizdə - Xanəgahda, Ağbulaqda, Dırnısda,
Şahbulaqda, Küküdə
və onlarla belə yaşayış
məntəqələrində turistlərə evlər
təklif olunur. Artıq 40-dan çox kirayə ev haqqında məlumat Naxçıvan Turizm İnformasiya Mərkəzinin
saytında (turizm.nakhchivan.az) yerləşdirilib.
Muxtar respublikada
turizm sahibkarlığının
da inkişafına
diqqət yetirilir. Kənd turizminin inkişafı məqsədilə
İqtisadiyyat Nazirliyi
tərəfindən kreditlər
verilir.
İlk istirahət
mərkəzi müstəqillik
illərində Ağbulaqda
salınıb. Ağbulaq
İstirahət Mərkəzi
kənd turizminin tətbiq olunduğu ilk məkan kimi diqqəti çəkir. Həmin mərkəzin yerləşdiyi
bu kənd gözəl mənzərəsi,
flora və faunasının zənginliyi
ilə seçilir. Bu məkanın qapıları yüksək
səviyyəli xidmətləri
ilə ilin bütün fəsillərində
hər kəsin üzünə açıqdır.
Muxtar respublika kəndlərinin
füsunkar təbiət
mənzərələri həyata keçirilən
quruculuq tədbirləri
ilə vəhdət təşkil edir. İndi hansı səmtə üz tutsan, kənd yaşayış məntəqələrində
ancaq rahat yollarla, müasir memarlıq üslubunda
ucaldılan binalarla
və şübhəsiz,
gözəl təbiət
mənzərələri ilə qarşılaşacaqsan.
Onu da bildirək
ki, turistlər Naxçıvan kəndləri
üçün yeni
model olan xidmət mərkəzlərindən
də istifadə edə bilərlər.
Gözəl təbiət mənzərələrinə
malik bir sıra kəndlər həm də dünya əhəmiyyətli
tarixi abidələrilə
tanınır. Culfa istiqamətində
belə abidələrdən
Əlincə qalasını,
Gülüstan türbəsini
və Xanəgah Abidələr Kompleksini
misal göstərə
bilərik. Həmin
abidələrə artan
maraq bu kəndlərdə turizmin
inkişafını qaçılmaz
edib.
Ərəfsə pirinin və
Əlincə çayının
üzərində tikilmiş
orta əsrlərə
aid daş körpü, dörd bir tərəfi əzəmətli dağlarla
əhatələnmiş səfalı guşələri
olan Ərəfsə
kəndini istirahət məqsədilə
seçənlər buradakı
kirayə evlərdən
faydalana bilərlər.
Qızmar yay
günlərində istirahət
üçün ideal
məkan kimi Ordubad rayonunun kəndlərini seçənlər
də az deyil. Buna misal
olaraq Pəzməri
kəndini göstərmək
olar. Təbiət öz səxavətini bu kənddən əsirgəməyib. Qaplançay,
Pəzməri şəlalələri,
zəngin təbiəti,
dumduru bulaq suları bu kəndi məşhurlaşdırıb.
Onu da qeyd
edək ki, Pəzməri rayonun kiçik yaşayış
məntəqələrindəndir. Lakin təbiətinin zənginliyinə
görə daha çox turist cəlb etmək imkanına malikdir. Əzəmətli dağlarla
əhatə olunan və yaşıllıqlar
arasından boy göstərən kənd
gözəlliyi ilə
göz oxşayır.
Kənd yaşıl
turizm həvəskarları
çox da tələbkar deyillər.
Turizmin bu növü ilə məşğul olmaq üçün minimal tələblərə cavab
verən kənd evləri kifayət edir. Bağçaları
barlı-bəhərli, süfrələri
zəngin olan Dırnıs kəndinin
sakinlərinin də
qapısı qonaqların
üzünə həmişə
açıqdır. Dırnısda
evlərin əksəriyyəti
mənzərəli ərazidə,
çay kənarında
yerləşir.
Məlumat üçün bildirək ki, sovet dövründə təbiətinin zənginliyinə,
iqliminə görə
düşərgə salınan
kəndlər Dırnıs,
Ağbulaq, bir də Şərur rayonunun Şahbulaq kəndləri olub. Hər yay dövrü məktəblilər bu ərazilərdə istirahət
ediblər. O dövrdə cəlbedici
amil bu yerlərin
təbiəti olub. Bu gün isə
vəziyyət tam fərqlidir.
Yəni
kənd yaşayış
məntəqələrimiz yalnız məktəbliləri
deyil, xarici turistləri də qəbul edə biləcək səviyyədə
inkişaf edib.
Hər il yüzlərlə
turist şəhərlərin
səsli-küylü həyatından
uzaq olan təbiətin qoynunda dincəlmək üçün
səfalı yerlərə
üz tutur. Bu mənada, hər
bir turist rahatlıqla növbəti
dəfə Şahbulağı
seçə bilər.
Sərt görkəmi ilə yolu hər iki tərəfdən çəpərləyən dağlar da buradadır,
suyu ilə ürəklərə sərinlik
verən buz bulaqlar da. Əzəmətli dağlar bu
kəndi üzük qaşı kimi əhatəyə alıb.
Bu yerlərin gözəl
təbiəti insanlarının
da ruhuna sirayət edib. O qədər mehribandırlar
ki, hansı qapını açsan,
səni doğmaları
kimi qarşılayacaqlar.
Turizmin
inkişafına səbəb
olan amillərdən
biri də elə qonaqpərvərlikdir.
Çünki kənd yaşıl
turizminin inkişafı
yerli sakinlərin təşəbbüskarlığı və qonaqpərvərliyindən
çox asılıdır.
Turisti cəlb edən məqamlardan biri də mətbəxdir. Biz özümüz də hər hansısa bir ölkəyə getdikdə əvvəlcə
mətbəxi ilə
maraqlanırıq. Əgər mətbəx zəngin, yeməklər dadlıdırsa,
heç zaman yediyimiz yeməklərin
ləzzətini unutmarıq.
Naxçıvan mətbəxi də
bu cəhətdən
turistlərin diqqətini
cəlb edir.
Torpaqdan ikiəlli yapışan
kənd adamlarının
həyətlərindən məhsulları yığmaqla
bitməz. Burada, necə deyərlər,
bir quş südü çatmır.
Arıçılıq kənd adamlarının
əsas məşğuliyyətlərindəndir.
Bununla belə, meyvələrdən
cürbəcür kompot,
mürəbbə hazırlayar,
süfrələrini əllərinin
əməyi olan nemətlərlə zənginləşdirərlər.
İstehsal etdikləri,
öz zəhmətlərinin
bəhrəsi olan məhsullar - bal,
şor-kərə, qatıq,
pendir digər kənd məhsulları
- ətdən hazırlanan
cürbəcür yeməklər,
bağdan yenicə dərilib gətirilən
dadlı-tamlı meyvələr
süfrələrinin bərəkətidir.
Bir sözlə, süfrədə
nə varsa, ekoloji cəhətdən
saf, insan orqanizmi üçün
faydalı məhsullardır.
Ən əsası, bu yerlərin saf havası, gözəl mənzərəsi insanın
ruhunu qidalandırır.
Turist bir ölkəyə səfər
etdikdə onu maraqlandıran məqamlardan
biri də həmin yerin insanlarının məşğuliyyəti,
adət-ənənəsi olur. Bu gün Naxçıvanın
kəndlərində xalq
sənətkarlığının ayrı-ayrı sahələrini
yaşadan sənətkarlar
da az deyil.
Dəfələrlə muxtar respublikada
keçirilən sərgilərdə
iştirak edən sənətkarların əl
işi hədiyyəlik
əşya olaraq da turistlər üçün
maraq kəsb edə bilər.
Yay tətilini mənalı
keçirmək üçün
ölkə sərhədlərindən
kənara çıxmaq
şərt deyil. İstirahətinizi səmərəli keçirməyi
düşünürsünüzsə,
uca dağların qoynunda yerləşən,
şəfalı bulaqları,
təmiz havası, gülərüz insanları
ilə Naxçıvan
kəndləri sizi gözləyir.
Ruhiyyə RƏSULOVA
Bakı
xəbər.- 2017.- 17-18 iyun.-
S.14.