Xalq sənəti növlərimizin
qorunması üçün dövlətdən subsidiyalar ideyası
gündəmdə...
həyə
sırf dövlətdən subsidiyalar ayrılması nəzərdə
tutulursa..."
Bildiyimiz kimi, Azərbaycanda müxtəlif xalq sənəti
növləri mövcuddur və həm paytaxtda, həm də
bölgələrdə bu işlə məşğul
olan sənətkarlar var. Əvvəlki illərlə
müqayisədə indi xalq sənətinə maraq
daha da artıb, gənclər də bu işə meyl
göstərməkdədir. Tarixən xalq tətbiqi
sənət növlərindən olan
xalçaçılıq minillərdir inkişaf edir,
müxtəlif xalça məktəbləri
formalaşıb.
Bu gün
də həmin sənətə maraq var. Hazırda
xalçaçılıq, təkəlduz, tikmə,
toxuculuq, papaqçılıq, misgərlik, dəmirçilik,
ağacoyma, sazbəndlik, tarbəndlik, kamança
bağlamaq, zurnaçılıq, dulusçuluq, şəbəkə,
ipəkçilik, keçəçilik və s. xalq sənəti
növləri geniş yayılıb. Əlbəttə,
bu işdə dövlət sənətkarlara dəstək
olur. Bununla belə, bir qisim xalq sənəti
ilə məşğul olan sənətkar bildirir ki, sənət
növlərinin daha geniş yayılması və gənclərin
bu işə kütləvi cəlb edilməsi
üçün daha böyük dəstəyə ehtiyac
var. Sənətkarlar arzu edir ki, xalq sənəti növlərinə
subsidiyalar ayrılsın. Doğrudur,
məhdud sayda sənət növləri ilə məşğul
olan insanlar kiçik subsidiya və yardımlardan
istifadə edir. Halbuki, bunun daha
geniş miqyas alması arzuediləndir.
Qeyd edək ki, tarixən bir sıra xalq sənəti
növləri nəsildən-nəslə
ötürülüb, daha dəqiq desək, bu sənətlər
atadan oğula keçib. Yəni bu sənətlər
ailələr tərəfindən inkişaf etdirilib.
Bu gün də şəbəkə,
papaqçılıq, dulusçuluq, misgərlik, sazbəndlik
kimi xalq sənəti növlərində bu ənənə
qorunur. Bu sənət növlərinin
çoxunun geniş bazarı olmadığı
üçün, nəslin sonrakı üzvləri ona elə
də maraq göstərmir.
Ümumiyyətlə, bu sahəyə subsidiya
ayrılsa, sənətkarlar yeni emalatxanalar, sexlər
yaradıb sənəti daha da inkişaf etdirər. Bildirək ki, bir neçə
il əvvəl
xalçaçılıqla məşğul olanlar yeni
xalçaçılıq sexləri açmaq
üçün dəstəyə ehtiyac olduğunu
deyirdi. Bu qəbildən olan sexlərin
subsidiya, maliyyə baxımından təmin
olunması onların ayaqda durmasına vasitə olar.
Bu gün xalq sənəti ilə məşğul
olanlar əsasən satdıqları mallardan əldə
etdikləri vəsait hesabına işlərini davam
etdirir. Amma elə sənətkar da var
ki, müştəri qıtlığından ayda-ildə
bir dəfə mal satır, ya satmır. Bu
da onun məşğul olduğu sənətə daha
isti münasibət göstərməsinə mane olur.
Məsələn, bir müddət əvvəl
məşhur şəbəkə ustası Rafiq
Allahverdiyevin sexində olduq və oradan reportaj
hazırladıq. Şəbəkə
ustası da bildirirdi ki, bu sahənin inkişafı
üçün banklar tərəfindən kreditlər
ayrılmalı, ya dövlət, ya da hansısa qurumlar
bu sahəyə maliyyə himayəçiliyi göstərməlidir.
Sənətkar açıq şəkildə
qeyd edirdi ki, şəbəkə üçün gərək
olan materialları əsasən xaricdən alır və
bu da baha qiymətə başa gəlir. Usta Rafiq tək deyil, başqa sənətkarlar
da eyni qənaəti bölüşür. İnanırıq ki, dövlət bu sahələrin
inkişafına təkan vermək məqsədilə
onlara subsidiyalar ayrılması üçün tədbirlər
həyata keçirəcək. Çünki
bölgələrdə xalq sənəti ilə məşğul
olan ustalara özünüməşğulluq
proqramı çərçivəsində müəyyən
subsidiyalar, maliyyə köməkliyi göstərilib.
Düzdür, bu tam olaraq bütün
rayonları əhatə etmir, amma müəyyən
gözləntilər var.
Sənətşünas Səkinə Baharlı
bizimlə söhbətində qeyd etdi ki, bu sənət
növlərinin inkişafında dövlət
maraqlıdır. Xalq sənəti növlərinin daha geniş
miqyasda yayılması və bu işin daha mütəşəkkil
şəkildə qurulmasına ehtiyac var. Sənət
nümunələrinin hazırlanması
üçün tələb olunan materialın hədsiz
baha olduğunu deyən sənətşünas bildirir
ki, bu sahəyə subsidiyalar ayrılsa, daha
yaxşı olar: "Azərbaycanda xalq sənəti əsrlər
boyu yaranıb, formalaşıb. Ölkəmiz
tarixən sənətkarlıq mərkəzlərindən
biri olub və bu gün də sənətkarlıq mərkəzi
kimi yenidən öz yerini tutmaqdadır. Onu da
vurğulayaq ki, xalq sənəti növlərinin
inkişafında birbaşa dövlətin əməyi
var. Bilirik ki, Şəkidə ipəkçilik, milli mətbəx,
İsmayıllıda misgərlik, başqa bir rayonda
dulusçuluq, Tovuzda, Gəncədə, Qazaxda sazbəndlik,
digər bir bölgəmizdə dəmirçilik,
papaqçılıq inkişaf etdirilir. Hazırda
Azərbaycanın xalq sənətkarları eyni zamanda
Bakıda fəaliyyət göstərir. Hazırda
şəhərimizdə sazbənd emalatxanaları,
zurna-balaban və digər nəfəs alətləri
ustalarının sexləri, xalça sexləri,
dulusçu, misgər və s. məkanları öz
işini davam etdirir. Papaqçı
dükanları da Bakının bir neçə yerində
papaq həvəskarlarının ziyarət yerinə
çevrilib. Vaxtaşırı olaraq
Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi və rayon icra hakimiyyətləri birləşərək
Azərbaycan xalq sənəti sahələrinin
inkişaf və təbliğ etdirilməsi məqsədilə
sərgilər təşkil edir. Bir
müddət əvvəl İsmayıllı rayonunda
xalçaçılıq, dulusçuluq, misgərlik,
ağac üzərində oyma sənətinin nümunələri
və İsmayıllının sosial-iqtisadi
inkişafını və turizm infrastrukturunun vəziyyətini
əks etdirən geniş tədbir-sərgi
keçirilib. Bu ənənə
başqa rayonun timsalında da özünü göstərir.
"Azərbaycan-2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası Azərbaycanın
mədəni irsinin qorunması və səmərəli
idarə edilməsilə bağlıdır".
O, həmçinin,
bildirdi ki, Azərbaycanda dövlət səviyyəsində
xalq sənəti növlərinin qorunması və təbliğatı
sahəsində əvəzsiz işlər
görülür. Sənətşünasın
sözlərinə görə, Azərbaycan xalqı
yaradıcı xalq olduğu üçün, qədim
dövrlərdən başlayaraq təbiətin onlara bəxş
etdiyi xammaldan səmərəli şəkildə
istifadə edib. Bu xammaldan öz həyatı,
məişəti, mədəniyyəti üçün əhəmiyyətli
olan məmulatlar hazırlayan sənətkarlarımızın
sənəti həm ictimaiyyət, həm də dövlət
tərəfindən dəstəklənir. Onun
sözlərinə görə, Azərbaycan mədəniyyətinə
şərəf gətirən qədim sənət
növlərimizin geniş yayıldığı
bölgələr Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident,
Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım
Əliyevanın tez-tez ziyarət etdikləri məkanlar
kimi xarakterizə olunur. Hətta ölkəmizə gələn
ali qonaqlar da bu məkanlara baş
çəkməkdə maraqlıdır: "Prezident və
xanımı xalq sənətinin vətəni olan
yurdlarımıza daim sayğı bəsləyir. Qəbələ, İsmayıllı, Şəki,
Gəncə, Gədəbəy, Lənkəran və
başqa rayonlarda sənətkarlıq öz qədim ənənələrini
qoruyaraq saxlaya bilib. Azərbaycanın
daxilində xalq sənəti növləri geniş səviyyədə
inkişaf edib. Amma sənətkarlarımız
xarici bazarlara çıxmaqda çətinlik çəkir.
Hesab edirəm ki, bu sahədə tədbirlər
görülməlidir. Bu sənət
növləri Bakıda - İçərişəhərdə,
Fəvvarələr meydanında, eyni zamanda, şəhərimizin
əntiq mallar dükanlarında satılır. Bunu daha çox yerli sakinlər və turistlər
alır. Bir məsələ də var ki,
xalq sənəti ilə məşğul olan ustalara
subsidiya ayrılsa, onlar öz işlərini daha da
genişləndirə bilər. Bu sənət
növlərinin qorunması həm də
dayanıqlı maliyyə ilə bağlıdır.
Subsidiyalar ayrılsa, sənətkarlar bu
işə daha ürəklə yanaşar. Elə sənətkar var ki, işləmək istəyir,
amma material almağa pulu yoxdur. Ailələr
var ki, ailə şəklində xalq sənəti
nümunələri hazırlamaqla məşğuldur.
Onlara subsidiyalar verilsə, daha
faydalı olar. Çünki bu həm də
özünüməşğulluğun təmin
olunması demək olardı".
Əməkdar
incəsənət xadimi, sənətşünas
Ziyadxan Əliyev bizimlə söhbətində xalq sənətinə
subsidiyaların ayrılmasına yaxşı
baxdığını dedi. Z.Əliyevin sözlərinə
görə, bu, sənətkarlığın
inkişafına dəstək ola bilər:
"Sovet dövründə xalq sənəti növlərinin
inkişafına xüsusi maraq vardı. Ona görə
də bu sənət növləri geniş intişar
tapdı. Bu gün də sənətin
inkişafına maraq var. Amma daha geniş səviyyədə
olmalıdır. Sənətkarlar var
ki, öz işlərini üzə çıxara bilmir.
Bu da onların maliyyə
dayaqlarının zəif olması ilə
bağlıdır. Subsidiyalar
ayrılsa, onlar ortaya daha monumental işlər qoya bilər.
Bu gün xalq sənəti növlərinin
daha yüksək səviyyədə inkişaf etdirilməsi
lazımdır".
Tanınmış keçəçi rəssam Rauf
Əbdülhüseynoğlu "Bakı-Xəbər"in
qaldırdığı təşəbbüsü
alqışladı. Sənətkar bildirdi ki, xalq sənəti növlərinə
subsidiyaların ayrılması bu sahənin daha
yüksək səviyyədə inkişafına təkan
verəcək: "Bu gün Azərbaycanda xalq sənəti
növləri ən müxtəlifdir. Bizdə
bu sahə çox zəngindir.
Xalçaçılıqdan tutmuş, keçəçiliyə,
kətan sənətinə, dulusçuluq, misgərlik,
papaqçılıq və s. qədər bütün
xalq sənəti nümunələri var və burada
çox dəyərli sənətkarlar işləyir. Doğrudur, onlara subsidiyaların
ayrılması lazımdır. Subsidiyalar
ayrılsa, sənətkarlar emalatxanalarını,
sexlərini daha da genişləndirər. Amma bir məsələ də var ki, maliyyə
çatışmazlığı heç vaxt peşəkar
sənətkarı sarsıda bilməz. O sənətkardırsa,
heç kəsə fikir vermədən öz işi ilə
məşğul olacaq. Çox zaman "pul
yoxdur" deyənlər, pula görə işləyənlər
qeyri-peşəkarlar olur. Mən
özüm keçəçiliyi peşəkar səviyyəyə
qaldıran rəssamam, amma heç vaxt pula görə
işləmirəm. İşləyirəm,
o işin onsuz da gec-tez müştərisi olur. Çalışıram ki, istədiyimi yaradım,
pulu fikirləşsəm, bu alınmayacaq. Hamının pula ehtiyacı var, amma sənəti
pula bağlamaq düzgün deyil. Bir
halda ki, sənətkar peşəkardır, o istədiyini
yaradacaq. Elə sənət növləri
var ki, onların hazırlanması üçün
xaricdən material tələb olunmur, onların
yaranmasına öz təbiətimizdə olanlar bəs
edir. Məsələn, dulusçunun
gili yanında, peçi yanında, o, xaricdən
hansı məhsulu alasıdır ki? Amma
elə sənət növləri də var ki, onlar
üçün material alınmalıdır. Bununla belə, sənətkar işini görməlidir.
Bu, məsələnin bir tərəfi.
Dövlət sənəkarlara, sənət
növlərinin inkişafına dəstək verir.
Subsidiyalar da verilsə, bu daha yaxşı
olar, sənətə daha da təkan olar".
İqtisadçı
Natiq Cəfərli isə bizimlə söhbətində
qeyd etdi ki, xalq sənəti növlərinin inkişaf
etdirilməsinə subsidiyalar ayrılması
işində dövlətdən daha çox özəl
şirkətlər, qurumlar rol oynamalıdır:
"Əslində, xalq sənətinin inkişafı
üçün subsidiyaların ayrılması
mümkündür. Bu sahəyə sırf
dövlətdən subsidiyalar ayrılması nəzərədə
tutulursa, dövlət bu işi boynuna götürməyə
də bilər. Bir sıra ölkələrin
təcrübəsi var. Xalq sənəti növlərinə
və öncədən gəlirliyi aşağı olan
sahələrə subsidiyalar verən və sponsorluq edən
iri şirkətlərə vergi güzəştləri
nəzərdə tutulur. Mənə
belə gəlir ki, dövlət birbaşa büdcədən
pul ayırıb onun harasa bölüşdürülməsi
ilə məşğul olmamalıdır. Böyük şirkətlərə
çağırışlar edilməlidir ki, onlar xalq sənəti
ilə məşğul olan dərnəklərə, sexlərə,
fərdi sahibkarlara fərdi şəkildə müəyyən
sponsorluq dəstəyi göstərsin və müəyyən
vergi növlərindən güzəştlər əldə
etsin. Bu daha effektiv olur. Çünki birbaşa yeni biznes növü ilə
körpü yaranır və gələcəkdə yeni
ideyalar, həmin sahənin inkişafı
üçün addımlar atıla bilir".
İqtisadçı bildirdi ki, dövlət xalq sənəti
ilə məşğul olan şəxslərə, sexlərə,
emalatxanalara bir neçə illik kommunal xidmət
haqları ilə də bağlı güzəşt edə
bilər, bu da onlara dəstək sayılar. "Fikrimcə,
bu işlə məşğul olanları ən azından
5 illik vergidən azad etmək olar. Onlar
kommunal xərclərdən azad oluna bilər. Yəni belə dolayı subsidiyalardan da
istifadə edilə bilər. Hesab edirəm
ki, büdcənin indiki vəziyyətini nəzərə
alsaq, sənətkarlara, xalq sənəti növləri
ilə məşğul olanlara dolayı
subsidiyaların verilməsi daha effektiv olar" - deyə
N.Cəfərli bildirdi.
İradə
SARIYEVA
Bakı xəbər.- 2017.- 8 iyun.- S.15.