Tarixdə
iz buraxanlar: I Dara
Əhəmənilər imperiyasının
qüdrətli hökmdarı I Dara e.ə.550-ci ildə
padşah sülaləsinə yaxın olan Gəştaspın
ailəsində anadan olub. Gəştasp
Böyük Kirin yaxınlarından hesab olunurdu. II Kir massagetlər üzərinə
yürüş edərkən yuxusunda Daranı
çiyinlərində nəhəng qanadları
olduğu şəkildə görüb. Qanadların biri Asiya, digəri isə Avropa
üzərinə kölgə salırdı.
O vaxt
Dara çox gənc idi və yürüşdə
iştirak etmirdi. II Kir Gəştaspı
yanına dəvət edərək bildirir ki, onun oğlu
hakimiyyəti ələ keçirmək istəyir.
O isə cavabında deyir ki, oğlu belə bir addım
atarsa, onu öz əli ilə məhv edər. Fəqət
II Kir massagetlərlə döyüşdə
öldürülür və hakimiyyətə oğlu
Kambis keçir. Kambis Kirin yuxusu barədə
heç nə bilmirdi və Dara etimad göstərərək
onu özünün şəxsi mühafizəçisi
etdi. Məlumdur ki, Kambis Misirə
yürüşə çıxarkən öz
adamlarına kiçik qardaşı Bardini aradan
götürmək tapşırığı
vermişdi. Hökumət yola
düşəndən bir qədər sonra Bardi yoxa
çıxır. Fəqət onun necə
öldürüldüyündən heç kimin xəbəri
olmur. Bundan istifadə edən
midiyalı kahin Qaumata hakimiyyəti ələ
keçirir və özünü Bardi elan edir. Bunu gizli saxlamaq üçün o, saraydakı
otağından çıxmır və ölkəni
öz qardaşı vasitəsilə idarə edir.
Qızını Bardiyə ərə verən Otan Qobri
adlı fars əyanı kürəkəninin
üzə çıxmamasından şübhələnərək
qızına bunu aydınlaşdırmağı
tapşırır. Qızı
atasının tapşırığını yerinə
yetirir. Hökmdarın heç də
Bardi yox, Qaumata olduğunu bilən Otan Qobri sarayın 7
nəfər ən nüfuzlu əyanını bir yerə
toplayır və məsələdən onları xəbərdar
edir. Onlar yalançı
hökmdarı öldürmək qərarına gəlirlər.
Bu vaxt Dara da qəsdçilərin arasında idi. Dara təklif
edir ki, nə qədər ki, Qaumata bu işdən xəbər
tutmayıb, mütləq bu gecə gizləndiyi otağa
gedib onu öldürmək lazımdır. Eyni
zamanda Dara tələb edir ki, qəsd planının gizli
qalması üçün heç kim
gecəyə qədər toplandıqları otaqdan kənara
çıxmamalıdır. Gecə isə
hamı birlikdə şah sarayına
yollanmalıdır.
Keşikçilər bu əyanları yaxşı
tanıdıqlarından, onların saraya daxil
olmalarına mane olmurlar. Onları görən
kimi qardaşlar başa düşür ki, sirrin üstü
açılıb. Qaumata xəncərini
götürərək qaçmaq üçün cəld
o biri otağa keçir. Maqın
qardaşı isə qapının ağzını kəsməyə
cəhd göstərir. Dara və Otan
Qobri Qaumatanın qaçdığı otağa daxil
olur. Otaq qaranlıq idi. Qobri Qaumata ilə əlbəyaxa olur. Kahinin ona güc gəldiyini görərək
Daranı köməyə çağırır və
qılıncla zərbə endirməyi tələb edir.
"Qorxuram səni öldürəm", -
deyə Dara cavab verir. Otan Qobri: "İkimizi də
vur" - deyə qışqırır. Dara
qaranlıqda qılıncı endirir. Təsadüfən qılınc Qaumatanı
tutur və o, aldığı yaradan ölür.
Sui-qəsdçilər əyanları saraya
toplayaraq baş verənlər haqqında onları məlumatlandırırlar. Kambisin kişi
nəsli kəsildiyi üçün hökmdar
taxtına oturtmağa heç kim qalmamışdı. Odur ki, saray əyanlarından biri təklif edir
ki, Yunanıstanda olduğu kimi, İranda da
Ağsaqqallar şurası yaratsınlar. Fəqət
Dara buna etiraz edir: "Xalq hakimiyyəti yunanlar
üçün yaxşıdır. Biz isə
yunan deyil, farsıq. Padşahımız
olmayanda midiyalılara tabe idik. Sonra
bizim Kir hökmdar oldu və farslara azadlıq bəxş
etdi. Başqa xalqın adətini
götürüb özümüzünkündən
imtina etmək bizə yaraşmaz".
Hamı bu fikirlə razılaşır. Onlar qəsd
iştirakçılarından bir nəfəri
padşah seçmək barədə razılığa
gəlir. Sözü bir yerə qoyurlar
ki, səhər hamısı atlanıb şəhər
darvazasından çıxsın. Şəhərdən
çıxandan sonra kimin birinci olaraq atı kişnəsə,
o da padşah olsun.
Daranın mehtərlərindən biri çox
ağıllı idi. O, öz ağasına kömək göstərmək
qərarına gəlir. Daranın
ilxısındakı atlardan birinin yenicə balası
olmuşdu. Mehtər gecə ikən bu
dayçanı götürüb şəhər
darvazasından kənara çıxarır və
yaxın bir yerdə gizlədir. Səhər yeddi fars əyanı atları minərək
şəhəri tərk edir. Az sonra
Daranın mindiyi at balasının iyini alaraq kişnəyir.
Digər əyanlar atdan düşərək
ona baş əyir. Beləliklə, Dara
bu hiylə vasitəsilə Əhəməni
hökmdarı (e.ə. 522-486) olur.
Kambisin ölümündən sonra tabe edilmiş
xalqlar azadlıq əldə etmişdilər. I Daranın
ilk işi bu xalqları yenidən Əhəməni
imperiyasına tabe etmək oldu. Bu məqsədlə
o, güclü ordu yaradır. I Dara
Babili, Midiyanı, Finikiyanı, Misiri, hətta
Hindistanın bir hissəsini tabe edərək bu əraziləri
yenidən Əhəməni imperiyasının tərkibinə
qatır. Sonra Aralıq dənizinin
Kiçik Asiya sahillərindəki yunan şəhər-dövlətlərini
tabe edir. Artıq Əhəmənilər
imperiyasının sərhədləri Hindistandan
Afrika səhralarına və Aralıq dənizinin
Avropa sahillərinə qədər uzanırdı.
Belə bir nəhəng ərazili imperiyanı
idarə etmək elə də asan deyildi. Ən sürətli
qasidlər belə ölkənin mərkəzindən xəbəri
hər hansı bir ucqar əraziyə yalnız yarım il müddətinə
çatdırırdı. Ona görə də
I Dara inzibati islahat keçirir və dövləti
ayrı-ayrı inzibati vahidlərə -
satraplıqlara bölür. Satraplığı
idarə etmək üçün oraya hakimlər -
satraplar təyin edir.
I Daranın göstərişilə
satraplıqlarla imperiyanın yeni paytaxtı Suzu birləşdirən
rahat yollar inşa olunur. Bu yollar arasında
bir-birindən çox da uzaqda olmayan rabitə
dayanacaqları salınır və onlar atlarla təchiz
olunur. Qasidlər bu dayanacaqlarda
qısa müddətdə dayanır, atları dəyişərək
sürətlə çapır, beləliklə
hökmdar fərmanlarını imperiyanın
paytaxtından o dövrə görə ən qısa
zamanda satraplara çatdırırdılar.
I Dara ölkə daxilində işləri nizama
saldıqdan sonra Qara dənizin şimal sahillərindəki
ucsuz-bucaqsız çöllərdə yaşayan iskitlər
üzərinə yürüşə
hazırlaşır. İskitlər ölkəsinə yol
Dunay çayından keçirdi. I
Daranın əmrilə tabe edilən yunan şəhərlərindən
gətirilən ustalar Dunay üzərindən
körpü salırlar. Daranın
müxtəlif xalqların nümayəndələrindən
ibarət ordusuna körpüdən keçmək
üçün bir neçə gün vaxt sərf olunur.
Əhəməni hökmdarı körpünün
yanında yunan muzdlularından ibarət kiçik bir
mühafizə dəstəsi saxlayıb onun
başçısına altmış yerdən
düyün vurulmuş bir kəndir verərək deyir:
"Gündə bir düyün açarsan. Altmışıncı
düyünü açana kimi mən qayıtmasam, deməli
qalib gəlmişəm və İrana Qafqaz tərəfdən
qayıdıram. Onda körpünü
dağıdıb sən də öz dəstənlə
geri qayıdarsan".
Fars
ordusu körpünü keçdiyi ilk gündən iskit
atlı dəstələrinin həmlələri
ilə üzləşdi. Onlar ox məsafəsinə
yaxınlaşır, farsları ox atəşinə
tutur, bir anda çöllükdə gözdən itirdilər.
Fars əsgərlərinin oxu bu məsafəyə
çatmırdı. Beləliklə,
günlər bir-birini əvəz edir, farslar heç vaxt
iskitləri həlledici döyüşlərə cəlb
edə bilmirdilər. Nəhayət, təngə
gələn I Dara öz elçisini iskitlərin
yanına göndərir.
Elçi
iskit başçısı İdantirusiyaya deyir: "Nə
üçün siz bizdən qaçırsınız? Özünüzü güclü hesab edirsinizsə,
bizimlə açıq döyüşə girin. Yox, qorxursunuzsa, təslim olun. Daraya bir ovuc torpaq, bir qab su göndərib itaət
etdiyinizi bildirin." İdantirusiya isə
cavabında belə deyib: "Biz heç bir yerə
qaçmırıq, köç edirik. Biz
köçəri xalqıq, bura da bizim çöllərdir.
Lap qədimdən bu çöllərdə
köç etmək bizim adətimizdir."
Elçi "Yaxşı, mən Daraya nə
çatdırım?"- deyə sorduqda,
İdantirusiya: "Ona bizim hədiyyəmizi
çatdır," - deyərək iskit
başçısı elçiyə bir zənbil verir.
Əhəməni düşərgəsinə
qayıdan elçi zənbili Daraya təqdim edir. O, zənbilin
ağzını açan kimi onun içindən bir
quş qanad çalıb uçur, sonra bir siçan
qaçır, onun dalınca da bir qurbağa tullanır.
Zənbilin dibində isə bürünc ucluqlu beş ox qalır. Dara sevincək deyib:
"Nəhayət, onlar mənə təslim oldular. Quş havada uçur, siçan yerdə gəzir,
qurbağa da suda olur. Deməli, onlar bu
çöllərin havasını da,
torpağını da, suyunu da mənə təslim edirlər.
Özləri isə silahlarını,
oxlarını yerə qoyurlar."
İskit
adət-ənənələrini yaxşı bilən əyanlardan
biri etiraz edərək belə deyir: "Padşah sağ
olsun, əslində bu hədiyyələrin mənası
belədir: quş olub havaya qalxsanız da, siçan olub
yerə girsəniz də, qurbağa kimi suda gizlənsəniz
də, bizim oxlardan yaxanızı qurtara bilməyəcəksiniz".
Hadisələrin sonrakı gedişi əyanın
dediklərinin doğru olduğunu sübut edir. Dara əmin
olur ki, iskitlərin təslim olmaq fikri yoxdur. O,
müşavirə çağıraraq deyir:
"İskitlər azadlığı qızıldan
üstün tuturlar. Onlara bəzəkli
parça və qiymətli qablar lazım deyil. Onları Misir kahinləri, finikiyalı və
babilli tacirlər kimi daş-qaşla tamahlandırmaq
olmaz. Biz onlara qalib gələ bilməyəcəyik,
ona görə də geri qayıtmaq lazımdır".
İskitlər geri çəkilən düşmənə
dinclik vermir, hər gün onların dəstələri
üzərinə ox yağdırırlar. Artıq
yürüşün başlanmasının
altmışıncı günü tamam olur. Keşikçi dəstənin komandiri sonuncu,
altmışıncı düyünü açır.
Daha ipdə düyün
qalmamışdı. Yunan
muzdluları iskitlər tərəfdən
körpünün dağıdılmasına
başlayır. Gecəyarısı fars
ordusu gəlib sahilə çatır. Körpünün
dağıldığını görən Daranın əhvalı
pozulur. Onun ordusunda olan bir misirli
yüksək səslə qışqırıb
keşikçiləri səsləyir. Başçı bu səsi eşidir və
qayıqlarla üzüb gələn keşikçi dəstələri
tezliklə körpünün dağılmış hissəsini
bərpa edir. Fəqət baş verən İskit səfəri
fars ordusunun ilk məğlubiyyəti
olur. Əhəməni ordusunun məğlubedilməzliyi
haqqında fikirlər iflasa uğrayır.
Bir müddət keçdikdən
sonra I Dara Yunanıstanı işğal etmək qərarına
gəlir. Şahlar şahı yunan şəhərlərinə
elçilər göndərərək "torpaq və
su" verməyi, onun bütün əmrlərinə
tabe olmağı tələb edir. Yunanlar isə Spartada
fars elçisini quyuya salaraq deyirlər: "Nə qədər
istəyirsən, torpaq və su götür." Afinada isə I Daranın
elçisini edam edirlər. Bu xəbəri
eşidən I Daranın qəzəbi coşur. O,
100 minlik ordu toplayır və iki məşhur sərkərdəsinin
rəhbərliyi altında Yunanıstana göndərir.
Afinanın 42 kilometrliyində yerləşən
Marafon düzündə qanlı döyüş baş
verir. Yunan ordusu, sayca az
olmasına baxmayaraq, farsların üstün qüvvələrini
sarsıdıcı məğlubiyyətə
uğradır.
Birinci yürüşdən sonra da I Dara
Yunanıstanı işğal etmək planlarından əl
çəkmir. O, yenidən güclü ordu toplasa da, Misirdə
baş verən üsyan bu səfərə mane olur. I Dara yunanlar barədə öz
işğalçılıq planlarını yerinə
yetirmədən e.ə.486-cı ildə vəfat edib.
Onu Persepol yaxınlığındakı məqbərədə
dəfn ediblər.
I Dara öz dövlətinin əbədi və
sarsılmaz olduğuna dərindən inansa da, varislərinin
xeyirxahlığına ümid bəsləməyib. Ona görə
də öz şöhrətini sağlığında əbədiləşdirmək
üçün bənzəri olmayan və heç kimin əli
çatıb məhv edə bilməyəcəyi bir abidə
qoydurmaq qərarına gəlib. Onun
iradəsini yerinə yetirmək məqsədilə
heykəltəraşlar belə bir abidəni qoymaq
üçün çox yerlərə baş vurmalı
olublar. Nəhayət, Kirmanşah
vadisi boyu ensiz sıra dağlar silsiləsinin Həmədandan
Babilistana gedən karvan yolunun ikibaşlı dağla
başa çatdığı yeri seçiblər.
Bu dağ Bisütun dağı adlanır.
Tezliklə buraya çoxlu inşaatçı və
fəhlə gətirilir. Sıldırım
qayanı dördbucaq şəklində yonurlar. Dördbucaqlının alt tilindən yerə 50
metr məsafə var idi. Odur ki, bu abidəyə
uzaqdan baxmaq olardı, heç kimin
yaxınlaşması mümkün deyildi. Heykəltəraşlar
taxtabəndi sökdükdən sonra bu abidəyə
2500 il müddətində heç kim
yaxınlaşa bilməyib.
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU
Bakı xəbər.- 2017.- 13 iyun.- S.15.