Tarixdə iz buraxanlar: Hacı
Çələbi xan
Hacı Çələbi xanın
uşaqlığı və gəncliyi haqqında məlumatlar
çox azdır. Fəqət, hələ
Nadir şah sağ ikən üsyan bayrağı
qaldıraraq müstəqil Şəki
xanlığının əsasını qoyan bir şəxsin
heç də adi bir insan olmadığı şübhəsizdir.
Çünki minlərlə insanı öz ətrafında toplayaraq Nadir şah kimi qüdrətli
bir hökmdara qarşı çıxmaq və bu
mübarizədə qalib gəlmək yalnız cəsur,
mərd, yenilməz, habelə sözü keçən,
xalqın etimad və hörmətini qazanmış
bir şəxsiyyətə nəsib ola bilərdi.
Hacı Çələbi xan məhz belə şəxsiyyətlərdən
idi. O, tariximizə müstəqil Şəki
xanlığının yaradıcısı kimi daxil
olub. Nüfuzlu ağsaqqal olan Hacı Çələbi
sonuncu Şəki hakimi Dərviş Məhəmməd
xanın nəslindəndir.
Nadir şah 1736-cı ildə
Muğanda Suqovuşan adlı yerdə qurultay
çağırmış, burada Səfəvilər
sülaləsinin hakimiyyətinə son qoymuş və
özünü şah elan etmişdi. Nadir
şahın yaratdığı dövlət əslində
Azərbaycan dövlətçiliyinin davam və
inkişaf etdirilməsi demək idi. Yəni
bir türk sülaləsinin hakimiyyəti digər
türk sülaləsinin - Əfşarların hakimiyyəti
ilə əvəz olunmuşdu və Nadir şah Səfəvilər
dövründən qalma bəylərbəylik
sistemini ləğv etmiş, əvəzində Azərbaycan
adlanan vahid inzibati bölgə yaratmışdı.
Şəki də belə vilayətlərdən
biri idi. Bu vilayətin idarəsi məlik Nəcəf
adlı bir hakimə havalə edilmişdi. Məlik Nəcəf
olduqca acgöz və zülmkar bir şəxs idi. O, Nadir
şahın başının müharibəyə
qarışmasından istifadə edir, əhalinin üzərinə
ağır vergilər qoyurdu. Bütün
bunlar Şəki əhalisinin qəzəb və nifrətinə
səbəb olur, etiraz dalğası yaradırdı.
Şəki camaatı onun zülmünə dözə
bilməyib bu vaxt Dərbənddə olan Nadir şaha
şikayət edir. Nadir şah da vəziyyəti
düzəltmək, əhalinin etimadını qazanmaq
üçün Şəki əyanlarına məlik Nəcəfin
fəaliyyətinə nəzarət edə biləcək
bir səlahiyyətli şəxsi seçib,
şahın hüzuruna göndərməyi təklif
edir. Bu barədə Azərbaycan
tarixçi-salnaməçisi Kərim Ağa Fateh belə
yazırdı: "Şəhər əhalisi
şahın əmrinə görə məşvərət
edir ki, Hacı Çələbinin ata-babalarında
böyüklük var və o özü də
işbilən bir adamdır. Beləcə,
xalq onu vəkil seçib Nadir şahın hüzuruna
göndərir. Şah da fərman verib Hacı Çələbini
Şəki mahalına vəkil edir ki, məlik Nəcəf
onsuz rəiyyətə qulluq həvalə eləməsin."
Hacı Çələbinin vəkil təyin edilməsi
Şəki əhalisinin sevincinə səbəb olur. Bu, azadlıq hərəkatının
qazandığı ilk qələbə demək idi.
1742-ci il may ayının üçüncü cümə
günündə bayram əhval-ruhiyyəli Şəki
camaatı küçələrə çıxır,
müxtəlif oyunlar keçirilən
meydançaya axışır. Çoxdan idi ki, Şəki
belə bir mənzərənin şahidi
olmamışdı. Hacı Çələbi xalqın
ona olan etimadından və dəstəyindən istifadə
edərək məlik Nəcəfin vəzifəsinə
daxil olan bir çox məsələlərə
açıq müdaxilə etməkdən çəkinməyəcəyinə
söz verir.
Vəziyyəti belə görən məlik
Nəcəf Nadir şahın düşərgəsinə
gəlir və Hacı Çələbidən şikayət
edir. O, uydurduğu fikirləri Nadir şaha belə
açıqlayır: "Padşahım,
Hacı Çələbi xalq arasında
qarışıqlıq yaradır və imkan vermir ki, mən
şahın tapşırıqlarını yerinə
yetirim. Özü də mənə qulaq asmır,
camaatın ağlını sizə qarşı pozur..."
Bundan qəzəblənən Nadir şah Hacı Çələbini
hüzuruna çağırtdırır. Onun əmri ilə
cəllad kəndiri Hacı Çələbinin
boğazına keçirərək onu asmaq istəyir.
Fəqət, təbiətən qorxmaz və cəsur bir
insan olan Hacı Çələbi xan boynu kəndirdə
ola-ola Nadir şahı bu ittihamın doğru
olmadığına inandıra bilir. O belə deyir:
"Məlik şahdan hansı
tapşırığı alır-alsın, buna bir
neçə başqa tapşırıq da əlavə
edir..."
Mənbələrin məlumatına
görə, Hacı Çələbinin
bağışlanmasında Nadir şahın
ağıllı və ehtiyatlı vəziri Mirzə
Mehdi xanın da rolu böyük olub. Mirzə Mehdi
xan Hacı Çələbiyə baxaraq şaha tərəf
əyilir və yavaşdan belə deyir: "Qibleyi-aləm,
tələsmə, o sənin əlindədir, nə vaxt
istəsən, onu dara çəkdirə bilərsən.
O elə əyandır ki, onu öldürmək bizə
xeyirli deyil. Burada dağlılarla
üz-üzə dayanmışıq, Şirvanda da
çaxnaşma var. Öz camaatı arasında çox
böyük hörməti olan bu adamı öldürtsən,
Şəki mahalında da böyük narazılıq
baş verər". Hacı Çələbinin
əyilməzliyi, məğrur duruşu Nadir
şahı tərəddüdə salsa da, vəzirin
söylədikləri ilə razılaşır və
edam əmrini ləğv edir. Üstəlik, ona yeni səlahiyyətlər
də verir.
Hacı Çələbinin
qorxmazlığı Nadir şaha dərin təsir
etmiş, onu qorxuya salmışdı. Kərim ağa
Fateh bu barədə belə yazır: "Şah gecə
fikir eləyib, öz əmirlərinə buyurur ki, mənim
hüzurumda bir kəsin həddi yoxdur
ki, nəfəs çəkə. Şəkili Çələbi
nə cürət sahibi imiş ki, boğazında kəndir
ola-ola cürət eləyib mənə bəzi ərzlər
etdi. Heç sözündə yanılmadı.
Əlbəttə, bundan bir xəta gələcək. Mənim
zənnim xəta olmaz".
Nadir şahın zənni doğru
çıxır. Şəkiyə qayıdan Hacı
Çələbi məlik Nəcəflə mabarizəni
davam etdirir. O, hakimiyyəti ələ almaq
üçün fürsət axtarır. Məlik Nəcəf
də təkhakimiyyətliliyə nail olmaq istəyirdi.
Bu zaman Nadir şahdan gələn məktub ona əl-qol
açmaq imkanı verir. Nadir şahın
adından yazılan məktubu vəziri Mirzə Mehdi
xan imzalamışdı. Məktubdan aydın olurdu ki,
yayın ortalarında Nadir şah Dağıstana
yürüş edəcək. Məlik Nəcəfə
əmr olunurdu ki, düşərgəyə çoxlu ərzaq
göndərsin.
Bu məktub Nəcəf üçün
sanki göydəndüşmə olur. O,
Hacı Çələbi ilə məsləhətləşmədən,
şahın düşərgəyə çoxlu ərzaq
gətirmək tələbini bəhanə edərək,
əlavə vergilər toplamaq göstərişi verir.
Bu özbaşınalığın nə ilə nəticələnəcəyini
başa düşən xəzinədar məlik Nəcəfə
Hacı Çələbi ilə məsləhətləşməyi
tövsiyə edir. Fəqət, bu nəticəsiz
qalır. Əhalinin narazılığından istifadə
edən Hacı Çələbi məlik Nəcəfə
mane olmağa başlayır. Məlik Nəcəf isə
yenidən şaha şikayət edir. Qəzəblənən
Nadir şah Hacı Çələbiyə hüzuruna gəlmək
əmrini göndərdi. Fəqət, uzaqgörən
Çələbi xan başa düşür ki, Nadir
şah bu dəfə onu sağ buraxmayacaq. Ona görə
də 1743-cü ildə ətrafındakı sadiq
adamlarla birlikdə məlik Nəcəfin iqamətgahına
hücum edərək onu öldürür. Bundan sonra o, Şəkini
müstəqil xanlıq elan edir. Bununla da Azərbaycan
ərazisində kiçik dövlət
qurumlarının - müstəqil xanlıqların
yaranması prosesi başlanır. Belə
bir fakt xüsusi qeyd olunmalıdır ki, müstəqil
xanlıqların əksəriyyəti Əfşar
imperatorluğunun süqutundan sonra
yarandığı halda, Şəki özünün
istiqlaliyyət məsələsini xeyli əvvəl -
Nadir şahın hakimiyyəti illərində həll
etmişdi. 1744-cü ilin
qışında Nadir şah öz qoşununu
qiyamçı Hacı Çələbinin üzərinə
göndərir. Hacı Çələbi
isə bunu əvvəlcədən gördüyünə
görə "Gələsən-görəsən"
adlandırılan möhkəmləndirilmiş və təchiz
olunmuş məşhur qalaya çəkilir.
Nadir şah 15 minlik seçmə qüvvə ilə
sürətlə qala üzərinə yeriyir. Şəkililər
tez-tez qaladan gözlənilməz
çıxışları ilə Nadir şahın
qoşununa ciddi zərbə vurduğundan, o,
mühasirə işini təşkil edə bilmir. Şəkililər rəqibə canlı itkilər
verməklə yanaşı, onun hərbi sursat və
silahlarını, ərzaq ehtiyatını da ələ
keçirməyə müvəffəq olurlar. Vəziyyəti belə görən Nadir şah
ordunu geri çəkir və Bərdədə iqamətgah
qurur. Orada möhkəmləndikdən
sonra 30 minlik qoşunla 1744-cü ilin sonunda Dərbəndə
yola düşür. 1745-ci ilin fevral
ayında yenidən Hacı Çələbinin üzərinə
hücum edir. "Gələsən-görəsən"
qalasının mühasirəsi bu dəfə də
onları məyus edir. Bundan qəzəblənən
Nadir şah qədim Şəki və ətrafındakı
kəndlərin yandırılmasını əmr edir.
Fəqət, bu tədbir də şəkililərin
mübarizə əzmini qıra bilmir. Hacı
Çələbi xan uzun zaman "Gələsən-görəsən"
qalasında ağır məhrumiyyətlərə tab gətirərək
Nadir şahın hər cəhətdən üstün
olan ordusuna müqavimət göstərir. Nəhayət, 1746-cı ilin martında Hacı
Çələbi ilə Nadir şah arasında
müqavilə bağlanır. Müqaviləyə
əsasən, Nadir şah məlik Nəcəfin
qohumlarından birini Şəkiyə məlik təyin
edir. Eyni zamanda Hacı Çələbiyə
də məlik səlahiyyətləri verir. Bu artıq Hacı Çələbinin qələbəsi
demək idi. Çünki bir ildən
sonra Gəncə, Naxçıvan və İrəvan
hakimləri də Nadir şahdan üz döndərdikdə
Hacı Çələbi artıq müstəqilliyini
möhkəmləndirmək üçün qəti
addımlar atacaqdı.
1748-ci ildə Nadir şah sui-qəsd nəticəsində
öldürülür. Bu hadisə Hacı
Çələbibin qəti olaraq Şəki
xanlığında təkbaşına hakimiyyətə
yiyələnməsini təmin edir. Öz
xalqını, Vətənini dərin məhəbbətlə
sevən, onun istiqlalı üçün canından
keçməyə hazır olan Hacı Çələbi
xan doğma torpaqlarımızı vahid dövlətdə
birləşdirmək istəyirdi. Bunun
üçün tələb olunan siyasi iradə, qətiyyət
və əzmkarlıq Çələbi xanda var idi.
Hacı
Çələbi xanın getdikcə güclənməsini
böyük təhlükə hesab edən "qara donlu
kafirlər" - Kartli çarı Teymuraz və onun
oğlu, Kaxetiya çarı II İrakli yeni planlar
hazırlayır. Onlarda belə bir məlumat vardı
ki, bir sıra Azərbaycan xanları - Pənah xan
Qarabağlı, Kərim xan Qaradağlı, Heydərqulu
xan Naxçıvanlı və Şahverdi xan Gəncəli
bir araya gələrək, Hacı Çələbi xana
qarşı ittifaq yaratmağı qərara alıblar. Hiyləgər düşmən bu hadisədən
yararlanmağı qərara alır. Gürcüstandan
ayrı-ayrı xanların yanına elçilər
göndərilməyə başlanır. Nəhayət, onlar 1752-ci ildə Gəncə
yaxınlığında Qızılqaya adlanan yerdə
toplaşaraq Şəki xanlığı üzərinə
yürüş etmək barədə razılığa
gəlirlər.
II İraklidən cavab gəldikdən sonra müttəfiq
xanlar təcili olaraq yürüş
hazırlığı görür. Onlar
çoxlu əsgər toplayır və hamısı birləşib
hərəkət bayrağını qaldırır.
Qızılqayada salınmış ordugahın
çadırlarının qızılı qübbələri
günəşin parlaq şüaları altında bərq
vururdu. II İraklinin namərdliyi
burada da üzə çıxır. O, Gəncəni
və Qarabağı tutmaq üçün müttəfiqi
hesab etdiyi xanları əsir götürür.
Hacı Çələbi xan isə bu vaxt
xanlıqda quruculuq işləri aparırdı. Qurcana
çayı boyu uzanan daş yolun sağında
bişmiş kərpicdən üçmərtəbəli
karvansara binası ucaldılırdı. Ticarətin inkişafında
karvansaraların rolunu yüksək qiymətləndirən
xan bu binanın inşasının tezliklə başa
çatdırılmasına
çalışırdı. O, hər gün buraya gələrək
işin gedişi ilə maraqlanırdı. Həmin
gün də orada idi. Qasid xəbər gətirir
ki, xanlar II İrakli ilə ittifaq bağlayıb Şəki
xanlığı üzərinə yürüşə
hazırlaşır. Çələbi
xan vaxt itirmədən saraya gəlir. Məşvərət
məclisi toplanır. Qərara
alınır ki, qoşun yığılsın və
düşmən Şəki torpağında deyil, Kür
çayının o biri sahilində
qarşılansın.
Qışın axırı idi. Novruz bayramına az qalmışdı. Hava
olduqca xoş və mülayim idi. Hər
yanda baharın ilıq nəfəsi duyulurdu. Qarı ərimiş taxıl zəmilərində
baş qaldırmış novruzgülü öz zərifliyi
ilə göz oxşayırdı. Çələbi
xanın göstərişilə qoşun Kürün
sahilində - Mingəçevir keçidində
düşərgə salıb döyüş
hazırlığı almışdı.
Mənbələrdən aydın olur ki, Şahverdi
xanın nökəri bu hadisəni Çələbi
xana çatdırmaq üçün aradan çıxa
bilir. Onu Çələbi xanın yanına gətirirlər.
Nökər xanın hüzurunda baş əyərək
həyəcanla: "Xan baba, vali (II İrakli nəzərdə
tutulur) xanları əsir etdi" - deyir. Bu
xəbər Hacı Çələbini sinirləndirir.
O belə cavab verdi: "Xan baban
onları xilas edər, onları qurtarmaq üçün
müharibəyə, davaya girişər".
Hacı Çələbi xanın ətrafında
olan yaxın adamları bildirirlər ki, xanlar elə
törətdikləri xəyanətin layiqli
cavabını alıblar. Onları xilas etmək lazım
deyil. Fəqət, öz soydaşlarının namərd
gürcü çarı tərəfindən əsir
götürülməsindən təsirlənən
Hacı Çələbi xan onlarla
razılaşmır. Eyni zamanda Azərbaycan
dövlətçiliyinə xas olan Məşvərət
məclisinin razılığı olmadan qərar qəbul
etməyən Şəki xanı bu məsələni
müşavirə yolu ilə həll etmək qərarına
gəlir. Buna görə də Məşvərət
məclisini açmazdan öncə Hacı Çələbi
xan sonradan zərb-məsələ çevrilmiş bu məşhur
cümləni söyləyir: "Nə qərar qəbul
edirsinizsə-edin, içərisində Kürü
keçmək olsun".
Belə
olduqda əmirlər məşvərətə
başlamaqdan imtina edərək deyirlər: "Biz məşvərətə
ancaq ona görə gəlmişdik ki,
iş Kürü keçmək dərəcəsinə
çatmasın. Ancaq Siz istəyirsinizsə,
onda qoy belə olsun. Qoşuna əmr
edin ki, hücuma keçsin". Hacı
Çələbi xan qoşunlara Kürü keçmək
əmrini verir. Şeyx Nizaminin qəbri
yaxınlığında baş verən bu şiddətli
döyüş dövrün tarix salnaməsində
öz əksini belə tapıb: "Hacı Çələbi
xan qoşun götürüb gedib Şəmkir tərəfində
vali ilə dava edib, vali çox pis basılıb, çox
adamı ölüb. Hacı Çələbi
o dörd xanı da valinin əlindən alıb, mürəxxəs
eləyib, onlar öz ölkələrinə gediblər".
Bu hadisə tariximizdə
"Qızılqaya xəyanəti" adı
altında özünə yer alıb.
Hacı Çələbi xan yaranmış bu
fürsətdən başqa cür də faydalanıb. Şəmkir,
Tovuz və Qazax igidlərinin də qoşulduğu ordu
II İraklini təqib edərək tarixi Azərbaycan
torpağı olan Borçalını işğaldan
azad edib. Hacı Çələbinin
oğlu Ağakişi bəy buranın hakimi olub.
Hacı Çələbi xanın
yaratdığı Şəki xanlığı
özünün varlığını bir müddət
qoruyub saxlaya bilir. Tarixi şəxsiyyət Hacı Çələbi
xan isə 1755-ci ildə gördüyü işlərdən
razı halda dünyasını dəyişir...
Allah rəhmət eləsin.
Fazil
QARAOĞLU professor
Bakı
xəbər.- 2017.- 24 iyun.- S.13