Novruz festivalı çərçivəsində keçirilən xalq sənətkarlığı
nümunələrinin satış-sərgisində gördüklərimiz...
Mədəniyyətimiz, folklorumuz, xalq sənətimiz öz unikallığı, qədimliyi ilə möhtəşəm görünür. Ulularımızın izini, ruhunu yaşadan qədim xalq yaradıcılığı örnəkləri müasir insanları öz cazibəsinə salır.
Bakı keçmişlə müasirliyin qeyri-adi dərəcədə gözəl vəhdətini yarada bilir. Bu gün paytaxtımızda yaşanan ab-hava, insanların tarixi keçmişimizə münasibəti, xarici turistlərin heyranlığı böyük maraq doğurur. Bayram günlərində Azərbaycanın paytaxtında müşahidə edilən canlanma bunu sübut etdi ki, insanların milli ənənələrə, arxaik mədəniyyətə diqqəti və sevgisi tükənməzdir.
Novruz günlərində Bakıda yaşanan bayram ovqatı, əhvalı insanların sabaha bəslədiyi ümidlərin şölələridir.
Bayram münasibətilə paytaxtda və bölgələrdə bir sıra yaddaqalan tədbirlər keçirildi. O tədbirlərdən biri də martın 20-dən 26-dək Bakıda Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə keçirilən Novruz Festivalı oldu. Sabir bağında təşkil edilən, 6 gün davam edən xalq sənəti nümunələrinin satış-sərgisində və bayram şənliklərini izləyən insanlar arasında biz də vardıq.
Bayram
içində bayram...
Sabir bağında başqa bir aləm vardı. Adama elə gəlirdi ki, qədimlərə səyahət edib. Hər
şey nağıllar aləmini
xatırladırdı. Çadırlar
qurulmuşdu. Çadırların
önündə qədim milli
döyüş paltarları geymiş aktyorlar
dayanmışdı. Burada əsl meydan
tamaşası qurulmuşdu. Bir tərəfdə
pəhləvanlar öz
güclərini
nümayiş etdirir, digər
tərəfdə kəndirbazlar seyrçiləri əyləndirirdi. Məşhur
Qarabağ atlarının meydanda görünməsi yerli sakinlərlə yanaşı,
xarici turistlərin
də
marağına səbəb olurdu. Kulinarlar festivala qatılanları milli mətbəximizin ləziz yeməklərinə qonaq edirdi. Burada hər
şey qədimliyi
xatırladan, bizi adət-ənənələrimizə qaytaran notlar
üzərində köklənmişdi. Əcnəbilərin üzündən heyrət oxunurdu. Onlar festival çərçivəsində sərgilənən milli geyimlərimizə, milli sənətkarlıq nümunələrimizə
heyranlıqla tamaşa edirdilər.
Onu da vurğulayaq ki, festivala İran, Fars
körfəzi, MDB,
Avropa və
Amerika ölkələrindən olmaqla, minlərlə turist
qatılıb. Turistlərin Bakıda açılan bu
möhtəşəm festivala
böyük maraq göstərməsi bir vətəndaş kimi bizi
qürurlandırdı.
Milli sənətkarlıq növlərinin təbliği...
Festival çərçivəsində açılan xalq yaradıcılığı və xalq sənətkarlıq nümunələrinin sərgisində nümayiş etdirilən nümunələr turistlərin diqqətini daha çox cəlb edirdi. Hər bir sənətkarlıq nümunəsi üçün
ayrıca köşklər
açılmışdı. Köşklərin
qarşısında ayrıca lövhələrdə alətlərin adı, yaranma
tarixi, onu ərsəyə gətirən sənətkarın adı Azərbaycan və ingilis dillərində qeyd edilmişdi.
Burada qədim tikiş məmulatları, quramalar, butalı,
naxışlı tikmələr, əl işləri, xalçaçılıq nümunələri, milli geyimlər, misgərlik, dulusçuluq, dəmirçilik, şəbəkə, qalayçılıq,
papaqçılıq, sazbəndlik, oyma, balaban və s. sənət nümunələri nümyiş
etdirilirdi. Hazırda Azərbaycanda istehsal edilən kəlağayılar,
baş örtükləri,
parça növləri
də sərgiyə
çıxarılmışdı. Azərbaycan
xalqının minillərdən bəri formalaşan qədim sənətkarlıq nümunələri xalqımızın mənəvi dünyasının ən dəyərli örnəkləri kimi
ömrünü davam etdirir. Respublikamızın
ən müxtəlif bölgələrini təmsil
edən sənətkarlar babalarımızdan
miras qalan dabbaqlıq, çəkməçilik,
papaqçılıq, sərraclıq,
dəmirçilik,
həkkaklıq,
qalayçılıq, dulusçuluq, dərzilik, sazbəndlik, zurnaçılıq,
misgərlik kimi
xalq sənətini
yaşadır. Onların təqdim etdiyi çeşidli
sənətkarlıq nümunələrinin bu gün özünə alıcı tapması bir
az çətin ola da, bu o demək deyil ki, onlar öz əl əməyini sata bilmir. Festivala qatılan əcnəbi turistlərlə yanaşı,
yerli sakinlər də sənətkarlıq
nümunələrini əldə edirdi.
"Uzun
illərdir
papaqçılıq sənəti ilə məşğul oluram"
Sərgidə iştirak edən sənətkarlarla söhbətimizdə onlar bildirdi ki, belə bir sərginin təşkil edilməsinə müsbət yanaşırlar. Festival
çərçivəsində sərgiyə
qatılan sənətkarlar arasında
şəkili sənətkarlar üstünlük təşkil edirdi.
Müasir dövrümüzdə Şəkinin gerçək sənətkarlıq mərkəzi
olması maraq doğurur. Əlbəttə, Şəki qədim zamanlardan bu
missiyanı uğurla davam etdirib. Bu gün Şəkidə şəbəkə,
papaqçılıq, ipəkçilik
kimi məşğuliyyət və sənət
növləri
yüksək səviyyədə inkişaf edib. Özü də
Şəkidə sənətkarlıq
nəsildən-nəslə ötürülərkən burada ailə faktoru xüsusi
rol oynayır. Sevindirici haldır ki,
burada sənət atadan oğula
ötürülür. Bu ənənənin
belə şəkildə davam etməsi sənətkarlığın yaşamasına,
daha da uzunömürlü olmasına səbəb
olur.
Sərgidə Şəkini təmsil edən papaqçı Aqil kişi bizimlə söhbətində bildirdi ki, uzun illərdir dədə-baba sənətini yaşadır. Aqil dayının bildirdiyinə görə,
əvvəlki illərə nisbətən son illər
papaqçılıq sənətinə maraq
çoxalıb. Belə festivalların keçirilməsinin müsbət olduğunu
vurğulayan papaqçı dedi ki, bunun sənətkarlara böyük xeyri
var: "Son illər xalqımızın qədim sənətkarlıq nümunələrinə marağı artıb. İndi paytaxtda da, bölgələrdə də sənətkarların əl əməyinə böyük qiymət verilir. Bizi tez-tez sərgilərə dəvət edirlər. Mən uzun
illərdir
papaqçılıq sənəti ilə məşğul oluram. Bu gün papaqçılığa maraq
artıb. Bu gün papaq sifariş verənlər çoxdur. Əvvəllər elə də çox sifariş yox idi,
ancaq indi çox adam milli papaq almaq istəyir. Əlbəttə, bu çox
yaxşıdır. Biri var ayda bir papaq satırsan, bir də var bir neçə. Bunun fərqi
böyükdür. Mən həm
böyüklər,
həm də uşaqlar
üçün papaq tikirəm.
Bütün növ dərilərdən papağım
var. Bu sərginin təşkil edilməsi həm qədim sənət növlərinin
təbliğ edilməsidir, həm də bizim əl işlərimizin
satışının həyata
keçirilməsidir.
Görürsünüz nə qədər turist var, onlar gəlib papaqla şəkil çəkdirir. Hətta
elə hallar olur ki,
onlar papaq da alır. Hazırda Şəkidə xalq sənətkarlığı çox
yüksək səviyyədə inkişaf edib. Babalardan yadigar qalan bütün sənətkarlıq növləri
yaşadılır. Xarici turistlər bizim sənətkarlıq növlərinə heyrətlə baxır,
maraqlanırlar. Bu bizim sənətin, mədəniyyətin qüdrətidir".
"Bu sərgilər bizdə daha çox həvəs yaradır"
Papaqçı köşkü ilə üzbəüzdə yerləşən ağacoyma, heykəltəraş köşkündə əyləşən üç gənc sənətkarla da söhbət etdik. Azərbaycan Rəssamlar
İttifaqının üzvü Nahid Vahabov ağacoyma
sənəti ilə məşğul olur. Sərgidə heykəltəraş Əbdül
Vahabov, dekorativ sənət ustası
Ülvi Mahmudovun da əl
əməyi nümayiş
etdirilirdi. Ağacdan müxtəlif fiqurlar,
personajlar hazırlayan sənətkarların
hazırladığı nümunələr xarici turistləri də cəlb edirdi. N.Vahabov dedi ki,
Novruz festivalı çərçivəsində sənətkarlıq nümunələrindən ibarət sərginin təşkili sənətin inkişafına təkan verir. Bakı şəhərini təmsil etdiklərini deyən N.Vahabov qeyd etdi ki, bu sərgilər həm də sənətkarları bir-birinə
yaxınlaşdırır: "Bilirsiniz ki, Azərbaycan turistlərin ən çox maraq göstərdiyi ölkələr sırasındadır. Bölgələrlə yanaşı,
paytaxta da kifayət
qədər turist gəlir. Onları şəhərin gözəlliyi, qədimliyi ilə yanaşı, sənətkarlıq nümunələri də
maraqlandırır. Turistlər bizim işlərə olduqca həssaslıqla
yanaşır. Hazırda təmsil etdiyim sənət inkişafa doğru gedir.
Bu sənətlə məşğul olanlar var. Bu sərgilər bizdə daha çox həvəs yaradır. Həm sənətimizi təbliğ
edirik, həm də əl işlərimizi
satırıq".
Şəkidən gələn şəbəkə ustaları da sərginin keçirilməsindən məmnun qaldıqlarını dedilər. Şəki sənətkarlığının dəyərli mümunələrindən olan şəbəkə sənəti bahalıdır. Sənətkarlar bildirdi ki, hazırda şəbəkəyə maraq çoxalıb.
Dulusçuluq nümunələrinin sərgiləndiyi köşkdə müxtəlif quruluş və çeşidlərdə qablar sərgilənmişdi. Bizimlə həmsöhbət olan usta Şahin bildirdi ki, nümayiş olunan qablar Şəkidən gətirilib. Onun sözlərinə görə, şəkili ustalar dulusçuluq nümunələrinin hazırlanmasına xüsusi diqqət yetirir. Usta bildirdi ki, bu qablar insan sağlamlığı üçün xeyirlidir və onda bişən yemək çox dadlı olur: "Xalq sənətinə dövlət böyük dəstək verir. Biz dədə-baba sənətimizi yaşadırıq. Sərgiyə gəlmişik. Burada əl işlərimizi satırıq. Ən çox xarici turistlər maraq göstərir. Görürsünüz ki, İran və Türkiyədən nə qədər turist gəlib. Bu çox yaxşıdır".
Sərgidə iştirak edən xalçaçılar, dərzilər, dekorativ sənət ustaları ərsəyə gətirdikləri işləri iştirakçılara təqdim edirdi. Xana qarşısında oturan xalçaçı qadının toxuduğu xalça həqiqətən də maraqlı idi. Azərbaycan mədəniyyətinin incilərindən olan xalçalarımız doğrudan da bir aləmdir.
"Bilirsiniz ki, ermənilər bizim musiqi alətlərinə..."
Sərgidə sazbənd və zurna, balaban, tütək ustaları da iştirak edirdi. Sazbənd köşkündə həm də qədim nəfəsli alətlərimiz sərgilənirdi. Tarixən sazla balaban qoşalığı olub və bu iki qədim sənət növümüz xalqımızın tükənməz sərvətləri sırasındadır.
Novruz festivalı çərçivəsində iştirak edən zurna-balaban düzəldən usta Təşəkkür bizimlə söhbətində bildirdi ki, uzun illərdir milli nəfəsli alətlərimizi düzəltməklə məşğuldur. Onun sözlərinə görə, xarici turistlərin axın etdiyi bir sərgidə milli musiqi alətlərimizin təbliği ermənilərə sərt bir sillə ola bilər: "Bilirsiniz ki, ermənilər bizim musiqi alətlərinə də göz dikib. Zurna, balaban kimi qədim alətlərimizi mənimsəməyə çalışırlar. Bu sahədə xarici ölkələrdə güclü təbliğat aparırlar. Dünya bəzən həqiqətdən xəbərsiz olur. Xarici turistlər gəlib görür ki, bu bizim musiqi alətimizdir. Erməni yalanı üzə çıxır. Sağ olsun dövlətimiz, bizə şərait yaradır. Burada həm alətlərimizi satırıq, həm də onu təbliğ edirik".
"Bu
gün sazbəndlik sənəti də inkişaf edir"
Sərgiyə qatılan sazbənd Kövrək Murad da sərginin təşkilindən razı qaldığını bildirdi. O qeyd etdi ki, qədim musiqi alətlərinin sərgilərdə təbliğ edilməsi təqdirəlayiq haldır: "Belə sərgilər yalnız bayramdan-bayrama
deyil, tez-tez təşkil edilsə yaxşı olar. Çünki sənətkarlarımız çoxdur və onlar gözəl işlər meydana
çıxarır. Azərbaycan dövləti xalq sənətinin
inkişafına böyük maraq göstərir, dəstək olur. Bu da biz sənətkarlara ruh verir.
Bu gün sazbəndlik
sənəti də inkişaf edir,
yaşlı sənətkarlarla
yanaşı, gənclər də sazbəndliklə məşğul olur. Saza maraq da çoxalıb. Əvvəllər küçədə sazla gəzmək olmurdu, indi hamı maraq göstərir. Sazbəndlik qədim
sənətdir və ona dəstək göstərilməsi sənəti daha da inkişaf etdirir.
Bu sərginin
təşkilini
yüksək qiymətləndirirəm".
Xalq sənətkarlığı nümunələrinin geniş şəkildə təbliğ edilməsi baxımından
böyük əhəmiyyəti olan bu kimi sərgilərin tez-tez təşkil edilməsi sənətkarların arzusudur. Xarici turistlərin Azərbaycana kütləvi
axınını nəzərə alsaq, deyə
bilərik ki, biz bu
sərgilərlə xalq sənətkarlığı nümunələrini, növlərini təbliğ
edə bilərik. Bu da sözsüz ki, dünyanı başına
götürən
erməni
yalanlarının ifşa edilməsinə xidmət edər.
İradə SARIYEVA
Bakı xəbər.- 2017.- 28 mart.- S.15