Tarixdə
iz buraxanlar: Şəmsəddin Eldəniz
Qüdrətli Atabəylər dövlətinin
qurucusu, məşhur sərkərdə Şəmsəddin
Eldənizin maraqlı taleyi olub. Tarixi mənbələr
onun gəncliyinin əzab-əziyyət içərisində
keçdiyindən xəbər verir. Tarixin
yaddaşında qalan məlumatlardan birində deyilir
ki, qədimdə el adətinə görə bir dəfəyə
40 qul alana axırıncını
pulsuz verərmişlər. XII əsrin əvvəllərində
Dərbəndin qul bazarında bir qul alverçisi 39 qul
satıb, sonuncu üçün pul almayıb. Həmin qul Eldəniz olub.
Tacir qulları arabalara doldurub Həmədana
doğru yol alıb. Hava çox isti olduğuna görə
araba karvanı gecələr yol gedər, gündüzlər
dincələrmiş. Qulların ən
kiçiyi və zəifi olan Eldəniz yolda bir neçə
dəfə yuxulu halda arabadan yıxılıb, hər dəfə
də onu qaldırıb arabaya qoyublar. Fəqət bir dəfə də
yıxıldıqda, artıq ona məhəl
qoymayıblar, araba kərvanı sürüb gedib.
Səhər gözlərini açıb ətrafında
sonsuz səhranı görən Eldənizi dəhşət
bürüyüb. İraq Səlcuq
sultanlığının paytaxtı Həmədan
şəhərinə doğru uzanan tozlu-torpaqlı
karvan yolu ilə yarıçılpaq, arıq və
çəlimsiz olan bu gənc karvanın ardınca irəliləməyə
başlayıb. Susuzluq və
aclığın taqətdən saldığı bu gənc
bütün güc və iradəsini toplayaraq hərəkət
edirdi. Başqa yolu da yox idi. Əgər axşama kimi karvanı haqlamasa, ya
qurd-quşa yem olacaq, ya da aclıq və susuzluqdan öləcəkdi.
O: "Nəyin bahasına olursa-olsun karvana
çatmalıyam. Vicdansız tacir mənim
görkəmimə baxıb, bir işə
yaramayacağımı düşünüb və
yuxulu halda arabadan yıxılanda məni qoyub gedib.
Bu rəhmsiz insan bilmir ki, mən əvvəllər
heç də indiki kimi miskin qul olmamışam. Adlı-sanlı türk tayfa
başçılarının birinin sevimli oğlu
kimi naz-nemət içərisində
böyümüşəm. Amma
sonradan qanlı döyüşlər zamanı əsir
alınıb Dərbəndin qul bazarına
sürülmüşəm. Həmədan
böyük şəhərdir, hər halda mən orada
özümə bir gün ağlayacayam" - deyə
ürəyində özü-özü ilə
danışır. Eldənizi dəhşət
bürümüşdü. Fəqət
tezliklə özünü ələ alıb və
axşama yaxın karvana çatıb. Karvandakılar bu gəncin diribaşlığına,
cəsarətinə heyran qalıblar.
İraqda Səlcuq sultanının vəziri
Sümeyrə qulları alarkən Eldənizi bəyənməyib
və onu almaqdan imtina edib. Fəqət Eldənizin
kövrəlməsi və yalvarması vəziri
yumşaldıb. Bir zaman sonra vəzir
ismaillilər tərəfindən qətlə
yetirildikdə onun var-dövləti ilə birlikdə
qulları, o cümlədən Eldəniz də Sultan
Mahmudun ixtiyarına keçib. Sultan
Eldənizin qabiliyyətini, ağıllı
olduğunu görüb ona hərbi təlim verilməsini
tapşırıb. Eldəniz at minməkdə,
qılınc oynatmaqda başqalarına nümuə
olub. Sultanın əmri ilə ona ərəb və fars dillərini, ilahiyyatı və digər
elmləri öyrədiblər. Çox
keçmədən onu sultan mətbəxinin
başçısı təyin ediblər. Bu o dövrə görə çox şərəfli
və etimadlı bir vəzifə hesab olunurdu. Sultan Mahmud öləndə Eldəniz bu vəzifədə
çalışırdı.
Sultan Mahmudu əvəz edən Sultan II Toğrul Eldənizin
sədaqət və səmimiyyətinə inanıb. Onu şəxsi
mühafizə dəstəsinə daxil edib. Öz kiçik oğluna qəyyum seçmək
vaxtı gələndə isə II Toğrul çox
düşünmədən Eldənizi Arslan
şahın qəyyumu təyin edib. Eldəniz
həm də sultanın xanımı Möminə xatunun
dərin rəğbətini qazanıb. Bu xanımın məsləhəti ilə saray
çəkişmələrindən uzaq olaraq tezliklə
əmir rütbəsinə yüksəlib. Bir müddət sonra II Toğrul vəfat edib.
Onun yerinə qardaşı Məsud
keçib. Sultan Məsud Eldənizi II
Toğrulun dul xanımı Möminə xatunla evləndirib.
Həmin qadından Eldənizin iki oğlu,
bir qızı olub. Oğlanları Məhəmməd
Cahan Pəhləvan və Qızıl Arslan ata tərəfini
uca tutan, ata-anaya layiq övladlar kimi böyüyüb,
onun vuran əli, döyünən ürəyi olublar.
1136-cı ildə Sultan Mahmud Arranı Eldənizə
bağışlayaraq ona "Şəmsəddin," yəni
"Dinin günəşi" titulunu verib. O, Bərdədə yerləşən
iqamətgahına gəlib və tezliklə öz
müstəqilliyinə nail olub, möhtəşəm
bir dövlətin qurucusuna çevrilib. Sonralar
bu dövlət onun adı ilə Eldənizlər dövləti
adlandırılıb. 1141-ci ildə
Eldəniz Səlcuqların Azərbaycan hakimi Qara
Sunqurun vəfatından sonra bütün Azərbaycanın,
o cümlədən Arran, Gəncə və Ərdəbilin
idarəçiliyini də ələ keçirib. Yəni Eldəniz Azərbaycanın şimal və
cənub torpaqlarını yenidən birləşdirə
bilib. İsfahandan Şirvan və
Gürcüstanadək uzanan ərazi onun hakimiyyətinə
keçib. Bununla da Eldəniz dövlətinin
təşəkkül prosesi başa çatıb və
o, Yaxın Şərgin qüdrətli dövlətinə
çevrilib. Eldənizin
yaratdığı bu dövlətin ərazisi
genişləndikcə, hökmü də güclənib.
O, öz əqidəsinə sadiq qalaraq xalqın dərin
hörmət və ehtiramını qazanıb. Təbiətən mülayim, sülsevər və
əmin-amanlığı qoruyan Eldəniz həm də cəsarətli,
sözünün sahibi, ciddi və tələbkar bir
dövlət adamı idi.
Sultan Mahmudun vəfatından sonra İraq Səlcuq
sultanlığının daxilində siyasi vəziyyət
kəskinləşir. Onun varisləri hakimiyyət
uğrunda mübarizə aparır. Hakimiyyət
Sultan Məhəmmədin əlinə keçir. O,
Eldənizi öz hakimiyyəti üçün əsas təhlükə
hesab etdiyinə görə narazı əmirləri
öz ətrafında toplayaraq güclü ordu ilə qəflətən
Azərbaycana hücum edir, Araz çayı vadisində
davam edən bir neçə günlük
döyüşdə Eldəniz məğlub olur. O, Azərbaycan
hakimliyindən imtina edərək, yalnız Arranın
idarəçiliyi ilə kifayətlənir... Bir neçə ildən sonra yenidən
bütün Azərbaycan üzərində hakimiyyətini
geri qaytarmağa müvəffəq olur. Onun səyi ilə İraq Səlcuq Sultanı
Sultan Süleyman II Toğrulun oğlu Arslan şahı
Taxta-taca qanuni varis elan edir.
1160-cı ildə Sultan Süleyman sui-qəsd nəticəsində
öldürülür. Arslan şah taxta
çıxmalı olur. Bu hakimiyyəti
möhkəmləndirmək, eləcə də İraq Səlcuq
sultanlığının idarəsini öz əlində
saxlamaq üçün Eldəniz 1160-cı ilin noyabr
ayında 20 minlik ordu ilə Həmədana gəlir.
Əyanlar, əmirlər və sadə xalq onu
ehtiramla qarşılayır. Tacqoyma
mərasimindən sonra oğulları Arslan şahı
sultan elan edir. Həmin gündə Şəmsəddin
Eldəniz "Böyük Atabəy"
adlandırılır. Onun böyük
oğlu Məhəmməd Cahan Pəhləvan əmirlərin
böyüyü, kiçik oğlu Qızıl Arslan isə
ölkənin baş komandanı təyin edilir. Hamısı əlbir, dilbir olur, bir-birinə
arxa durur. Eldəniz özünün
bütün əmirlərini mühüm dövlət vəzifələrinə
təyin etdirir.
Atabəy Eldəniz faktiki olaraq İraq Səlcuq
sultanlarının hakiminə çevrilir. İraq
sultanlığına daxil olan ölkələrin və
vilayətlərin hakimləri ona sədaqət andı
içir. Əslində Sultan Arslan
şah Eldənizin məsləhəti ilə hərəkət
edir, onun fikirlərini həyata keçirirdi. Eldəniz isə ağıllı, müdrik
siyasət yeridir, tabe olmaq istəməyən
bütün vilayət hakimlərini itaətə gətirirdi.
Şəmsəddin Eldəniz ən parlaq qələbəni
Həmədan, Rey və Qəzvin döyüşlərində
qazanır. Bu qələbələrdən qorxuya
düşən əmirlərin çoxu Eldənizdən
vassal asılılığını qəbul etməli
olur. Eldəniz "nigah diplomatiyası"na da əl atır, barışmaz
müxalifətçi Rey hakimi İnancın
qızı Qüteybə xatunu oğlu Məhəmməd
Cahan Pəhləvana alır.
Atabəy Şəmsəddin Eldəniz Cənubi
Qafqazdan İran körfəzinədək uzanan geniş
torpaqlara sahib olur, qüdrətli bir dövlət
yaradır. Onun idarəsi altında olan torpaqlar Tiflisdən
Məkrana qədər olan əraziləri əhatə
edirdi. Azərbaycan, Arran, Cəbəl, Həmədan,
Gilan, Mazandaran, İsfahan və Rey də ona tabe idi.
Mosul, Kirman, Fars atabəyləri, Şirvan, Xuzistan, Hilat
və Xnus hakimləri vassal kimi onun adına
pul kəsdirirdilər. Eldənizin
yaratdığı qüdrətli Azərbaycan türk
dövləti - Eldənizlər dövləti şərəfli
tariximizdə özünəməxsus yer tutur.
Talanlardan, aramsız müharibələrdən cana doymuş xalq rahat nəfəs alır,
qurub-yaratmaqla məşğul olur. Ölkə
çiçəklənir, əkinçilik, ticarət
və sənətkarlıq inkişaf edir. Atabəy Eldəniz elm və sənət
adamlarına qayğı göstərir, mədəniyyətin
inkişafına şərait yaradır.
Şəmsəddin Eldəniz ölkəmizin qərb
sərhədləri üçün təhlükə
törədən gürcü çarı ilə də
haqq-hesab çürütməli olur. Gürcülərin
1161-ci ildə Ani, Dəbil və Gəncə şəhərlərinə
dağıdıcı hücumlarına cavab olaraq Eldəniz
1163-cü ildə güclü qoşunla Gürcüstan
üzərinə yürüş edir. O, əvvəlcə
gürcüləri Dəbildən qovub
çıxarır, gürcü çarı III Georgini
ağır məğlubiyyətə uğradır. Həmin
yürüşün iştirakçısı olan Azərbaycan
tarixçi-salnaməçisi belə yazırdı:
"Gürcülər biabırcasına məğlub
oldular. Onlardan o qədər qənimət ələ
keçirildi ki, sayı-hesabı yox idi. Axurları gümüşdən düzəldilmiş
çar tövləsi ələ keçirilmişdi.
Çarın gümüşdən
tökülmüş iri çənlərdən ibarət
olan çaxır anbarı da tutuldu. Bu
çənlərin göndərilməsindən
ötrü xüsusi arabalar da lazım gəlirdi. Bunlardan birini sultana göndərdilər.
Sultana bununla birlikdə o vaxt tədavüldə
olan 2000 dinar pul da göndərdilər. O,
qızıl və gümüşdən düzəldilmiş
çənləri Həmədana yolladı ki, adamlar
ondan su içsin.
Bir neçə döyüşdə dalbadal sarsıdıcı
məğlubiyyətə uğrayan gürcülər
sakitləşdilər. 1175-ci ildə ölkəmizin
qərb sərhədlərində vəziyyət sabirləşdi,
ölkəmizin ərazi bütövlüyü bərpa
edildi.
Şərq sərhədlərində də vəziyyət
sabit deyildi.
Nişapur və Rey hakimləri Eldənizlərin
itaətindən çıxaraq Xarəzmşahların
tərəfinə keçmişdilər. Bu xəbəri eşidən Eldəniz
güclü qoşunla Reyə yürüş etdi. Xarəzmşahlarla Əmir İnancın birləşmiş
qüvvələri məğlub edildi. Əmir İnanc Rey qalasında gizlənərək
öz vəzirini Eldənizlə danışıqlar
aparmağa göndərdi. Eldəniz
Rey hakiminin dəfələrlə nankorluğunun
şahidi olmuşdu. İndi dar ayaqda
yenə hiylə işlətdiyini yaxşı başa
düşürdü. O, deyirdi: "Əmir
İnancın bizə etdiyi pislikləri mən dəfələrlə
bağışladım. Hətta
aramızda qohumluq münasibətləri də
yaratdım. Ancaq bu qudurmuş əmir mənim
etdiklərimə əvəz olaraq həmişə itaətdən
çıxmağa cəhd edib, düşmənlərimlə
birləşib. Bu dəfə ona aman
yoxdur." Eldənizin qətiyyəti
burada da özünü göstərdi. O, Əmir
İnancla danışıqlardan imtina edərək vəzirə
dedi: "Sən hesab edirsən ki, İnanc mənimlə
sülh bağlayacaq və sən də onunla Reydə
qalacaqsan. Bu heç bir zaman olmayacaq! Sən
iki yoldan birini seçə bilərsən. Ya öz ağlınla ölkəndə
qalmalısan, bu halda hər ikiniz sağ qala bilərsiniz.
Ancaq belə olsa, sən ömrünü mərhumiyyət
içində keçirərsən. Ya
da mənim tərəfimə keçib, onun məhv edilməsi
üçün əlindən gələni əsirgəməməlisən.
Rey, İsfahan və Azərbaycan hakimi olan
oğlum Cahan Pəhləvanın yanında qalarsan.
Əgər bu yolu seçsən, mən öz
vədlərimi həyata keçirməyə and
içib söz verirəm." Vəziyyəti
belə görən vəzir Eldənizin tərəfinə
keçdi və İnancı aradan götürdü.
Beləliklə, Eldəniz diplomatiyası "Rey
problemi"ni də müvəffəqiyyətlə
həll etdi.
Bu əminamanlığın hökm sürməsində
Eldənizin həyat yoldaşı Möminə xatunun
da böyük xidmətləri olub. "Səlcuqlular
tarixi" əsərinin müəllifi Sədrəddin
əl-Hüseyninin yazdığına görə, Sultan
Arslan öz atalığı Şəmsəddin Eldənizdən
şikayətləndikdə anası Möminə xatun
belə cavab verib: "Fikir vermə! Bu adam
öz həyatını təhlükə altına
ataraq çoxlu amansız döyüşlərə
başlayıb. Bundan başqa, o səni
sultan taxtına oturdana qədər öz var-yoxunu xərcləyibş,
öz qulamlarını və tərəfdarlarını
ölümə göndərib, iki oğlu ilə sənin
qulluğunda duraraq düşmənləri xar edib.
Onun bütün etdikləri sənin hakimiyyətini, sənin
qüdrətli dövlətini möhkəmləndirmək
xatirinə edilirdi!.."
Eldəniz öz ömür-gün yoldaşı,
müdrik qadın Möminə xatuna həmişə
sadiq olub, onu özünə sirdaş, arxa, dayaq hesab edib. Bu uzaqgörən
və tədbirli xatun 1175-ci ilin oktyabr ayında vəfat
edib. Ülvi bir məhəbbətlə
sevdiyi bir insanın vəfatı Eldənizi bərk kədərləndirib.
O, Naxçıvanda Möminə xatuna əbədi bir
abidə ucaltmağa qərar verib. Fəqət
Möminə xatunun vəfatından iki ay sonra -
1176-cı ildə Eldəniz də vəfat edib. Onun yerinə keçən oğlu Məhəmməd
Cahan Pəhləvan atasının bu arzusunu yerinə
yetirib. Görkəmli Azərbaycan
memarı Əcəmi Əbubəkir oğlu
Naxçıvani Möminə ana üçün
müasir bir türbə inşa etdirib. Öz gözəlliyi və bənzərsizliyi
ilə bu gün də Azərbaycan memarlığı
tarixində şərəfli yer tutan Möminə xatun
türbəsi Şəmsəddin Eldənizə və
Möminə xatuna əbədi məhəbbət abidəsidir.
Fazil QARAOĞLU
professor
Bakı xəbər.- 2017.- 4 may.- S.15