Əli Həsənov Heydər Əliyevin
dövlət qurucuiuğu ideologiyasının bütün
istiqamətlərini təhlil etdi
XX əsrin sonlarında yenidən
müstəqilliyini bərpa etmiş Azərbaycan
Respublikasında hüquqi, demokratik dövlət quruculuğu və
vətəndaş cəmiyyətinin inkişafı istiqamətində
həyata keçirilən siyasi islahatlar strategiyası
ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Trend-in məlumatına görə,
bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov rəsmi
mətbuatda çıxan məqaləsində deyib.
Ə.Həsənov bildirib ki, Azərbaycanın
ən mürəkkəb və taleyüklü dövründə
dövlətə rəhbərlik etmək məsuliyyətini
öz üzərinə götürmüş bu görkəmli
dövlət xadimi xilaskarlıq və quruculuq
missiyasını şərəflə yerinə yetirməklə
xalqımızın tarixində silinməz izlər qoyub:
“1990-cı illərin əvvəllərində
yaranmış tarixi şərait Azərbaycanda hüquqi,
demokratik siyasi sistemin və vətəndaş cəmiyyətinin
formalaşması, xalqımızın vahid amal, milli-mənəvi
dəyərlər ətrafında sıx birləşməsi,
ictimai həmrəyliyin yaradılması və ölkənin
bazar iqtisadiyyatı yolu ilə inkişafına nail
olunması üçün çoxşaxəli islahatlar
strategiyasının hazırlanaraq həyata keçirilməsini
zəruri edirdi. Azərbaycanı dayanıqlı ictimai-siyasi
sabitliyə malik olan, müstəqil, demokratik və dünyəvi
bir ölkə kimi dünyaya tanıtmaq hakimiyyətin
qarşısında mühüm vəzifələr qoyurdu. Lakin həmin dövrdə iqtidarda olan qüvvələr
xalqı ümummilli maraqlar ətrafında səfərbər
edən, onun kimliyini, yaratdığı dövlətin və
siyasi sistemin xarakterini, mənəvi dəyərlərini
qoruyub saxlayacaq məqsədyönlü siyasət həyata
keçirə bilmədi. Keçmiş ictimai-siyasi
sistemdə formalaşmış bütün dəyərlərdən,
o cümlədən elmi, intellektual və mənəvi
potensialdan kütləvi şəkildə imtina meyli cəmiyyətdə
ciddi siyasi-ideoloji boşluq yaratdı".
PA rəsmisi qeyd edib ki, bu cür
həssas bir dövrdə respublikada hökm sürən
iqtisadi və siyasi böhranın aradan qaldırılması,
ictimai-siyasi sabitliyin yaradılması, demokratik siyasi sistemə
və bazar iqtisadiyyatına keçidin təmin edilməsi məqsədilə
çoxşaxəli islahatlar aparmaq səriştəsinə
malik, əhalinin əksəriyyəti tərəfindən
dəstəklənən milli liderə ehtiyac olduğu
özünü göstərməyə başladı:
"1993-cü ildə görkəmli
dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə
qayıdışından sonra Azərbaycanda hüquqi,
demokratik dövlətin və vətəndaş cəmiyyətinin
yaradılması istiqamətində elmi-nəzəri əsaslara
söykənən siyasi islahatlar strategiyası həyata
keçirildi. Bu islahatlar
xalqımızın dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
respublikamızın demokratik yolla inkişafına nail olunması,
hüquqa, ədalətə söykənən vətəndaş
cəmiyyətinin əsasının qoyulması, insanların
azad, sərbəst yaşaması və qanunun aliliyinin təmin
edilməsində böyük rol oynadı".
Ə.Həsənov
vurğulayıb ki, Azərbaycanın müstəqil milli
inkişafı ilə bağlı Heydər Əliyevin siyasi
dünyagörüşü və konseptual yanaşması ilk
dəfə hələ SSRİ dağılmamışdan qabaq
- 1991-ci ilin əvvəllərində Azərbaycan parlamentinin
tribunasından dediyi fikirlərdə öz əksini tapıb:
"Onun həmin dövrdə parlament
müzakirələrində səsləndirdiyi təklif və
mülahizələr müstəqilliyə doğru uzanan yolda
irəli sürülən yeganə rasional, praqmatik və
uzaqgörən fəaliyyətin parlaq nümunəsi idi. Heydər
Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası
Ali Sovetinin sədri seçilərkən respublikanın
demokratik yolla inkişafının zəruri olduğunu
vurğulayaraq bildirmişdir: “Müstəqil Azərbaycanda
demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə
geniş yol verilməlidir. Azərbaycan Respublikasında
Konstitusiyanın pozulmasına, qanun pozuntularına yol verilməməlidir.
Dövlət quruculuğu və cəmiyyətin
formalaşması məhz demokratik prinsiplər əsasında
olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik,
hürriyyət, insan azadlığı, insan
hüquqlarının qorunması və sərbəst
iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar
olmalıdır”.
PA rəsmisi həmçinin deyib
ki, Ümummilli lider respublika Prezidenti seçildikdən sonra
1993-cü il oktyabrın 10-da Andiçmə mərasimindəki
çıxışında da müstəqil Azərbaycan
dövlətinin demokratik dəyərlər əsasında
inkişaf edəcəyini bir daha bildirərək deyib:
“Müstəqil Azərbaycan
Respublikasının qarşısında duran əsas vəzifələrdən
biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir.
Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan
etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda
demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında
fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən
bəhrələnərək, dünya demokratiyasından,
ümumbəşəri dəyərlərdən səmərəli
istifadə edərək, demokratik dövlət quruculuğu
yolu ilə getməlidir”.
O qeyd edib ki, Heydər Əliyev
hakimiyyətə gəldikdən sonra Azərbaycanın milli
inkişaf siyasətinin, gələcək ictimai-siyasi,
sosial-iqtisadi və mədəni-mənəvi
inkişafının əsasları qoyuldu, daxili və xarici
siyasətin məqsəd və vəzifələri, prinsip və
xüsusiyyətləri, əsas istiqamətləri və
prioritetləri müəyyən edildi:
"Dövlət müstəqilliyini möhkəmləndirən,
yeni ictimai münasibətlərə, demokratik normalar və
siyasi plüralizmə əsaslanan vətəndaş cəmiyyəti
modelinə keçidi təmin edən siyasi islahatlar
strategiyasının əsas hədəfləri
sırasında:
* hüquqi dövlətin və vətəndaş
cəmiyyətinin formalaşıb inkişaf etməsi
üçün demokratik tələblərə cavab verən
ölkə Konstitusiyasının yaradılması;
* xalqın öz iradəsini seçkili orqanlar
vasitəsilə ifadə etməsi üçün demokratik
standartlara uyğun hüquqi qanunvericilik sisteminin
formalaşdırılması;
* vətəndaşların hüquq və
azadlıqlarının, onların sosial, siyasi, dini, irqi mənsubiyyətindən
asılı olmayaraq ictimai-siyasi proseslərdə
iştirakının təmin edilməsi;
* çoxpartiyalı siyasi sistemin inkişaf
etdirilərək təkmilləşdirilməsi;
* cəmiyyətin intellektual, siyasi
resurslarının müstəqil dövlət quruculuğu
prosesinə cəlb edilməsi;
* ölkə vətəndaşlarının
ümummilli ideoloji dəyərlər və ictimai-siyasi məqsədlər
ətrafında birləşməsinin təmin olunması;
* demokratik siyasi mədəniyyətin
formalaşdırılması və s. mühüm yer tuturdu.
Antiazərbaycan mövqe tutan
daxili və xarici dairələrin təxribatlarına baxmayaraq,
Heydər Əliyevin respublikada ictimai-siyasi sabitliyi bərpa etməsi
demokratik islahatların aparılması üçün əlverişli
şərait yaratdı ki, bu, həm müstəqil dövlət
quruculuğu proseslərinin sürətlə getməsində,
həm də yeni iqtisadi-siyasi sistemin formalaşmasında
mühüm rol oynadı.
Ə.Həsənov bildirib ki, Heydər
Əliyevin hakimiyyətə gəldiyi ilk illərdə milli
birliyə qarşı yönəlmiş siyasi təhdidlər
respublikada daxili sabitliyin, ictimai-siyasi və sosial-etnik təhlükəsizliyin
təmin olunmasını, vətəndaş həmrəyliyinin
yaradılması və digər ciddi məsələlərin
həllini tələb edirdi:
"Buna görə də siyasi
islahatlar aparılarkən milli təhlükəsizlik sisteminin
mühüm tərkib hissələrindən biri olan
ictimai-siyasi, sosial-etnik təhlükəsizliyin təmin edilməsi,
cəmiyyətdəki köklü dəyişikliklərin
xalqımızın maraqlarına təsirinin öyrənilməsi
və nəzərə alınması vacib amillərdən
biri oldu. Azərbaycanda ictimai-siyasi sabitliyin,
qanunçuluğun və vətəndaş birliyinin təmin
olunması siyasi islahatların əsas hədəflərindən
birinə çevrildi ki, bunun da nəticəsində
respublikada hökm sürən xaos və
dağıdıcı qüvvələrin cinayətkar fəaliyyəti
aradan qaldırıldı, dövlət və cəmiyyət həyatının bütün sahələrini
əhatə edən quruculuq işləri vüsət aldı.
Heydər Əliyevin xalqı səfərbər edərək
öz arxasınca apara bilən lider olması ilə
yanaşı, müstəqil Azərbaycan dövlətinin
qurucusu kimi yaradıcı şəxsiyyət keyfiyyətləri yenidən bariz şəkildə təcəssüm
olundu. Ümummilli lider mürəkkəb xarici-siyasi vəziyyətdə,
yeni dünya nizamının tələblərini və
geosiyasi reallıqları nəzərə almaqla Azərbaycan
dövlətinin milli inkişaf strategiyasını müəyyənləşdirdi
və elmi-siyasi, tarixi cəhətdən əsaslandırdı. Respublikanın milli təhlükəsizliyinə
qarşı yönəlmiş təhdidlərin aradan
qaldırılmasının əsas və ən mühüm
şərtini ictimai-siyasi sabitliyin təmin olunmasında
görən Heydər Əliyev bəyan edirdi ki, nəyin
bahasına olursa-olsun ölkə daxilində xaos və
qarşıdurma cəhdlərinə qarşı qətiyyətli
mübarizə aparacaq, qanunçuluğu və milli dövlətçiliyi
möhkəmləndirmək üçün bütün
imkanlardan istifadə edəcəkdir. Buna görə
də müxtəlif vaxtlarda daxili və xarici dairələrin
ölkəmizin konstitusiya quruluşunu sarsıtmaq, ictimai-siyasi
sabitliyi pozmaq, etnik münasibətləri kəskinləşdirmək
cəhdləri baş tutmadı və həmin hadisələr
zamanı aydın oldu ki, siyasi islahatlar ölkədə səmərəli
dövlət idarəçiliyi sistemi, dayanıqlı
ictimai-siyasi sabitlik yaradıb."
O qeyd edib ki, Heydər Əliyevin
Azərbaycanda ictimai-siyasi sabitliyi yaratdıqdan sonra dövlət
quruculuğunun hüquqi bazasının
formalaşdırılması istiqamətində
gördüyü işlər milli müstəqilliyin qorunub
saxlanması və möhkəmlənməsində
böyük əhəmiyyət kəsb etdi:
"Ulu öndərin birbaşa təşəbbüsü
ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi
nəticəsində qəbul olunmuş Azərbaycanın
Respublikasının Konstitusiyası ilə hakimiyyət
bölgüsü prinsipi, demokratik, dünyəvi dövlət
quruculuğunun hüquqi əsasları, insan hüquq və
azadlıqlarının təmin olunması və s.
bünövrəsi qoyuldu. Bu sənəd
müstəqil Azərbaycanda dövlət quruculuğunun
sarsılmaz təməllərini yaratdı, cəmiyyətdə
milli həmrəylik və tolerantlığın, humanizmin
özünə mühüm yer tutmasını təmin etdi.
1993-cü ildən həyata keçirilən tədbirlər -
milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, azad, plüralist cəmiyyət
quruculuğu, qeyri-hökumət təşkilatlarının və
müstəqil mətbuatın yaradılması sahəsində
atılan mühüm addımlar, çoxpartiyalı sistemin
formalaşması, onun əsasında ilk parlament seçkilərinin
keçirilməsi, mətbuat və informasiya üzərindən
bütün dövlət tənzimləyici
mexanizmlərin götürülməsi, senzuranın ləğvi
və s. ölkəmizin beynəlxalq aləmdə demokratik
imicini formalaşdıraraq dünya dövlətlərini onunla
daha geniş əməkdaşlığa ruhlandırdı.
Siyasi islahatlar yeni ictimai münasibətlərin
inkişafını təmin edib ölkədaxili
demokratiyanın səviyyəsini Avropa standartlarına
uyğunlaşdırdı ki, bu da 2001-ci ildə Azərbaycanın
Avropa Şurasına daxil olması, Avropa Birliyi ilə tərəfdaşlıq
münasibətləri yaratması, dünyanın nüfuzlu təsisatlarına
inteqrasiyası və s. ilə nəticələndi. Siyasi islahatlar ədalətli cəmiyyət və
sosialyönümlü dövlətin möhkəmlənməsini,
vətəndaşların sosial-iqtisadi və mənəvi tələblərinin
dolğun təminatını, habelə maddi resursların insan
potensialının inkişafına yönəldilməsini
şərtləndirdi".
PA rəsmisi deyib ki, müstəqil
dövlətin siyasi-ideoloji əsaslarının, idarəçilik
mexanizminin yaradılması və milli inkişaf
konsepsiyasının formalaşdırılması istiqamətində
Heydər Əliyevin gördüyü işlər bir tərəfdən
Ermənistanla hərbi qarşıdurma, digər tərəfdən
isə Azərbaycanı təsir altında saxlamaq istəyən
daxili və xarici güclərlə kəskin mübarizə
şəraitində baş tutub:
"Lakin ümummilli lider bu
çətinliklərə baxmayaraq, özünün şəxsi
nüfuzu, siyasi uzaqgörənliyi, böyük idarəçilik
təcrübəsi sayəsində bütün milli
resursları vahid amal uğrunda səfərbər edib, Azərbaycanın
dövlət müstəqilliyini qoruyub saxlayaraq, onu sabit
inkişaf yoluna çıxarmış və müstəqil
subyekt kimi beynəlxalq aləmlə sıx inteqrasiyasına
nail olub. Heydər Əliyevin 1993-2003-cü illərdə
irəli sürdüyü ideya və fikirlər, siyasi və
sosial-mənəvi sahədə
reallaşdırdığı kurs, praktiki tədbirlər bir
ictimai-siyasi sistemdən digərinə keçidin, demokratik cəmiyyətin,
habelə ictimai həyat normalarının əsaslarını
yaradıb. Ümummilli liderin siyasi-ideoloji baxışları
sosializm sistemindən azad olaraq müstəqillik
yolu tutmuş, lakin region və dünya güclərinin
üst-üstə düşməyən, kəsişən
maraqları ilə üz-üzə qalmış, getdikcə
qloballaşan dünyada öz yerini axtaran, milli
maraqlarını və təhlükəsizliyini qorumağa
çalışan gənc Azərbaycan dövləti
üçün böyük əhəmiyyət
daşıyır. Heydər Əliyevin
uzaqgörən siyasəti uzun illər öz dövlətçiliyindən,
milli-mənəvi köklərindən ayrı
salınmış xalqımızın özünəqayıdış
və özünütəsdiqində mühüm, səfərbəredici
funksiya yerinə yetirib, dövlət strukturlarının rəsmi
və praktiki fəaliyyətinin, həyata keçirilən
iqtisadi-siyasi, hüquqi və sosial-mənəvi proqramların əsasında
dayanıb. Siyasi islahatlar zamanı Azərbaycan Xalq Cümhuriyyətinin
varislik prinsipi saxlanılmış və vaxtilə onun birləşdirici
ideya kimi irəli sürdüyü azərbaycançılıq
ideologiyasına müraciət edilib. Heydər
Əliyev xalqımızın müstəqillik tarixində Xalq
Cümhuriyyətinin oynadığı rolu yüksək qiymətləndirmiş
və onun ənənələrinin davam etdirilməsinin vacib
olduğunu vurğulayaraq demişdir: “1918-ci ildə
yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bizim milli sərvətimizdir,
tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər,
onilliklər də həyatımızın böyük mərhələləridir,
parlaq səhifələridir, xalqımızın böyük
nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə
indiki müstəqil Azərbaycanın həm iqtisadi, həm
intellektual, həm də mədəni potensialını
yaradıb”.
Ə.Həsənov əlavə
edib ki, siyasi islahatlar yeni şəraitdə azərbaycançılıq
ideyasının - ümumvətəndaşlıq, vətənə
bağlılıq, Azərbaycan dilinə və mədəniyyətinə
sevgi, dövlətin sevinci və kədəri, dəyərləri
və problemləri qarşısında ümumi və bərabər
məsuliyyət hissi daşımaq kimi yeni konfiqurasiyanın -
milli inkişaf siyasətinin ideoloji əsaslarını ortaya
qoydu:
"Heydər Əliyev ölkə
vətəndaşlarını vahid ideya və məqsəd ətrafında
birləşdirəcək milli ideologiya məsələsini
ümumdövlət səviyyəsinə qaldırdı. Azərbaycançılığın
müstəqil dövlətin bütün əhalisinin ali
ideologiyasına çevrilməsi və milli birliyin təmin
olunmasından irəli gələn məsələlər
ictimai-siyasi, elmi və yaradıcı dairələrin
müzakirəsinə çıxarıldı. Azərbaycançılıq
ideologiyasının təməlində dayanan milli-mənəvi
dəyərlər - ana dili və milli mədəniyyət,
tarixi keçmişlə bağlı olan adət-ənənələr,
azərbaycanlıları tanıdan və fərqləndirən
bütün atributlar qorunub saxlanılaraq inkişaf etdirildi.
Bütün bunların nəticəsidir ki, Heydər
Əliyevin indiyə qədər toplanılmış nəzəri-siyasi
irsi müstəqil Azərbaycan dövlətinin əsasları
və milli inkişafı haqqında zəngin mənbəşünaslıq
bazası, bitkin bir təlim hesab olunur. Bu təlimin
bir çox tezisləri 1992-ci ildə Yeni Azərbaycan
Partiyasının yaradılması ilə bağlı
ümummilli liderin ölkə ziyalılarına
ünvanlanmış müraciətində, partiyanın
proqramında, digər hissəsi isə 1993-2003-cü illərdə
prezidentlik fəaliyyəti dövründə qəbul
edilmiş ayrı-ayrı dövlət proqramlarında, səsləndirdiyi
fikir və mülahizələrdə, çıxışlarında,
ortaya qoyduğu nəzəri-siyasi ideyalarda öz əksini
tapmışdır. Heydər Əliyev milli ideologiyanı Azərbaycanın
tarixi keçmişi, dövlətçiliyinin dünəni,
bugünü və gələcəyi, ölkədə
yaşayan millət və xalqların adət-ənənələri
ilə sıx şəkildə əlaqələndirdi. Bu məqsədlə dilindən, dinindən, etnik mənsubiyyətindən
asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının
vahid dövlətçilik ətrafında birləşdirilməsi
üçün ciddi iş aparıldı. Azərbaycançılıq
ideyası ölkənin milli-etnik xüsusiyyətlərinə
və onun müasir inkişaf tələblərinə
uyğunlaşdırıldı. Heydər Əliyevin bu sahədə
həyata keçirdiyi islahatlar xalqımızın qədim
dövlətçilik ənənələrinin üzə
çıxarılaraq müasir tarixi dəyərlərlə
sintezində əvəzsiz rol oynamışdır".
O qeyd edib ki, siyasi islahatların
mühüm xüsusiyyətlərindən birini Azərbaycanda
daxili inkişafın təkamül yolu ilə getməsinin əsas
götürülməsi, demokratiya və siyasi plüralizmin
yaradılmasında inqilabi yanaşmadan qaçılması təşkil
edir:
"Bununla bağlı olaraq Heydər Əliyev
bildirir ki, dövlət həyatında heç nəyə
birdən-birə nail olmaq mümkün deyil. Nə iqtisadi,
siyasi, sosial-mədəni inkişafa, nə də demokratiya, vətəndaş
cəmiyyəti və siyasi plüralizmə bir-iki gündə
çatmaq olar. Bunun üçün uzunmüddətli ciddi təşkilati
işlər görülməli, milli inkişaf resursları səfərbər
olunmalı, daxili idarəçilikdə, insanların
şüurunda dəyişiklik edilməlidir. Bütün
bunları heç bir inqilabla etmək mümkün deyil, bunu
yalnız təkamül yolu ilə, tədricən həyata
keçirmək olar. Heydər Əliyevin
apardığı siyasi islahatlar həm ictimai şüurun, həm
də cəmiyyətin inkişaf qanunauyğunluqlarına
söykənirdi və belə bir ideya əsas
götürülürdü ki, yeni siyasi-iqtisadi sistemə
keçid prosesi mexaniki şəkildə, ani və
sıçrayışlı yolla mümkün deyil. Bu, bir tərəfdən ictimai-siyasi və iqtisadi
sistemin uzun illər formalaşmış strukturları
arasındakı əlaqələrin tez bir zamanda
qırılmasının qeyri-mümkünlüyü ilə
bağlıdırsa, digər tərəfdən də mənəvi-psixoloji
amillərlə əlaqədardır. Bunu nəzərə
alan Heydər Əliyevin sözlərinə görə, bir
ölkədə hətta inqilabi dəyişikliklər belə
köhnə sistemi dərhal dəyişdirmir, onu yeni bir sistemlə
əvəz etmir, inqilab köhnəni vurub dağıdır,
ancaq ondan fərqli sistem yaratmaq üçün müəyyən
vaxt və illər lazımdır. Buna
görə də siyasi islahatlar həyata keçirilərkən
sosial sistemləri dağıdıb yenidən vaxt və
qüvvə sərf etmədən, öz daxili enerjisi
hesabına dəyişdirərək, proseslərin təbii
gedişini istiqamətləndirmək taktikasına
üstünlük verilmişdir".
Ə.Həsənov
vurğulayıb ki, Heydər Əliyev dühasının əzəməti
həm də ondadır ki, o, təkcə öz dövrünün
nəbzini tutmaqla məhdudlaşmadı, ölkəni
ictimai-siyasi, sosial-iqtisadi inkişafın birinci fazasından
uğurla çıxarmaq missiyasını başa vurdu və
bununla kifayətlənməyərək, vaxtında ikinci
fazanın təməl daşını qoydu, bu mərhələdə
ölkəyə rəhbərlik edə biləcək yeni
siyasi güc mərkəzini yaratdı:
"Bəzi qonşu ölkələrdən fərqli
olaraq, Azərbaycan yeni iqtisadi sistemin üstqurumu kimi ortaya
çıxan siyasi dünyagörüşü və yeni
siyasi lideri müxalifətdə deyil, iqtidar partiyasının
içərisində yetişdirdi. Siyasi islahatlar
cəmiyyətdə konstruktiv əməkdaşlıq və vətəndaş
həmrəyliyi prinsipinin özünə mühüm yer
tutmasını şərtləndirmişdir ki, bu da demokratik
siyasi sistemi səciyyələndirən əsas cəhətlərdən
biridir. Ümummilli lider hər kəsin müstəqil
mövqeyini, fərqli düşünmək hüququnu qəbul
edir, hətta opponentlərin əsassız tənqidlərinə
hədsiz dözümlülük göstərirdi. Heydər
Əliyev demokratiyaya dərk edilmiş nizam-intizam,
yaradıcı proses kimi baxır və bu anlayışdan
sui-istifadə edərək cəmiyyətdə xaos
yaratmağa cəhd edən siyasi avantüristlərə
qarşı barışmaz mövqe tuturdu. Hüquqi
dövlətin və vətəndaş cəmiyyətinin
inkişafı naminə ictimai-siyasi qüvvələrin
birliyinə nail olmaq və milli mənafelərdən irəli
gələrək şəxsi, qrup maraqlarını arxa plana
keçirib qarşıdurmalara yol verməmək siyasi
islahatlar zamanı diqqət mərkəzində
dayanıb".
PA rəsmisi bildirib ki, ölkənin əksər
siyasi qüvvələri arasında konstruktiv əməkdaşlığın
yaradılması müstəqil dövlət quruculuğu
proseslərini sürətləndirən əsas amillərdən
biri olub:
"Ümummilli liderin adı ilə bağlı olan siyasi islahatlar strategiyasının hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilib uğurla həyata keçirilməsi Azərbaycanın müstəqil dövlət kimi mütərəqqi inkişafında və dünya birliyində böyük nüfuz qazanmasında mühüm rol oynayır. Ötən illərin təcrübəsi göstərir ki, siyasi islahatların ardıcıl və sistemli şəkildə aparılması ictimai həyatın bütün sahələrinin ahəngdar inkişafı, milli maraqlardan irəli gələn məsələlərin çevik və lazımi səviyyədə həllini tapması üçün əlverişli imkanlar yaradıb. Bütün bunların nəticəsində Azərbaycan keçid dövrünü başa vuraraq, ictimai-siyasi, sosial-iqtisadi və mənəvi-ideoloji transformasiyasının yeni mərhələsinə daxil olub.