Şəhid Aydın Abdullayev
doğmalarının silinməz xatirəsində belə yaşayır...
Öz-özünə fikirləşirdi ki, deyirlər, zaman çox yaraları sağaldır, ancaq bizim yaramızı
sağaltmır. Sanki o yaramızı
görmür.
"Təbib qarşı gəlsə,
sağalar yara" - dərdimizə heç bir təbib
dərman tapa bilmədi.
- Şükür Allahın məsləhətinə,
- deyə Nicat kövrəldi.
Yazın son ayı olmasına baxmayaraq, hələ
də hava oynayırdı. Gah günəş
yeri-göyü yandırırdı, gah da təbiətdə
soyuq at oynadırdı. Qardaşı
Aydın haqqında düşünürdü həmişə.
Elə bir gün yox idi ki, Nicat Aydını
xatırlamasın, onun xatirəsi ilə baş-başa
qalmasın. Aydın anadan mərd
doğulmuşdu. Mərdi isə zamanə
həmişə yetirmir. Bunu Nicat
yaxşı bilirdi. Qardaşında elə
xüsusiyyətlər vardı ki, onu başqasında
görə bilmirdi.
Aydın uşaqlıqdan nahaq işi
götürmürdü, harada haqsızlıq görsəydi,
bundan çox narahat olurdu. Aydın,
tanıdı-tanımadı, bütün insanları
müdafiə edirdi. Hətta şəhərdə
görəndə ki, bir oğlan hansısa bir qıza
sataşır, söz atır, dərhal işə
qarışır, tanımadığı qızı
müdafiə edirdi. Aydının o qədər belə
davaları olmuşdu ki... Aydın həmişə
deyirdi ki, kişi mərd,
sözübütöv olmalıdır. Nümunə ola bilməyən kişi nə cəmiyyətə,
nə də ailəsinə gərəkdir. Nicat
Aydının mərdlik keyfiyyətlərini
xatırladıqca, qardaşının necə
böyük ürək sahibi olduğundan qürur hissi
keçirirdi. Aydın kiçik
qardaş olmasına baxmayaraq, həmişə onlara
dayaq olurdu. Onun dostları da
hamının dostlarından seçilirdi. O,
dünyasında əyri, nadürüst adamla dostluq etməzdi.
Hey deyirdi ki, keçmə namərd körpüsündən,
qoy aparsın sel səni, yatma tülkü kölgəsində,
qoy yesin aslan səni. Minillərin sınağından
üzüağ keçən bu atalar sözü
Aydının dilindən düşməzdi.
Qardaşı 23 illik həyatını kişi
kimi yaşadı, amma namərd gülləsindən həyatdan
köçdü.
- Kaş Aydın namərd gülləsinin
vurduğu yaradan ölməyəydi. O, namərdlər
dünyasına qarşı həmişə mübarizə
aparırdı. Aydın əsl igid idi. Atalar yaxşı deyib ki, igid ölər, adı
qalar, müxənnətin nəyi qalar?
Nicat danışdıqca, həyat yoldaşı Səlmi
və uşaqları ona qulaq asır, sual verməyə
ürək etmirdilər. Çünki Nicat
öz aləmində Aydınla baş-başa idi.
Həmişə
babaları Bəhram kişi
deyirmiş ki, oğul, igidin yaraşığı
sınaqdır, insan sınaqdan çıxandan sonra igid
adını qazana bilər. Rəhmətlik
Bəhram baba igidliyi ilə bütün Şabran elində,
ətraf bölgələrdə ad-san
qazanmışdı. Köklü bir
ağacın budaqları idi Nicat, Cavad və Aydın.
İgid
odur atdan düşə atlana,
İgid odur hər cəfaya qatlana.
Bu sınanmış kəlamı da Bəhram baba
tez-tez işlədərmiş.
Nicatın Aydına bağlılığı
ancaq bir genetik bağlılıq deyildi, onların mənəvi-ruhi
bağlılıqları da vardı. O, Aydının
uşaqlığını tez-tez xatırlayırdı.
Aydın uşaqlıqdan ötkəm,
çılğın, ərköyün,
sözgötürməz idi. Böyüklərin
sözünə baxardı, kiçiklərə sevgi bəsləyərdi,
amma haqsızlığı götürə bilmirdi
heç vaxt. Bəzən Nicata elə gəlirdi
ki Aydın elə uşaq qalıb, heç böyüməyib.
Evin böyük uşağı idi Nicat.
Ona görə də Aydınla aralarında
xeyli yaş fərqi vardı.
İllər bir göz qırpımında
keçmişdi. Kiçik qardaşı
böyüyüb ərsəyə
çatmışdı, əsgərliyə gedib gəlmişdi,
sonra da könüllü olaraq kəşfiyyatçılıq
kursuna daxil olub oranı bitirdikdən sonra Tərtərdə
Vətənin təəssübünü çəkdi,
sonda isə şəhid oldu. Nicat
qardaşı haqqında düşündükcə,
ürəyi paralanırdı. Aydın
həyatdan doymadı getdi.
Həyat,
sən nə şirinsən,
Kim səndən doydu getdi?
Nicat fikirləşdi ki, qardaşı 23 illik
ömrünü o qədər dolğun, mənalı
keçirib ki, o əbədi yaşayacaq. Özünə qəribə
bir təsəlli verdi:
-
Aydın heç vaxt qocalmayacaq, həmişə gənc
qalacaq, lap yaşıdları qoca baba olanda da
qardaşım cavan olacaq.
Nicat bir qədər azdanışan idi. Odur ki,
çox vaxt müsahib kimi diqqəti çəkmirdi.
Əslində isə, bütün sakit təbiətli
insanlar kimi, Nicatın da danışmağa sözü
çox idi, iç ürəyi sözlə, xatirə ilə
aşıb daşırdı. Aydın elə bir qardaş
idi ki, onun hər
sözü-söhbəti bir dastan idi, bir roman idi. Nicat düşünürdü ki,
qardaşının kəşfiyyatçı olması
onun bitkin xasiyyətinin göstəricisidir. Aydın uşaqlıqdan sirr saxlayan idi. Uşaq vaxtı çöldə-bayırda
uşaqlarla dalaşsa da, döysə də,
döyülsə də, heç vaxt bunu böyük
qardaşlarına deməzdi, haqq-hesabı özü
çürüdərdi. Uşaqlıqdan
onun xasiyyəti bütöv formalaşmışdı.
Sirr verməyi qətiyyən sevmirdi
Aydın. Qardaşlarına, ata-anasına sirr verməyən
adam düşmənə sirr verərdimi
heç?! Nicat qardaşı haqqında
düşünəndə yadına o qədər
maraqlı hadisələr düşürdü ki,
bilmirdi hansını danışsın. Uşaqlarına Aydın haqqında çox
danışırdı Nicat, onlar elə bilirdilər ki,
əmiləri nə vaxtsa gəlib bu əhvalatları
onlara özü danışacaq.
- Ata, əmim
nə vaxt gələcək? - deyə
Nicatın böyük uşağı soruşdu.
Uşağın qəfil verdiyi sual Nicatı xeyli
susmağa məcbur etdi. Ona nə cavab verəcəyini
götür-qoy elədi. Handan-hana dilləndi:
- O
uzaqdadır, bizim yaşadığımız yerdə
yaşamır, sən böyüyəndə əminin
harada olduğunu biləcəksən.
Nicat üç uşaq atası idi. Qızları Leyli, Mehri,
2 yaşlı oğlu Nihat atanın şadlığı,
sevinci olsa da, onun fikri həmişə Aydının
yanında idi. Çünki Aydının
vaxtsız vəfatı hamı kimi onu da
yandırıb-yaxırdı.
Böyük
qızı Leyli qəfil atasına sual verdi:
- Ata,
Aydın əmimin adı çəkiləndə nənəm
nə üçün çox ağlayır?
Nicatı fikir götürdü. O necə izah etsin ki,
Leylini anlada bilsin.
-
Qızım, sənin əmin qəhrəman olub. O,
torpaqlarımız uğrunda şəhid olub. Nənən əminin şəhid olmasına
dözə bilmir. Valideynlər istəyir
ki, övladları sağ-salamat olsun.
- Ata, bir az əmimdən danış bizə.
-
Aydın uşaqlıqdan çox ağıllı idi. Həmişə yaşıdlarından fərqlənirdi.
Həm çox çevik idi, həm ciddi, həm
də zəkalı. O heç vaxt tədbirsiz iş
görmürdü. Bir iş görəndə mütləq
düşünüb-daşınır, sonra qərar
verirdi. Ağzından çiy söz
çıxarmazdı. Ata-anamızın
sonbeşiyi olmasına baxmayaraq, hamı onun
sözünə hörmətlə yanaşırdı.
Bizi məhəllə cavanları daha
çox Aydına görə tanıyır, ona görə
hörmət bəsləyirdi. Aydın
əmin olduqca mehriban, qayğıkeş idi. Valideynlərimizə çox bağlı idi və
çalışırdı ki, onlara daha çox diqqət
yetirsin. Çalışırdı
ki, evdə heç bir narahatlıq olmasın. Hətta 14-15 yaşı olanda dərsdən sonra
işləyib evə qazanc gətirirdi ki, ailənin
yükü yüngülləşsin. Evdə
heç kəsin qəlbinə dəyməzdi, hamı ilə
xoş davranırdı. Meyxananı
çox sevirdi. Ən çox sevdiyi
meyxanaçı Rəşad Dağlı idi. R.Dağlının bütün
meyxanalarına qulaq asırdı. Televiziyalarda
meyxana yarışlarına çox maraqla azarkeşlik
edirdi. O düz danışmağı sevirdi,
verdiyi sözün üstündə dururdu, hamıdan
da onu tələb edirdi. Sizin ananıza əsl
qardaş münasibəti bəsləyirdi. Gəlin bacılarına həmişə nəvazişlə,
qardaş qayğısı ilə yanaşırdı.
Sizdən ötrü də canından
keçməyə hazır idi. Sizi o qədər
istəyirdi ki, sözlə deyə bilmirəm. Məhəllədə böyükdən
tutmuş, kiçiyə qədər hamı
Aydının xətrini çox istəyirdi. Çünki bacardığı hər işdə
qonşuların əlindən tuturdu. Sizin
əminiz belə oğlan idi. Heyf ki, tez
getdi. Amma təsəllimiz o
olmalıdır ki, Aydın yaddaşlarda qəhrəman
kimi qaldı. O şəhid oldu, sinəmizə
dağ çəkdi, amma o dağın zirvəsinə
öz adını işıqlı sözlərlə
yazdı. Vətən sağ olsun,
qızım, Aydın Vətənin balasıdır.
O təkcə sənin əmin deyil, bütün
uşaqların əmisidir.
Leyli atasını dinlədikcə, üzü rəngdən-rəngə
düşür, gah sevinir, gah kədərlənir, gah da
qürurlanırdı.
- Ata,
müəlliməm bizə şəhidlərdən
inşa yazmağı tapşırıb. Onda
mən sənin sözlərini dəftərimə
köçürüb müəlliməmə verərəm
ki, öz əmimin qəhrəmanlığından
yazmışam.
- Lap
yaxşı, qızım, onda babanı da
danışdır, onun da əminlə bağlı deyəcəyi
sözlər var.
- Ata, fəxr
edirəm ki, qəhrəman Aydın Abdullayev mənim əmimdir.
Nicat Aydından 8 yaş böyük idi. Suraxanı
rayonu 287 saylı məktəbdə oxumuşdu. Ondan sonra qardaşları Cavad və Aydın da
həmin məktəbin məzunları olmuşdu. Nicat İnşaat və Memarlıq
Universitetinin Su və qaz təchizatı fakültəsini
bitirmişdi, ixtisasca mühəndis idi.
Əmirsoltan kişi və Sevil ana
mümkün qədər balalarına ali təhsil vermək
üçün çalışmışdı.
Nicat Aydının uşaqlıqda və yeniyetməlikdə
gəzdiyi hər bir küçəni, yeri
qarış-qarış gəzir və hər yerdə
qardaşının izini axtarırdı. Günlərin
birində yolu Aydının illər əvvəl məşq
etdiyi və dəfələrlə fərqləndiyi idman
klubuna düşdü.
Aydın müxtəlif idman növləri ilə məşğul
olmuşdu. Son illər sərbəst güləşə də
maraq göstərirdi. Bu sahədə
təcrübəsini təkmilləşdirmək
üçün Eldar Məmmədovun klubuna gedirdi.
Nicat kluba daxil olanda qəribə hisslər
keçirdi.
Bir vaxtlar qardaşı bu pilləkənləri
qalxmışdı, məşq zalında Aydının nəfəsi,
ruhu dolaşırdı.
Nicat zala daxil olanda qızğın məşq
gedirdi. Müəllim Nicatı görüb
uşaqları dayandırdı.
- Buyurun,
eşidirəm, qardaş.
- Salam. Mən Aydın Abdullayevin qardaşıyam,
adım Nicatdır. Burdan keçirdim,
ayağım məni bura gətirdi.
-
Çox sağ olun ki, bizi yada
salmısınız. Allah Aydına rəhmət
eləsin. Mən onu uşaqlıqdan
tanıyırdım, idmana böyük maraq göstərirdi.
Uşaqlara tez-tez Aydından
danışıram. Deyirəm ki,
Aydına bənzəməyə çalışın,
çünki Aydın təkcə idmançı
olmayıb, o həm də qəhrəman idi. Aydın hələ uşaqlıqdan öz
yaşıdlarından fərqlənirdi. Döyüş ruhlu gənc idi, həmişə
yarışlarda fərqlənirdi. Həmişə
bayraqdarımız Aydın olurdu. O,
bayrağımızı qürurla
qaldırırdı. Bəzən məşq
zamanı mənə də kömək edirdi, idmana yeni
gələn uşaqlara yol göstərirdi. Uşaqların hamısı ona qulaq
asırdı. Aydın çox
nizam-intizamlı, dürüst oğlan idi. Məşqə həvəslə gəlirdi həmişə,
bir dəfə də olsun onu həvəssiz görmədim.
Aydın heç vaxt məğlub
olmağı sevmirdi, həmişə qalib olurdu. Liderlik Aydına çox yaraşırdı.
Aydın inadkarlıqla, əzmlə qaləbədən-qələbəyə
doğru gedirdi. Onun gözəl
xüsusiyyətlərindən biri də o idi ki, qətiyyən
rəqibdən qorxmazdı, qırğı kimi rəqibin
üstünü alırdı. Aydın
yarışlara həvəslə qatılırdı.
O çox vətənpərvər, ailəsinə
bağlı bir gənc idi. Aydın həmişə
deyirdi ki, beynəlxalq idman yarışlarına
qatılıb Azərbaycanın üçrəngli
bayrağını göylərə qaldıracaq.
Mən Aydının himnimizi necə
qürurla oxuduğunun şahidi olmuşam. O,
dövlət rəmzlərimizi Vətən
torpağı qədər çox sevirdi. O bu sevgi naminə
də şəhid oldu. Onun şəhid
olduğunu eşidəndə çox pis oldum. Amma təsəllim o oldu ki, Aydın şəhidlik
məqamına yetişdi. Aydının
sıramızda olmaması mənə də,
idmançı dostlarına da çox pis təsir edir.
Bizim hədəflərimiz böyük idi.
Biz hər il Aydının doğum
günündə onun xatirəsinə sərbəst
güləş yarışı təşkil edirik.
Qalibləri Aydın Abdullayevin adına
təsis etdiyimiz mükafatla təltif edirik. Allah
Aydına rəhmət eləsin!
Nicat qardaşı haqqında eşitdiyi isti, səmimi
sözlərdən təsirləndi, ürəyi kövrəldi.
Nicat bir az məşqə baxdıqdan sonra evə
qayıtdı. O xeyli yüngülləşmişdi:
-
Adına qurban, qardaş, adın hər yerdə hörmətlə
çəkilir, -deyə pıçıldadı.
İradə
SARIYEVA
Bakı xəbər.- 2017.- 13-15 may.- S.13