Tarixdə
iz buraxanlar: Cavad xan
Qacarlar nəslinin Azərbaycan xalqına bəxş
etdiyi dövlət xadimlərindən biri də Cavad
xandır. Cavad xan Gəncə xanlığının
banisi Şahverdi xan Ziyadoğlunun oğlu idi. Onun anası Şərəf Cahan bəyim də əsil-nəcabətli
bir nəslə mənsub olub. Cavad xan 57 il
ömür sürüb, Gəncə
xanlığının sonuncu xanı olub. Ziyadoğulları
köklü nəsil olmaq etibarilə həmişə
Azərbaycanın dövlətçilik ənənələrinə
sadiq qalıb, Azərbaycanın torpaqlarının təcavüzdən
qorunmasında mühüm rol oynayıblar.
Şahverdi xanın vəfatından sonra Gəncə
xanlığında sabitlik pozulmuşdu. Hakimiyyət
uğrunda qardaşlar arasında gedən mübarizədən
istifadə edən Qarabağ xanı İbrahimxəlil
xan və Kartli-Kaxetiya çarı II İrakli əlbir
olaraq Gəncədə hakimiyyəti ələ
keçirmiş və oraya öz adamlarını hakim təyin
etmişdilər. Nəticədə
ikihakimiyyətlilik yaranmışdı. II İraklinin məqsədi Rusiya himayəsindən
istifadə edərək Gəncə
xanlığının ərazisini Kartli-Kaxetiyaya
birləşdirmək idi. Onun bu niyyəti
gürcü aznaurlarından birinin II İraklinin
arvadı Darecana yazdığı məktubdan da
aydın görünürdü. Məktubda
deyilirdi: "Ruslar Gürcüstana gələn zaman,
söz yox ki, Gəncəyə də baş çəkəcəklər.
Bu zaman Gəncə qalası və cəbbəxanası
bizim əlimizə keçəcək. Ruslar gedəndən sonra isə Gəncə
bizim olacaq". II İraklinin bu niyyətini
başa düşən İbrahimxəlil xan diplomatik
manevr işlətdi və Gəncə əhalisinin şəhərdəki
gürcü qarnizonuna qarşı üsyanını təşkil
etdi. Nəticədə gürcü
hakimi Gəncədən qovuldu. Ziyadoğlularının
hakimiyyəti bərpa olundu və Cavad xan Gəncə
xanı oldu.
Cavad xan öz soy-kökünə dönük
çıxmadı. Ağa Məhəmməd şah
Qacarın Tiflis yürüşündə iştirak
etdi. Məqsədi isə Azərbaycanın
qərb torpaqlarına dinclik və rahatlıq verməyən,
Qazax, Şəmsəddil və Borçalı ərazilərini
işğal altında saxlayan II İraklinin cəzalandırılmasında
iştirak etmək idi. Qacar Cənubi
Qafqazı tərk etdikdən sonra Gəncə
xanlığının vəziyyəti yenidən
ağırlaşdı. İbrahim xan isə
səhvə yol verərək Cavad xanla deyil, II İrakli
ilə birləşməyi üstün tutdu. Onlar yenidən bir ittifaqda Gəncə üzərinə
yürüş etdilər. Cavad xan nahaq qan
tökülməməsi naminə onların irəli
sürdüyü şərtləri yerinə yetirməyə
məcbur oldu: İbrahim xana xərac verməli, öz
yaxın adamlarından birini onun yanına girov göndərməli
və Qacarın yürüşü zamanı özü
ilə gətirdiyi 400 nəfər gürcü əsilzadəsini
geri qaytarmalı idi.
Ağa Məhəmməd şahın Cənubi
Qafqazı tərk etməsindən istifadə edən
Rusiya general Valerian Zubovun
başçılığı ilə buraya qoşun
göndərdi. Bakı, Şəki, Dərbənd və
Şamaxı xanlıqları təcavüzə məruz
qaldı. Vahid milli siyasətin
yeridilməməsi, milli birliyin olmaması səbəbindən
bu xanlıqlar istilaçılara güclü
müqavimət göstərə bilmədi. Bu zaman Azərbaycanın şimal
torpaqlarında ən real hərbi-siyasi qüvvə
Qarabağ xanlığı idi. İbrahimxəlil
xan isə Rusiya himayəsini qəbul etməyi Ağa Məhəmməd
şaha tabe olmaqdan üstün tutdu.
İki yol ayrıcında qalan Cavad xan yenə də
əhalini qırğına vermək istəmədi. Rusların Qafqazdakı
bu hakimiyyətini müvəqqəti hesab edərək
üzdə itaət etməyə razılıq verdi. Bununla da Ağa Məhəmməd
şahın qəzəbinə tuş oldu.
Qacarın ikinci yürüşü zamanı həbs
olunub Şuşa qalasına
salındı. Fəqət onun bu
addımı hansı zərurətdən
atdığını gözəl anlayan Qacar öz
soydaşını öldürmək fikrində
deyildi.
Rusiyanın imperatriçəsi II
Yekaterinanın ölümü Cavad xanın əl-qolunu
açdı.
O, Gürcüstana verilmiş Azərbaycan
torpaqlarını geri tələb etdi. Gürcüstandakı
rus qoşunları komadanının bu məsələyə
müdaxilə cəhdi uğursuzluqla nəticələndi.
Cavad xanın siyasi müdrikliyi və
ağıllı tədbirləri onu geri çəkilməyə
məcbur etdi. Kartli Kaxetiya
çarı XII Georgi vaxtilə Nadir şah tərəfindən
onlara verilmiş Qazax, Şəmsəddil və
Borçalı torpaqlarının Gəncə
xanlığına qaytarılmasına razılıq
verməyə məcbur oldu.
Kifayət qədər uzaqgörən və
ehtiyatlı olan Cavad xan xilas yolunu yalnız milli birlikdə
görürdü. Bu birlik isə xanlıqlararası
münasibətlərin nizamlanmasından keçirdi.
Çətinliklə də olsa, Cavad xan
buna da nail oldu.
Çox təəssüflər olsun ki, Cənubi
Qafqazda sonradan hadisələr başqa cür cərəyan
etməyə başladı. Daxili xəyanətkarların
əli ilə Ağa Məhəmməd şahın qətlə
yetirilməsi Rusiyanın əl-qolunu açdı.
Rusiya imperatoru I Aleksandr Cənubi
Qafqazın, o cümlədən Azərbaycanın
şimal torpaqlarının işğalına
girişdi. Bu işdə onun əsas
köməkçisi gürcü mənşəli knyaz
Sisianov oldu.
Yaxınlaşmaqda olan işğal təhlükəsini
duyan Cavad xan ehtiyat tədbirləri gördü. Yollar nəzarət
altına alındı. Xəyanətkar
erməni əhalisi sərhədlərdən
uzaqlaşdırıldı. Fəqət
bunlar kifayət deyildi. Yenidən I
Pyotr zamanındakı hərbi gücünü bərpa
edən Rusiyanın silahları qarşısında
kiçik bir xanlıq təkbaşına nə edə
bilərdi? Cavad xan o dövrdə
sürətlə bir-birini əvəz edən mürəkkəb
hərbi-siyasi hadisələr fonunda öz fəaliyyəti
ilə digər Azərbaycan xanlarından seçilirdi.
Siyasi portretinin əsas cizgilərindən
birini də məhz onun hadisələrin arxasınca
sürünməsi deyil, əksinə, siyasi iqlimə
çox güclü təsir göstərmək
bacarığı təşkil edirdi. Yaxınlaşan
təhlükə qarşısında Azərbaycan
xanlarının, Şimali Qafqaz və Gürcüstan
hakimlərinin vahid cəbhədən
çıxış etmək meyllərindən məharətlə
istifadə edən Cavad xan antirusiya koalisiyası
yaratmağa çalışır, hətta buna müəyyən
qədər müvəffəq də olur.
Qədim zamanlardan üzü bəri Gəncə Azərbaycan
üçün həmişə mərdlik,
basılmazlıq simvolu, xalqımızın milli-mənəvi
dəyərlər sisteminin formalaşdığı məkanlardan
biri olub. Cavad xanın geniş ərazili, təpədən-dırnağa
qədər dövrünün mükəmməl
silahları ilə silahlanmış bir imperiyanın təklif
və hədələrinə yalnız döyüşlə
cavab verməsi nə ötkəm xan
inadkarlığından, nə də öz hakimiyyətini
qoruyub saxlamaq istəyindən irəli gəlirdi.
Bu, Cavad xanın boya-başa
çatdığı Gəncə mühitindən,
xalqa, dövlətçiliyə, mənsub olduğu soy-kökə sadiqliyindən
qaynaqlanırdı.
Rus generalı P.Sisianov başa
düşürdü ki, Azərbaycan torpaqlarının
işğal yolu Gəncə xanlığından
keçir. Ona görə də bütün diqqətini bu
istiqamətə yönəltmişdi. Cavad xanın mərd, cürətli və
müstəqillik sevən bir hökmdar olduğunu da
yaxşı bilirdi. Ona görə də,
əvvəlcədən ehtiyat tədbirləri
görür, yollar arayır, planlar cızırdı.
Bu arada general-mayor Lazarevin 9 yanvar 1803-cü il tarixli məktubu onun üçün
göydəndüşmə oldu. Lazarev iki erməninin
məlumatına əsaslanaraq yazırdı:
"Bütün Gəncə erməniləri rus
ordusunun Gəncəyə gəlməsini səbrsizliklə
gözləyir. Çünki müsəlman
dininin bütün qanunları onları
sıxışdırmaqla hədələyir. Gəncə xanının ehtiyat tədbiri
yalnız ondan ibarətdir ki, onun əmrilə hər
gün Şəmkirədək 10 nəfərlik
süvari mühafizə dəstəsi yola nəzarət
edir." Sisianov sevinirdi. Artıq arxadan zərbə endirəcək
qüvvə də tapılmışdı. İndi qalırdı Cavad xanı yola gətirmək.
General əvvəlcə
diplomatiyaya üstünlük verdi.
1803-cü il 25 fevral tarixli birinci məktubunda
ona iltifatla yanaşıb, Rusiya himayəsinə
keçmək üçün dilə tutaraq
yazırdı: "...Sizin şərafətli
etimadınızın ən gözəl zəmanəti
o olardı ki, xahişimizi nəzərə alaraq
yüksək mənsəbli böyük oğlunuz
Uğurlu ağanı əmanət kimi Tiflisə göndərəsiniz.
O burada ləyaqətinə və mənsəbinə
müvafiq əlverişli ehtiram və hörmət
sahibi olacaq. Bu təmənnam yerinə
yetirilsə, onu Gəncə ilə Gürcüstan
arasında heç bir ayrıseçkiliyin
olmayacağı barədə xeyirxah vədimizin əməli
timsalı kimi qəbul edəcəyəm".
Cavad xan
kimi ehtiyatlı və ağıllı bir adam
heç Sisianovun yağlı vədinə
inanardımı? Ona görə də
Sisianova ehtiyatlı və ikibaşlı cavab məktubu
yazdı. Məktubu alan Sisianov
başa düşdü ki, daş qayaya rast gəlib və
yağlı vədlərlə Cavad xanı yola gətirmək
mümkün deyil. Ona görə də
1804-cü ilin oktyabr ayında güclü qoşunla Azərbaycan
sərhədlərinə yaxınlaşdı.
Tezliklə Sisianov Şəmkirə çatdı və
noyabr ayının 29-da Cavad xana belə bir məzmunda məktub
göndərdi: "...Təslim olmaq istəmirsənsə,
İsmayıl, Oçaqov, Varşava və başqa şəhərlərin
başına gələn fəlakətlərə
hazır olun. Ertəsi gün günortaya
kimi cavab gəlməsə, qiyamət qopacaq. Gəncənin üzərindən tufan kimi
keçib getməklə sözümə necə əməl
etdiyimin şahidi olacaqsan!"
Məşvərət
məclisini toplayan Cavad xan Sisianovun məktubu ilə
onları tanış etdi. Yekdilliklə qərara alındı ki,
düşmənə sərt cavab verilsin. Ertəsi
gün Sisianova bu məzmunda cavab məktubu göndərildi:
"...Sən mənimlə savaşa başlamaq istəyirsənsə,
mən hazıram. Döyüş istəyirsənsə,
döyüşək. Sənin təklifini
qəbul etməyəcəyim təqdirdə mənə
bədbəxtlik vəd edirsən. Ancaq
mən bədbəxtliyin sənin özünü
Peterburqdan təqib edib buraya sürüklədiyinə
inanıram".
Belə cavabı gözləməyən Sisianov
bir qədər tərəddüd etsə də, Cavad xana
hədə-qorxu ilə dolu məktublar göndərməkdə
davam edirdi. Hər dəfə də ondan qətiyyətli
cavablar alırdı. Cavad xanın
kömək üçün qonşu xanlıqlara
müraciəti isə cavabsız qalırdı. Onu daha çox hiddətləndirən Qacar
şahı Fətəli şahın
qorxaqlığı idi. Fətəli
şah ona kömək göstərsə idi, xan
rusların cənuba gedən yolunu həmişəlik
kəsərdi. Gəncənin itirilməsinin
Azərbaycan, eləcə də Qacarlar üçün nə
kimi nəticələr verəcəyini Fətəli
şah dərk etmirdi.
Sisianov
son məktublarının birində belə
yazırdı: "Mən şəhəri alacaq, səni
biabırcasına edam edəcəyəm".
Cavabını isə belə almışdı: "Sən
mənim meyitimi divarın üstündə tapa bilərsən".
Sisianov da boş dayanmırdı. Əzmkar
xanı yenə bilməyəcəyini görüb, I
Aleksandra məktubu-məktuba calayırdı. Ondan hərbi kömək istəyirdi. Nəticədə kömək gəlib
çatdı. Dağıstan
alayları Tiflisə çatıb onun sərəncamına
verildi. Sisianov dekabr ayının əvvəlində
böyük hərbi qüvvə ilə Gəncə üzərinə
yeridi. Bir neçə gündən
sonra Gəncəyə çatıb onu mühasirəyə
aldı. Qala fasiləsiz olaraq top atəşinə
tutuldu. Memarlıq abidələri, evlər,
saraylar dağıntılara məruz qalırdı.
Rus qoşunları içərisində olan şahidlərdən
biri yazırdı: "Su boruları insan cəsədləri
ilə dolmuşdu, şəhər sakinləri məcbur
olub bu sudan içirdilər. Xəstəlik
tüğyan edirdi. Buna baxmayaraq, Cavad
xan təslim olmurdu." Sisianov
yeni-yeni hədə-qorxulu məktublarla yanaşı,
şirnikləndirici təkliflər də göndərirdi.
Cavad xan isə sarsılmaz qaya kimi diz
çökmürdü. Sisianovun Cavad xana
ünvanlanmış sonuncu, 29 dekabr 1803-cü il tarixli məktubunda belə deyilirdi:
"Qalanı xoşluqla vermək meylinizin
olmadığını görüb, axırıncı
dəfə təslim şərtlərini sizə göndərməyi
özümə borc bilirəm... Məktubuma
təcili cavab istəməyim isə heç də o demək
deyil ki, mən düşmənimi nökər, qul hesab
edirəm. Bu ona görədir ki,
insanlar arasındakı qarşılıqlı hörmətə
riayət olunmalıdır. Yəni mən
Sizin məktubunuza həmin gün cavab verirəmsə,
əvəzində Siz də belə hərəkət etməlisiniz.
Buna görə də ümidvaram ki, sabah
günortadan qabaq məktubumun cavabını ala biləcəyəm".
Cavad
xanın təslim olmadığını görən
Sisianov şəhərə hücum əmrini verdi. 1804-cü il yanvar
ayının 3-də soyuq bir gecə
qaranlığında ruslar qala üzərinə
hücuma keçdilər. Hücumçu dəstələrə
general-mayor Portyagin və polkovnik Koryagin
başçılıq edirdi. Güclü top atəşinin
Qarabağ darvazası tərəfdən
açdığı yarıqdan qalaya doluşan əsgərlər
inadlı müqavimətlə
qarşılaşdılar.
Azərbaycan
tarixçi-salnaməçisi Rəşid bəy
İsmayılov yazırdı: "Gəncəlilər
həqiqətdə şir kimi müqavimət göstərir,
rusların üzərinə dolu kimi güllə, daş
və ox yağdırırdılar. Əsgərləri
görmək qəsdilə gəncəlilər
yapıncıları neftlə isladıb onlara
qarşı atırdılar. Topların
sədası, güllələrin
vıyıltısı, qalanın içindən
çıxan ah-nalə ərşə dayanmış, ətrafa
dəhşətli vahimə salmışdı".
Cavad xan oğlu Hüseynqulu ağa ilə birlikdə
Sisianova vəd etdiyi kimi qala divarları üzərində
həlak oldu.
O, öz ölümü ilə ölümsüzlüyə
imza atdı. Onun igidliyi dillərdə
dastan oldu, əfsanələşdi.
Allah rəhmət eləsin.
Fazil
QARAOĞLU
professor
Bakı xəbər.- 2017.- 17 may.- S.13