Şəhid Aydının yarımçıq
qalan arzuları və babanı dünyadan köçürən
nəvə nisgili...
XI yazı
Aydın
şəhid olandan sonra Məcnun kişi canını
qoymağa yer axtarırdı. Dərdi o qədər
böyük idi ki, yerə-göyə
sığmırdı. İxtiyar
yaşında günü ağlamaqla keçirdi
kişinin. Heç ağlına da gəlməzdi
ki, nə vaxtsa şəhid nəvəsinin tabutunu
qucaqlayacaq. Baba Aydının
yoxluğunu düşündükcə, dəli olmaq dərəcəsinə
çatırdı. Nəvəsinin həyatda
olmamasını qəbul edə bilmirdi. Qisas hissi babanın səbr-qərarını əlindən
almışdı. Elə hey fikirləşirdi
ki, əlinə silah götürüb bu yaşında
ermənilərin üstünə getsin. O bunda
çox israrlı idi. Amma qızları,
kürəkəni, nəvələri onu bu işdən
çəkindirirdi. Bütün yaşlı
qocalar kimi, o da əllərini ümidsizcəsinə
dizlərinə çırpıb vaysınırdı:
-
Ölüm mənim idi, ay oğul, niyə Əzrayıl səni
apardı? Günümü görüb,
dövranımı sürmüşəm. Kim tanıtdı sənin yaxanı o xainə?
Hərdən zəng edirdi ki, baba, necəsən?
Bağa yaxşı bax, ağaclar
qurumasın, çiçəklər solmasın. Deyirdim, ay oğul, xətircəm ol, hər
şey yerindədir, bircə sən yoxsan, sağlıq
olsun, tezliklə gələrsən, evinə yiyəlik
edərsən. Qismət olmadı
balama ev-eşiyi. Bu evin sahibi Aydın
olmalı idi. Çünki o mənim
nakam balamın adını daşıyırdı.
Nəvəmin də ömrü oğlumun
ömrü kimi qısa oldu. Gözümü
sənə dikmişdim, Aydın, deyirdim ki, məni
çiynində son mənzilimə sən yola salacaqsan.
Amma Allah sənin ölümünü mənə
göstərdi, sinəmə çal-çarpaz dağ
çəkdi fələk.
Babanın ağlamağı qızlarına, nəvələrinə
çox pis təsir etdi. -
Aydın axırıncı dəfə Yaşmaya gələndə
həyətimizdən bir qucaq çiçək
yığıb nişanlısına apardı. Çiçəklərin hər biri bir rəngdə
idi. Mən həmişə gülləri
yığıb qız-gəlinə hədiyyə
verirdim. Deyirdilər ki, çox sağ ol, Məcnun
baba, Aydının sağ olsun, hərbidən
sağ-salamat ev-eşiyinə qayıtsın, toyunu
görəsən. Ona o qədər dua
edirdilər ki, balalarım, gərək Aydından
güllə yan ötəydi. Amma
ötmədi. Mən Aydınsız
yaşaya bilmərəm, bala, heç yaşamağa
üzüm də gəlmir. İki
Aydınım qara torpağın altında yatır,
amma mən yaşayıram hələ.
Baba Aydını uşaqlıqdan nəvəsi yox,
oğlu hesab edirdi. O, Aydınla nəfəs alırdı. Həyatını
Aydına bağlamışdı Məcnun kişi.
Məcnun
kişi keçmiş Dəvəçi,
indiki Şabran rayonunun Nohurlar kəndində
doğulub boya-başa çatmışdı. Məcnun ailənin tək uşağı idi.
Xudaverdi kişi Məcnunu elə tərbiyə
etmişdi ki, oğlu böyüklə böyük,
kiçiklə kiçik idi. Məcnun
böyüyəndən sonra rayon mərkəzinə
köçür, burada dəmir yolunda işləməyə
başlayır. Həyat dolu, xeyirsevər
gənclərdən idi Məcnun. Diribaşlığı,
tərbiyəsi ilə dostları arasında
böyük hörmət qazanan Məcnun Leyli xanımla
ailə qurur. Leyli də ki,
Şabranın adlı-sanlı nəsillərindən
birinin övladı idi. Leylinin
babası erməni zülmünə, bolşevik
işğalına qarşı əlində silah
mübarizə aparmışdı. Leyli
xanımın babası Əfəndizadə Həmdulla
Əfəndi İsmayıl oğlu 1888-ci ildə Qələgah
kəndində anadan olub. O öz zəmanəsinin
böyük din xadimi Əbdülvəhab Əfəndinin
nəvəsi idi. Həmdulla Əfəndi ilk
təhsilini mollaxanada alıb. Sonra
Quba mədrəsəsində təhsili davam etdirib,
burdan isə 2 sinifli rus məktəbinə keçərək
oranı 1906-cı ildə bitirib. Ərəb, fars, türk və rus dillərini mükəmməl
bilib, o bölgənin açıq gözlü,
uzaqgörən ziyalılarından biri kimi
tanınıb. O, Quba qəza polisinin rəisi Əli bəy
Zizinski, pristav Mahmud bəy, qəza rəisi Səlim bəy,
bir müddət sonra Azərbaycana rəhbərlik edən
Mircəfər Bağırovla dostluq edib. 1918-ci ilin dəhşətli
mart günlərində ermənilər Quba, Xaçmaz ərazisinə
soxularaq adamları qırıb bu yurdu xarabaya
çevirəndə Həmdulla Əfəndi xalqı
ayağa qaldırıb, dostu qaçaq Mailin dəstəyi
ilə birləşərək erməni
quldurlarını oradan qovublar. O dövrdə baş
verən siyasi hadisələrin bir çoxunda
yaxından iştirak edən, "İttihad"
partiyasının fəal üzvlərindən olan Həmdulla
Əfəndi 1918-ci il dekabr ayının
7-də Azərbaycan Demokratik Respublikasının ilk
parlamentinə üzv seçilib. 1920-ci ilin aprelində
Rusiya bolşeviklərini və onların
istilaçı ordusunu Azərbaycana gətirən XI
zirehli qatar rayonumuzun ərazisindən
keçərkən Həmdulla Əfəndi elin cəsur
oğullarını başına toplayaraq, rus ordusunun
qabağını kəsib. Onlarla
açıq mübarizəyə girişib, lakin
qüvvələr qeyri-bərabər olduğundan, bu fədakar
dəstə geri çəkilməyə məcbur olub.
Həmdulla Əfəndi çox xeyirxah,
müdrik, kasıblara əl tutan, elin qeyrətini çəkən
bir şəxsiyyət kimi şöhrət qazanıb.
Nəcib əməllərinə görə
camaat ona böyük ehtiram bəsləyib. Lakin Sovet hökumətinin amansız
repressiyası Həmdulla Əfəndidən də yan
keçməyib. O, 1928-ci ildə həbs olunaraq uzaq
Sibirə sürgün edilib. Bununla kifayətlənməyən
sovet hökumətinin məmurları Həmdulla Əfəndinin
qohum-qardaşından da əl çəkməyib. 1930-cu ildə bu ailə elliklə
Naxçıvana sürgün olunub. Qeyrət
və igidlik nümunəsi olan bir ömür
sürmüş Həmdulla Əfəndi özündən
sonra gələn nəsillərin yaddaşında
silinməz izlər qoyub (Sitat Nizami Rəhmanlının
"Çıraqqala yurdunun övladları"
kitabından götürülüb).
Aydının ana nənəsi xəttinin belə
bir mötəbər kişiyə gedib
çıxması ailə üçün həqiqətən
də qürurvericidir.
Məcnun
yaxşı bilirdi ki, Leyli hansı kişinin
kökünə bağlıdır və Leyli xanım
son nəfəsinə qədər baba adına
ləkə salmadı, gözəl övladlar ərsəyə
gətirdi. Leyli və Məcnunun məhəbbəti
evliliklə nəticələndi. Ər-arvad əl-ələ
verib kərpic kəsib ev tikiblər. Onların izdivacından Sevil, Esmira və
Aydın doğulub. Leyli xanım
dünyasını erkən dəyişib. Üç övladı həyat
yoldaşına əmanət qalıb. İş
belə gətirib ki, Leyli xanımın 40-ı
çıxmamış Aydını cərəyan vurur,
o rəhmətə gedir. Hadisə
baş verən gün Leyli xanımın cüməaxşamı
mərasimi idi. Camaat Məcnun
kişinin həyətinə toplaşmışdı.
Bu zaman işıq sönür. İşıqçının gec gəldiyini
görən 16 yaşlı Aydın hövsələsizlik
edərək işıq dirəyinə qalxır və elə
oradaca cərəyan onun həyatına son qoyur. Aydının vəfatı ailənin hələ
qanı qurumamış yarasının üstünə
daha dərin yara vurur. Ata tək oğul
övladını, Esmira və Sevil isə yeganə
qardaşlarını itirir. Məcnun kişi
iki qızla qalır. Qızlar ərsəyə
çatıb hərəsi bir evin
çırağını yandırır. Məcnun
kişinin qızı Sevil Əmirsoltan adlı
oğlanla evlənir. Əmirsoltanın
istiqanlılığı, qayğıkeşliyi, ailəcanlılığı
Məcnun kişinin oğul yarasının üstündən
sığal çəkirdi. O, Əmirsoltanın
timsalında özünə oğul tapmışdı elə
bil.
- Əmirsoltan, sən o qədər yaxşı
oğlansan ki, elə bilirəm doğma balamsan. Sən mənim
qızıma yaxşı baxırsan, bu da mənim ürəyimi
açır, sevinirəm. Tanrı sənə
heç vaxt neynəyim, necə eləyim dedirtməsin,
oğul, - deyə Məcnun kişi
Əmirsoltana üz tuturdu.
Bunlar ailənin həmişə
xatırladığı hadisələrdir. Bəzən xatirələr
elə şirin olur ki, acısı da adam
üçün əziz görünür.
Məcnun
kişi arvadının vaxtsız vəfatından
sonra Yaşmaya köçür və dəmir yolu
stansiyasında işini davam etdirir.
Aydının babasının Yaşmadakı
evinin geniş həyəti, yaxşı
bağı-bağatı vardı. Öz zəhməti
hesabına bağ salmışdı. Babanın
bağında hər cür meyvə vardı. Onun evi hərbi hissəyə yaxın
olduğundan, meyvələr yetişən kimi əsgərlərə
pay aparırdılar. Aydın uşaq
olanda babası onun əlindən tutub əsgər
dostlarının yanına aparırdı. Aydın onların geyiminə, papağına
maraqla baxırdı. Babasına
deyirdi ki, böyüyəndə o da əsgər
paltarı geyib onlar kimi olacaq.
Babası
həmişə Aydından:
- Balam,
böyüyəndə kim olacaqsan? Yəqin mənim kimi dəmiryolçu olarsan.
- Yox, ay
baba, əsgər olacağam, özümün də
avtomatım olacaq.
Əslində, baba Aydını elə hərbçi
görmək istəyirdi.
Nəvəsi şəhid olandan sonra baba evinin
yaxınlığındakı hərbi hissəyə
daha sıx-sıx gedir və əsgərlərə
bağındakı meyvələrdən sovqat
aparırdı ki, əsgərlər yeyib Aydına rəhmət
oxusun.
Baba sonuncu dəfə əsgərlərin
yanına gedəndə onun üzü
solğunlaşmışdı, heç dizində də əməlli-başlı
təpər yox idi. Əsgərlər babanı dövrəyə
alıb ona təsəlli verirdilər:
- Ay baba,
bizim komandirlər Aydını yaxşı
tanıyırdı. O, Gəncədə hərbi xidmətdə
olanda bizim hərbi hissəyə təlimə göndərilmişdi.
Yadına gəlir?
- Niyə
gəlmir, ay bala. O vaxt hərbi hissələrə gedib
xüsusi təyinatlı ordu hissələrinə əsgərlər
cəlb edirdilər. Buradan Gəncəyə
gedib oradan da əsgər gətirmək istəyirdilər.
Onlar orada olanda Aydın turnikdə məşq
edirmiş, elə onu oradan seçib Yaşmaya gətirmişdilər.
Mən də istəyirdim ki, o elə burada
qalıb xidmət etsin ki, axşam-səhər balamı
görə bilim. Aydının burada
bir dostu vardı, o oğlan da Zeyvədən idi,
Aydının kəndindən. O oğlan indi
haralardadır? Aydın o vaxt burada xüsusi təyinatlıların
təlimində olanda tanış
olmuşdular. Aydın atasına zəng
vurub Zeyvədən bir əsgərlə təlimdə
olduğunu demişdi.
Onlar burada qardaşlaşmışdılar,
söz vermişdilər ki, dostluqları əbədi
olacaq. Aydın onda Babəklə mərcləşmişdi.
- Nəyə
görə, baba? - deyə əsgərlər
bir ağızdan soruşdu.
-
Aydın özü kimi güclü, cəsarətli, təpərli
oğlan görəndə həmişə onunla
prinsipial bir məsələ üstündə mərcə
girirdi. Uşaqlıqdan belə idi. Qələbə qazanmağı, qalib
olmağı sevirdi balam. Babək
demişdi ki, Aydın, Şuşaya bayrağı mən
sancacağam. Aydın da demişdi
özüm sancacağam. Beləcə
mərcə girmişdilər. Amma
balama qismət olmadı bu gün. Murazı
gözündə getdi balam.
Əsgərlərdən
biri babaya Babək haqqında məlumat verdi:
- Babək
Abidov da igid oğlandır, baba, o indi gizir kimi cəbhə
bölgəsində xidmət edir.
- Allah işini avand etsin, bala,
hamınızı Tanrıya əmanət edirəm.
Haqq-salamınızı, mehr-məhəbbətinizi mənə
halal edin. Yəni ömrüm Aydının ilinə qədər
vəfa etməz. Baba hərbçilərlə
halallaşıb evə qayıtdı. Aydının ili tamam olandan sonra
baba da dünyadan köçünü çəkib
getdi. Ümidi, muradı saydığı Aydından
sonra onun da dünyadan köçməsi
Sevil xanımın dərdinin üstünə bir dərd
də gətirdi.
Aydın
şəhid olandan 3 il sonra isə Babək
qəhrəmancasına şəhidlik zirvəsinə
qovuşdu. Cəsur, igid, vətənpərvər
oğlan olan Babək Abidov 2016-cı ildə baş verən
şanlı aprel döyüşlərində
düşmən təxribatının
qarşısını alarkən böyük
şücaət göstərərək həlak oldu.
Bu xəbər Aydının ailəsinə
çatanda onlar əməlli-başlı məyus
oldular. Sevil ana, Əmirsoltan kişi
zeyvəli balası Babəkin şəhid olmasına
valideynləri qədər yanıb göz yaşı
axıtdılar. Onlar həmişə
deyirdilər ki, Aydın şəhid olsa da, onun
arzularını hərbçi dostları
yaşadır. Aydın kimi, Babəkin
də arzusu Şuşaya bayraq sancmaq idi.
- Ah
arzular, arzular, sən hər bir insanın ürəyindən
keçirsən, amma çox az adam sənin
vüsalına yetir, - deyə Əmirsoltan kişi
pıçıldadı.
O dərindən
köks ötürüb əlinin dalı
ilə gözlərinin yaşını sildi.
İçində bir ümid göyərdi anındaca:
-
Əminəm ki, Aydının, Babəkin yerinə
ordumuzda yeni əsgərlər, gizirlər var, olacaq da,
onlar bayrağımızı Şuşaya sancıb
şəhid ata-analarının əlindən tutub o yerləri
ziyarət etməyə aparacaq, - deyib əl uzadıb
arvadının yaşlı gözlərini sildi...
İçində ağlayan ürəyini köynəyinin
altında bərk-bərk gizlədib arvadına ümid verdi...
İradə
SARIYEVA
Bakı xəbər.- 2017.- 23 may.- S.15