Şəhid Aydın Abdullayevin
müəllimlərinin yaddaşında yaşayan əziz xatirələri...
XII yazı
Yeknəsək, darıxdırıcı payız günləri başlamışdı.
Başı
göylərə dəyən gəlin çinarlar əlini
qoynuna qoyub saralıb xəzələ dönən
yarpaqlarının ardınca boylanırdı. Yarpaqlar da
ağacların balalarıdır axı. Yarpaq sel kimi torpağa axıb
tökülürdü. Ağaclar da,
daşlar da, küçələr də fikirli idi, sanki
hamısının canını qara qayğı
almışdı. Şəhərdə
nə isə anlaşılmaz bir ab-hava vardı. Yağışlı-yağmurlu oktyabr
özü ilə bolluca qüssə gətirmişdi.
Şəhərin canında qəribə
bir süstlük vardı.
Suraxanı
rayonu şəhid Pərviz İsmayılov adına 278 saylı tam orta məktəbdə
adi dərs günlərindən biri idi. Məktəbin
ibtidai sinif müəlliməsi Sücaət Dəmirova
balaca şagirdlərinə dərs izah edirdi. Amma fikri nədənsə çox
dağınıq idi. Dərs izah edə-edə
arabir pəncərədən bayıra baxırdı.
Ürəyi elə döyünürdü ki, elə bil
içində atlı çapar
vardı. Dərsi saxlayıb bir stəkan su
içdi ki, bəlkə özünə gələ bildi.
Müəllimənin yaratdığı
fasilədən istifadə edən balacalar səs-küy
salmağa başladı. Müəllim
uşaqları sakitləşdirib dərsini davam etdi.
Ancaq heç cür daxilində yaranan təlatümün,
kədərin səbəbini anlaya bilmirdi.
- Görəsən
niyə belə oldum? Heç belə
olmamışdım, - deyə öz-özünə sual verdi.
Məktəbin direktoru Məlahət müəllimə
adəti üzrə dəhlizə çıxıb
siniflərə baş çəkir, davamiyyətlə
maraqlanırdı. Məktəb direktoru Sücaət
müəllimənin sinfinə daxil oldu. Şagirdlər onu görəndə bir nəfər
kimi ayağa durdular. Direktor şagirdlərə:
-
Uşaqlar, əyləşin! Sücaət
müəllimə, bağışlayın mane oldum,
sizə sözüm vardı.
-
Buyurun, Məlahət müəllimə!
- Siz bu həftə
vətənpərvərlik mövzusunda açıq dərs
verə bilərsinizmi? Vaxtınız
varmı? Ən təcrübəli,
savadlı ibtidai sinif müəllimlərimizdənsiniz.
Sizə güvənirəm.
Sücaət müəllimə razılıq əlaməti
olaraq başını tərpətdi.
- Onda
sizin açıq dərsi həftənin cümə
gününə salaq.
- Olar,
niyə olmur. Mən hazır, şagirdlər
də həmçinin.
Direktor Sücaət müəllimənin
hazırlığına, savadına, çətin vəziyyətlərdən
çıxmaq qabiliyyətinə yaxından bələd
idi. Ona görə də açıq dərsi onun
sinfinə salmışdı. Direktor
sinifdən çıxıb kabinetinə sarı gedərkən
qapının ağzında xadiməni ağlayan
gördü. Təəccübləndi.
O bayaq xadiməni burada yeri silən
görmüşdü, görəsən nə olub ki, o
ağlayır.
- Nə
olub, niyə ağlayırsan?
Xadimə direktorun səsini eşidib daha bərkdən
hönkürdü.
Direktor çaş-baş vəziyyətdə
ağlayan xadiməyə baxırdı. Handan-hana xadimə
sakitləşib sual dolu baxışlarını ona
dikən direktorun üzünə baxdı:
- Bizim məktəbin
məzunlarından biri də şəhid olub, Məlahət
müəllimə.
- Nə
danışırsan? Kimdir şəhid olan?
-
Aydın Abdullayev, atası Əmirsoltan kişi
"JEK"də işləyirdi. Bilmirəm
o oğlan yadınızdadırmı?
- Kim dedi
şəhid olduğunu?
-
Meyitini indi gətiriblər, indi hamı onların həyətinə
yığışır, camaat danışır ki, erməni
snayperlə düz alnından vurub. Can balam, can. Bilirsiniz necə yaxşı uşaq idi, heç
adamı incitməzdi, başqa uşaqlar kimi nalayiq hərəkətlər
etməzdi. Tərbiyəli,
qanacaqlı şagird idi Aydın. Pərvizdən
sonra Aydının şəhid olması məktəbimiz
üçün ağır xəbərdir.
Direktorun gözləri yaşla dolmuşdu, o da ana
idi, o da itkini canı-qanı ilə hiss edirdi.
-
Çox pis xəbər oldu. Aydın
Sücaət müəllimənin şagirdi olub. Bu xəbər ona dəhşətli dərəcədə
pis təsir edəcək. Çünki
o, Aydını çox istəyirdi və onun cəbhə
bölgəsində xidmət etməsi ilə fəxr
edirdi. Aydın məzuniyyətdə
olanda həmişə məktəbimizə gəlirdi.
Məlahət müəllimə kabinetinə getməyib
geriyə Sücaət müəllimənin sinfinə
qayıtdı. Direktorun getdiyi kimi də geri
qayıtdığını görən müəllimə
onun qabağına irəli yeridi. Məlahət
müəllimənin üzündəki kədəri,
gözündəki yaşı görüb təəccübləndi.
- Nə
olub Məlahət müəllimə, niyə
ağlayırsınız? Olmaya
uşaqlara bir şey olub?
- Bəli,
sənə pis xəbərim var, Sücaət müəllimə,
hazır olun.
Direktorun sözü müəlliməni
özündən aldı, rəngi sapsarı saraldı.
- Nə
olub, gizlətməyin nə olar?
- Sənin
ibtidai sinifdə dərs dediyin, yazıb-oxumaq öyrətdiyin
Aydın Abdullayev şəhid olub. Sücaət müəllimə,
Vətən sağ olsun!
Aydının şəhid olmaq xəbərini
eşidən Sücaət müəllimə,
sözün əsl mənasında, balasını
itirmiş ana kimi hönkürdü. Əlbəttə,
hər bir müəllim üçün şagird onun
doğma övladı kimidir.
- Heyif,
Aydın, səndən çox heyif. Sən
şəhid olası oğlan deyildin, zəfər
qazanacaq oğul idin. Deyirdi ki, müəllimə,
siz arxayın olun, bizim əsgərlər ermənilərin
lazımi dərəcədə dərsini verir, sadəcə,
biz qəhrəmanlığımızı çox dilə-dişə
salmırıq.
Aydın danışırdı ki, dəfələrlə
o da, başqa gizirlər də, onların əsgərləri
də ermənilərin canlı qüvvəsini məhv
edib, texniki qurğularını sıradan
çıxarıblar. Aydın çox cəsur oğlan idi,
ata-anası ona çox yaxşı tərbiyə vermişdi.
O həm də güclü idmançı idi, o qədər
medalı vardı ki, bəzən deyirdim ki, Aydın, bu qədər
medalı neynəyirsən? Deyirdi ki,
müəllimə, yığıb muzeyə verəcəyəm.
Gülüşürdük. Aydın çox ağıllı, zəkalı,
tərbiyəli bir uşaq idi. İbtidai
sinifdə oxuduğu illərdə də ağlına, fərasətinə
görə hamıdan seçilirdi. Aydın
heç vaxt məni yormazdı. Çox
ağıllı gözləri vardı. O gözlərdən
onun işıqlı gələcəyi boylanırdı.
Pərviz də ağıllı uşaq idi.
Qəribədir, bütün qəhrəmanların
taleyi, həyatı, məktəbə, ata-anaya
münasibəti eyni cür olur. Pərviz
şəhid oldu, indi məktəbimiz onun adını
daşıyır, indi də Aydının şəhidlik
xəbəri yayılıb. Allah hər ikisinə rəhmət
eləsin!
Sücaət müəllimənin qan yaşla dolan
gözləri şagirdlərin nəzərindən
yayınmadı. Üçüncü sinif şagirdləri
onu sual atəşinə tutdular.
- Müəllimə,
niyə ağlayırsınız?
-
Keçmiş şagirdim şəhid olub.
- Adı
nə idi?
- Aydın.
Aydın işıq kimi hər tərəfə
nur saçan oğul idi. Həm
yaxşı oxuyurdu, həm tərbiyəli idi, həm də
idmanla məşğul olurdu. Siz də
böyüyəndə Aydın kimi ağıllı, tərbiyəli
olun.
Uşaqlar
müəlliməyə söz verdilər ki,
yaxşı oxuyacaqlar...
Dərs bitəndən sonra məktəb rəhbərliyi
və bütün müəllimlər Aydının yas mərasimində
iştirak etmək üçün Əmirsoltan
kişinin evinə getdilər. Həyətdə yas
çadırı qurulmuşdu. Havanın
yağışlı, soyuq olması adamların əhvalını
daha da pisləşdirirdi. Aydının
dəfn mərasimində böyük izdiham
yaşandı. Bütün Suraxanı
rayonu, demək olar ki, orada idi. Hər kəs
şəhidə ehtiramını bildirir, onun qəhrəmanlığı
ilə öyünür, ruhuna dualar oxuyurdular.
Yas məclisinə gələn müəllimlər
Aydının anasının, xalasının, gəlinlərinin,
doğmalarının hansı hallara
düşdüyünün şahidi oldular. Məktəb
direktoru Məlahət müəllimə göz
yaşı içində anaya təsəlli verir, şəhidliyin
uca məqam olduğunu, şəhidlərin hər zaman
cavan qaldığını deyirdi.
- Biz
oğullarımızı ona görə dünyaya gətirib
böyüdürük ki, onlar sabah
bizim arxa-dayağımız olsun, Vətənin dar
günündə əlinə silah götürüb
düşməni susdura bilsin. Sevil
xanım, sizin oğlunuz şəhidlik köynəyini
hərbi paltarının altından geyib Vətənin
müdafiəsinə qalxıb. O, düşmənə
baş əymədi, əksinə, düşməni məhv
etdi. Aydın 7 erməni hərbçisi öldürüb,
onların zirehli texnikasını məhv edib, kəşfiyyatçı
kimi erməni məkrini, planını ifşa edib.
Aydının yas məclisində
iştirak edən bacılar, xanımlar, keçmiş
şagirdimizin şəhid olması xəbəri bu
gün məni, Sücaət müəlliməni, bir
sözlə, bizim məktəbin kollektivini
yandırdı, hamı heyfsləndi ki, belə igid bir
oğlan qara torpağın altında yatacaq. Şəhidlər ölməz, Vətən
bölünməz, analar, bacılar. Allah
bütün şəhidlərə rəhmət eləsin!
Aydının
dəfn mərasimi şəhidin adına
layiq keçirildi. Əlbəttə, hər
kəs 23 yaşlı Aydının şəhid
olmasından sarsılmışdı. Bununla belə, insanların üzündə,
bir çimdik də olsa, fəxr, qürur hissi nəzərə
çarpırdı. Şəhid son mənzilə
yola salınandan sonra hər kəs bir az
oturub ata-anaya, qardaşlara təsəlli verib evlərinə
dağılışdı. Məktəbin
kollektivi də yas yerini tərk etdi.
Aydının şəhid olmasına ən çox
yananlardan biri olan Sücaət müəllimə
heç cür özünə gələ bilmirdi. Şəhid
şagirdinin nakam taleyi, özünə tufan edən
nişanlısının fəryadı, anasının
ah-naləsi müəllimənin qulaqlarından
getmirdi. Ananın tükürpədən
səsi hələ də müəllimənin qulaqlarında
idi.
Evə gələndə bu gün
yaşadıqları dəhşəti bütün təfərrüatına
qədər göz önündə canlandır,
ağlayır, heyfslənir, Aydının
anasının vəziyyətini gözləri
qarşısına gətirib aciz-aciz əllərini
dizlərinə çırpdı. Axı Aydının
anasını sakitləşdirmək mümkün
deyildi. Sücaət müəllimə qəti
fikrə gəldi:
- Bu həftə
açıq dərsi Aydına həsr edəcəyəm,
hamımızın yaxından tanıdığı
balamızdır.
Cümə günü yetişdi, nəhayət ki,
Sücaət müəllimənin sinfində
açıq dərs keçirildi. Uşaqların fəallığı,
özünün hazırlığı imkan verdi ki, dərs yüksək səviyyədə
keçsin.
Mövzu vətənpərvərliklə
bağlı olduğu üçün, uşaqlar olduqca fəal
iştirak edir və fikir bildirirdilər. Dərsin
sonuna yaxın məktəb direktoru danışmaq
üçün ayağa durdu və açıq dərsin
gedişatından, şagirdlərin cavabından,
müəllimənin savadından danışdı.
Sözü çox uzatmayıb Aydın Abdullayevlə
bağlı xatirələrə keçid aldı:
- Mən Aydının valideynlərini 30 ildir
tanıyıram. Çünki Abdullayevlər ailəsinin
hər üç övladı bizim məktəbdə təhsil
alıb. Nicat da, Cavad da, Aydın da
çox tərbiyəli, sağlam ruhlu,
çalışqan şagirdlər olub. Həm davranışlarında, həm də
oxumaqlarında hamıdan seçiliblər.
Əmirsoltan kişi də, Sevil
xanım da daim məktəblə əlaqə
saxlayır, övladlarının dərsləri,
davranışları ilə maraqlanırdılar.
Əmirsoltan kişi məktəbimizin
ictimai işlərində də yaxından iştirak
edib. Ona görə də hər kəs bu ailəyə
həmişə hörmətlə yanaşıb. Rəhmətlik Aydın məktəbizimin
gözü, qaymağı olan şagirdlərdən biri
idi. O, möhkəm xarakteri, xeyirxahlığı,
böyük-kiçik yeri bilməsi, müəllimlərinə,
şagirdlərə, dostlarına münasibəti ilə
nümunə olub. Aydın həmişə
haqqın tərəfində idi. Abdullayevlər
ailəsinin sonbeşiyi qeyrətli, təəssübkeş,
vətənpərvər bir uşaq idi. O əsasən
yuxarı sinif şagirdləri ilə yoldaşlıq edərdi,
hamı bir nəfər kimi onun xətrini çox istəyirdi.
Hansı dostu dara düşsə, Aydın
mütləq onun dadına yetirdi, dostunu çətinlikdən
qurtarırdı. Aydın cəsur
oğlan idi. Arzu edirəm ki, mənim
balalarım, siz də Aydın kimi qorxmaz olasınız.
Aydın balamız Vətənimizi düşməndən
qorumaq üçün kişi kimi cəbhə
bölgəsinə getdi, burada xidmət etdi və
şücaətlər göstərdi. O şəhid olsa
da, izləri yaşayır. Təsəllimiz
odur ki, Aydın kimi qəhrəmanlar ölmür, onlar
şəhid olmaqla yenidən dünyaya gəlirlər.
Şəhid valideynlərinə demək
istəyirəm ki, başınızı dik tutun, buna
sizin haqqınız çatır.
Aydının vaxtilə təhsil
aldığı məktəbdə 1750 şagird təhsil
alırdı. Şagirdlərin hər biri Pərvizlə
Aydını özləri üçün örnək
hesab edirdilər.
Aydının şəhid
olmasından dörd il ötürdü. Hər bayramda,
Aydının ad günü və xatirə günlərində
məktəb kollektivi şəhid gizirin xatirəsini əziz
tutur, tədbirlər keçirir, şagirdlər
şəhidlərə aid şeirlər söyləyirdilər.
Vaxtilə təhsil aldığı,
doğma məktəbdə Aydının adını hər
kəs böyük ehtiramla çəkirdi. Aydının şəkli məktəbin dəhlizindən
asılmışdı, məktəbə gələn hər
bir şagird, valideyn şəhidin şəkli
qarşısına keçir, onun ruhunu anırdı.
Oktyabr Abdullayevlər ailəsinə kədər,
qüssə, bir də qiyamətə qədər davam edən
ayrılıq gətirmişdi. Bu
ayrılıq müəllimləri də, Aydının
ailəsini də hədsiz dərəcədə kədərləndirsə
də, onlar A.Abdullayevin canını Vətən
yolunda qurban verməsindən fəxr hissi
keçirirdilər.
Sücaət müəllimə
Aydının şəkli qarşısında
dayanmışdı. Tənəffüs olduğundan, məktəbin
bəzi müəllimləri onun başına
toplaşmışdı.
- Hər kəs dünyadan köçür,
amma kim necə köçür, əsas məsələ
budur. Aydın sadə bir ailədə
doğuldu, ancaq dünyadan qəhrəman kimi
köçdü, - deyib, Sücaət müəllimə
titrək əlləri ilə keçmiş şagirdinin
şəklini sığalladı. Müəllimə göz
yaşlarını güclə boğsa da, yaş
yanaqları aşağı axmağa başladı. Bayırda göydən
leysan ələnirdi...
İradə
SARIYEVA
Bakı
xəbər.- 2017.- 24 aprel.- S.15