Qarabağda erməni saxtakarlığı...
Qarabağ ərazisi dünyada insanın
məskunlaşdığı ilk ərazilərdən
biridir. Bu ərazi hələ XIX əsrdən
başlayaraq dünyanın bir çox həvəskar
arxeoloqlarının diqqətini cəlb edib. Möhtəşəm Azıx və Tağlar
mağaraları, bu mağaraların qədim sakinləri
tərəfindən yaradılan Quruçay arxeoloji mədəniyyəti
nəinki təkcə Qarabağın, eləcə
də bəşər tarixinin ilk mərhələsini
öyrənmək üçün əvəzsiz abidələrdir.
Qarabağ ərazisi ilk əkinçi və
maldar tayfalarının yaratdığı Kür-Araz
arxeoloji mədəniyyətinin abidələri ilə
də zəngindir. Bunlar bütünlüklə e.ə. VI-V minilliklərdə həmin ərazidə əhalinin
təsərrüfat həyatını, onun məişətini,
adət və ənənəsini öyrənmək
baxımından böyük əhəmiyyət kəsb
edir. Azərbaycan arxeoloqları tərəfindən
az-çox öyrənilən çoxtəbəqəli
Qarakəpək təpə abidəsi, Xantəpə,
Kültəpə, Günəştəpə, Şəkərcik,
Şomulu, Zərgərtəpə və onlarla
başqaları bütünlüklə Qafqaz eneolitinin
ən nadir abidələridir.
Qarabağ ərazisi ilk tunc dövrü
abidələri ilə də zəngindir. Tədqiqatçıların
fikrincə, ümumiyyətlə Azərbaycanda əsasən
hələ Kür-Araz eneoloji dövründə
üç mis emalı mədəni mövcud olub. Qarabağda elə bir mədənin olması bu
ərazidə ümumiyyətlə tunc dövrü abidələrinin,
o cümlədən yeni tipli yaşayış məskənlərinin,
qəbir abidələrinin, istehsalat
ocaqlarının meydana gəlməsinə zəmin
yaradıb. Bu abidələrin tədqiqi
göstərir ki, Qarabağda oturaq həyatın,
bununla bağlı olan əkinçiliyin və sənətkarlığın
geniş şəbəkəsi yaranıb,
yarımköçəri maldarlıq təsərrüfatı
formalaşıb. Günəştəpə,
Xantəpə, Uzuntəpə, Meynətəpə, Üzərliktəpə
və başqa komplekslərdən ibarət həmin abidələrdə,
xüsusilə orta tunc dövrü abidələrində
müdafiə istehkamlarının
mövcudluğu xüsusi mülkiyyət meyllərinin
gücləndiyini göstərir. Bununla da
ibtidai icma quruluşunun tədricən
dağılmasının əsası yaranırdı.
Bu baxımdan ilk şəhər əlamətlərini
özündə əks etdirən Üzərliktəpədə
qazıntı işləri zamanı zəngin
materiallar əldə edilib. Qarabağın son tunc, ilk dəmir
dövrü Xocalı abidələri kompleksində
öz əksini tapır. Buraya kurqan, kromlex, menhid və
tsikloplar kimi nadir abidələr daxildir.
Azərbaycan ərazisində eradan əvvəl IV əsrdən
etibarən möhtəşəm Alban dövləti
formalaşmağa başlayıb. Alban
tayfalarından olan qarqarların və utilərin
yaşadığı Qarabağ ərazisi
bütünlüklə Albaniyanın etnik, siyasi və
iqtisadi rayonlarından birinə çevrilib. Məlumdur ki, IV əsrin I rübündə
bütün Zaqafqaziyada olduğu kimi, Albaniyada da
xristianlıq dövlət dini səviyyəsinə
yüksəlib. Albaniyada
xristianlığın ən geniş
yayıldığı ərazi məhz Qarabağ
bölgəsi olub. Ümumiyyətlə,
ilk feodalizm dövrü Qarabağ ərazisində bir tərəfdən
xristianlıq geniş inkişaf tapıb və xristian
abidələri yayılıb, digər tərəfdən
də orada yeni-yeni şəhərlər və müdafiə
qalaları tikilib. Bunların içərisində
sonradan bütün ölkənin paytaxtına
çevrilən Bərdəni, Alban
hökmdarlarının yay iqamətgahı Alyen şəhərini
göstərmək olar.
Arxeoloji
axtarışlar nəticəsində ilk feodalizm
dövründə Qarabağ ərazisində dini və
etnik baxımdan bir qədər müxtəliflik hiss
olunur. Belə ki, xristian məbədləri
və xristian dəfn adəti ilə yanaşı, bu
dövrdə Qarabağda bütpərəstliyə aid
daş heykəllərin geniş şəbəkəsi
yaranıb. Bu heykəllər əsasən
Ağdam, Mirbəşir, Ağdərə və Xankəndi
ərazilərində yaradılıb.
Bütünlükdə Albaniyada olduğu kimi,
Qarabağın da həyatında ən böhranlı
günlər VIII əsrin əvvəllərinə təsadüf
edir. Belə
ki, bu vaxtdan Alban xristianlığı daxilindəki
monofizit, diofizit və nesterian cərəyanları
arasında yaranan ziddiyyətlər, bununla əlaqədar
əhalinin böyük bir qrupunun müqəddəs
İslama meyl etməsi və nəhayət, siyasi cəhətdən
ölkənin ərəb əsarəti altında
olması, bütün ölkədə olduğu kimi,
Qarabağda da ciddi siyasi böhranla nəticələnib.
Pərakəndəlik və feodal çəkişmələri
nəticəsində yeni-yeni şəhər - qalalar, o
cümlədən məşhur Kirs qalası,
Oğlanqala, Laçınqala, Lehk qalası və
başqaları yaranıb. Əvvəlki şəhərlərin
müdafiə istehkamları gücləndirilib. Alban xristian kilsələrində isə bərpa
işləri adı altında yenidənqurma
başlanıb və kilsələr monofizit
ehkamları əsasında inşa edilib. XII əsrin sonu, XIII əsrin əvvəlləri
Qarabağın yuxarı hissəsi üçün yeni
bir siyasi prosesin başlanğıcı olub. Belə ki, Mehranilər sülaləsinin
Sünik çarlığı ilə qohum olan yeni nəslin
nümayəndələri keçmiş Alban sənətini
bərpa etməyə çalışıb və bu məqsədlə
Qarabağın yuxarı hissəsində Xaçın
feodal çarlığını yaradıblar. Tezliklə güclənən bu
çarlığa öz dövrünün ən görkəmli
feodallarından olan Cəlalilər sülaləsinin
nümayəndəsi Həsən Calal
başçılıq edib. O özünü Alban
hökmdarı və Alban sənətinin bərpaçısı
adlandırıb. Məhz bu zaman
Qarabağın orta əsr abidələrində III mərhələ
başlayıb. Bu dövrün
xarakterik cəhəti ondadır ki, keçmiş Alban
kilsəsinin şöhrətini bərpa etmək
üçün onlarla yeni möhtəşəm kilsə
tikilib və əvvəlkilər bərpa olunub. Həsənriz məbədi, Xostavəng
kompleksində Arzu xatun məqbərəsi,
Beşikmidağ mağara kilsəsi və bir çox
başqaları məhz bu dövrdə inşa edilib.
Qarabağın müsəlmanlığı qəbul
etmiş əhalisi arasında isə ərəb və fars dilli epiqrafik abidələr
yayılıb. Ümumiyyətlə,
Qarabağ həmişə Azərbaycanın feodal
dövlətləri olan Sacilərin, sonra Salarilərin,
daha sonra Şəddadilərin, Atabəylərin,
Qaraqoyunluların tərkibində olub. Səfəvi dövründə isə buralar
xüsusi bəylərbəyliyə çevrilib. XVIII əsrdə Qarabağ xanlığı
yaranıb. Bütün bu proseslər
müəyyən dərəcədə öz əksini
abidələrdə tapır. Təəssüflər
olsun ki, Qarabağın abidələri həmişə
planlı şəkildə ermənilər tərəfindən
dağıntıya məruz qalıb. Demək
olar ki, bugün bütün Alban kilsələri bərpa
adı altında ermənilər tərəfindən
sökülərək Qriqorian üslubunda inşa
edilib və bu kilsələrdəki Alban yazıları
planlı şəkildə məhv edilərək erməniləşdirilib.
Bu ərazidəki abidələrə hücum
keçmiş sovet hakimiyyəti illərində də
davam etdirilib. Belə ki, ayrı-ayrı Ermənistan vətəndaşları
və Eçmiədzin kilsə xadimləri tərəfindən
Qarabağın epiqrafik abidələri qanunsuz şəkildə
oğurlanaraq İrəvan xanlığında qurulan
Ermənistana aparılıb, "Alban" sözü
yazılan daşların məhvi üçün
xüsusi kampaniya başlanıb və bu işlər
gizli və pərakəndə halda görülüb.
İndi
artıq 25 ildir ki, ermənilər işğal etdikləri
Qarabağda abidələrlə əlaqədar Azərbaycanın
izini itirmək üçün üç istiqamətdə
iş aparırlar:
1.
Bilindiyi kimi, Beynəlxalq qanunlara görə,
müharibə gedən ölkələrdə mənəvi
mədəniyyət abidələrinə toxunulmur. Fəqət ermənilər özlərinə
xas xarakterlə maddi-mədəniyyət
qalıqlarını ələ keçirdikdən sonra
Şuşada, Laçında, Kəlbəcərdə,
Ağdamda və digər şəhərlərdəki
muzeyləri və bu muzeylərdə toplanmış
bütün kolleksiyaları erməniləşdirdilər
və bu materialları öz abidələri kimi təbliğ
etməyə başladılar. Bu
baxımdan ermənilər tərəfindən
xüsusi qruplar, cəmiyyətlər, könüllü
dəstələr yaradılıb. Onlar
həmçinin erməni tarixi baxımından
interpretasiya edə biləcəkləri Xotavəngdəki
Müqəddəs Yelisey məbədində, eləcə
də Ayoğlan və Aliars abidələrində
qalmış yazılı daşları İrəvana və
Eçmiədzinə daşıyıblar. Hələ 1968-ci ildə Qanzasarda olarkən Ermənistandan
xüsusi ustalar gətirilib bu məbədin guya bərpasına
kömək etmək bəhanəsilə bir çox
yazılı kitabələri çıxarıblar.
Onlar bu işləri İrəvan
xanlığında, Zəngəzurda, Göyçə
mahalında... da özlərinə xas ustalıqla
görüblər.
2. Ermənilər
Azərbaycana və albanlara məxsus bütün abidələri
məhv ediblər. Məlumdur ki,
Qarabağdakı erməni dilli epiqrafik abidələrdə
əhali özünün Alban xalqına məxsus
olduğunu həmişə qeyd etməyə
çalışıb. Demək olar ki, Qarabağdakı
bütün nişan daşları
"Yes ağnanes" - "mən albanlı" ifadəsi
ilə başlanıb. Məhz bu ifadəni
pozaraq onlar nadir abidələri eybəcərləşdiriblər.
3. Ermənilər
öz əməllərinin üstünü
ört-basdır etmək üçün dünyaya car
çəkirlər ki, guya Azərbaycan planlı şəkildə
Qarabağda erməni abidələrini məhv edib və
nəticədə Ermənistan dövləti
böyük xərc hesabına ərazinin nəinki erməni
abidələrini, eləcə də digər tarixi abidələri
bərpa etməyə məcbur olur.
Ermənilər
deyir: "Ədalətin bizim tərəfimizdə
olub-olmaması önəmli deyil, biz qalib gəlməliyik.
Bu, yeganə yoldur! Biz qalib gələndə hansı
üsullardan istifadə etdiyimizi bizdən soruşan
olmayacaq..." Bu fikir Hitlerin dəsti-xəttinə
çox bənzəyir. Doğrusu,
Qriqorian kilsəsinin ehkamlarına arxalanan və hər
zaman dövlət səviyyəsində fəaliyyət
göstərən bu qatı şovinizm xalqları fəlakətlərə,
müharibələrə, qırğınlara
düçar edib, bu gün də düçar etməyə
davam edir.
Azərbaycan əsrlər boyu bu şovinizmin hədəfi
olub, bu gün də onun hədəfindədir. Erməni
şovinizminin siyasəti böyük dövlətçilik
şovinizmidir. Bu, öz rəqiblərini
siyasi təzyiq altında tutmaq qüdrətinə malik
effektiv bir vasitədir. Erməni
şovinizmi bütün zamanlarda şantaj
üsullarına bağlı olub, sirli siyasi bir oyun kimi
özünü büruzə verib. Erməni
şovinistlər öz mənfur ideyalarını həyata
keçirmək üçün ilk növbədə
Qriqorian kilsəsinin daxildə və xaricdə fəaliyyət
göstərən qüvvələrinə, xarici erməni
lobbisinə və diasporuna güvənirlər. Onlar çirkin əməllərini dünya
ictimaiyyətindən yayındırmaq istəyirlər.
Fəqət nə tarix, nə də ictimai
fikir erməni qəsbkarları və onların
havadarlarının saxtakarlığını
ört-basdır edə biləcək. Doğrudur,
tarix boyu təcavüzkar və hiyləgər olan ermənilər
özlərini məzlum bir xalq kimi qələmə verərək
dünya ictimaiyyətinin diqqətini çəkmək
istəyiblər və bəzən bunu bacarıblar.
Fəqət həqiqəti gizləmək,
pərdələmək o qədər də asan deyil.
Tarixi məlumatlar göstərir ki, erməni
milləti yüzillər boyunca özlərinə hakim
olan dövlətlər tərəfindən siyasi, dini,
iqtisadi və mədəniyyət təzyiqi
görüb, əziyyətlər içərisində
yaşayıblar. Bu əziyyətlərin
başında tez-tez baş verən məcburi
köçlər gəlir. Bu da ermənilərin
ikiüzlülük, satqınlıq, idarəsi
altında olduqları dövlətə qarşı
törətdikləri xəyanətlər və
onların bir yerdə yerləşib inkişaf edə
bilməmələrindən irəli gəlir.
Bu da bir həqiqətdir ki, erməni
iddialarının təməlində azdırılan
bir tarix yatır. Bu azdırılan tarixin yalan
olmasını rəsmi sənədlər
işığında dünya ictimaiyyətinə
çatdırmaq hər bir elm adamının borcudur.
Əks təqdirdə tarixi yalanlar davam
etdiriləcək. Biz illərdən bəri
davam etdirilən bu əslsiz iddialar
qarşısında əsl günahkarların vətəndaşı
olduğu dövlətə xəyanət edən ermənilər
olduğunu və tarixin yalan bilməzliyini dünya
ictimaiyyətinə, xüsusilə də erməni
iddialarına dəstək verən dövlətlərə
rəsmi sənədlərlə bildirməliyik. Bu da bir həqiqətdir ki, arxiv sənədləri
tarixi hadisələrə siyasi baxımdan
yanaşmaları aradan qaldırır, həqiqətləri
ən obyektiv şəkildə əks etdirir.
Bu gün erməni lobbisi və diasporu
uydurduqları saxta məlumatlar və yalanlarla öz
milli varlıqlarını təbliğ etməkdədirlər. Hələlik
bunlara bəzi ölkələr inanır. Fəqət tarix boyu heç bir dövlətin məqsədi
erməni məsələsini həll etmək
olmayıb. Bu da bir həqiqətdir ki,
bütün dünya ictimaiyyəti ermənilərin
kimliyini bilir və onları terrorçu bir cəmiyyət
olaraq qəbul edir. Hesab edirik ki, olduqları
yerlərdə kimsəni özlərindən
üstün görməyən ermənilər də
qeyri-insani davranışlarına, əsilsiz
iddialarına görə tarix qarşısında
özlərini məhkum etdiklərini bilməlidirlər.
Fazil
QARAOĞLU,profesor
Bakı
xəbəer.- 2017.- 25 may.- S.12.