Azərbaycanın “Nar bağı”
“Oskar” mükafatına
layiq namizədlər sırasında…
i
Zülfiyyə Eldarqızı: “Hesab edirəm ki, bu film layiq
olduğu yüksək
qiyməti alacaq”
Ayaz Salayev:
“O film namizəd filmlər siyahısından
çıxıb beşliyə
düşərsə, onda
mən bunu əsl hadisə sayaram”
Müşfiq Hətəmov: “Filmi təqdim etmişik, nəticələri gözləyirik”
Son illər
Azərbaycanda çəkilən
filmlər artıq beynəlxalq miqyasda tanınmağa başlayır.
Filmlərimiz xaricdə
keçirilən nüfuzlu
kinofestivallarda iştirak
edir və ödüllər, mükafatlar
qazanır.
Ölkə kinematoqrafında, sözün yaxşı mənasında, səs-küy
yaradan və peşəkar kino işlərindən biri olan “Nar bağı”
filmi Amerika Kino Akademiyasının təsis etdiyi və dünya kinematoqrafının ən
yüksək mükafatı
sayılan “Oskar” mükafatına təqdim edilib. Onu da vurğulayaq ki, bu barədə
qərar bir neçə ay əvvəl Azərbaycan Respublikası Kinematoqraflar
İttifaqının nəzdində
fəaliyyət göstərən
Amerika Kino Akademiyası Azərbaycan üzrə Oskar Komissiyasının növbəti
iclasında verilib.
Filmin rejissoru
İlqar Nəcəf mətbuata bildirib ki, film təqdim
edilib və nəticəni gözləmək
lazımdır.
“Nar bağı”
filminin “Oskar” mükafatına namizəd
olan filmlərin siyahısına düşməsi
həqiqətən də
uğurlu bir işdir. Bu, ən azından, Azərbaycan kinosunun irəliyə, kiçik də olsa, atdığı
bir addımdır.
Filmin mövzusuna
gəlincə, deyək
ki, film Anton Çexovun məşhur “Albalı bağı” pyesinin motivləri əsasında
çəkilib. Hadisə
əyalətlərdən birində
baş verir. Şamilin (Qurban İsmayılov) iri nar bağı var, onu kəndin
imkanlı adamlarından
biri (Kazım Abdullayev) almaq istəsə də, o satmır. Onun oğullarından biri ölüb, digəri Qabil (Səmimi Fərhad) isə evlənib, sonra heç kəsə nəsə demədən ailəsini də atasının yanında qoyaraq Rusiyaya gedib. Baba gəlini
Sara (İlahə Həsənova) və 11-12
yaşlı nəvəsi
Cəlalla (Həsən
Ağayev) yaşayır.
Günlərin birində
gözlənilmədən oğul
qayıdır. O, atasına ailəsini Rusiyaya aparacağını
deyir, nar bağını satdırır
və pulu da götürərək ailəsindən gizlin tək Rusiyaya qayıdır. Çünki
onun başqa ailəsi var və borcu olduğundan,
qızı girov götürülüb. Bu
pul ona qızının
xilası üçün
lazımdır...
Bu film bir sıra festivallarda
iştirak edib və mükafatlar alıb. Onu da bildirək ki, film 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Qurban İsmayılov filmdə ifa etdiyi roluna
görə “Ən yaxşı kişi rolu” ödülünə,
film “Münsiflər heyətinin xüsusi mükafatı” və
FIPRESCI (Beynəlxalq Kinotənqidçilər
Federasiyası) tərəfindən
“Xüsusi vurğulama”ya
layiq görülüb.
“Nar bağı”
22-28 iyul tarixlərində
Astanada keçirilən
festivalın əsas müsabiqə proqramında
təqdim olunub.
Filmin dünya
premyerası Çexiyanın
Karlovı Varı Beynəlxalq Film Festivalının “Qərbin
Şərqi” müsabiqə
proqramı çərçivəsində
keçirilib.
Azərbaycandan xarici dildə ən yaxşı film kimi Oskar
mükafatına təqdim
olunub.
Qeyd edək
ki, filmin rejissoru İlqar Nəcəf, ssenari müəllifləri isə
İlqar Nəcəf və Asif Rüstəmovdur.
Filmdə böyük
yaradıcı və texniki heyət çalışıb.
Sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, aktrisa Zülfiyyə Eldarqızı
hesab edir ki, “Nar bağı”
Azərbaycan kinematoqrafiyasında
son illər çəkilən maraqlı
filmlərdən biridir.
Onun sözlərinə
görə, indiyə
qədər bir neçə beynəlxaq festivala qatılan film bir sıra
ölkələrdə rəğbətlə
qarşılanıb. O deyir ki, film artıq xarici dilə də dublyaj edilib.
Bu filmin “Oskar”a namizəd kimi siyahıya düşməsinə
müsbət yanaşan
Z.Eldarqızı hesab
edir ki, “Nar bağı” məzmununa, səviyyəsinə, aktyor
oynuna, rejissor işinə görə bu mükafata layiq görülə bilər: “Bilirsiniz, Azərbaycan kinosunun ölkə sərhədlərini
aşmasının özü
böyük hadisədir.
Çünki uzun illər
kinomuz dar çərçivədə sıxılıb.
“Nar bağı”nın
“Oskar”a təqdim edilməsi, bu filmin adının bu nüfuzlu mükafata təqdim edilən filmlər siyahısına düşməsinin
özü böyük
bir işdir. Bu film çox maraqlı
alınıb, aktyor oyunu da, rejissor işi də gözəldir. Hesab edirəm
ki, bu film layiq olduğu yüksək qiyməti alacaq. Mən bilən “Nar bağı”
artıq Azərbaycanın
bölgələrində də
nümayiş etdirilib.
Yaxşı da qarşılanıb. Bu
film “Oskar” alarsa, Azərbaycan
kinosunun böyük uğuru olar”.
Tanınmış kinorejissor, kinoşünas
Ayaz Salayevin fikrincə isə indiyə qədər bir neçə filmimiz “Oskar”a namizəd olub, amma onların heç biri uzun siyahıdan çıxaraq beşliyə
düşməyib: “Hər
il hansısa yeni Azərbaycan filmini “Oskar”a namizədlər siyahısına
salırlar. Amma onların heç
biri beşliyə düşməyib. “Nar bağı”
bu il
təqdim edilib. İndidən bir söz deyə bilmərəm.
O film uzun-uzadı namizəd
filmlər siyahısından
çıxıb beşliyə
düşərsə, onda
mən bunu əsl hadisə sayaram. Amma hər hansı
bir filmimizin “Oskar”a namizədlər siyahısına düşməsini
hadisə saymıram”.
A.Salayev bildirdi ki, indiyə
qədər 10-a yaxın
Azərbaycan filmi “Oskar”a namizədlər siyahısında olub. Onlar arasında
“Çölçü”, “Nabat”,
“Qala” və digər filmlərin adlarını çəkmək
olar.
“Azərbaycanfilm” Kinostudiyasının
rəhbəri Müşfiq
Hətəmov isə
“Bakı-Xəbər”ə bildirdi
ki, “Nar bağı” filmi “Oskar”a təqdim edilsə də, hələ nəticə açıqlanmadığı
üçün, geniş
informasiya verə bilmir: “Filmi təqdim etmişik, nəticələri gözləyirik.
Azərbaycan filmi ilk dəfə
deyil ki, “Oskar”a təqdim edilir. Ondan əvvəl də
bir neçə filmimiz namizəd olub, amma heç
biri seçilməyib.
İndi də “Nar bağı” təqdim edilib. Nəticələr açıqlananda hər şey məlum olacaq”.
İradə SARIYEVA
Bakı xəbər.- 2017.- 2 noyabr.- S.14.