Nitq və eşitmə
qüsurlu insanlar da filmlərimizə baxa biləcək…
Nərgiz Allahverdiyeva:
“Hesab edirəm ki, bu layihə
davam edəcək və daha yeni
filmlər işarət
dili ilə…”
Xəyalə Rais: “Tarixi filmlərdən
də seçib işarət dilində bu qəbildən olan tamaşaçılara
təqdim etmək olar”
Nitq və
eşitmə qüsurlu
insanlar cəmiyyətin
həssas təbəqəsinə
mənsubdur. Onların
öz fikirlərini ətrafa çatdırması,
yaxud ətrafdakıların
düşüncələri ilə tanışlıq,
fikir mübadiləsi aparmaq sahəsində xeyli dərəcədə
çətinlikləri var.
Bu qəbildən olan insanlar çox
şey bilmək istəyir, normal insanlar kimi dünyada
baş verən yenilikləri öyrənməyə
can atırlar. Bu da təbii
haldır.
Nitqində və
eşitməsində əngəl
olan insanların mədəniyyətə, kino
və musiqi sahəsinə bələd
olmasında ciddi problemlər olsa da, bunun aradan
qaldırılması istiqamətində
sosial-psixoloji layihələr,
tədbirlər həyata
keçirilir. Son zamanlar çəkilən
və artıq nümayişinə başlanan
milli “Xənnas” filminin nitq və
eşitmə qüsurlu
insanlara təqdim edilməsi bu layihələrin tərkib
hissəsi sayılmalıdır.
Film danışma və eşitmədən uzaq olan insanlara
işarə dili ilə çatdırılıb.
Sözün işarəyə
çevrilməsi sözsüz
ki, xeyli çətindir, amma sənətin bütün
insanlar tərəfindən
anlaşılması olduqca
vacibdir.
Film “Human Foundation” qurumunun nəzdində fəaliyyət
göstərən “Human
Deaf Community” ilə Nizami Kino Mərkəzi tərəfindən eşitmə
və danışma məhdudiyyətli insanlarla
işarət dilinə
tərcümə edilib.
Filmi işarət dilinə tərcümə
edən “Human Deaf Community”nin üzvü Nuranə Abıyeva və işçi komanda üzvləri sözsüz
ki, böyük əziyyət çəkiblər.
Məlumat üçün
bildirək ki, Azərbaycanda ilk dəfə davamlı olaraq surdotərcüməli
filmlər “Human Deaf Community”nin layihəsi əsasında və Nizami Kino Mərkəzinin
dəstəyi ilə təmənnasız nümayiş
olunur.
Psixoloq Nərgiz
Allahverdiyeva bizimlə
söhbətində bu
layihənin nitq və eşitmə qüsurlu insanların cəmiyyətə daha ürəkli şəkildə
inteqrasiya etməsinə
böyük təkan olduğunu bildirdi. Onun sözlərinə görə, görmə qüsurlu, danışma və eşitmə əngəlli insanlar daha həssas olduqları üçün,
onlara yanaşma fərqli olmalıdır:
“Belə bir layihənin həyata keçirilməsi olduqca yaxşıdır. Danışma
və eşitmə əngəli olan insanlar təbii ki, kömək olmadan vizual sənət növlərinə
baxmaqdan, ekranda baş verənlərdən
xəbərsizdirlər. Onların
özlərinin xüsusi
dili var, bu, işarət dilidir, əlifbaları da fərqlidir. Onlar daktil əlifbası
keçirlər. Ümumiyyətlə,
lal və karlar öz fikirlərini çatdırmaqda
həmişə çətinlik
çəkirlər. Bu
cür layihələr
onların duyğularına
müsbət təsir
edir. Bu filmin işarət
dilində təqdim edilməsi nitq və eşitmə qüsurlu insanların kino həyatı ilə tanış olmasına şərait yaratdı. Hesab edirəm ki, bu layihə davam edəcək və daha yeni
filmlər işarət
dili ilə eşitmə və danışma əngəlli
insanlara təqdim ediləcək. Bu cür sosial-mədəni layihələr davamlı xarakter almalıdır”.
Teatrşünas Xəyalə Raisin də sözlərinə görə, belə layihələr mövsümi
xarakter daşımamalıdır.
O, hesab edir ki, sosial-mədəni layihələr hazırlanarkən
nitqində və eşitməsində
qüsur olan insanların maraqları da nəzərə alınmalıdır: “İşarət
dilinin özü bir elmdir. Nitqi
olmayan və eşitmədən məhrum
olan insanlar normal insanlara nisbətən daha həssas olurlar. Bu baxımdan onlara xüsusi münasibət göstərilməlidir.
Bütün dünyada
bu cür insanlar mədəni, sosial layihələrə cəlb edilir, televiziya proqramlarına qatılır. Onlar üçün işarət
dili ilə filmlərin təqdim edilməsi ənənəsinin
yaranması olduqca vacibdir. Çünki onların buna ehtiyacı var. Bilirsiniz ki, Dövlət Pantomim Teatrında işarə dili ilə danışılır.
Bu da lal
və karları bu teatra cəlb
edir. Burada ancaq əl işarəs
rol oynamır, həm də dodaq tərpənir, üz cizgiləri dəyişir. Bu da nitqi olmayan,
eşitmə qabiliyyətindən
məhrum olan insanlara daha bitkin informasiya ötürür. Bilirsiniz
ki, bu filmin
belə insanlara işarət dili ilə təqdim edilməsi ənənəsinin
yaradılması kinomuzla,
mədəniyyətimizlə onları tanış etməyə xidmət edir. Əlbəttə, bu müsbət haldır. Görürsünüz
ki, artıq bir sıra yerli
kanallarda, eləcə
də dünya televiziyalarında surdo-tərcüməçilər
fəaliyyət göstərirlər.
Onlar əsasən xəbər tipli proqramlarda işləyirlər.
Bu aparıcılar danışma və eşitmə qabiliyyəti
olmayan insanlar üçün danışırlar.
Belə demək mümkünsə, işarət
dili ilə danışmağı bacaran
mütəxəssislər nitq
və eşitmə qabiliyyəti olmayanların
həm ağzı, həm də dilidir. Buna bu
cür yanaşmaq olar. Mənə belə gəlir ki, tarixi filmlərdən
də seçib işarət dilində bu qəbildən olan tamaşaçılara
təqdim etmək olar. Artıq bu sahədə peşəkar tərcüməçi
və yaradıcı qrup var. Onların
işinə dəstək
olmaq lazımdır”.
X.Rais hesab
edir ki, nitq və eşitmə
qüsurlu insanların
həyata baxışını
formalaşdırmaq üçün
onların tələbatını,
zövqünü ödəyən
layihələrin həyata
keçirilməsi arzuediləndir.
Müsahibimizin dediyinə görə, baxdıqları film lal və karların
dünyagörüşünə təsir edir: “Əslində, xüsusi kateqoriya altında onların özlərinin həyatından da film çəkib göstərmək olar. Yəni onlar özlərini orada daha aydın görə bilərlər.
Ümumilikdə, bu qrupa aid olan
insanlar üçün
ayrıca film nümayişlərinin təşkil
edilməsi müsbət
haldır. Düşünürəm
ki, işarət dilinə çevrilən
“Xənnas” filmini bölgələrdə də,
Bakının digər
kino məkanlarında
da təqdim etmək lazımdır ki, buna daha
çox tamaşaçı
baxa bilsin”.
İradə SARIYEVA
Bakı
xəbər.- 2017.- 1 noyabr.- S.7.