Müasir Azərbaycan uşaq
mahnıları böhranı…
Təranə Qasımova: “Bu
gün müasir və keçmiş uşaq
mahnılarının təbliğinə çox yer verilməlidir”
Müasir uşağın duyğusu da,
düşüncəsi də, həyata baxışı da,
zövqü də fərqlidir, rənglidir.
Uşaqlarımızın dinamik yaşam tərzinə daha
çox uyğun gəldiyi məlumdur. Onların
təfəkkürü o qədər inkişaf edib ki, yeniliklərə
nail olmaq istəyirlər. Əlbəttə, müasir
uşağın zövqünü, düşüncəsini,
maraqlarını cəlb etmək üçün onların
ruhuna uyğun əsərlər meydana
çıxmalıdır.
Bəzən deyirlər ki, indiki uşaqlar Sovet
dövründə yaranan mahnıları bəyənmirlər,
ya da ifa etmək istəmirlər. Söz yox ki, o mahnılar
keçın dövrün uşaqları üçün
olduqca gözəl nəğmələr idi. Onlar bu gün də
uşaqlarımızın marağını cəlb etməlidir.
Çünki onların məzmunu, sözlərin
yazılışı, gözəlliyi , musiqinin rəngarəngliyi
bunu təlqin edir. Dünən yaranan musiqi öz möhtəşəmliyi
ilə bu gün də yaşayır, müəlliflərini
yaşadır.
Bu gün yeni ruhlu, müasir uşağın
dünyagörüşünə uyğun mahnılar
yaranırmı?
Onu da vurğulayaq ki, “ELS” Müstəqil
Araşdırmalar Mərkəzi 2013-cü ildə “Yeni uşaq
mahnıları-2013” Ümumrespublika Müsabiqəsi elan
etmişdi. Həmin müsabiqəyə son dövrlər yaranan
mahnılar təqdim edilmişdi. Əlbəttə, bu
müsabiqənin yeni uşaq mahnılarının
yaranmasında müəyyən rolu oldu. Bu uşaq
mahnıları müxtəlif uşaq musiqi qruplarının
ifasında səsləndirilir.
Musiqiçi Təranə Qasımovanın
sözlərinə görə, son illər yaranan uşaq
mahnılarının mövzusu dövlət müstəqilliyimiz,
üçrəngli milli bayrağımız, təbiətimizlə
bağlıdır. O bildirdi ki, son illər yaranan uşaq
mahnılarının sayı çox olmasa da, az da deyil.
Ekspertin sözlərinə görə, son illər meydana
çıxan, musiqisi Elşən Nəzərova, sözləri
Gülzara aid “Bağçamız” mahnısı “Bənövşə”
uşaq xorunun ifasında səslənir. O dedi ki, bundan
başqa, sözləri və musiqisi Səadət Fərziyevaya
məxsus olan “Qaranquşum” mahnısı isə “Azəri inciləri”
uşaq musiqi kollektivinin ifasında səsləndirilib. Onun sözlərinə görə “Vətən
hissi” (musiqisi Cahangir Zülfüqarovun, sözləri Yusif Həsənbəyin),
“Aysel” Mahnı Teatrının kollektivinin, “Üçrəngli
bayraq” (Oqtay Zülfüqarov), “Rəssam olacağam” (musiqisi
Zabitə Məmmədovanın, sözləri İsmayıl
Dadaşovun) “Bənövşə” Uşaq Xorunun ifasında,
“Azərbaycan Vətənim mənim” (musiqisi Nərminə
Nağıyevanın, sözləri Rəşad Kəsəmənlinin),
“Bu Vətən” mahnıları müasir uşaqların
zövqünə uyğundur: “Bir ara yeni uşaq
mahnılarının yaranmasında problemlər
yaşandı. Müasir bəstəkarlar uşaq
mahnıları yazmağa elə də maraq göstərmirdilər.
Amma son dövrlər uşaq mahnılarına maraq artıb.
Yeni uşaq musiqi kollektivləri yaranıb. Onlar
üçün illər əvvəl yaranan mahnılarla
yanaşı, müasir mahnılar da tələb olunur. Bu
gün uşaq mahnıları yaranmağa başlayıb. Bu
mahnıların mövzusu çoxrəngli olmasa da, içində
maraqlı musiqilər və sözlər var. Uşaqlar bu
mahnıları həvəslə oxuyurlar. İndi bəzən
deyirlər ki, Sovet dövründə yaranan mahnılar
müasir uşaqların zövqünü təmin etmir. Mən
elə deməzdim. O illərdə yaranan yaxşı
mahnılar vardı ki, bu gün də dinləmək
böyük zövq verir. Bu mahnılar uşaq tərbiyəsinin
formalaşmasında müstəsna rol oynayıb. Arzu edirəm
ki, müasir mahnılar da bu missiyanı yerinə yetirə
bilsinlər. Keçən dövrlərdə yaranan uşaq
mahnıları uşaqları formalaşdırırdı. Bilirsiniz,
bu gün müasir və keçmiş uşaq
mahnılarının təbliğinə çox yer verilməlidir.
Bu gün mövcud olan problemlərdən biri məktəblərdə
və bağçalarda tədbirlər keçirilərkən
əcnəbi mahnılara yer verilməsidir. Müasir uşaq
mahnıları tədbirlərin əsas xəttini təşkil
etməlidir. Müasir uşaq bəstəkarları ilə
görüşlər də keçirilməlidir.
Uşaqlarımızı yad musiqilərin təsirindən
xilas etməliyik. Uşaqlarımız müasir
mahnıları da bilməlidirlər. Bu gün o mahnılar
uşaq musiqi məktəblərində öyrədilir, amma
daha geniş səviyyədə öyrədilməsinə
ehtiyac var”.
Sovet illərində yaranan
uşaq musiqisi nümunələrinin də bu gün
uşaqlara öyrədilməsinə əhəmiyyət verilməli
olduğunu deyən musiqiçi bildirdi ki, o mahnılar,
sözün əsl mənasında, böyük tərbiyə
məktəbidir: “Biz uşaq olanda Azərbaycan Radiosundan
ünvanımıza yazılan uşaq mahnılarını hər
zaman dinləyirdik. Ağabacı Rzayevanın "Dəcəl
buzovum" mahnısını hələ də unuda bilmirəm.
Uşaq psixologiyasını dərindən bilən, uşaq
duyğusunu yaxşı anlayan şairlər, bəstəkarlar
elə gözəl, elə maraqlı mahnılar
yazırdılar ki, bu yaşımızda da onlardan zövq
alırıq. Bizim uşaqlığımız o qədər
maraqlı, o qədər rəngarəng idi ki, onu sözlə
təsvir etmək çətindir.
Uşaqlar üçün yazılan hər bir
nəğmə dilimizin əzbərinə çevrilərdi.
Biz mənəviyyata söykənib, elin ruhundan güc alıb
formalaşmışıq. Ona görə də maddiyyat
adamından daha çox mənəviyyat adamıyıq.
Uşaq mahnıları, uşaq şeirləri öz gözəlliyi,
cəlbediciliyi ilə yüzillər boyu insanların
mayasına hopub, mənəviyyatını
formalaşdırıb, əxlaqını gözəlləşdirib”.
O bildirdi ki, keçmişdə Azərbaycan bəstəkarları
xalq ədəbiyyatından, zəngin folklorumuzdan istifadə edərək
gözəl nümunələr yarada biliblər. Azərbaycan
xalqının çox zəngin uşaq folkloru mövcuddur:
“Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndələri
zaman-zaman uşaqlar üçün çox maraqlı,
yaddaqalan nəğmələr yazıblar. Onlardan biri,
özü də ən çox populyar olanı Oqtay
Zülfüqarovdur. O.Zülfüqarov 1958-ci ildə Qara
Qarayevin sinfini uğurla başa vurduqdan sonra müəlliminin məsləhəti
ilə uşaqlar üçün silsilə mahnılar
yaratmağa başlayıb. Eyni zamanda o,
“Qız-ulduz”, “Pişik və sərçə” və “Meşə
nağılı” operalarını da yazıb. "Şəngülüm,
şüngülüm və məngülüm" adlı
musiqili komediya yazıb. 2010-2012 illərdə
O.Zülfüqarov "Məlik Məmməd"
nağılı əsasında uşaqlar üçün
"Sehirli alma" ikihissəli balet, "Tumurcuq" və
"Aysel" Mahnı Uşaq Teatrının bədii rəhbəri
Tamilla Babayeva və Vidadi Xəlilovla birgə II və V siniflər
üçün musiqi dərslikləri yazıb. Uzun illər
"Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı
O.Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət
Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə
yanaşı, bəstəkar həm də şeirlər
yazmış və onlar "Oxuyur Aysel" adlı topluda
işıq üzü görüb. Digər uşaq bəstəkarı
Əfsər Cavanşirovdur. Dahi bəstəkar Üzeyir
Hacıbəyovun yetirməsi olan Əfsər Cavanşirov yaradıcılığında
əsasən simfonik musiqi janrı yer alıb. Bəstəkar
BSO üçün 7 simfoniya, poemalar, kapella xoru
üçün və uşaq xoru üçün əsərlər
yaradıb. Uzun illər Azərbaycan
Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin
"Bənövşə" uşaq xorunun və rəqs ansamblının
bədii rəhbəri olan Ə.Cavanşirov 1982-ci ildə
respublikanın əməkdar mədəniyyət
işçisi və qabaqcıl maarif xadimi fəxri adlarına
layiq görülüb. Əfsər Cavanşirov
2006-cı ildə Bakı şəhərində vəfat edib.
Bəstəkarın dillər əzbəri olan "Ağacdələn",
"Oyun-oyuncaqlarım", "Quşlar"
kimi uşaq mahnıları indi də maraqla dinlənir.
Uşaq mahnılarının mahir
ifaçısı Zabitə Məmmədovanın əməyini
xüsusi qeyd etməliyik. O, uşaq mahnılarının ərsəyə
gəlməsində, onların ifasında xüsusi yer tutur.
Bildirək ki, uşaqlıqdan sevə-sevə dinlədiyimiz
bir sıra uşaq mahnılarını Zabitə xanım ifa
edib. Onun ifasında qızların uşaq vaxtı tez-tez qulaq
asdığı Ağabacı Rzayevanın "Kukla"
mahnısı unudulmazdır. Z.Məmmədovanın
özü də uşaqlar üçün "Çəpişim",
"Məktəb valsı" mahnılarını yazıb.
Görkəmli qadın bəstəkarımız, dahi
Üzeyir bəyin ilk tələbələrindən olan
Hökümə Nəcəfovanın "Günəş
olaram mən də" mahnısı heç yadımızdan
çıxmır. Uşaqlar üçün
bir-birindən gözəl əsərlər yazan bəstəkar
Oqtay Rəcəbovun "Göyçək Fatma" cizgi
film-operası (1992) "Xeyir və Şər" uşaq
operası (N.Gəncəvinin əsəri əsasında, 1994),
"Uşaqlar sevinsin həmişə"
mahnısını tez-tez dinləyirik”.
Ekspert bildirdi ki, vaxtilə
uşaqlar üçün Oqtay Zülfüqarov, Rəşid
Şəfəq, Əfsər Cavanşirov, Səid Rüstəmov,
Zabitə Məmmədova, Hökümə Nəcəfova,
Ağabacı Rzayeva, Soltan Hacıbəyov, Oqtay Rəcəbov,
Musa Mirzəyev, Qəmbər Hüseynli, Fikrət Əmirov,
Tofiq Quliyev, Vasif Adıgözəlov, Ramiz Mirişli,
Aygün Səmədzadə, Səadət Fərziyeva, Nazim
Quliyev və başqaları əsərlər, mahnılar
yazıblar: “Gördüyümüz kimi, onların sayı elə
də çox deyil, ancaq yazdıqları bütün dövrlər
üçün aktualdır. Sadəcə, o mahnıların
təbliğatı zəif olduğundan, indiki uşaqlara
çatdırılmasında problemlər var. O
da məlumdur ki, respublikada fəaliyyət göstərən
uşaq bağçalarının çoxunda musiqi dərsi
keçilir, amma bəzi istisnaları nəzərə almasaq,
o dərslərdə uşaq mahnıları elə də dərindən
öyrədilmir. İllər əvvəl yaranan "Ad
günü", "Ad günün mübarək
olsun", "Ağacdələn", "Ala-bula boz
keçi", "Anamın köməkçisiyəm mən",
"Ay nəğməsi", "Azərbaycan", "Bahar
bayramı", "Bahar gəlir",
"Bizim gəmi", "Bənövşə",
"Can nənə", "Cücələrim",
"Çəpişim", "Dostluq himni", "Gözəl
bahar", "Gözəl yolka", "Günəş
olaram mən də", "Gəl, gəl, a yaz günləri",
"Heyvanların qonaqlığı", "İdman",
"Kukla", "Lavaş", "Məktəb illəri",
"Məktəb valsı", "Məktəbə
yazdırsana", "Mənim dəcəl
buzovum", "Mənim gülüm", "Nağara",
"Nənəm evdə qalıb tək", "Oynaq
topum", "Oyun-oyuncaqlarım", "Qaçma,
dayan", "Qaranquş", "Qaranquşum",
"Qırmızı şar", "Qonaqlıq",
"Quşlar", "Saat", "Sürücü",
"Səməni", "Sərçə", "Tar
çalıram", "Telefon-telefon", "Tıq-tıq
xanım", "Uşaqlar sevinsin həmişə",
"Vətən", "Vətənim", "Xoruz",
"Yeni il gəlir", "Yol", "Yolka",
"Əziz ana, can ana", "Alma", "Balaca
kapitan", "Balaca neftçiyəm", "Balaca
ovçu", "Bip-bipin nəğməsi", "Bizim
Bakı metrosu" və başqa uşaq mahnıları
uğurlu bələdçilərdir. Bunlar
ölməz əsərlərdir və bu gün də öz
aktuallıqlarını qoruyub saxlayırlar. Ümumiyyətlə,
müasir bəstəkarlar da uşaq mahnıları bəstələyərkən
o mahnının uşaqlara necə təsir göstərəcəyini
düşünsünlər. Uşaq mahnıları
müasir dövrdə uşaqların mənəvi aləminin
zənginləşməsinə,
dünyagörüşünün formalaşmasına
böyük təsir göstərir. Düzdür, uşaq
mahnıları sifarişlə yaranmır, o, bəstəkarın
ürəyindən süzülüb gəlməlidir ki, səmimi
olsun və ünvanına çatsın”.
Musiqiçinin sözlərinə görə,
müasir dövrdə yaranan uşaq mahnılarının
radio və televiziyalarda geniş təqdim olunmasına ehtiyac
var. O hesab edir ki, bu, uşaqlarımızın musiqi
zövqünün formalaşmasında əhəmiyyətli
rol oynayır.
İradə SARIYEVA
Bakı xəbər.- 2017.- 4-8 noyabr.- S.15.