Tarixdə iz buraxanlar: Cəlil Məmmədquluzadə

Yazıçı, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadə 1869-cu ildə fevral ayının 10-da Naxçıvan şəhərində anadan olub. Atası Cəlil Hüseynqulu, anası Fatma xanımdır.

İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alan Cəlil Məmmədquluzadə 7 iyun 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını bitirib, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik edib. İlk bədii əsəri sayılan “Çay dəstgahı” alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” povestini də bu dövrdə yazıb. 1895-ci ilin yayında Moskva və Sankt-Peterburqa gedib, bu şəhərlərin mədəni həyatı ilə tanış olub. 1896-cı ildə ailə həyatı qurub. 1897-ci ildə qızı Münəvvər anadan olub, həyat yoldaşı Həlimə xanım həmin ildə vəfat edib.

Cəlil Məmmədquluzadənin ilk qələm məhsulu 1889-cu ildə yazdığı “Çay dəstgahı” alleqorik dramıdır. Bu pyes milli dramaturqiyamızda alleqorik janrda yazılan ilk səhnə əsəridir.  

Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində “Şərqi-Rus” qəzetinin və onun redaktoru M.Şaxtaxtlının mühüm rolu olub. O, 1903-cü ildə “Poçt qutusu” əsərini yazıb. Həmin əsər 1904-cü ildə “Şərqi-Rus” qəzetində çap olunub. Onun “Kişmiş oyunu” və L.Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq hekayələri” də əvvəlcə bu qəzetdə nəşr edilib. Cəlil Məmmədquluzadə 1904-cü ilin noyabr ayından “Şərqi-Rus” qəzetinin müvvəqqəti redaktoru olub. 1905-ci ildə qəzet bağlananda Cəlil Məmmədquluzadə jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə ilə birlikdə bu qəzetin mətbəəsini alıb və ona “Qeyrət” adını verib. Həmin ildə Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açdırıb.

Cəlil Məmmədquluzadə yaradıcılığının sonrakı dövrü ədibin təkamül dövrüdür və bu mərhələ bilavasitə “Molla Nəsrəddin” jurnalının yaranması ilə bağlıdır. Həmin dövrdə yazılan pyeslər bədii dəyərinin hüsnü və dramaturji prinsiplərinin estetik yenilikləri ilə diqqətəlayiqdir.

Mərhələnin ilk nümunəsi “Ölülər” dram əsəridir. Bu əsər milli dramaturgiyamızda ilk tragikomediya janrlı əsərdir. Dörd pərdədən ibarət olan “Ölülər” dramı 1909-cu ildə yazılıb. Xurafata, nadanlığa, rəzilliyə, mövhumat dələduzlarının ifşasına həsr edilən dram əsərləri arasında “Ölülər” tragikomediyaya tay ola biləcək pyes yoxdur. Qəbiristanlıq səhnəsi, yəni Şeyx Nəsrullahın “ölü diriltmə” epizodu dünya dramaturgiyasında analoqu olmayan bədii ifadə vasitəsidir. Cəlil Məmmədquluzadə məhz həmin üslub-fəndlə cəmiyyətin rəzilliyini, cəhalətin faciələrini dramaturji ideyanın münaqişə cazibəsinə çəkib. Ölülər aləmi küll halında dramaturqun ən kamil rəmzi obrazıdır. Məhz həmin surətin bədii məziyyətləri, psixoloji tutumu, tipik səciyyələri ilə “ölülər” və “diri ölülər” dünyasının mahiyyətləri qarşılaşdırılır. Qarşılaşıb toqquşmada Cəlil Məmmədquluzadənin kütləvi nadanlığa, qaragüruh cəhalətə, məfkurəvi rəzalətə qarşı mənəvi harayı faciə notlarında oxuculara çatdırılır. İsgəndərin mənəvi harayı cahilliyin, qürurunu, ləyaqətini itirmişlərin ifşasına yönəlir.

İsgəndər ziyalıdır, cəsarətlidir, gözüaçıqdır, həqiqət carçısıdır, mühakimələrində kəskin olduğu qədər də mənən vüqarlıdır, kinayəli sözləri real ünvanlıdır. Şərəf və ləyaqət hissini itirmişlərə ürək göynərtisi ilə etiraz səsini ucaldır. Kütləvi surət olan “ölü canlarla” mübarizədə tək və yenilməzdir, qətiyyətlidir.

Cəlil Məmmədquluzadə “Anamın kitabı” adlı əsərini 1919-cu ildə yazıb. İdeya və qayə, məfkurəvi tutum, ictimai-sosial məna baxımdan “Anamın kitabı” satirik komediyası “Ölülər”in davamıdır. Pyes ilk növbədə milli ruhun müqəddəsliyini uca tutması və doğma ana dilinin təravətinin, paklığının qorunmasını təbliğ etməsi, kökə bağlılığa fəlsəfi yanaşması ilə qiymətlidir. Bu mövzu da ümumilikdə Cəlil Məmmədquluzadə yaradıcılığının qeyrət damarını təşkil edir və yazıçının bütün janrlı əsərlərində özünü bədii məntiqlə büruzə verir.

Əslini danmağın insanı haramzadəliyə aparması ideyasını dramaturq bir ailənin üç övladının timsalında verib. Böyük oğul Rüstəm bəy rus darulfünunda təhsil alıb və ona görə də özünü rus intelligenti kimi göstərir, bu mədəniyyətin təbliğçisidir. Ortancıl övlad Mirzə Məhəmmədəli İran ürəfası libasındadır və bilavasitə farsca danışır, bu mədəniyyətin carçısıdır. O, elmi-ilahi müəllimidir. İstanbulda ədəbiyyat dərsi alan Səməd Vahid türk dili müəllimidir, osmançılığın alovlu tərəfdarıdır. Qardaşların üçü də öz dilində danışmaqdan çəkinir. Hətta anaları Zəhra bəyimlə, iyirmi yaşına çatan kamallı bacıları Gülbaharla davranışlarında da hərəsi özünün çürük həyat “fəlsəfəsini” diqtə edir. Dramaturq çobanlıq edən Qənbər, Qurban və Zaman surətlərini səmimiyyətin təmsilçiləri, sadə xalqın nümayəndələri, kökə bağlılığın müqəddəsliyi kimi yaradıb. “Anamın kitabı” pyesinin adı bir neçə rəmzi məna daşıyır. Dramaturqun məntiqinə görə, anaya məhəbbət ən müqəddəs kitabdır. Doğma dilə məhəbbət ana sevgisinin bir mərhələsidir. Nəhayət, “Anamın kitabı” deyimi dünyasını dəyişən atanın öz övladları üçün yazıb qoyduğu vəsiyyətnamənin ruhu və canıdır. Məhz həmin vəsiyyətnaməni oxumaqla Gülbahar öz qardaşlarını ana məhəbbətinə sığınmağa, mülki kökə bağlanmağa səsləyir.

Cəlil Məmmədquluzadə 1920-ci ildə Şuşa şəhərində “Kamança” faciəsini qələmə alıb. Bu əsər milli zəmin əsasında yazılan psixoloji faciədir. Müəyyən mənada da mükalimə səpkisində yazılan qəmli, dramatik əhvalat-hekayədir. Kiçik həcmli olmasına və dialoqların azlığına baxmayaraq, pyesin konflikti kəskin ictimai-sosial məzmun daşıyır. Bu əsərdə dramaturqun həyat müdrikliyinin, insani bütövlüyünün yeni tərəflərini görmək olur. O, mükəmməl dramaturji üslubu, zəngin mövzu variasiyalı olan, silsilə tipik və real həyati xarakterlər yaratmış, xalqın mənəvi faciələrini ürəyinin qanı ilə qələmə almış qüdrətli bir dramaturq olub.

Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik janrın əsasını qoyub. 7 aprel 1906-cı ildə Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxıb. Müəyyən fasilələrlə nəşr olunan bu jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub. O zamanlar Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” adı ilə məşhur olub. Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Qəmküsar, Ə.Nəzmi kimi yazıçılar və jurnalın ilk saylarının rəsmlərini çəkən rəssam O.Şmerlinq, Ə.Əzimzadə və başqaları ilə Cəlil Məmmədquluzadə arasında möhkən ideya-yaradıcılıq əlaqələri yaranıb. Jurnalda təbliğ olunan demokratiya və azadlıq ideyaları nəşrə ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Mollanəsrəddinçilər Yaxın və Orta Şərqdə “Molla Nəsrəddin məktəbi” adlı qüdrətli mətbuat məktəbi yaradıblar. Jurnalın, Rusiya ilə yanaşı, Asiya, Avropa və Amerikanın bir sıra ölkələrində abunəçiləri var idi. Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüclü təsir edib.

Cəlil Məmmədquluzadə “Yeni yol” qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub, “Maarif və Mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” və s. mətbuat orqanlarında fəaliyyət göstərib. Onun “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy” kimi hekayələri, məşhur “Ölülər” komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur. Onun yaradıcılığında milli şüur, məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi problemlərinə geniş yer verilib. “Dəli yığıncağı” pyesində feodal-patriarxal münasibətlər, din və fanatizm kəskin tənqid atəşinə tutulub. Cəlil Məmmədquluzadənin realizmi böyük bədii ümumiləşdirmə və tipikləşdirmə qüvvəsinə malikdir.

1921-1927-ci illərdə Sovet hakimiyyətinin tədbirlərində yaxından iştirak edib, redaktoru olduğu “Yeni yol” qəzeti vasitəsilə latın qrafikasının tətbiq olunmasına çalışıb. 1926-cı ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyə qəbul olunub. Fəqət  1928-ci ildən sovet cəmiyyətinin sərt igeoloji terroruna məruz qalıb. Belə ki, 9 aprel 1929-cu il tarixli plenumunda “din əleyhinə oxunaqlı, kütləvi, ucuz jurnal kimi yenidən təşkil etmək adı altında “Molla Nəsrəddin” jurnalını Mübariz Allahsızlar İttifaqının orqanına çevirmək haqqında qəbul edilən qərar baş redaktoru dərindən sarsıdıb. O, “milli xırda burjua ədəbiyyatı nümayəndəsi”, “cığırdaş”, “Azərbaycan dilini korlayan yazıçı” kimi damğalanıb. Siyasi təzyiqlərə məruz qalan Cəlil Məmmədquluzadə 1931-ci ildə “Molla Nəsrəddin” jurnalının baş redaktoru vəzifəsindən imtina edib. Ömrünün sonlarında əlyazmalarını sobaya atmaqla keçirdiyi sarsıntılar quruluşa etiraz ifadəsi idi.

Cəlil Məmmədquluzadə ruhən satirik zəmində köklənmiş bir yazıçı idi. Bu keyfiyyət onun ikinci dram əsəri olan “Kişmiş oyunu” məzhəkəsində özünü göstərib. Nəsrlə yazılan bu əsər mövzu, dramatik konflikt, üslub baxımından yenidir. O, sonralar həmin əsəri hekayə janrında da işləyib.

Cəlil Məmmədquluzadənin yaradıcılığı sənətkarlıq cəhətdən novator və demokratik mahiyyətindədir. O, publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirib. Cəlil Məmmədquluzadə, xüsusilə kiçik hekayə janrının misilsiz ustadıdır. Onun ən yaxşı hekayələri çox mühüm sosial məktəbləri son dərəcə yığcam bir şəkildə, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri ilə bir sırada durur.

Cəlil Məmmədquluzadənin zəngin irsinin öyrənilməsi sahəsində görülən böyük və dəyərli işlərə baxmayaraq, onun nəsrinin poetikası ümumilikdə kifayət qədər öyrənilməyib, ayrıca sistemli tədqiqat mövzusu olmayıb. Halbuki, onun nəsr əsərləri təkcə dolğun məzmunu ilə deyil, həm də kamil poetik strukturu, üslub xüsusiyyətləri ilə seçilən dəyərli sənət nümunələridir.

Cəlil Məmmədquluzadə novator yazıçı olub. Onun novatorluğu həm əsərlərindəki ideya-məzmun, problematika sahəsində, həm də onların bədii həllində özünü göstərir. O, ədəbiyyata yeni mövzu, yeni problemlər gətirdiyi kimi, onlara uyğun olaraq yeni bədii forma, dil və üslub da gətirib. Ədibin yaradıcılığı gözəl bir ədəbi məktəb, misildiz sənət qaynağıdır. Həqiqi sənət milli mədəniyyətin çoxəsirlik inkişafında özgün rol oynayır. Çünki bu inkişafın müəyyən mərhələsinin ən incə və xarakterik cəhətləri o sənət nümunəsində öz əksini tapır. Ona görə də bədii və sənət əsərinin mahiyyəti tək dünən, bu günlə deyil, keçmişlə, gələcəklə şərtlənir. Azərbaycan ədəbiyyatında böyük sənətkarlar arasında görkəmli satira ustası Cəlil Məmmədquluzadə bu baxımdan mühüm yer tutur.

Cəlil Məmmədquluzadənin bütün həyatı və yaradıcılığı azərbaycançılıq idealının həyata keçirilməsinə həsr olunub. Yaşadığı dövrdə, XX əsrin əvvəllərindəki ədəbi-ictimai mühitdə turançılığın, islamçılığın və Rusiyaya meylliliyin çox aktual olduğu şəraitdə o, bu istiqamətlərdən heç birini qəbul etməyib. İctimai düşüncə və mübarizə forması kimi azərbaycançılıq Cəlil Məmmədquluzadənin seçimi olub. O, ədəbiyyatda azərbaycançılıq ideyasının dahi yaradıcısıdır. Cəlil Məmmədquluzadə Azərbaycan xalqı üçün vətən, millət və ana dilindən başqa nicat yolunun olmadığını var gücü ilə car çəkib. Onun milli istiqlal arzuları Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra gerçəkləşmişdir. Böyük demokrat ədibin əsərləri və ideyaları müstəqil dövlətimizin daha da möhkəmləndirilməsinə uğurla xidmət edir və xalqımızın gələcək inkişaf yoluna işıq tutur.

Cəlil Məmmədquluzadə 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat edib. Qəbri Fəxri Xiyabandadır.

Fazil QARAOĞLU

Bakı xəbər.- 2017.- 4-8 noyabr.- S.15.