Müasir komediyalarımızda ciddi sosial mövzular çox az görünür

Son illər çəkilən komediya filmləri sosial-ictimai sifarişi yerinə yetirə bilmir

Zülfiyyə Eldarqızı: “Bu komediyaları çəkən prodakşnlar sosial-ictimai, mənəvi problemləri ekranlaşdırmalıdırlar

Təranə Əlizadə: “Bu filmlərdə ona görə sosial-ictimai, mənəvi problemlər qaldırılmır ki, onlar özlərini dərinə salmaq istəmirlər

 Komediya istər ədəbiyyatda, istər teatrda, istərsə kinoda çox çətin, həssas bir janrdır. Burada yalandan gülüş yaratmaq olmur. Dünya ədəbiyyatının kinosunun komediya janrında elə inciləri var ki, onlar ölməzlik qazanıblar.

Azərbaycanda ədəbiyyat, teatr, kino sahəsində çoxlu komediyalar yaranıb ki, onlarla çoxlarımız yaxından tanışıq. Azərbaycanda musiqili komediya filmləri zorən yox, təbii gülüşün həqiqi ünvanı kimi diqqəti cəlb edir. Vaxtilə Azərbaycan kinosunda komediya janrında müxtəlif filmlər çəkilib. Bu filmlərdə dövrün social-ictimai problemləri qabardılıb, cəmiyyət üçün yararlı olmayan tiplər kəskin gülüş hədəfinə çevrilib. Ümumiyyətlə, sosial-ictimai çəkisi olmayan komediyalar bu janrın tələblərinə tam cavab verə bilmir. Gülüş, lağ, tənqid hədəfi düzgün seçilməyəndə sözsüz ki, bu, filmdə ciddi nöqsan sayılır. Azərbaycanda komediya janrına dövlət maliyyəsi ilə çəkilən filmlərdə müraciət edilməsə , özəl prodakşnların bu janrda ekranlaşdırıb tamaşaçılara təqdim etdiyi komediyalar çoxdur. Bu filmlərdə çatışmayan əsas məqam, element onların əksəriyyətinin sosial-ictimai məzmundan kənar olmasıdır. Cəmiyyətimizdə o qədər sosial-ictimai qayğılar var ki, onların siyasətlə heç bir əlaqəsi yoxdur. Çəkilən komediyalarda sosial-ictimai problemləri qabartmaq daha düzgün olmazdımı?

Onu da vurğulayaq ki, Sovet dövründə çəkilən bədii komediya filmlərinin, eləcə Mozalansatirik telejurnalının özünün konkret hədəfi olurdu. Bu filmlərin qəhrəmanlarının dili ilə cəmiyyətdəki çatışmazlıqlar, bürokratizm, sosial qayğılar təqdim edilirdi. Bu gün çəkilən komediya filmlərində isə biz bu dəst-xətti görmürük.

Kinoşünaslar bildirirlər ki, bu gün çəkilən komediyalarda sosial-ictimai problemlərin qabardılmamasının səbəbi bu filmləri çəkən adamların bu qayğılara əhəmiyyət verməməsidir. Ekspertlər bildirirlər ki, bu gün komediya kimi ciddi janrı lağlağı bir sahəyə çeviriblər. Onların bildirdiyinə görə, komediya janrının konkret dili, mövzusu, sosial-ictimai yükü olmalıdır, bunlar olmadıqda isə burada komediyadan danışmağa dəyməz. Vaxtilə Azərbaycanda komediya sahəsində çox güclü səhnə kino gülüş ustalarının olduğunu deyən ekspertlər bildirirlər ki, əksər hallarda onların oynadığı rol əsərin özündən təsirli olurdu. Yəni mahir aktyor oyunu əsərin mahiyyətini tam olaraq açıb göstərirdi. Ölkəmizdən fərqli olaraq, bu gün Türkiyədə, Rusiyada yaranan komediya filmləri sosial-ictimai sifarişə köklənib. Yəni cəmiyyəti, ictimaiyyəti narahat edən problemlər bədii şəkildə öz ifadəsini tapıb.

Keçən əsrin 80-90-cı illərində türkiyəli komediya ulduzu Kemal Sunalın (Şaban) çəkildiyi filmlərdə ən çox qabardılan mövzu cəmiyyəti narahat edən sosial-ictimai məsələlər idi. Kino cəmiyyətin sosial-ictimai, mənəvi cəhətdən ağrıyan yerini bilməli onu ifadə etməlidir. İş burasındadır ki, bizdə çəkilən komediya filmlərində bu dəst-xətt görünmür. Bayağı ailə-məişət mövzusunda çəkilən, başdan-başa küçə sözləri jarqonlarla yüklənən komediya filmləri tamaşaçıların əksəriyyətinin xoşuna gəlmir. Bu filmləri çəkən prodakşnlar isə iddia edirlər ki, çəkdikləri sırf sosial sifarişdir. Bu halda, adam məəttəl qalır ki, sosial sifariş necə nəzərə alınır ki, heç bir ağrımız bu filmlərdə tamaşaçıya çatdırılmır.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı bizimlə söhbətində bildirdi ki, komediya janrında çəkilən filmlərdə çatışmayan cəhətlər çoxdur. Aktrisa bildirdi ki, bu o filmləri çəkən insanların mütaliəsinin dünyagörüşünün zəif olması, eləcə komediya janrını yaxşı bilməməsi, yumur hissindən uzaq düşmələri ilə əlaqəlidir: “Bilirsiniz, elə ciddi bir məsələyə toxunursunuz ki, bu, adamı düşündürməyə bilmir. Azərbaycanda komediya filmləri hər zaman sağlam məntiqə, konkret hədəfə sahib olub. Daxilən ciddi olmayan adamlar əsl komediya yarada bilməz. Filmin ssenari müəllifindən çox şey asılıdır. O, ciddi hədəfi olan mövzuda ssenari yazsa, rejissor onu ekranlaşdırar. Bir əsas problem aktyor oyunları ilə bağlıdır. Bu filmlərdə rol alan aktyorların əksəriyyəti təbii gülüş yaratmaq hissindən uzaqdırlar. Sosial-ictimai, mənəvi problemlərin bu komediyalarda qabardılmadığını gördükdə adam məyus olur. Sponsorunuz var, film çəkə bilirsiniz, bəs niyə cəmiyyətin ağrıyan yerini qabartmırsınız, gedib gəlin-qaynana, qaynana-kürəkən münasibətlərini, qalmaqallarını, qonşuların saçyoldusunu ekrana gətirirsiniz, filmləri qeybət yuxasına çevirirsiniz. Bunlar olmaz. Komediya filmlərinin konkret hədəfi olmalıdır. Sovet illərində çəkilən komediya filmlərinə bu gün maraqla baxırıq, zövq alırıq, düşünürük. “Mozalansatirik telejurnalında komediya, satira, sarkazm dili ilə tamaşaçını ağrıdan məsələlər qabardılır. Cəmiyyətimzidə o qədər bizi narahat edən məsələlər var ki, onlar qabardılmalıdır. Ucuz, bayağı komediyalar tamaçılara heç verə bilməz. Yeri gəlmişkən, teatrda sosial-ictimai, mənəvi problemlər yüksək səviyyədə işıqlandırılır. Özəl prodakşnların çəkdiyi komediya kinosunda isə bu məsələni bayağı ailə-məişət söhbətləri, tin sözləşmələri, qeybətləri təşkil edir. Bu komediyaları çəkən prodakşnlar sosial-ictimai, mənəvi problemləri ekranlaşdırmalıdırlar.

Sənətşünas Təranə Əlizadənin sözlərinə görə, sosial-ictimai, mənəvi problemlərin kinoda əks olunması üçün film çəkəndən həm vətəndaşlı mövqeyi tələb olunur. Onun sözlərinə görə, bəzi rejissorlar ordan-burdan 5-10 manat pul tapıb film çəkirlər: “Bu filmlərdə ona görə sosial-ictimai, mənəvi problemlər qaldırılmır ki, onlar özlərini dərinə salmaq istəmirlər. Bayağı filmə bənzər bir şey çəkirlər, tamaşaçılara təqdim edirlər. Heç vaxt sıravi vətəndaş gedib o “komediya”lara baxmır, tamaşaçılar ora əsasən dəvətnamə ilə çağırılırlar. O qədər bayağı mövzuları meydana çıxarırlar ki, adam narahat olmaya bilmir. Film o zaman uzunömürlü olur ki, onun konkret hədəfi, mövzusu olsun. Əks halda, onun heç bir effekti olmur. Komediya janrının daxili bədii imkanları çox genişdir. Onun dilindən istifadə edib çox söz demək olar. Vaqif Mustafayevin filmlərində sosial-ictimai, mənəvi problemlər var, bu nüanslar tənqid olunur. Bu çox yaxşı haldır. Amma özəl prodakşnlar qətiyyən buna fikir vermirlər. Təki gülüş yarada bilsinlər, o gülüş düşündürür-düşündürmür, bu onlaıı heç narahat etmir . Əslində, filmlərdə əsas məqamlara diqqət yetirilməlidir. O gün eşitdim ki, guya bəzi özəl prodakşnların çəkdiyi komediyaları xaricə çıxarmaq istəyirlər. Mənə qəribə gəldi ki, heç bir güclü hədəfi olmayan bayağı bir film xaricdə necə şöhrət qazana bilər?”.

İradə SARIYEVA

Baskı xəbər.- 2017.- 7 noyabr.- S.15.