Respublika Uşaq Kitabxanası
Azərbaycanın bölgələrini
“Uşaq Kitab Karvanı” layihəsilə
gəzir…
Şəhla Qəmbərova: “Bu, ümumilikdə, uşaqların,
məktəblilərin, bütövlükdə
uşaq kitabxanasının
oxucusu olan 18 yaşa qədər oxucuların tam maarifləndirilməsi deməkdir”
Sevinc Nuruqızı:
“Uşaqlar bizim yeni əsərlərimizlə,
kitablarımızla tanış
olurlar, biz onların arzularını,
hansı mövzularda əsərlər istədiklərini
öyrənirik”
Uşaq ədəbiyyatının
təbliği sahəsində
aidiyyəti sahə ilə məşğul olanlar müxtəlif istiqamətli layihələrin
həyata keçirilməsinə
başlayıb. Uşaq
ədəbiyyatı ən
həssas sahələrdən
olduğu üçün,
ona diqqət, qayğı tələb olunur. Yazıçı, şair yazır, ancaq onların yazdıqlarının uşaqlara
çatdırılması daha vacib məslələlərdən
biridir.
Uzun illər
bölgə kitabxanaları
müasir uşaq ədəbiyyatı nümunələrini
əldə edə bilmirdi. Bölgələrdə
yaşayan uşaqlar, demək olar ki, müasirləri olan uşaq yazarlarının əsərlərindən
xəbərsiz idilər.
Bu da oxucu
və yazıçı
arasında mövcud olmalı olan əlaqələri sarsıtmışdı.
Uşaq dünyasının
zənginləşməsində əhəmiyyətli rol oynayan uşaq ədəbiyyatı onlarda
bir sıra müsbət xarakterlər
formalaşdırır. Artıq
bir neçə ildir Firudin bəy
Köçərli adına
Respublika Uşaq Kitabxanasının təşkilatçılığı
ilə “Uşaq Kitab Karvanı” oxucularla görüşə
gəlir. Onu da vurğulayaq
ki, Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi, F.Köçərli adına
Respublika Uşaq Kitabxanasının təşkilatçılığı
ilə “Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində
noyabr ayının
6-da Salyanda, 7-də Neftçalada
görüş keçirilib.
Layihə çərçivəsində
noyabrın 8-də Biləsuvar,
9-da isə Sabirabad rayonlarına səfər ediləcək.
Səfərlər zamanı səyyar kitab sərgilərinin təşkili ilə yanaşı, uşaq yazıçıları Gülzar
İbrahimova, Sevinc Nuruqızı, Qəşəm
İsabəyli və Reyhan Yusifqızının
oxucularla görüşləri
təşkil edilir.
Onu da bildirək
ki, 2011-ci ildən etibarən həyata keçirilən “Uşaq Kitab Karvanı” layihəsi üzrə rayonlara (şəhərlərə)
səfərlərin təşkilində
başlıca məqsəd
bölgələrdəki kitabxanaların
uşaq şöbələri
və filiallarında oxucuların sorğularını
təmin etməklə
kitaba olan ehtiyacın mümkün dərəcədə ödənilməsidir.
Bu günə qədər layihə üzrə respublikamızın
22 rayonuna (şəhərinə)
kitab karvanı yola düşmüş və regionlarda fəaliyyət göstərən
kitabxanaların müvafiq
bölmələrinə ümumilikdə
19 670 nüsxə uşaq
ədəbiyyatı hədiyyə
edilib.
Bu gün
“Uşaq Kitab Karvanı” ilə Azərbaycan rayonlarını
səyahətə çıxan
və orada oxucuları ilə görüşən uşaq
yazıçı və
şairləri bu layihənin hədsiz dərəcədə faydalı
olduğunu qeyd edirlər. Onlar hesab edirlər ki, oxucu-yazıçı
arasında əlaqənin
yaranmasında belə
layihələr misilsiz
rol oynayır.
Firudin bəy Köçərli
adına Respublika Uşaq Kitabxanasının
direktoru Şəhla Qəmbərova “Uşaq Kitab Karvanı” layihəsi ilə bağlı “Bakı-Xəbər”ə
bildirdi ki, bu layihənin məqsədi kitab maarifçiliyini, uşaq ədəbiyyatını bölgələrdə
geniş səviyyədə
təbliğ etməkdir:
”Məqsədimiz odur ki, biz
bölgələrdə yerləşən
bütün uşaq kitabxanalarını son illərdə nəşr olunan çeşidli ədəbiyyatla təmin edək, bununla da uşaqların mütaliə və kitaba olan marağını
artıraq, ümumiyyətlə,
kitabxananın informasiya
daşıyıcı olan
məkan kimi təbliğatını aparaq.
2011-ci ildən bu günə qədər biz bu layihəni
həyata keçiririk.
“Uşaq Kitab Karvanı”öz işinə
“İpək yolu” layihəsi ilə başlayıb. Artıq 20
mindən artıq kitab 22 rayonun uşaq kitabxanalarına paylanıb.
Noyabrın 6-da Salyanda
olduq, kitabxanaya 500-ə
yaxın uşaq ədəbiyyatı, 44 adda
metodiki vəsait və uşaq jurnalları hədiyyə
etdik. Bu gün isə (noyabrın 7-si) Neftçala
Mərkəzləşdirilmiş Kitabxana Sistemindəyik”.
Ş.Qəmbərova bildirdi ki, layihə
bölgələrdə çox
yaxşı qarşılanır,
onlar yazıçılarla
görüşdən məmnun
qalırlar: “Yazıçı
və şairlərlə
bu görüşlər,
ümumiyyətlə, müsbət
nəticə verir. Nəyə görə? Çünki bilirsiniz ki, bizim “karvan”ın
tərkibində uşaq
yazarları da var. Onların da müəllifi olduğu əsərlər
dərsliklərdə var.
Onların əsərləri
dəsrliklərdə olduğu
üçün, uşaqlar
onlarla qiyabi də olsa tanışdırlar.
Onları “karvan”da görəndə daha da məmnun qalırlar. Yəni onlar birbaşa yazıçı ilə təmasa girirlər. Noyabrın 6-da biz Salyanda olanda orada nəinki uşaqlar, hətta məktəbin müəllim
və metodistləri, uşaq bağçalarının
müəllimləri gətirdiyimiz
kitabları necə əldə etmək haqqında suallar verirdi. Bu onlar
üçün çox
maraqlıdır. Bilirsiniz
ki, paytaxtda kitabxanalarda olan kitablar əlçatan olur, amma bölgələrdə
bir az əlçatmaz
olur. Yəni kitablar onlara gec gedib çatır.
“Uşaq Kitab Karvanı”nın əsas məqsədi odur ki, yeni nəşr
olunmuş ədəbiyyat
nümunələri, kitabları
vaxtında kitabxanalara
çatdırsın. Bizim
kitabxana da, “Bilik” Fondu da
kitab təbliği sahəsində çox önəmli layihələr
həyata keçirirlər.
Hər bir təşkilat öz gücü çatdığı
dərəcədə kitabların
bölgələrdə təbliğinə
dəstək verir. Bu, ümumilikdə, uşaqların, məktəblilərin,
bütövlükdə uşaq
kitabxanasının oxucusu
olan 18 yaşa qədər oxucuların tam maarifləndirilməsi deməkdir”.
Tanınmış uşaq yazıçısı
Sevinc Nuruqızı bizimlə söhbətində
bildirdi ki, Salyan və Neftçalada keçirdikləri
görüşlərdən çox böyük təəssüratla ayrılıblar:
“Bu olduqca maraqlı layihədir. Bunun əhəmiyyəti çox böyükdür.
Deyim ki, hazırda iştirak etdiyimiz layihə yeni deyil, çoxdan
həyata keçirilir.
Layihə Azərbaycanın
bütün bölgələrini
əhatə edir. Bildiyim qədər, layihə 2020-ci ilə qədər davam edəcək. Hər dəfə 5 rayona gedilir. Hər rayonun Mərkəzi Kitabxana Sisteminə Köçərli Kitabxanası
500-800 kitab hədiyyə
edir. Bu layihənin əhəmiyyətli
tərəflərindən biri
odur ki, orada uşaq yazarları da iştirak edir və onların uşaqlarla birbaşa təmasları, görüşləri
olur. Uşaqlar bizim yeni əsərlərimizlə,
kitablarımızla tanış
olurlar, biz onların arzularını,
hansı mövzularda əsərlər istədiklərini
öyrənirik. Bilirsiniz
ki, əyalətlərdə
müasir uşaq ədəbiyyatı nümunələrini,
kitabları əldə
etmək çətindir.
Amma Firudin bəy Köçərli adına
Respublika Uşaq Kitabxanası müxtəlif
adda kitabları gətirib kitabxanalara verir ki, həm
uşalar bu nəşrlərlə tanış
olsunlar. Əlbəttə,
burada həm uşaq ədəbiyyatı,
həm uşaq yazarları, həm də kitab təbliğ
olunur. Tutaq ki, mənim kitabım 500 nüsxə çap olunub, o da ancaq paytaxda
yayılıb, Bakının
kitab mağazalarında
satılır. Bu halda o kitablar əyalətə getmir. Ancaq bu layihə
çərçivəsində bu kitablar yerlərə
çatdırılır. Bu
layihə çərçivəsində
isə uşaq yazıçıları həm
rayon ictimaiyyətinə,
həm də uşaqlara tanıdılır.
Bir günün içində səni
800-1000 uşaq tanıyır,
kitabınla maraqlanırlar.
Həmçinin bu görüşlərdə ibtidai
sinif müəllimləri,
eləcə də bağça müəllimləri
iştirak edirlər. Onlar bilirlər ki, filan yazar
uşaq yazıçısıdır
və onun əsərləri bunlardır.
Bunun əhəmiyyəti
çox böyükdür”.
Bildiyimiz kimi,
bölgələrdə teatrlar
da fəaliyyət göstərir, uşaq yazarlarının əyalətlərə,
rayonlara səfəri həm də onların teatrlarla əməkdaşlığının başlanmasına şərait
yaradır. S.Nuruqızı
bildirdi ki, uşaq yazarlarının əsərləri bölgə
teatrlarında səhnələşdirilir
və uşaqlar səhnədə əsərlərini
gördüyü yazıçılarla
təmas qurmağa sevinirlər: “Bir neçə il bundan əvvəl Salyan Kukla Teatrında
mənim “Gəlinciklərim”
tamaşam səhnələşdirilmişdi.
Bunun nəticəsində
bütün Salyan uşaqları məni tanıdı. Bütün
cəhətlərdən bu
layihə çox əlverişli və faydalıdır”.
İradə SARIYEVA
Bakə
xəbər.- 2017.- 8 noyabr.- S.14.