Azərbaycanın bir bölgə mədəniyyətini başqa
bölgədə tanıtmağın
unikal üsulu…
Bir rayonun digər rayonda “Mədəniyyət
günü”nün keçirilməsi
ənənəsi...
Azərbaycan bölgələrində mədəniyyətimizin,
folklorumuzun, sənətkarlığımızın
zəngin, çoxşaxəli
inkişaf etdiyi məlumdur. Elə bölgələrimiz var ki, orada mövcud
olan örnəklər
sırf o bölgə,
o rayon üçün
xarakterikdir. Bir bölgənin ənənələrinin,
folklorunun, dəyərlərinin,
yaradıcı insanlarının,
mədəni sərvətlərinin
başqa bir rayonda tanıdılması
olduqca maraqlı və vacib bir
işdir.
Artıq bir
sıra regional mədəniyyət və
turizm idarələri tərəfindən bir rayonun digər rayonda mədəniyyət
günlərinin keçirilməsi
ilə bağlı layihə icra olunur.
Bu günlərdə
Siyəzəndə “Şabran
mədəniyyət günü”
keçirilib. Bu rayonlar, demək olar ki, iç-içədir. Amma ola bilsin
ki, Şabranda elə spesifik nümunələr var, onlar siyəzənlilər
üçün maraqlıdır.
Mətbuatın yazdığına görə,
Xaçmaz Regional Mədəniyyət
və Turizm İdarəsinin regionda silsilə tədbirləri
davam edir. Bu tədbirlərdən biri də, qeyd edilən
kimi, Siyəzən Mədəniyyət Mərkəzində
“Şabran mədəniyyət
günü”nün keçirilməsidir.
Bu tədbirdə Şabran rayonunun yerli sənətkarlarının
əl işləri, rayonun özünəməxsus
mətbəx nümunələri,
rayonun tarixini əks etdirən qədim əşyalar və fotostend sərgilənib.
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev bildirib ki, regional idarə tərəfindən
regionda təşkil edilən belə tədbirlərin əsas məqsədi dövlətin
mədəniyyət siyasətini
həyata keçirmək,
rayonların qədim adət-ənənələrini yaşatmaq və təbliğ etmək, həmçinin, rayonlarda mədəniyyət sahəsində
çalışanların peşəkarlığının daha da artırılmasıdır.
Bu tədbirdə Şabran
mədəniyyət və
incəsənət ustaları,
folklor kollektivləri çıxışlar edib.
Qeyd edək
ki, bir müddət
əvvəl Xaçmaz
Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə
etdiyi rayonlarda qarşılıqlı mədəniyyət
günlərindən biri
də Xaçmazdakı
Heydər Əliyev Mərkəzində “Qusar mədəniyyət günü”nün
keçirilməsidir.
Heydər Əliyev Mərkəzində
gerçəkləşən “Qusar mədəniyyət günü”ndə qonşu
rayonun sənətkarlarının
əl işləri, mətbəx nümunələri,
rayonun tarixini əks etdirən qədim əşyalar və fotosərgi nümayiş olunub. “Xəzər” kinoteatrında
təşkil edilən
konsertdə Qusar mədəniyyət və
incəsənət ustaları,
folklor kollektivləri çıxış ediblər.
Qusar şəhərində təşkil
olunan “Quba mədəniyyət günü”
də bu qəbildən keçirilən
tədbirlərdən biridir.
Rayon Mədəniyyət Mərkəzində təşkil
edilən tədbirdə
Quba sənətkarlarının
əl işləri, rayonun mətbəx nümunələri, foto və kitablar sərgilənib. Qubalı incəsənət
ustalarının, folklor
kollektivlərinin çıxışı
da maraqla qarşılanıb.
Quba Rayon Mədəniyyət
Mərkəzində isə
“Xaçmaz mədəniyyət
günü” keçirilib. Burada da sərgi
nümayiş olunub, konsert proqramı təqdim edilib.
Rayonların qarşılıqlı mədəniyyət
günlərinin keçirilməsini
yüksək dəyərləndirən
ekspertlər bildirir ki, bu, rayonların
arasında daha sıx
əlaqələrin yaradılmasına
dəstəkdir. Onların fikrincə, hər
rayon özünəməxsusdur və bu rayonların
da hər birinin öz folkloru, öz həyat tərzi var.
Mədəniyyətşünas Səbinə Vahidli bildirdi ki, rayonların qarşılıqlı mədəniyyət
günlərinin keçirilməsi
müsbət haldır:
“Fikir versəniz görərsiniz ki, bu rayonların əksəriyyəti bir-birilə
yaxın məsafədə
yerləşir. Amma bir-birindən
fərqli cəhətləri
çoxdur. Bir rayonun
folklor örnəklərinə
o biri rayonda rast gəlmək mümkün deyil. Özü də bu rayonların
hamısında sənətkarlığın
müxtəlif növləri
inkişaf edir, folklor kollektivləri, xalq teatrları fəaliyyət göstərir.
Şabranla Siyəzən çox
yaxın rayonlardır.
Amma onların fərqli cəhətləri var. Şabran
xalçaçılarının yaratdığı qeyri-adi
xalılar harada sərgilənsə, insanlar
ona heyrətlə baxar. Yaxud Şabran sənətkarlarının
əl işləri necə maraqla qarşılanır. Deyim ki,
Siyəzəndə də,
Şabranda da etnik qrupların nümayəndələri
yaşayır. Onların da yaradıcılıq
örnəkləri təqdim
edilir. Bu tədbirin, ümumiyyətlə,
Azərbaycanın mədəniyyət
siyasətinin bölgələrdə
təbliğinə çox
böyük faydası
var. Azərbaycan mədəniyyətinin
ilkinliyi, özəyi formaca və məzmunca dəyişmədən
bölgələrimizdə yaşayır. Özü də
daha təbii şəkildə yaşadılır.
Bölgə mədəniyyətlərinin qarşılıqlı inteqrasiyası
vacibdir”.
Etnoqraf-jurnalist Ənvər Çingizoğlunun
fikrincə isə, rayonların bir-birinə tanıdılması layihəsinin
həyata keçirilməsi
gözəl bir ənənənin əsasının
qoyulmasına xidmət
edir: “Bu layihəni çox bəyəndim. Regional mədəniyyət və turizm idarələrinin bu layihəsi rayonları bir-birinə daha da yaxınlaşdırır. Hər rayonun özünəməxsus
mədəniyyəti, etnoqrafiyası,
folkloru, sənətkarlığı,
digər ənənələri
var. Fikir versəniz görərsiniz ki, Azərbaycanın bölgələri,
rayonları, kəndləri
necə maraqlıdır.
Mədəniyyət günlərində rayonlara xas elementlər
təqdim edilir. Quba, Qusar, Xaçmaz
qonşu rayonlardır,
eyni bölgəyə
aiddirlər. Amma burada hər
rayonun, hər kəndin özünəməxsus
adətləri var. Bu tədbirlər
rayonlarda yaşayan sənətkarları da bir-birinə
yaxınlaşdırır, yaradıcı insanları
görüşdürür. Əlbəttə, Azərbaycan Respublikası
digər xalqların
da yaşadığı, mədəniyyətlərini,
adət-ənənələrini inkişaf etdirdiyi bir dövlətdir. Azsaylı xalqların da elə mədəniyyət örnəkləri
var ki, bizim
onunla tanışlığımız
vacibdir. Hesab edirəm
ki, bu tədbirlərin
siyahısı, miqyası
genişləndirilməlidir. Hər rayonun öz özəllikləri
var. Mətbəxlər, folklor,
etnoqrafiya və s. hamısı o rayonun özünə xasdır”.
İradə SARIYEVA.
Bakı
xəbər.- 2017.- 7-9 oktyabr.- S.15.