Azərbaycan Xalçası üzrə
V Beynəlxalq Simpozium
başlayıb...
Azərbaycan
Xalça Muzeyi 2017-ci ilin oktyabrında Bakıda keçiriləcək
Azərbaycan Xalçası üzrə V Beynəlxalq Simpozium
çərçivəsində “Müasir incəsənət
xalçalarda” adlı sərgi layihəsi təşkil edəcək.
Burada dörd tanınmış gənc
rəssamın – Faiq Əhməd, Fərid Rəsulov, CHİNGİZ və
Butunay Haqverdiyevin müəllifi olduğu beş əsər təqdim olunacaq. Rəssamların hər biri son on
ildə Azərbaycan incəsənətini xaricdə
– xüsusilə də
məşhur Venesiya Biennalesində iştirak edərək uğurla təmsil etmişlər.
Hər bir
rəssam sərgi üçün xalça
sənəti, onun ənənələri və
müasir dövrdə
yaşadılması ilə
bağlı öz baxışlarını ictimaiyyətə
təqdim edir. Onlar öz əsərlərində
ənənəvi xalça
nümunələrinin simvolikasının
dərk edilməsini, ornament və onların adət edilmiş formalarının
müasir üslubda transformasiyasını, hətta
xalçanın utilitar
əhəmiyyətinin genişlənməsini
əks etdiriblər.
Ancaq hər kəs bunu öz
yaradıcılığına xarakterik olan yollarla şərh edir.
“Axan” xalçalar
uzun müddətdir ki, Faiq Əhməd
yaradıcılığının bir növ əsas
vizit kartıdır. Sərgidə üzərində
nefti xatırladan qara axının təsvir olunduğu belə xalçalardan biri ictimaiyyətə təqdim olunacaq. Rəssamın digər əsəri xovsuz xalça olan Qarabağ cecimindən yaradılmış ikinci emalın beynəlxalq nişanı “Universal Recycling Symbol”-nu (sonsuzluq əlaməti
olaraq Möbius lenti ilə qapanan üç ox) ifadə edən kompozisiyaya malikdir. Bu xalçanın
verdiyi mesaj budur: Azərbaycan xalçalarının obraz
və ornament sistemi çağdaş müəlliflərin gələcək
yaradıcılıq axtarışları
üçün əsasdır
və bu da milli ənənələrin
qorunmasının təminatıdır.
CHİNGİZ xüsusilə
olaraq simpozium üçün toxuduğu
Faiq Əhmədin əsərində ifadəsini
tapdığı sanki
ənənələrin yenidən
işlənməsi ideyasına
illüstrasiya olan xalçanı təqdim edir. Onun xalçası
öz müasirliyi və nəfis sadəliyi ilə seçilir, burada lakonik forma bütünlüklə
çoxtərəfli bir
fikrə tabedir. Xalçanın ara sahəsində bir tipli qara və
yalnız biri ağ rəngdə olan zoomorf (quş)
təsvirlər yer alır ki, bu
da “Ağ qarğa”nın simvolik təsvirini təcəssüm
edir. Bu əsərin əsas
ideyası hər şeyi, yəni – bəşəriyyətin yaradılışını,
yaradıcı fikrin ortaya çıxmasını,
ətraf mühiti canlandırmaq iqtidarına
malik yaradıcı düşüncənin təsirini
dəyişə bilən,
zamanın və məkanın müəyyən
bir nöqtəsini göstərməkdir. Bu
ideya ilə bağlı şərhlər
çox ola bilər, lakin hamısı yenilik və qeyri-adiliklə bağlıdır və bu baxımdan əsər müasir müəlliflərin əsərlərində
yer alan milli xalçanın yaradıcı transformasiyasının
mahiyyətini əks etdirir.
Fərid Rəsulov
sərgi üçün
interyerin divar və mebelindən tutmuş ən kiçik detalına kimi hər şey
xalça ornamentləri
ilə örtülmüş
“Xalça otağı”nı
tərtib etmişdir. Beləliklə, hər kəs özünü yeganə, əbədi, universal əsər olan xalçanın içində hiss edə və onun ənənəvi Azərbaycan interyeri və ümumiyyətlə
ölkə sənətinə
böyük təsirini
dəyərləndirə biləcək.
Fərid Rəsulov öz instalyasiyası üçün Qarabağın
Çələbi xalçasının
ornament və kompozisiyasından yararlanıb.
Butunay Haqverdiyev
də tamaşaçını
xalçanın “içərisinə”
buraxmaq qərarına
gəlmiş lakin o, bu məsələyə tamamilə başqa metodla yanaşmışdır.
Onun instalyasiyası akril boyalarla rənglənmiş, Azərbaycan
xalçalarında yer
alan ənənəvi
ornamentlər formasında
böyük ölçülü
taxta modullardan ibarətdir. Onlar asanlıqla daşına
və müxtəlif yollarla birləşdirilə
bilir və nəticə etibarilə yuxarıdan aydın şəkildə görünə
biləcək bir kompozisiyaya malikdir (bu kompozisiya üst mərtəbədən
baxa bilmək üçün muzeyin şüşə tavanlı
xüsusi salonunda nümayiş olunacaq).
Bu instalyasiya kənardan baxılarkən
sanki tamaşaçını
sirrlərini açmağa
çağıran parlaq
və yaraşıqlı
labirint kimi görünür.
Bakı
xəbər.- 2017.- 18 oktyabr.- S.14.