Tarixdə iz buraxanlar: Xəlil
Rza Ulutürk
Azərbaycanın görkəmli şairi Xəlil
Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyan rayonunun Pirəbbə
kəndində anadan olub. Ona babası Xəlil öz
adını verib. Xəlil qayğı və nəvazişlə
böyüyüb. Yeddi yaşı olanda 2 saylı Salyan rayon
orta məktəbində təhsil almağa başlayıb. Təhsil
aldığı ilk illərdən Xəlil öz
çalışqanlığı və davranışı
ilə müəllimlərin rəğbətini qazanıb.
Məktəb illəri Xəlilin
bədii ədəbiyyat aləminə, poeziyanın əzablı,
romantik yaradıcılıq meydanına çıxması
üçün bir hazırlıq dövrü olub. Şifahi
xalq ədəbiyyatını, klassik və müasir
yazıçıların əsərlərini mütaliə
etməsi istər-istəməz onda yazıb-yaratmağa güclü
həvəs oyadıb. Xəlil Rza hələ gənc
yaşlarından onu həyacanlandıran, düşündürən
hadisələri bəzən poetik dillə ifadə etməyə
çalışırdı.
1949-cu ildə Xəlilin Azərbaycan Dövlət
Universitetinin filologiya fakultəsinə daxil olması onun
qarşısında geniş yaradıcılıq imkanı
açır. Universitetdə ədəbiyyatşünas
alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar
Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə,
həmçinin Azərbaycan Yazıçılar Birliyində
xalq yazıçısı Mirzə İbrahimovun
başçılığı ilə keçirilən “Gənclər
günü” məşğələlərində fəal
işrirak etmək Xəlil Rzanın şair kimi
yetişməsinə ciddi təsir edir.
1954-cü ildə Azərbaycan Dövlət
Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə
“Azərbaycan qadını” jurnalı redaksiyasında
başlayıb. O, burada ədəbi işçi vəzifəsində
çalışdığı ilk ildə dövri mətbuatda
çap etdirdiyi məqalə və şeirlərlə ədəbi
ictimaiyyətin diqqətini cəlb edir. Onun ilk şeirlər
toplusu – “Bahar gəlir” kitabı nəşr olunur.
1957-ci ilin avqust ayında Azərbaycan
Yazıçılar İttifaqının Xəlil Rzanı
Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyatı
İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kursuna
göndərməsi gənc şairin gələcəyinə
böyük təsir edir. Xəlil Rza institutda rus ədəbiyyatının
görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik
etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını
öyrənməklə yanaşı, dünya
xalqlarının mədəni irsi ilə yaxından
tanış olur. Moskvada təhsil illərində
görkəmli rus şairi Samuel Marşakın evində və
Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması,
Leninqrada Ermitaj xəzinəsinə səfəri, Nazim Hikmət
və Mixail Şoloxovla görüşləri gənc
şairin xatirəsində dərin izlər buraxır.
Xəlil Rza 1959-cü ildə Bakıya
qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji
İnstitutunda aspiranturaya daxil olaraq təhsilini davam etdirib. O,
1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan
Sovet ədəbiyyatında poema janrı” mövzusunda
yazdığı dissertasiyanı uğurla müdafiə edib,
filologiya elmləri namizədi elmi dərəcəyə layiq
görülüb. Onu institutda müəllim kimi saxlayıblar.
Tələbə auditoriyasına müəllim
kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı
çərçivəsilə məhdudlaşmayıb, vətənpərvərlik
ruhlu mühazirələrində qədim milli bəşəri
dəyərlərimizdən və doğma dilimizdən ürək
yanğısı ilə bəhs edib.
Xəlil Rza Azərbaycan dilinin
saflığı, əcnəbi dilin təsirinə məruz
qalmaması üçün özünəməxsus
mübarizə yolu seçib. O, harada olursa-olsun,
doğma dilində təmiz danışmayan müsahibindən
eşitdiyi hər yabançı kəlmə
üçün 5 qərik cərimə tələb edər,
danışdığından məmnun qaldığı
soydaşlarını bir manat məbləğində
mükafatlandırardı. Beləcə o, müasirlərin
diqqətini ana dilinin saflığını qorumağa cəlb etməyə, digər tərəfdən
də ruslaşdırma siyasətinə qarşı mübarizə
aparmağa çalışardı. Əlbəttə,
bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən
yayınmır, çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti
məhdudlaşdırılır, “Birlik” cəmiyyəti
yolu ilə Azərbaycan rayonlarına göndərilməsi
qadağan olunur. Şair Sabir Rüstəmxanlı yazır: “Xəlil
Rzanı başa düşməyənlər çox idi. Onun
cəsarəti vətəndaşlıq şeirlərini dinləməkdən
belə qorxanların sayı min-min idi. O, kürsüyə
qalxanda durub salonu tərk edirdilər. Xəlilin
antisovet, antiimperiya çıxışlarına dəlilik
kimi baxanlar, onun səsini kəsməyə
çalışan, yüksək kürsülərə yolunu
bağlayan, onu kiçiltmək istəyənlər Xəlil
Rza istedadının Allah vergisi olduğunu, şairin Allah
hökmü ilə danışdığını dərk edə
bilmirdilər”.
Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji
İnstitutundan uzaqlaşdırılır. Onu Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutuna dəvət edirlər. Burada Xəlil Rza
bütün qüvvəsini elmi-tədqiqat işinə və
bədii yaradıcılığa həsr edir. Azərbaycan-Özbək
ədəbi əlaqələri, Maqsud Şeyxzadənin həyat
və yaradıcılığı haqqında monoqrafik əsərlər
üzərində çalışır. Buna baxmayaraq, Xəlil
Rza yenə də “şübhəli şəxs” kimi təqib
olunur, imkanlarını məhdudlaşdırmaqla onu “təhlükəli
ictimai mübarizə” yolundan çəkindirməyə
çalışırlar.
1984-cü ildə şairin
“Ömürdən uzun gecələr” adlı kitabı və
SSRİ xalqlarının dillərindən tərcümə
edilmiş poetik əsərlərdən ibarət
“Qardaşlıq çələngi” toplusu ictimaiyyət tərəfindən
Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa
da, hakim dairələrin etinasızlığı ilə
qarşılanır. Bu soyuq münasibət onu
sarsıtmır. Şairin ən böyük vəzifəsini
yazıb yaratmaqda görən Xəlil Rza yorulmadan var qüvvəsi
ilə çalışır, yeni şeirləri, elmi
araşdırmaları ilə təsəlli tapırdı.
1985-ci ildə “Maqsud Şeyxzadənin bədii
yaradıcılığı və Azərbaycan – Özbək
ədəbi əlaqələrinin aktual problemləri”
mövzusunda doktorluq dissertasiyasını müdafiə edir.
1986-cı ildə Azərbaycan ədəbiyyatının
inkişafındakı xidmətlərinə görə ona əməkdar
incəsənət xadimi fəxri adı verilir.
1980-ci illərin axırlarında xalq azadlıq
hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur
səsi Azərbaycanın bütün regionlarında
eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına
qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini,
Dağlıq Qarabağ torpağına təcavüz edən
erməni daşnaklarını odlu-alovlu
çıxışları ilə ifşa edirdi.
Son günlərini yaşayan sovet imperiyası
ömrünü uzatmaq üçün 1990-cı ilin
yanvarında Azərbaycanın paytaxtı Bakıda dinc əhaliyə
vəhşicəsinə divan tutdu. Bütün dünyanın
açıq fikirli adamları bəşər tarixində
misli görünməmiş bu qətliamı lənətlə
qarşıladılar. Sovet ordusu tərkibində
zirehli tanklarla, hərbi gəmilər və müasir silah
növləri ilə Bakını gülləbaran edənlərin
törətdiyi cinayətlər Xəlil Rzanı da
sarsıtmışdı. O, bütün qüvvəsilə gecə-gündüz dinclik bilmədən
ürəyini məşələ çevirib xalqı
düşmənlərə qarşı mübarizəyə səsləyirdi,
xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə
20 yanvar hadisələrini dünya ictimaiyyətinə
çatdırmağa çalışırdı.
1990-cı il yanvar ayının 26-da vətənpərvər
şair Xəlil Rza SSRİ Dövlət Təhlükəsislik
Komitəsinin əməkdaşları tərəfindən həbs
edilib Moskvaya – Lefortovo həbsxanasına göndərilir.
Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini
qıra bilmir. 8 ay 13 gün öz mühitindən təcrid
olunmuş şair odlu-alovlu qəlbinin işığında
Lefortovo gündəliyini, 200-dən çox şeir, poema və
məktubunu qələmə alır. Bu əsərlər
mübariz şairin ictimai-siyasi
dünyagörüşünü əks etdirməklə
yanaşı, öz bədii dəyəri, məzmunu cəhətdən
milli poetik fikri zənginləşdirən misilsiz abidədir.
“Lefortovo gündəliyi” şairin qəbul etdiyi Ulutürk təxəllüsünün
vəsiqəsidir.
Lefortovo həbsxanasında şəkər xəstəliyi
olan Xəlil Rzanın səhhəti pozulmuşdu. 1990-cı il
oktyabrın 9-da Moskvadan Bakıya gətirilən Xəlil Rza
bir ay davam edən məhkəmə prosesindən sonra
azadlığa buraxılır.
1991-ci il may ayının 6-da Xəlil Rza
“Türk milləti mükafatı laureatı” fəxri adına
layiq görülür. Bir il sonra, 1992-ci ildə ona Azərbaycan
Respublikasının Xalq şairi fəxri adı verilir.
Tez-tez ön cəbhə bölgələrində,
məktəb və mədəniyyət ocaqlarında,
görüşlərdə çıxışlar edib
şeirlər oxuması, narahat həyat tərzi,
yaradıcılıqla ciddi məşğul olması Xalq
şairini haldan salıb vəziyyətini
ağırlaşdırmışdı. 1994-cü il iyun
ayının 22-də bədii
yaradıcılığının barlı-bəhrəli
çağında şairin Vətən eşqi, xalq məhəbbəti
ilə çarpınan ürəyi dayandı.
Azərbaycan ziyalıları zaman-zaman öz
yaradıcılıqlarında azərbaycançılıq
ideyasına müraciət ediblər. Bu sahədə
Xalq şairi Xəlil Rza Ulutürkü xüsusilə qeyd etmək
olar. Öz idealı uğrunda mübarizə aparan ziyalılar
ordusu içərisində Xəlil Rza Ulutürk istiqlal
şairləri Məhəmməd Hadi, Əhməd Cavad kimi
tarixi önəm kəsb edib. Xalq şairi Xəlil
Rzanın milli idealında azərbaycançılıq
qırmızı xətlə keçir. Sənətkarın
poeziyasında Vətənin, xalqın ümumiləşmiş
obrazı zəngin mənbələrlə, qaynaqlarla müşayiət
olunur. Xəlil Rza azadlıq idealı ilə poeziyasına bəşəri
məzmun gətirib. O, Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi ədəbiyyatşünas
alim, ictimai-siyasi xadim, milli demokratik hərəkatımızın
mücahidi, Azərbaycan poeziyasında görkəmli ədəbi
simadır.
Onun poeziyasının kökü, mayası Vətən
eşqi, torpaq və dünya ilə bağlıdır.
Görkəmli şair yazırdı: “Bizim birinci borcumuz yer
kürəsini qorumaqdır. Yer kürəsindəki sonsuz
gözəllikləri, Füzulinin və Şekspirin
yaratdığı poeziya kəhkəşanlarını,
İbn Sinanı qorumaqdır. Bütün təfəkkür
korifeylərinin ürəyindən, gözlərindən
süzülən ədəbi işığı qorumaq bizim
borcumuzdur... Biz öz qüdrətli əllərimizi sərhədlər,
okeanlar üzərindən uzadıb bir-birimizi salamlamalı,
öz qəlbimizin qərarını qəti bildirməliyik.
Yaşasın xalqların azadlıq idealı!”
Xəlil Rza poeziyasının səciyyəvi cəhətlərindən
biri onun şeirlərinin təsirli, yanıqlı olması,
daxili həyəcan və təlatümləri dilləndirməsidir.
Həyatın acı həqiqətlərini, ziddiyyətlərini
şeirinə gətirərək münasibət bildirən Xəlil
Rza Ulutürk dramatik poeziya ustasıdır. Lirik qəhrəmanı
inadkar və sarsılmaz, cəsur və mübariz olan şair
həyat və sənətdəki ideya movqeyini dürüst
seçmiş, öz poetik istedadına güvənərək
bu məfkurə uğrunda mübarizənin önündə
getmişdir. Odur ki, bir çox, xüsusilə də
son illərdəki şeirləri Azərbaycan xalqını
böyük ideallar uğrunda səfərbər etmək məqsədi
daşıdığından, publisistik ruhu, ciddi ictimai-siyasi
pafosa malik əsərlər olub. Şairin mücadilə ruhlu ən
yaxşı poetik örnəklərinə nümunə olaraq
“Səlahiyyət istəyirəm!”, “Silahlan!”, “Hara
qaçırsan, dayan!”, “Qorxaqlıq, cəsurluq” və bu kimi
bir çox başqa şeirlərin adlarını qeyd etmək
olar. Sevimli Vətənin istiqlaliyyəti ilə
usanmaz mübarizə aparmış xalq şairi Xəlil Rza
Ulutürkün bu kimi şeirlərinin mərkəzində
xalqımızın faciəli taleyi, tarix boyunca əzablardan
keçən iztirablı həyat yolu dayanır və müəllif
hər bir Azərbaycan vətəndaşını
ayıq-sayıq olmağa, çətinliklərdən
qorxmayaraq düşmənə sinə gərməyə
çağırır. Təkcə Azərbaycanın
deyil, bütün türk dünyasının qüdrətli sənətkarı
olan Xəlil Rza Ulutürk istiqlalçılıq və
türkçülük timsalıdır. İnanırıq
ki, böyük şairin həyat və
yaradıçılığı hələ çox illər
sonra da örnək olaraq yaddaşlarda qalacaq.
Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn
olunub, onun məzarı üstündə şairin əzəmətli
heykəli yüksəldilib. Azərbaycan xalqının milli
mübarizəsində xüsusi xidmətlərinə görə
Xalq
şairi Xəlil Rza Ulutürk vəfatından
sonra “İstiqlal” ordeni ilə təltif edi
Qaraoğlu
Fazil
Bakı Xəbər.-
2017.- 17 oktyabr.- S.15.