Ölkənin bölgə turizmində
yüksəliş davam
edir
Azər Əliyev: “Xarici
turizmin inkişafı
daxili turizmlə sıx bağlıdır”
Azərbaycan turizmi artıq inkişaf mərhələsindədir.
Son illər bu sektorun inkişafı
sahəsində reallaşdırılan
uğurlu layihələr
öz bəhrəsini
verir. İstənilən
fəsildə ölkəmizə
istirahət üçün
gələn turistlərin
sayı günü-gündən
artır.
Açıqlanan statistik rəqəmlərə
əsasən, bu ilin 9 ayı ərzində Azərbaycanda
daxili və xarici turistlərin sayı 3,5 milyon nəfər olub. Bu açıqlamanı mədəniyyət və
turizm nazirinin müavini Nazim Səmədov Xəzər-Avropa
İnteqrasiya İşgüzar
Klubunun (CEIBC) üzvləri
ilə görüşündə
deyib. N.Səmədov qeyd edib ki,
bu il ərzində
Azərbaycana 2 milyon
271 min xarici vətəndaş gəlib.
Gələn turistlərin
sayında artım daha çox Rusiya, İran və ərəb ölkələri üzrə
müşahidə olunub.
N.Səmədov deyib ki, bu
ilin yay aylarında daxili turizm sahəsində 20 faiz artım olub. Yalnız iyun-avqust aylarında regionlarda 860 min nəfər istirahət edib.
Daxili turizmin
inkişafını ekspertlər
də təsdiqləyir.
Onların fikrincə,
bu sahədə görülən işlər
daxili turizm sektorunda müsbət dəyişikliyə səbəb
olub.
Ekspert Azər
Əliyev bizimlə söhbətində bildirdi
ki, daxili turizmin inkişafı ölkəyə daha çox gəlir gətirir: "Yaxın illər ərzində yerli vətəndaşlar Türkiyə və Gürcüstanda deyil, elə ölkə daxilində istirahət edəcəklər. Sadəcə,
qiymət siyasətində
dəyişiklik olarsa,
bu sahədə yaşanan inkişafın daha da artmasının
şahidi olarıq. Onu da deyim
ki, qiymətlərin dəyişməsi yeni otellərin inşasına
zərurət yaradacaq.
Bəllidir ki, son zamanlara kimi Azərbaycanda, demək olar, hostellər yox idi. Artıq Bakıda
hostellər daha geniş yayılıb.
Hostellər ucuz olduğundan,
turistlərin daha çox marağını
çəkir. Çünki turist ən çox gəzməyə
vaxt ayırır.
Onun üçün gecə yatması üçün
yer lazımdır.
Adətən, bahalı otellərdə
beynəlxalq əhəmiyyətli
tədbirlərə gələn
biznes adamları qalır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, daxili turizmin inkişafı üçün
kənd turizminə də diqqət ayırmaq lazımdır:
“Bütün kəndlərdə
turizm obyekti tikməyə ehtiyac yoxdur. Sadəcə, əhaliyə müəyyən
treninqlər keçirilməlidir.
Ola bilsin onlara
aşağı faizli
kreditlər verilsə,
evlərinin bir hissəsini turizm obyekti kimi hazırlayaraq
turistləri cəlb edə bilərlər.
Bu həm də
kənd əhalisinin istehsal etdiyi məhsulların satılmasına
da müsbət təsir
edə bilər.
İnsanlar bununla həm
də ucuz qiymətə dincəlmək
fürsəti əldə
etmiş olarlar”.
Ekspertin bildirdiyinə görə,
xarici turizmin inkişafı daxili turizmlə sıx bağlıdır. Belə
ki, yerli turistlə işləyən
personal təcrübə toplayır
və xarici turistlərə yüksək
keyfiyyətli xidmət
göstərə bilir:
“Fikrimcə, ölkəyə
gələn turistlərin
sayının kəskin
artırılması üçün
kompleks tədbirlərin
görülməsi vacibdir.
Bəllidir ki, artıq
bölgələrimizdə turizm yeni inkişaf
etməyə başlayıb
və bu, başlanğıc olduğu
üçün zamanla
hər şey yerini tutacaq. İnkişaf olan hər bir sahədə, təbii ki, çatışmazlıq olacaq.
Bu təbii prosesdir.
Bu, Türkiyədə də belə olub. Hətta bu gün inkişaf etmiş turizm ölkələrində
də xidməti zəif olan obyektlər var".
Günel CƏLİLOVA
Bakı
xəbər.- 2017.- 18 oktyabr.- S.12.