Avstriyada yaşayan azərbaycanlı
şair…
Soydaşımız Qaraxan
Əkbəroğlunun əsərləri “Nobel”
mükafatına təqdim edilib
Qaraxan Əkbəroğlu: “Güman edirik ki,
komissiya mənim ədəbiyyatda etdiyim yenilikləri dəyərləndirəcək”
“Türkiyənin kino şirkətlərindən
biri ilə müqavilə imzalamışam, müqaviləyə
əsasən, onlar mənim romanım əsasında ssenari
yazıb serial çəkəcəklər”
Bilmirəm
oğul tək, yoxsa şair tək,
Məni öz qoynuna alıbdı dağlar.
Səhər oxu deyir, axşam yaz deyir,
Şeirə meylini salıbdı dağlar.
Vətəndən uzaqlarda - Avstriyada yaşayan
və Azərbaycanı, azərbaycançılığı
öz poeziyasında yaşadan, yurd-yuva həsrətini şeir
misralarına köçürən soydaşımız
şair Qaraxan Əkbəroğlu fərqli bir söz
adamıdır. Qərbi Azərbaycanda doğulan Q.Əkbəroğlu
öz şeir və nəsr əsərlərində erməni
tapdağında qalan ata ocağının hənirini də
yaşadır, erməni vandalizmini kəskin ifşa edir.
Bu yaxınlarda məlumat aldıq
ki, Q.Əkbəroğlunun əsərləri “Nobel”
mükafatına təqdim edilib. Əlbəttə, qəriblikdə
yaşayan və Azərbaycan ədəbiyyatını,
poeziyasını təmsil edən bir
soydaşımızın əsərlərinin dünya
çaplı mükafata təqdim edilməsi sevindirici
haldır.
Q.Əkbəroğlu ilə internet üzərindən
əlaqə saxladıq və onun
yaradıcılığı, eləcə də “Nobel”
mükafatına təqdim edilən əsərləri barədə
danışdıq.
- Qaraxan müəllim, qürbətdə
yaşayırsınız. Yəqin ki, Vətəndən
çox-çox uzaqlarda yaşamaq qisməti bir şair kimi
Sizin yaradıcılığınızda ayrıca bir iz
buraxıb. Qürbətdən Vətən necə
görünür?
- Əslində, məni şair edən
doğma torpağımdan didərgin düşməyim, eləcə
də ata-ana itkisi olub. Bilirsiniz ki, mən Qərbi Azərbaycanda,
Pəmbək mahalının, Hamamlı rayonunun Qursalı kəndində
doğulmuşam. Sizə şeir yazmağıma səbəb
olan bir məsələni də deyim. Mən kliniki ölüm
keçirmişəm və ayılandan sonra şeir yazmağa
başlamışam. Mən Azərbaycanda olanda çox az
yazmışam, amma qürbətdə yaşayandan sonra
şeir yazmadığım gün yoxdur. Demək olar ki, hər
gün yazıram və hətta elə olub ki, bir gündə
10 şeir yazmışam.
- Bildiyim qədər,
yaşadığınız Avstriyada da Sizin
yaradıcılığınıza maraq var və hətta bu
ölkə tərəfindən əsərləriniz “Nobel”
mükafatına təqdim edilib. “Nobel”ə hansı əsərləriniz
təqdim olunub?
- Bəli, əsərlərim “Nobel”
mükafatina təqdim edilib. Deyim ki, yaşadığım
ölkənin rəsmiləri tərəfindən mənim
“Nobel” almağıma ciddi dəstək var. “Nobel”
mükafatına təqdim etməyin öz qaydaları var.
Birincisi, bu ideyanı Avstriyadakı şair həmkarlarım
verdi, yəni avstriyalılar. Qaydaya görə, şeir
hansı dildə yazılıbsa, o dildə də şeiriyyəti
bilənlər, mütəxəssislər rəy verməlidirlər.
Mənim yaradıcılığım haqqında xalq şairi
Nəriman Həsənzadə gözəl, məzmunlu bir rəy
verib. Eyni zamanda da Avstriya alimləri və Avropa
deputatlarının da verdiyi rəy kifayət edir ki, sənədlər
“Nobel” komissiyası tərəfindən qəbul edilsin. “Nobel”
mükafatına 65 janrda seçilmiş şeirlər
kitabım təqdim edilib. Kitabda son 6 ayda ədəbiyyatda ilk dəfə
25 janrda yazılan seirlərimdən 11 ədədi də yer
alıb. Kitabda cəmi 65 janrda şeirim var. Bu kitabda “Nobel” mükafatına
təqdimatda əsas 11 yeni janrdan söhbət gedir. Niyə bu
11 janrı deyirəm, çünki onlarla ədəbiyyata
yenilik gətirmişəm. Güman edirik ki, komissiya mənim ədəbiyyatda
etdiyim yenilikləri dəyərləndirəcək. Gələn
il isə qalan 14 janr təqdim ediləcək. Əlimdə yeni
kitab işləyirəm, onu noyabrda çapa verəcəyəm.
Bu ay “Ömür yolu” kitabım çapa verilib, çox
güman ki, bir həftəyə çapdan çıxar.
- Üzr istəyirəm,
yaratdığınız janrlar haqqında danışa bilərsiniz?
Söhbət hansı yeniliklərdən gedir?
- Mən çox məhsuldar işləyirəm
və iki aydan bir yeni kitabım çapa verilir. Bu il həm də
“Ömür yuxusu” romanımın I cildi çapdan
çıxıb, dekabr ayında isə II cildi çapa verəcəyəm.
Şeirlərimin əsas motivini Vətənə sevgi,
haqsızlıqlara üsyan, ata-anaya məhəbbət təşkil
edir.
Yaratdığım janrlara gəlincə, bu
yeniliklər Azərbaycan aşıq poeziyasının unikal
nümunələri sayılan təcnislə
bağlıdır. Mən özüm yeni təcnis janrları
yaratmışam.
“Qaytarma təcnis”, “Qaraxan təcnisi”, “Dodaqdəyməz
Qaraxan təcnisi”, “Çal-çarpaz Qaraxan təcnisi”, “Dodaqdəyməz
hərfi təcnis”, “Beşlik yeddiliklər”, “Gəraylı
Qaraxan təcnisi”, “Gəraylı Qaraxan dodaqdəyməz təcnisi”,
“Gəraylı çal-çarpaz Qaraxan təcnisi” və s.
Bu janrlar kitabımda var. 200-dən cox yeni janrda
şeirim var. Son 6 ayda cəmi 85 janrda şeir yazmısam.
- Əsərləriniz Avstriya dilinə tərcümə
edilibmi?
-
Romanımı türk dilinə tərcümə edirlər. O
romanı kino şirkətlərindən birinə
satdığım üçün, mən onu hansısa dilə
tərcümə etdirmək hüququna sahib deyiləm. Onlar özləri tərcümə edirlər.
- Söhbət
hansı romanınızdan gedir?
- “Ömür yuxusu” romanımdan. Kim oxuyubsa,
çox böyük təəssürat qazanıb. Deyiblər ki, heç belə maraqlı roman
oxumamışıq. Çox rəngarəng
insan taleyindən bəhs edir. Əkiz
qardaşlardan birinin ermənilər tərəfindən
oğurlanması, iki əkizin taleyi, onların 20 ildən sonra
görüşməsi çox təsirlidir. Mən
öz əkiz tayımı 20 il sonra
tapdım…
- Qaraxan
müəllim, öz taleyinizi yazmısınız...
- Bəl.
-
Yaşadığınız ölkədə Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin təbliğatı hansı səviyyədədir?
- Avstriyada Azərbaycan ədəbiyyatına maraq deyərdim
ki, bizim indiki gənclərdən daha yüksəkdir. Buradakı gənclər
Azərbaycan dilini bilməsələr də, tərcümə
proqramları ilə mənim əsərlərimi oxuyurlar.
Bizim klassiklərimizdən Nizami Gəncəvini,
Füzulini, müasir şairlərimizdən xalq şairi Nəriman
Həsənzadənin əsərlərini mütaliə edirlər.
Avstriyalılar kitab oxuyan və yüksək
intellektli bir xalqdır. Metroda, avtobusda,
qatarda kimi görürsən, hamısı kitab oxuyur,
mütaliə edir.
Onlar, əlbəttə, Azərbaycan xalqını da
yüksək mədəniyyətə sahib bir xalq kimi
tanıyırlar. Burada Motsarta necə böyük sevgi
varsa, şairə də elə sevgi var.
Mənim yeni janrlarıma çox heyrətlə və rəğbətlə
yanaşırlar. Hər tədbirdə məndən
şeir oxumağı xahiş edirlər. Demək
olar ki, bütün dövlət tədbirlərinə dəvət
edilirəm. 25 oktyabrda Avstriyanın Milli
bayramıdır, artıq ora dəvət almışam. Prezident Aparatının tədbirlərinə də
qatılıram.
- Ən həssas yaramız olan Qarabağ
ağrısından yazırsınızmı?
- Bəli,
bu mövzuda şeirlərim çoxdur. Şəhidlərimizə
şeirlər həsr etmişəm. Aprel
döyüşçülərinə, Ramil Səfərova,
Mübariz İbrahimova həsr edilən nümunələrim
var. Türkiyə və Azərbaycan
qardaşlığını əsk etdirən poemam var.
“Əkiz qardaşlar” poeması yazmışam. Eyni zamanda da
Sarkisyanın iç üzünü açan, erməni
vandalizmini ifşa edən, əsirlərin başına gətirilən
işgəncələri əks etdirən şeirlərim var.
Mənim “Dünyaya axıdılan qanlar” romanım var və
romanda rusların və ermənilərin iç
üzünü açmışam.
- Orada əsas
işiniz nədən ibarətdir?
- 16 ildir
burada yaşayıram, bu ölkənin vətəndaşıyam.
Mən doktoranturanı burada oxumuşam. Azərbaycanda Respublika Əczaçılar
İttifaqının sədri işləmişəm. Bakıxanov qəsəbəsində dərman zavodu
tikmişəm.
Sonra ev tikintisi ilə məşğul oldum.
Avstriyada da ev tikintisi ilə məşğul
olurdum. Bu ilin yanvar ayından isə sırf
yaradıcılıqla məşğul oluram. Romanımı kino üçün yüksək qiymətləndirirlər.
- Dediniz
ki, hansısa kino şirkəti ilə müqavilə
bağlamısınız...
- Bəli,
Türkiyənin kino şirkətlərindən biri ilə
müqavilə imzalamışam, müqaviləyə əsasən,
onlar mənim romanım əsasında ssenari yazıb serial
çəkəcəklər. Türkiyədə
əsərə görə daha çox qonorar verirlər.
-
Romanın müəllifi kimi adınız qeyd ediləcək?
-
Sözsüz.
- “Nobel” qazanacağınıza ümidiniz varmı?
- Bəli.
Burada da hamı deyir ki, şansım 99 faizdir,
çünki ədəbiyyata yenilik gətirmişəm.
Mən şeirlərimi tərcümə etməyə
icazə vermirəm, ona görə ki, tərcümə
şeirin gözəlliyini itirir. Xüsusən
də təcnisi tərcümə etmək mümkün deyil.
Tərcümə edilsə, təcnis təcnisliyini
itirəcək. Mənim 171 təcnisim var.
Bu təcnisləri qırğız dilinə tərcümə
etmək istədilər, amma icazə vermədim.
- Azərbaycanda
necə, kinoda işləmək istərdinizmi?
- Azərbaycanda
kino çəkmək istəyən şirkətlərə əsər
sataram. Mənim əsas işim Avstriyada oturub
yazmaq, bədii yaradıcılıqla məşğul
olmaqdır. Azərbaycanda olanda məhsuldar
yaza bilmirəm. Ən azı, sakitlik yoxdur,
Bakı qaynar şəhərdir. Amma Vyanada
sakitlikdir. Evim dağlar arasında,
çay qırağında yerləşir. Təbiət gözəldir. Vyananın
düz qırağında yaşayıram.
- Azərbaycan Yazıçılar Birliyinin
üzvüsünüz?
- Xeyr,
üzvü deyiləm. Dediyim kimi, Azərbaycan
Respublikası Əczaçılar İttifaqının sədri
idim. İxtisasca əczaçıyam.
- Bəs
hansı yazıçı və şairlərlə dostluq
edirsiniz?
- Nəriman
Həsənzadə, Nizami Cəfərov, Xeyrəddin Qoca, Flora
Xəlilzadə, Məhərrəm Qasımlı, Şakir
Nadiroğlu və başqaları ilə səmimi dostluq
münasibətlərim var.
İradə SARIYEVA
Bakı
xəbər.- 2017.- 19 oktyabr.- S.14.