Mahmud Kaşqarinin minillik
yubileyi ərəfəsində... -
“Mahmud
Kaşqarinin 1000 illik yubileyinin keçirilməsini Mahmud
Kaşqari adına Beynəlxalq Fond öz üzərinə
götürüb”
Ağacəfər
Həsənli: “Kaşqarinin adını və irsini geniş səviyyədə
tanıtmaq istəyirik”
“Bu medal və diplomlar bizə dəstək
olanlara, Kaşqari irsinin təbliğində rolu olan insanlara
verilir”
Azərbaycanda elm, mədəniyyət və ədəbiyyat
xadimlərinin, tarixi şəxsiyyətlərin irsini təbliğ
edən fondlar fəaliyyət göstərir. Belə təşkilatlardan
biri də Mahmud Kaşqari adına Beynəlxalq Fonddur. “Divani-lüğət-it türk” əsərinin
müəllifi Mahmud Kaşqarinin adını daşıyan və
onun irsinin bütün türk və islam aləmində təbliğini
həyata keçirməkdə olan fondun müşaviri,
şair-tərcüməçi, publisist Ağacəfər Həsənli
ilə görüşüb fond haqqında, onun indiyə
qədər gördüyü işlər, həyata
keçirdiyi layihələr barədə danışdıq.
- Ağacəfər müəllim, Mahmud
Kaşqari adına Beynəlxalq Fond nə zaman yaradılıb?
- Bu fond təxminən 12 il əvvəl Azərbaycan
Yazıçılar Birliyində yaranıb və Birlik sədri,
xalq yazıçısı Anar bu təşkilatın ilk fəxri
sədri olub, icraçı direktoru isə Elxan Zal Qaraxanlı
idi. Bu fondun yaranması şair-tərcüməçi, fondun
hazırkı prezidenti Elxan Zal Qaraxanlı və Anar müəllimin
birgə təşəbbüsü ilə bağlıdır.
Yarandığı gündən indiyə qədər fond
ardıcıl fəaliyyət göstərir.
- Fond tərəfindən hansı işlər
görülüb?
- Son illər fondun həyatında böyük
canlanma müşahidə edilir. Fond yarandığı vaxtdan
bir sıra uğurlu işlər həyata keçirib.
Bilirsiniz ki, Mahmud Kaşqarinin məşhur “Divani-lüğət-it
türk” əsəri türk dillərinin ensiklopedik lüğətidir,
çox möhtəşəm bir yazılı abidədir. Bu
lüğət 1000 il bundan əvvəl tərtib edilib. Son illərə qədər bu kitab Azərbaycan dilinə
tərcümə olunmamışdı. Mahmud Kaşqari Fondu
“Divani-lüğət-it türk” kitabının tərcüməsini
öz üzərinə götürdü və kitab professor
Ramiz Əsgər tərəfindən tərcümə edildi və
onu nəşr etdik. Özü də “Divani-lüğət-it
türk” dövrün hakim dili olan ərəb dilində
yazılıb. R.Əsgər onu Türkiyə türkcəsindən
bizim dilə çevirdi. Şübhəsiz ki, bu əsərin
tərcümə edilməsi Azərbaycanda çox
böyük bir hadisə idi. Kitabın bizim üçün dəyərli
cəhətlərindən biri odur ki, 1000 il əvvəl
yazılan kitabda Azərbaycanın, Şirvanın adı çəkilir.
Kaşqari xəritə tərtib edib və o xəritədə
Azərbaycanın adı qeyd edilir. Bizim üçün
çox önəmlidir ki, min əvvəl formalaşan bir məxəzdə
ölkəmizin adı çəkilir.
Siz təsəvvür edin ki, elə də
böyük maddi imkana malik olmayan fond bu əsərin tərcüməsini
öz üzərinə götürdü. Mahmud Kaşqari
Fondunun güclü maliyyə vəsaiti yoxdur.
- Bəs fondu necə saxlayırsınız?
-
Dünya yaxşı insanlardan xali deyil. Bu
gün xalqını, dövlətini, mədəniyyətini, ədəbiyyatını
sevən, tarixinə böyük dəyər verən
vicdanlı insanlar var ki, onlar fondun fəaliyyətinə dəstək
göstərirlər. Mahmud Kaşqarinin
kitabı olduqca əhəmiyyətli bir kitabdır və ondan
bütün türk dünyası bəhrələnir. Bu kitabın son illərə qədər Azərbaycan
dilinə tərcümə edilməməsi olduqca mənfi bir
hal idi. Çağdaş Azərbaycan dilində
işlənən sözlərin təxminən 6-7 faizi həmin
lüğətdə öz əksini tapıb.
- Fond tərəfindən
daha hansı yaddaqalan, əlamətdar işlər
görülüb?
-
Qarşıdan gələn il Mahmud
Kaşqarinin 1000 illiyidir. Təəssüf ki,
indiyə qədər Kaşqarinin doğum tarixi dəqiqləşməyib,
tarix təxmini götürülür. Ehtimal
var ki, Mahmud Kaşqari Qırğızıstanda
İssık-kul gölünün ətrafında doğulub.
Amma etiraf edək ki, Kaşqarinin vətəni
Çindir. Məlumdur ki, Cənubi
Çində Kaşqar vilayəti var, o, Urimçidən 1000
kilometr aralıda yerləşir. Adını
təxəllüs götürdüyü Kaşqari vilayətində
yaşayıb və qəbri elə oradadır.
- Belə
çıxır ki, Mahmud Kaşqari özü haqqında
çox az informasiya verib...
- Bəli.
Biz istəyirik ki, nə zamansa gedib Mahmud
Kaşqarinin qəbrini ziyarət edək. Allah
qismət etsə, mütləq Çinə gedib bu dahi şəxsiyyətin
məzarını ziyarət edəcəyik. O, əzəmətli
bir türk oğludur.
- Ağacəfər
müəllim, səhv etmirəmsə Mahmud Kaşqari adına Beynəlxalq Fond medal və diplom da təsis
edib. Bu ödüllərə indiyə qədər
kimlər layiq görülüb və qarşıdakı illərdə
kimlərin bu mükafatlara sahib olmasını nəzərdə
tutursunuz?
- Bəli,
bizim fond medal təsis edib və diplomlarımız var.
Kaşqarinin adını və irsini geniş səviyyədə
tanıtmaq istəyirik. Bu medal və diplomlar bu
işdə bizə dəstək olanlara, Kaşqari irsinin təbliğində
rolu olan insanlara verilir. Ümumiyyətlə,
Türk dünyası üçün böyük işlər
görən şəxsiyyətlər də fondun medal və
diplomuna layiq görülüb. Mahmud Kaşqari adına Beynəlxalq Fondun medalı ilk olaraq
Türkiyə Cumhuriyyətinin sabiq prezidenti mərhum
Süleyman Dəmirələ və Türk
dünyasının böyük oğlu, qazax
şairi-yazıçısı, tərcüməçisi
Oljas Süleymenova verilib. Həmçinin Kaşqari medalına
akademik İsa Həbibbəyli, kitabın tərcüməçisi,
professor Ramiz Əsgər, xalq şairi Sabir Rüstəmxanlı,
BDU-nun rektoru Abel Məhərrəmov (Azərbaycan və
türk mədəniyyətlərinin inkişafında xidmətlərinə
görə), millət vəkili,
yazıçı Hüseynbala Mirələmov layiq
görülüblər. Deyim ki,
“Divani-lüğət-it türk” əsəri Hüseynbala Mirələmovun
maddi dəstəyi ilə işıq üzü görüb.
Kitab 4 cilddən ibarətdir.
Bir neçə
il əvvəl Türkiyədən xeyli
sayda yazar dəvət etdik və onların fəaliyyətini
qiymətləndirərək onlara Mahmud Kaşqari adına Beynəlxalq
Fondun təsis etdiyi diplomlar verdik. Əlbəttə,
o yazarlar Mahmud Kaşqari irsini öz ölkələrində təbliğ
edirlər.
İki il əvvəl Qazaxıstan Respublikasına
getdik və orada fondumuz tərəfindən bir sıra elm, ədəbiyyat
adamına, tanınmış simalara mükafatlar verildi. Qazaxıstanın xalq yazıçıları Sabit
Dosanova, Berik Şaxanova mükafat verdik. Hətta bizim
Əbu Nəsir Əl-Fərabi adına
Almatı Dövlət Universitetində böyük bir tədbirimiz
oldu və həmin tədbirdə adlarını qeyd etdiyim
insanlara mükafatlar verdik. Eyni zamanda bir neçə iş
adamına da mükafatlar təqdim etdik. Onlardan
biri də Axıska türklərinin Qazaxıstandakı lideri
Ziyəddin Xasanov idi. Qazaxıstandakı Azərbaycan
diasporunun rəhbəri Əbülfəz bəyi də
mükafatlandırdıq.
Bu yaxınlarda isə Azərbaycan Yazıçılar
Birliyində hüquq elmləri doktoru, professor İlham Rəhimova
və xalq yazıçısı Çingiz Abdullayevə
Mahmud Kaşqari medalı verildi. Düşünürük
ki, böyük rəssamımız, Moskvada yaşayan Tahir
Salahova da mükafat verək.
-
Kaşqarinin irsini təbliğ edirsiniz, bu böyük şəxsiyyəti
lazımi səviyyədə tanıda bilirsinizmi?
-
Çalışırıq ki, Kaşqarini daha çox
tanıdaq. Bizim məqsədimiz odur ki,
Kaşqarini Azərbaycan cəmiyyətində təbliğ edək.
İstəyirik ki, Nizami Gəncəvi, Məhəmməd
Füzuli kimi, Mahmud Kaşqarini də bütün insanlar
tanısın, belə bir türk oğlunun olması iə fəxr
etsinlər. Şərq dünyasında Nizami Gəncəvi,
Ömər Xəyyam nə boydadırsa, Mahmud Kaşqari də
o boydadır. Kaşqari Nizami və Xəyyam
səviyyədədir. Təəssüflər
olsun ki, sovet rejiminin sərt qaydaları Mahmud Kaşqarinin təbliğ
olunmasına, tanınmasına imkan verməyib. Onu da
vurğulayım ki, bir neçə il əvvəl
UNESCO tərəfindən Mahmud Kaşqari ilə bağlı
genişmiqyaslı tədbir keçirildi.
-
Kaşqarinin əsərindən əlaqədar tədqiqat
institutlarında istifadə olunub, amma özünün təbliğinə
imkan verilməyib. O çox nəhənğ şəxsiyyətdir.
- Əsərindən
bir vaxt istifadə edilmişdi... Ümumiyyətlə,
“Divani-lüğət-it türk” itibmiş, təxminən 150
il əvvəl tapılıb. Tapılandan sonra da, demək olar ki, bütün
türk xalqlarının dilinə tərcümə olunub.
Bu əsər türk və islam abidəsi
kimi çox dəyərlidir.
- Fond tərəfindən
Türk dünyası üçün əhəmiyyətli
olan yazarların əsərləri nəşr edilirmi?
- Bəli.
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iki
kitabını – “Avrasiyanın ürəyində” və
“Qazaxıstan yolu” kitablarını Elxan Zal Qaraxanlı tərcümə
edib. Nəşrlərin redaktoru mən və
Elçin Hüseynbəylidir. Fond tərəfindən
nəşr edilən kitabın Qazaxıstanda da böyük təqdimatı
keçirilib. Fond tərəfindən Mir Cəlal
Paşayevin Məhəmməd Füzuli haqqında
yazdığı “Füzulinin lirikası” monoqrafiyası da latın qrafikası ilə nəşr edilib. O
monoqrafiya kitab şəklində sovet illərində nəşr
edilmişdi, latın əlifbası ilə
ilk dəfə çap olundu. Biz, eyni zamanda,
müasir qazax şair və yazıçılarının əsərlərindən
də nümunələr nəşr edib oxuculara təqdim
etmişik.
Xeyli sayda bukletlər çap etmişik. Fondun
özünün “Ulu çinar” dərgisi nəşr olunur.
Jurnalın hər dəfə bir sayını
Türk dünyası üçün əhəmiyyəti
olan şəxsiyyətlərin yubileylərinə həsr
edirik.
-
Qarşıda görəcəyiniz nə kimi işlər var?
- Əlbəttə, görəcəyimiz işlər, həyata
keçirəcəyimiz layihələr çoxdur. Mahmud Kaşqarinin 1000 illik
yubileyinin keçirilməsini Mahmud Kaşqari adına
Beynəlxalq Fond öz üzərinə götürüb. Biz
Kaşqarinin 1000 illiyi ilə bağlı ali
məktəblərdə, aidiyyəti qurumlarda
görüşlər keçirməyi planlaşdırırıq.
Fond Hüseynbala Mirələmovun ulu öndər Heydər
Əliyev haqqında yazdığı kitabı qazax dilinə
tərcümə etdirib, gələn il
mayın 10-a qədər çap etdirəcəyik. 2018-ci ildə Kaşqari ilə bağlı bizim
silsilə tədbirlərimiz olacaq. Hələ
tədbirlər planı üzərində işləyirik.
Keçən il Türkiyədə fondun
böyük bir tədbiri keçirilməli idi, lakin qardaş
ölkədə baş verən məlum hadisəyə
görə tədbir təxirə salındı.
- Yəqin
ki, yubiley ili çərçivəsində
bir sıra qurumlarla müştərək tədbirlər də
keçirərsiniz?
- Bəli.
Bizim Azərbaycan Milli Elmlər Akademiyasının N.Gəncəvi
adına Ədəbiyyat İnstitutunda bir
neçə tədbirimiz olub. Çox
nüfuzlu şəxslər fondun idarə heyətinin
üzvüdür. Onlardan biri də akademik
İsa Həbibbəylidir. Tədbirlərimiz
adətən Ədəbiyyat İnstitutunun zalında
keçirilir.
- Fondun
ofisi Azərbaycan Yazıçılar Birliyində yerləşir?
- Bəli,
Mahmud Kaşqari adına Beynəlxalq Fondun
prezidenti Elxan Zal Qaraxanlı orada oturur.
- Türk
respublikaları ilə əlaqələriniz hansı formada
qurulub?
- Fondun
görəcəyi işlərdən və qarşıya qoyduğu
məqsədlərdən biri odur ki, türk dövlətləri,
muxtar respublikaları arasında etibarlı bir körpü rolu
oynasın. Biz türk xalqları arasında mədəni,
tarixi, mənəvi tellərin daha da möhkəmlənməsi
üçün işlər görmək istəyirik. Biz Rusiya tərkibində olan muxtar respublikalarla da əlaqə
saxlamaq istəyirik. Başqırdıstan Respublikası,
Altay Respublikası, Tatarıstan Respublikası, Saxa
Respublikası, Çuvaş Respublikası, Tuva Respublikası,
Xakasiya Respublikası və s. ilə əməkdaşlığımız
vacibdir. Bunun böyük faydası olar. Moldovadakı qaqauzlarla da mədəni-ədəbi
körpü qurmaq niyyətindəyik. Orada
onların muxtar respublikası var. Qaqauzlar “Yıldız”
jurnalı dərc edir. O jurnal bizim “Ulduz” jurnalına bənzəyir.
Planlarımız böyükdür. Bunların hamısını həyata keçirməyi
düşünürük.
İradə SARIYEVA
Bakı xəbər.- 2017.- 20 oktyab.- S.15.