Ziyalı, xeyirxah insan, fədai pedaqoq zirvəsi...
Tarix boyu
müxtəlif cəmiyyətlərdə
müəllim peşəsinin
özünəməxsus yeri
və nüfuzu olub. Bu gün
də müəllimlərə
ehtiram göstərilir,
onlar ictimai fikirdə ziyalı, fədakar insanlar kimi təcəssüm olunurlar. Həqiqətən
də müəllim əməyi ölçüyəgəlməzdir
və yüksək qiymətə layiqdir. Biz həyatda qazandığımız biliklərə,
bir vətəndaş
kimi formalaşmağımıza
görə müəllimlərimizə
borcluyuq. Müəllimlər
mənəvi cəhətdən
işıqlı insanlardır,
onların gənclərə
aşıladıqları müsbət
keyfiyyətlər cəmiyyətimiz
üçün əvəzsiz
töhfədir.
Mən müəllimlərimi
həmişə xatırlayıram.
Həyatımın çətin
anlarında, müxtəlif
sınaqlarla üzləşdikdə
müəllimlərimin dəyərli
öyüd-nəsihətlərini yada salaraq, gələcəyə
nikbin baxmağa çalışmışam.
Bakının Səbail rayonundakı 49 nömrəli orta məktəbin məzunuyam.
Bu məktəb təqdirəlayiq bir inkişaf yolu keçib, savadlı, vətənpərvər, dövlətçiliyə
sədaqətli gənclər
yetişdirib. Məktəb
bütün dövrlərdə
öz qabaqcıl müəllimləri ilə
fərqlənib. Bu yazıda
onlardan biri, ömrünün böyük
bir hissəsini müəllim peşəsinə
həsr edən, zəngin təcrübəyə
malik, respublika təhsil ictimaiyyətinin yaxşı tanıdığı,
hazırda təqaüddə
olan Həsənova Solmaz Sərdar qızının həyat
yoluna nəzər salmaq istəyirəm.
S.Həsənova 22 oktyabr 1939-cu ildə Lənkəran şəhərində
dünyaya göz açıb. Bu il Solmaz müəllimənin
78 yaşı tamam olur. O, mehriban, qayğıkeş, çoxuşaqlı
bir ailədə böyüyüb. Atası
S.Həsənov polis orqanlarında işləyib.
Anası Qıztamam Həsənova da zəhmətkeş və xeyirxah qadın olub. Onlar övladlarını
vətənpərvər ruhda,
öz işində məsuliyyətli olmaq, insanlara yaxşılıq
etmək, cəmiyyətə
fayda vermək məsləyi ilə tərbiyə etmişlər.
S.Həsənova Lənkəran şəhərindəki
4 saylı orta məktəbi 1957-ci ildə
bitirib. Orta məktəbdən sonra böyük övlad kimi ailəyə maddi dəstək olmaq üçün əmək fəaliyyətinə
başlayıb. Bir müddət mühasibatlıqda
işləyib. Sonra ona 7 saylı orta məktəbdə pioner baş dəstə rəhbəri
vəzifəsi etibar olunub.
1959-cu ilin oktyabr
ayından S.Həsənova
pioner baş dəstə rəhbəri
kimi əmək fəaliyyətini Bakıdakı
49 saylı orta məktəbdə davam etdirib. Elə həmin vaxtdan təqaüdə çıxdığı
2011-ci ilə qədər
– uzun illər bu məktəbdə çalışıb.
1960-1966-cı illərdə
M.F.Axundov adına Pedaqoji İnstitutunda (hazırda Slavyan Universiteti) Rus dili fakültəsində ali təhsil alıb.
Onun təşkilatçılıq
qabiliyyəti, ictimai işdə yüksək bacarığı, intellektual
səviyyəsi, prinsipiallığı,
məktəb kollektivində
nüfuzu nəzərə
alınaraq, məsul vəzifələrə irəli
çəkilib. Belə
ki, 49 saylı orta məktəb direktorunun müavini və 1979-1983-cü illərdə
məktəbin direktoru
vəzifələrinə təyin
olunub.
1983-cü ildən isə o, məktəbdə
müəllimə kimi
fəaliyyət göstərib,
rus dili fənni üzrə çalışaraq, peşəkarlıq
zirvəsinə ucalıb.
Onun şagirdləri rus dili üzrə
olimpiadalarda dəfələrlə
1-ci yeri tutublar. O, uzun illər məktəbin yerləşdiyi
rayon üzrə ştatdankənar metodist, rus dili müəllimlərinin
metodiki birliyinin rəhbəri olub. “Metodist-müəllim” adı
verilən Solmaz xanımın tədris xarakterli məqalələri
“Azərbaycanda rus dili və ədəbiyyatı“
jurnalında dərc edilib.
Onun pedaqoji
iş səriştəsi,
çoxşaxəli ictimai
fəaliyyəti bir çox müəllimlərə
örnək olub. Dəfələrlə fəxri
fərman, diplom və döş nişanları ilə mükafatlandırılıb. “Əmək
fədakarlığına görə”
medalına layiq görülüb.
“Əmək veteranı”
fəxri adını daşıyır.
S.Həsənovanın pedaqoq kimi istər
sovet, istərsə də müstəqillik dövründə fəaliyyətini
xarakterizə etdikdə
onun əsl təhsil fədaisi olduğunu vurğulamaq yerinə düşər.
O, həmişə şagirdlərini
öz övladı bilib, onların nəinki biliklərə yiyələnməsinə, eləcə
də düzgün tərbiyə olunmasına
xüsusi diqqət yetirib. Bu gün
onu minnətdarlıq hissi ilə xatırlayan, adını uca tutan on
minlərlə keçmiş şagirdi var. Hansı ki, həmin məzunlar nəinki respublikamızda, habelə
dünyanın müxtəlif
ölkələrində yaşayırlar.
S.Həsənova cəsarətli, obyektiv və ədalətli pedaqoq kimi tanınıb.
Haqsızlığa məruz
qalanı müdafiə
etməkdən çəkinməyib.
Həmişə biliyə
qiymət verib, sadəliyi, təvazökarlığı,
qeyri-adi təmkini, qayğıkeşliyi ilə
seçilib. O, həmişə
şagirdlərinə kitab
alıb bağışlayırdı,
bizi çoxlu mütaliə etməyə
həvəsləndirirdi.
Solmaz xanımla
bağlı bir epizodu bu məqalədə
xüsusi olaraq qeyd etmək istəyirəm. Ötən
əsrin 80-ci illərinin
sonu respublikamızda ictimai-siyasi vəziyyət
gərgin idi. Dağlıq Qarabağda erməni separatçıları
baş qaldırmışdılar.
Paytaxtda və rayonlarda buna qarşı nümayişlər
olurdu. Məktəbdə
bu hadisələr barədə söhbət
düşəndə Solmaz
müəllimə açıq
şəkildə SSRİ rəhbərliyinin
ünvanına ittihamlar
səsləndirirdi. Beynəlmiləl,
sovet hərbçilərinin
övladlarının oxuduğu
məktəbdə belə
cəsarətli mövqe
bildirmək asan deyildi.
Bir dəfə
yaxınlıqdakı hərbi
qərargahdan bir qrup hərbçi yanlış məlumat əsasında məktəbimizə
daxil olaraq Azərbaycan sektorunun 10-cu sinfində oxuyan oğlan şagirdləri özləri ilə aparmaq istəyirdilər. Həmin anda bunun qarşısını
öz qətiyyəti
və tutarlı arqumentləri ilə alan S.Həsənova, habelə ona dəstək verən digər müəllimlərimizin
belə mövqeyi sovet hərbçilərinin
məktəbi tərk
etməsi ilə nəticələnmişdi.
Mən Qarabağ
müharibəsində olarkən
evimizdə telefon yox idi. Cəbhə
zonasında yerləşən
ayrı-ayrı rayon poçtlarından Solmaz müəllimənin evinə
zəng vururdum və ondan valideynlərimə
sağ-salamat olmağımı
çatdırmasını xahiş edirdim. O, mənim hər zəngimdən sonra bu xəbəri gəlib ailəmizə çatdırırdı. Onun
belə xeyirxah addımlarını sadalamaqla
bitməz.
S.Həsənovanın pedaqoq olaraq uğurlu fəaliyyətində
qeyri-adi hafizəsi, əməksevərliyi, öz
üzərində daim
çalışması kimi
fərdi keyfiyyətlərinin
də az rolu olmayıb. Pedaqoq olaraq, 67 yaşında Azərbaycan
Dillər Universitetində
müvafiq ixtisasdəyişmə
kursunu bitirərək
ingilis dili fənni üzrə də şagirdlərə
dərs keçib.
Solmaz müəllimənin pedaqoq kimi keçdiyi
şərəfli yol həyatını bu peşəyə bağlamaq
istəyənlər və
bu gün təhsil sahəsində çalışan kadrlar üçün qürur doğuracaq nümunədir.
78 yaşının tamam
olması münasibətilə
S.Həsənovanı ürəkdən
təbrik edir, ona uzun ömür,
möhkəm can sağlığı arzulayıram.
Yalçın QAYA
Bakı xəbər.- 2017.- 21-23 oktyabr.- S.14.