Xalqın yaddaşında yaşayacaq alim – Nisə xanım Mehdiyeva...

Allah Təala bu dünyaya heç gərəksiz insan gətirmədi. Amma kim niyə gəldiyini dərk edə bildisə, gedəcəyi yolu tapdı və Uca Allahın verdiyi bir ömürlük nemətləri hədərə xərcləmədi. Kim dərk etmədisə, itirdi. Öz ağlı, düşüncəsi ilə ona bəxş olunan ömür yolunu mənalara bələyən insanlar o ömrü qazandılar. Bu qazancın nə qədər böyük olduğunu anlamaq üçün məhz mənalı bir ömür yaşamaq gərəkdir.

Hər hansı bir sahədə böyük zəhmətlər bahasına uğurlar qazanan, insanların xeyrinə gecə-gündüz çalışanların əməyini qiymətləndirmək üçün onların ömür yolunu sadəcə uzaqdan seyr etmək yox, bu ömrün bizə bəxş etdiyi və gələcək nəsillər üçün qoyub getdiyi ərmağanları incələmək, dəyərləndirmək lazımdır.

Azərbaycanın bir çox sahələri kimi, elmi də həmişə uğurlarla zəngin olub. Elmin müxtəlif sahələrində qazanılan nailiyyətlər, heç şübhəsiz, xalqın mənəvi nailiyyətidir! Bu da bir həqiqətdir ki, professor Nisə xanım Mehdiyeva bütün həyatını insanların xeyrinə elmimizin inkişafı üçün yaşamağı özünə borc bilib. O, “Mikroblar bioloji müxtəlifliyin və ekologiyanın qorunmasında əsas amildir”– deyir və belə davam edirdi: “Bu gün bioloji müxtəlifliyin və ekologiyanın qorunması və ekoloji tarazlığın bərpa edilməsi dünyada ən aktual problemlər sırasındadır. Bu problemlər inkişaf edən və ya təbii sərvətlərlə zəngin olan ölkələrdə daha çox diqqət tələb edir. Azərbaycan torpaq və iqlim şəraiti baxımından başqa ölkələrdən xeyli fərqlidir. Məhz buna görə də burada bioloji müxtəliflik daha geniş vüsət tapmalıdır. Eyni zamanda respublikanın təbii sərvəti olan neft və təbiətin ən ali məxluqu olan insan ekoloji duruma mənfi təsir göstərərək bioloji müxtəlifliyi məhdudlaşdırmaqda və onun tarazlığının pozulmasında əsas amillərdir. Qeyd etmək yerinə düşər ki, insandan başqa bütün canlıların həyat fəaliyyəti təbiətdə mövcud olan tarazlığı qorumağa yönəlib. Buna bariz misal, hansı canlı aləmə mənsub olmasından asılı olmayaraq orqanizmlər arasında mövcud olan qarşılıqlı münasibət nəticəsində ekoloji tarazlığın saxlanılmasıdır. Ekoloji tarazlığın qorunmasında makroorqanizmlərlə müqayisədə mikroorqanizmlərin rolu daha böyükdür. Onlar təbiətdə olan müxtəlif mürəkkəb üzvi materialları başqa orqanizmlər tərəfindən qida mənbəyi kimi mənimsənilə biləcək sadə birləşmələrə çevirərək onların inkişafını zəruri məcrada saxlayırlar. Azərbaycan mikrobioloqlarının apardıqları tədqiqatlar nəticəsində respublikanın mövcud ekosistemində özünəməxsus mikroorqanizm növlərinin olması aşkar edilib.

Nəzəri və praktik baxımdan böyük əhəmiyyət kəsb edən göbələklər aləmi nisbətən yaxşı öyrənilib. Elə bu səbəbdən də Azərbaycanda göbələklərdən bəhs edən mikologiya keçmiş Sovetlər ölkəsində başqa respublikalardan geridə deyildi və müəyyən istiqamətlərdə birincilər sırasında gedərək öndər rolunu oynayırdı. Aparılan tədqiqatlar nəticəsində respublika ərazisində yeraltı və yerüstü ekosistemlərdə təxminən 4 minə qədər mikroorqanizm növü aşkar edilib ki, onların da təxminən 100-ü elmdə yeni hesab olunur.

Bizə məlum olan qaynaqlardan məlumdur ki, Azərbaycanda ilk dəfə kif göbələklərindən irinli yaraların müalicəsində XII əsrdə şair Xaqaninin əmisi tərəfindən istifadə ounub, XVII əsrdə ilk dəfə yeməli göbələyi Məhəmməd Mömin təsvir edib.

Ekoloji problemlərin geniş vüsət tapdığı və bioloji müxtəlifliyin öyrənilməsi və onun qorunması qlobal məsələ sayılan çağdaş dünyamızda mikroorqanizmlərin növ müxtəlifliyinin öyrənilməsi və heç olmazsa ekoloji və praktik cəhətlərdən önəmlilərinin canlı kultura kolleksiyası şəklində saxlanması vacib məsələlər sırasında olmalıdır...”

Professor Nisə xanım Mehdiyeva respublikada mikrobiologiya problemləri üzrə Elmi Şüranın, Mikrobioloqlar Cəmiyyətinin yaranmasında böyük rol oynayıb və onun təşəbbüsü ilə yaradılan bu qurumlara rəhbərlik edib. SSRİ Elmlər Akademiyasında bir sıra tədqiqat işlərinə rəhbərlik edən alim o dövrdə ən güclü tədqiqatçı kimi tanınıb. Beynəlxalq Eko Energetika Akademiyasının akademiki seçilən Nisə xanım Mehdiyevanın respublikada və xarici ölkələrdə nəşr edilən jurnallarda onlarla məqalələri çap olunub. Dünya şöhrətli elm xadimi Nisə xanım, “Dəyərli və zülalla zəngin göbələk” başlıqlı məqaləsində belə yazıb: “Zülallar bütün orqanizmlərin həyat fəaliyyətinin əsasını təşkil edən mürəkkəb üzvi birləşmələrdir. Müxtəlif yaş və peşədən asılı olaraq yetkin insanda fizioloji proseslərin normal fəaliyyəti üçün sutka ərzində təxminən 80-100 qram zülal tələb olunur. Bu ehtiyac əsas etibarilə bitki və heyvani zülalla ödənilir. Zülalın dəyəri onun tərkibində olan amin turşularının miqdarından və çeşidindən asılıdır. Tərkibində 8 əvəzedilməz amin turşuları: triptofan, lizin, metionin, valin, leysin, izoleysin, fenilalanin, trionin olan heyvani zülal tam dəyərli zülaldır.

Hələ 1980-ci ildə FAO (Birləşmiş Millətlər Təşkilatının ərzaq və kənd təsərrüfatı federasiyası) məlumatına görə dünya əhalisinin üçdə ikisinin qidasında zülal çatışmazlığı var idi. Əgər inkişaf etmiş ölkələrdə hər adam başına 50 qram heyvani zülal düşürdüsə, iqtisadi cəhətdən geridə qalan ölkələrdə onun miqdarı 9-10 qrama bərabər idi. Bu isə insan orqanizminin fizioloji tələbatından 5-7 dəfə azdır.

Zülallı qida maddələrinə ehtiyac ildən-ilə artır. Odur ki, dünya əhalisini zülalla təmin etmək üçün qidaya yararlı yeni zülal mənbələrinin aşkar edilməsi daima günün zəruri məsələlərindən biri olaraq qalır.

Təbiətdə başqa zülali nemətlərlə yanaşı, heyvani zülalla zəngin olan göbələk növləri mövcuddur. Bu göbələyin biokimyəvi tədqiqi onun zülalda bütün əvəzedilməz amin turşularının varlığı, vitaminlərdən askorbin turşusu, biotin, riboflavin, nikotin turşusu, müxtəlif lipidlər və mineral duzlardan azot, fosfor, kalium, natrium, maqnezium, kalsium, kükürd, dəmir, manqan, mis, sink və s. elementlərin mövcudluğunu göstərmişdir.”

Görkəmli elm xadimi professor Nisa xanım “Dadlı və müalicəvi göbələk kvası” mövzusunda belə yazıb: “Canlılar aləminin həyat tərzi, ölçüsü, quruluşu və formasına görə çox müxtəlif sakinləri vardır. Onlar şərti olaraq iki aləmə bölünürlər: makroaləm – gözəgörünənlər və mikroaləm – gözəgörünməyənlər. Makroaləmə kiçik həşəratdan tutmuş ta insana qədər bütün canlılar daxildir. Bəs mikroaləmin “sakinləri” kimlərdir? Bu aləmin sakinləri mikroblardır. Mikroblar çox kiçik, mikronlarla ölçülən orqanizmlərdir. Onlar çox müxtəlif ekoloji şəraitdə yaşaya bilirlər. Buna səbəb onların çox kiçik olmalarına baxmayaraq, mürəkkəb biokimyəvi proseslərin gedişində iştirak etmək qabiliyyəti və ya proseslərin yeganə amili olmalarıdır. Onlara biz nəhəng laboratoriyalar deyə bilərik.

Bu kiçik orqanizmlərin qidalanması da çox mürəkkəbdir. Təbiətdə elə bir çətin birləşmə yoxdur ki, onlar mikrobların təsirinə məruz qalmasınlar.

Hazırda mikrobların köməyi ilə sənaye miqyasında çox qiymətli məhsullar – vitaminlər, antibiotiklər, fermentlər, amin turşuları, boy maddələri, üzvi turşular, boyalar, canlı gübrələr, müxtəlif mənşəli siloslar hasil edilir. Mikroblara bakteriyalar, şüalı göbələklər, əsl göbələklər, yosunlar, bəsit heyvanlar və s. daxildir.

Azərbaycanda nisbətən yaxşı öyrənilən göbələklər təbiətdəki ekosistemlərdə geniş yayılan, bitkilərlə heyvanlar arasında keçid təşkil edən və sayı 150 minə yaxın olan müxtəlif orqanizmlərdir. Çay göbələyi asanlıqla becərilir və inkişaf edərək olduğu mühitdə spirt, karbon qazı, müxtəlif üzvi turşular, aromatik maddələr, fermentlər və “B” qrupundan olan vitaminlər əmələ gətirir. Göbələyin inkişaf etdiyi məhlul antibiotik və ağrıkəsici xassəyə malikdir. O, qanda xolestrinin miqdarını və qan təzyiqini azaldır, mədə-bağırsaq sisteminin fəaliyyətini tənzimləyir, bakterial ishal, qastrogen enterit, yaşlılarda spastik və dizenteriya təbiətli kolitlərdə yaxşı nəticə verir. Məhluldan ateroskleroz, hipertoniya, revmakardit, poliartrit, angina və s. xəstəliklərə qarşı istifadə etmək məsləhətdir...”

Beləcə, mikologiya predmetindən, onun canlılar aləmindəki yerindən və göbələklərin özünəməxsus xüsusiyyətlərindən bəhs edən Nisə xanım Azərbaycan dilində mikologiyaya aid olan ilk kitabın müəllifidir. Bununla yanaşı görkəmli elm xadimi, indiki dəyişən dünyamızda ingilis dilinin geniş yayıldığını və bu dildə zəngin elmi və tədris qaynaqlarının olduğunu nəzərə alaraq, rusdilli və türkdilli oxucuların ingilis dilində dərc olunan mikrobioloji qaynaqlardan istifadə etməsini asanlaşdırmaq məqsədilə ilk ingiliscə-rusca-azərbaycanca lüğətini ərsəyə gətirib, insanların xeyrinə, elmimizin inkişafına xidmət edib. Onun gördüyü işlər illər keçdikcə daha da aktuallaşacaq, gərəkli olacaqdır.      

“Mikologiya müasir elmi baxışda mikrobiologiyanın digər tərkib hissələrindən fərqli olaraq çox əhatəli, rəngarəng və bugünə qədər də ziddiyyətli məsələlərə malik elmi sahədir. Mikologiya təbiətdə mövcud olan mikroorqanizmlərdən bəhs edən elmdir. Mikronlarla (1/1000 mm) ölçülən bu gözəgörünməzlər müxtəlif ekoloji şəraitdə yaşayır, öz həyat tərzləri sayəsində ən mürəkkəb biokimyəvi proseslər aparır və həm üzvi, həm də qeyri-üzvi birləşmələrin çevrilməsində müstəsna rol oynayaraq təbiətdə maddələr dövriyyəsini təmin edir. Bu elm bakteriyaları, şüalı göbələkləri, mikroskopik əsl göbələkləri, yosunları, heyvanları və s. əhatə edir”– deyirdi dünya şöhrəti qazanan, biologiya elmləri doktoru, professor Nisə xanım Mehdiyeva.

Azərbaycan Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitutunun təşkilatçısı Nisə xanım Mehdiyeva doğma dilimizdə yazılan ilk mikologiya kitabının və 130-dan artıq elmi əsərin müəllifi idi... Bu, çox-çox geniş yazıların mövzusudur!.. Ürəyimdə Beynəlxalq Eko Energetika Akademiyasının akademiki Nisə xanım Mehdiyevanın ünvanına söylənəcək bir kitablıq söz var. Böyük ləyaqət sahibi, nur daşıyıcısı idi görkəmli elm xadimi Nisə xanım. Qəlbi, əməli və insaniyyətliyi bir xəzinə olan insanların həyatından örnək götürmək gənclərə vacibdir. Yaxşılardan götürülən həyat dərsi hər kəsə bir örnək yolu olmalıdır.

Nisə xanım ləyaqətli, humanist, mehriban bir insan idi. O elə bir insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdi. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı.

Professor Nisə xanımın sözün əsl mənasında bir alim kimi qazandığı böyük uğurlar Azərbaycan elminin tarixində ayrıca bir mərhələ təşkil edir. İnsan Uca Yaradan tərəfindən maddi və mənəvi sınaqlara məruz qalır. Hansı insan bu sınaqlardan şərəflə çıxarsa, əsl insan da odur. Tarixi şəxsiyyət Nisə xanım da həyatın bütün sınaqlarında şərəflə çıxmış bir insan idi.

Mən professor Nisə xanım Mehdiyevanın elmi fəaliyyəti haqqında yazılanlardan fərqli olaraq öz müşahidələrimi qələmə aldım. O, bir elm fədaisi kimi həmişə ucalardan uca olub. Zəhməti sevmək, insanları, Vətəni sevmək onun böyük istedadıdır. Bu da bir həqiqətdir ki, Vətəni sevənlər əbədi yaşayanlardır!

Nisə xanım Mehdiyeva unudulmaz, nümunəvi bir şəxsiyyət ömrü yaşadı. Yaşadı və bundan sonra da yaşayacaq. Hər bir millət özünün görkəmli, istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları ilə qürur duyur, onların xatirəsini daim əziz saxlayır. Bu baxımdan, Azəri türkü xoşbəxt sayıla bilər, çünki ölkəmiz bir çox sahələrdə istedadlı şəxsiyyətlər yetirib. Belə şəxsiyyətlərdən biri olan Nisə xanım Mehdiyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya nümunədir. 

Mənəvi dəyərləri parlaq şəxsiyyətində cəmləyən insan zamanın fövqünə qalxmağı bacarır, şərəfli yolda öz həyat idealını tapır. Məhz belə nəcib insan olan Nisə xanım Mehdiyeva milyonların qəlbində dərin ehtiramla, rəğbətlə xatırlanacaq. Ləyaqətli alim Nisə xanım oktyabr ayının 18-də bu işıqlı dünyaya gözünü yumdu, əbədiyyətə qovuşdu…

Allah rəhmət eləsin...

Fazil QARAOĞLU

Bakı xəbər.- 2017.-S.15.