Filarmoniyada müasir Azərbaycan aşıq sənətinin patriarxlarından biri aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi qeyd edildi .

Əbülfəs Qarayev: “Sizə dövlət tərəfindən həm fəxri ad verilib, həm də Prezident təqaüdü alırsınız”

Məhərrəm Qasımlı: “O, bu 80 ilin düz 60 ilini fədakarlıqla, şərəflə Azərbaycan aşıq sənətinə qulluq edib”

 

Aşıq İsfəndiyar Rüstəmov 60 il Azərbaycan aşıq sənətinə zəhmətlə, hünərlə xidmət edən ustad sənətkardır. Gədəbəy aşıq mühitinin çox görkəmli təmsilçilərindən olan aşıq İsfəndiyar Rüstəmov müasir aşıq sənətinin canlı klassiklərindən biridir. Bu gün ustad sənətkarın varlığı, nəfəsi aşıq sənətinin üzərində varsa, bu böyük bir şərəfdir. Biz böyük bir aşığın müasirləri olduğumuz üçün sözsüz ki, özümüzü xoşbəxt saymalıyıq. Tarixən aşığın cəmiyyətdə oynadığı rolu nəzərə alsaq, deyə bilərik ki, bu sənətin daşıyıcıları bu gün də cəmiyyətimiz, dövlətimiz, mədəniyyətimiz üçün böyük əhəmiyyətə malikdirlər.

Aşıq İsfəndiyar Rüstəmov aşıq sənətinin sütunlarından biri olmaqla yanaşı, həm də dövlətçiliyə, milli maraqlarımıza xidmət edən sənətkar kimi seçilir. 80 yaşı olmasına baxmayaraq, ustad aşıq yenə də öz sazı və sözü ilə dövlətçiliyə xidmət mövqeyini qoruyub saxlayır.

Oktyabrın 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli Azərbaycan aşığı, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident təqüdçüsü, “Gədəbəy aşıqları” xalq aşıqlar ansamblının rəhbəri aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyinə həsr olunmuş gecə keçirildi. Ustad aşığın 80 illik yubiley gecəsini mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq ustad sənətkarın Azərbaycan mədəniyyətinə, ulu ozan sənətinə verdiyi böyük töhfələrdən danışdı. “Bu gün böyük bir gün yaşayırıq. Ustad aşığımız İsfəndiyar Rüstəmovun yubiley gecəsinə toplaşmışıq. Düşünürəm ki, bu axşam bizim hər birimizin uzun müddət yaddaşında yaşayacaq. Bu gün aşıq sənəti Azərbaycan xalqı tərəfindən sevilən, istənilən bir incəsənət növüdür. Qədim dövrdən indiyə qədər yaşamış xalq yaradıcılığının bu növü artıq yüksək sənət zirvəsinə gəlib çatıb. Bu sənət təkcə bizim tərəfimizdən yox, dünya miqyasında bəşəriyyətin incilərindən biri kimi qəbul olunur. Bilirsiniz ki, cənab Prezidentin, Mehriban Əliyevanın səyləri nəticəsində UNESCO səviyyəsində Azərbaycan aşıq sənəti bəşəriyyətin inciləri sırasında yer alıb və çox sevindirici haldır ki, Azərbaycan mədəniyyəti ilə bağlı tədbirlər harada keçirilirsə, orada mütləq saz sənəti də nümayiş olunur” - deyə bildirən nazir vurğuladı ki, aşıq sənəti yüksək səviyyədə inkişaf edir.

Aşıq İsfəndiyar Rüstəmovun yaradıcılığından, Azərbaycan mədəniyyətinə və aşıq sənətinə göstərdiyi xidmətlərdən danışan Ə.Qarayev bildirdi ki, keçən əsrin 60-cı illərində ustad aşığın yaratdığı “Gədəbəy aşıqları” ansamblı keçmiş SSRİ çərçivəsində keçirilən festivallarda, mədəni tədbirlərdə Azərbaycan mədəniyyətini uğurla tərənnüm edib: “Elə bir festival, elə bir müsabiqə, elə bir təqdimat olmurdu ki, orada aşıqlar öz istedadını nümayiş etdirməsin. Çox gözəldir ki, Siz yenə də o aşıqların sırasındasınız. Sizin davamçılarınız, yaratdığınız məktəb çox dəyərlidir. Cənab Prezidentin şəxsi dəstəyi ilə Gədəbəydə açılan aşıq musiqi məktəbi yeni nəsillərə qalacaq. Siz dövlət tərəfindən həm fəxri adla təltif olunmusunuz, həm də Prezident təqaüdü alırsınız. Siz xalq tərəfindən sevilirsiniz və bu gün aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri olan ustad sənətkarsınız. Fəxr edirəm ki, bu illər boyu aşıq sənətinin inkişafı naminə bizim sizinlə çox yaxın əməkdaşlığımız olub”.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı da aşıq İsfəndiyar sənəti haqqında danışdı: “Azərbaycan aşıq sənətinin XX yüzillikdəki canlı klassiklərindən, patriarxlarından biri olan aşıq İsfəndiyar Rüstəmovun 80 yaşı tamam olur. O, bu 80 ilin düz 60 ilini fədakarlıqla, şərəflə Azərbaycan aşıq sənətinə qulluq edib. Onun səsi həmişə Koroğlu səsi olub. O, xalqa aşıq sənətinin çatdırılmasında misilsiz rol oynayıb. El arasında dastan aşığı, Koroğlu aşığı kimi böyük məhəbbət qazanıb. Bu gün də elədir. Aşıq İsfəndiyar bir aşıqlıq məktəbidir və hazırda Azərbaycan aşıq sənətinin daşıyıcılarının əsas hissəsi Gədəbəy bölgəsinə məxsusdur. O bölgədə aşıq sənətinin o cür inkişaf etməsində bu böyük ustadın, canlı klassikin çox böyük xidmətləri var. Bayaq cənab nazirin dediyi kimi, aşıq İsfəndiyarın keçən əsrin 60-cı illərində yaratdığı kollektiv və o kollektivdən çıxan onlarla böyük istedadlı aşıqlar məhz ustadın zəhməti sayəsində ərsəyə gəlib. Aşıq İsfəndiyar Azərbaycan Aşıqlar Birliyinin idarə heyətinin üzvüdür. Birliyin elə bir tədbiri olmur ki, orada ustadın xeyir-duası olmasın. Bu il biz “Günümüzün ustad aşıqları” seriyasından 9 aşığın kitabını nəşr etdik. Seriyamızın ilk nəşri İsfəndiyar Rüstəmova həsr edilib. Onun bioqrafiyası o qədər zəngindir ki, kitabda, sözün əsl mənasında, bir ömür, sənət dastanı özünün ifadəsini tapmış olur. Düşünürəm ki, gələcəkdə aşıqşünaslıq, musiqi folkloru sahəsindəki tədqiqatlarda aşıq İsfəndiyar böyük bir sənət portreti olaraq canlanacaq və öz dəyərini alacaq. Bu gün də özü qiymətini alıb. Sizin buraya gəlişiniz, sizin alqışlarınız ustadın ömrünü inşallah ki,aparıb yüz yaşa çatdıracaq. Ustad, 100-də görüşmək arzusu ilə Sizi ürəkdən təbrik edirik”.

Ustad aşıq İsfəndiyar çıxış edərək qonaqları salamladı və 80 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyi üçün razılığını bildirdi.

Qeyd edək ki, İsfəndiyar Ədil oğlu Rüstəmov 1 iyul 1937-ci ildə Gədəbəy rayonunda doğulub. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra aşıq sənəti ilə məşğul olmağa başlayıb. Lap erkən yaşlarından aşıq sənəti ilə məşğul olan İsfəndiyarın da ilk ustadı atası Ədil kişi olub. O, atasının yanında 5 il sənət öyrəndikdən sonra müstəqil sənətkar kimi fəaliyyətə başlayır. 1958-ci ildə SSRİ-nin 50 illik yubileyi münasibətilə keçirilmiş festivalda birinci dərəcəli diplom və döş nişanına layiq görülüb. 1964-cü ildə 9 nəfər gənc aşığı ətrafına toplayaraq ansambl yaradıb, bu ansambl tezliklə Azərbaycanda məşhurlaşmağa başlayıb.

1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi münasibətilə keçirilən tədbirdə Azərbaycandan olan nümayəndə heyətinə aşıq İsfəndiyarın rəhbərlik etdiyi ansambl da daxil idi. Ansambl orada uğurla çıxış edərək Aşıq Ələsgərin yubiley medalına layiq görülüb.

1975-1977-ci illərdə keçirilən Ümumittifaq Festivalında da bu ansambl məharətlə çıxış edib, 9 nəfər aşığın hər biri “Qızıl medal”a layiq görülüb. Aşıq İsfəndiyar isə ansamblı yüksək səviyyədə təşkil etdiyinə görə “Qızıl medal”la yanaşı, birinci dərəcəli diplom və Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib.

Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyev aşıq sənətini istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində həmişə diqqət mərkəzində saxlayıb. Təsadüfi deyil ki, hələ 1981-ci ildə, bir çox sənət adamları kimi, aşıq İsfəndiyar da ulu öndərin qayğısını görüb, onun təşəbbüsü ilə Azərbaycan Kommunist Partiyasının 30-cu qurultayında yaxşı iştirakına görə aşığın rəhbərlik etdiyi ansambl “Xalq aşığı ansamblı” adlanmağa başlayıb.

Aşıq İsfəndiyar bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub və keçirilən yüksək səviyyəli tədbirlərdə iştirak edərək mükafatlarla doğma vətəninə qayıdıb. Aşığın həyat və yaradıcılığı 2007-ci ildə dərc edilmiş “Baş sarıtel” kitabında öz əksini tapıb.

Aşıq İsfəndiyar bu gün də respublikada saz sənəti ilə bağlı bütün tədbirlərdə fəal iştirak edir. 25 yanvar 1991-ci ildə aşıq musiqi-ifaçılıq sənətinin təbliğində xidmətlərinə görə ona “Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib. 10 may 2007-ci ildə Prezident təqaüdünə layiq görülüb. 2007-ci ildə Aşıq İsfəndiyar haqqında “Ustad nəfəsi” sənədli filmi çəkilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən gənc aşıqların müsabiqəsində dəfələrlə münsiflər heyətinin sədri olub. 2010-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif olunub.

Aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyinə həsr edilən sazlı-sözlü gecəni aşıqların maraqlı, yaddaqalan ifası daha da rövnəqləndirdi.

Yubiley gecəsində Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” qrupu gözəl ifa təqdim etdi. Aşıq İsfəndiyarın sənət dostu, Prezident təqaüdçüsü, ustad aşıq Mahmud Məmmədov səhnəyə gələrək yubilyarı təbrik etdi. Gecədə ustadlarını Gədəbəy aşıqlarından Əməkdar mədəniyyət işçisi Sərdar Məmmədli, Təbriz Vəliyev, Vəli Şınıxlı, Kərəm Vəliyev və Toğrul İbrahimov “İsfəndiyar gözəlləməsi” havası üstündə öz ifaları ilə təbrik etdilər. Onları balabanda Əziz Göyçəli müşayiət edirdi. Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlu “Şəşəngi” havasını ifa etdilər. Onların ardınca yubilyarı təbrik üçün səhnəyə Gədəbəy aşıqları Altay Məmmədli, Nabi Nağıyev, Nazim Quliyev və Azər Fərmayıloğlu gəldilər, onlar “Cəngi Koroğlu” havasını təqdim etdilər. “Kərəm gözəlləməsi” havasını ifa edən Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva, Şaiq İncəli və Avdı Musayev ustadı təbrik etdilər. Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı, Şəhriyar Laçın, Roman Azaflı “Ruhani” havasını təqdim etdilər. Gözəl Kəlbəcərli və Əli Pənahoğlu isə ustadın yubileyinə “Aran gözəlləməsi” havasını hədiyyə etdilər. Əməkdar mədəniyyət işçiləri Əhliman Şirvanlı,Ağamurad Şirvanlı və Vüqar Mahmudoğlu “Gözəlləmə” havasını təqdim etdilər. Cahangir Quliyev, Əşrəf Təmirov və Ramin Qarayev “Hüseyni” havası ilə ustada təbriklərini çatdırdılar. Bəhmən Göyçəli və Kəmalə Qubadlı “Şəqayi gəraylı” havasını təqdim etdilər.

Ustad aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyinə həsr edilən sazlı-sözlü gecə Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” qrupunun ifası ilə başa çatdı.

İradə SARIYEVA

Bakı xəbər.- 2017.- 27 oktyabr.- S.15.