Tarixdə iz buraxanlar: Pənahəli
xan
Qarabağ xanlığının
yaradıcısı Pənahəli xan 1693-cü ildə
Qarabağda, Alaqarğu kəndində anadan olub. Atası
İbrahimxəlil ağa, anası Qızdarbəyim
xanımdır.
Pənahəli xan gənc yaşlarında Nadir
şah Əfşarın yanında xidmət edib. Nadir şah
öz müasirləri arasında parlaq hərbi istedadı ilə
seçilirdi və gənc Pənahəli onun yanında
yaxşı dərs alaraq, döyüş taktika və
strategiyasını mənimsəyib. O, dövlət idarəçiliyini
də Nadir şahın xidmətində olarkən öyrənib.
Əfşar dövlətinin süqutundan sonra
Qarabağ xanlığının əsasını Azərbaycanın
görkəmli dövlət xadimi Pənahəli xan qoyub.
Qarabağ xanlığının yaranmasının çox
maraqlı tarixi var. Qarabağ xanlığının vəziri
olmuş tarixçi-salnaməçi Mirzə Camal yazır: “Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və
Şirvan vilayətlərini aldıqdan sonra ellər
arasında görüb inandığı hər bir
şücaətli və işguzar adamı yanına
çağırıb öz yaxın qulluqçuları
arasına alar və onu məvacib, ehtiram və mənsəb
sahibi edərdi. O cümlədən el arasında Pənahəli
bəy Sarıcalı Cavanşir adı ilə şöhrət
qazanmış, hər işdə fərqlənib ad
çıxarmış, müharibə və davada
tay-tuşuna üstün gəlmişdir”.
Nadir şah Muğan qurultayından sonra hakimiyyətinə
qarşı çıxan Qarabağ tayfalarını cəzalandırır.
Onları Xorasan vilayətinə və Əfqanıstana
sürgün edir. Bu tədbirə etiraz etdiyinə görə
Pənahəli bəyin qardaşı Fəzləli bəy edam
olunur. Bunu görən Pənahəli bəy Nadir şah
Xorasanda olduğu zaman fürsət taparaq bir neçə
qohumu və yaxın adamı ilə 1738-ci ildə Qarabağa
qaçır. Mirzə Camal yazır: “Şah Pənah bəyin
qaçmasından xəbər tutan kimi onu yolda ələ
keçirmək üçün ardınca çapar göndərir.
Fəqət onu tutmaq mümkün olmur. Nadir şah Azərbaycan
sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə
qəti fərmanlar göndərir ki, Pənah bəyi harada
tapsalar tutub şahın hüzuruna gətirsinlər”.
Beləliklə, hələ Nadir şahın
sağlığında Pənahəli bəy ona tabe olmaqdan
boyun qaçırıb, vətəni olan Qarabağı
müstəqil surətdə idarə etməyə cəhd
edib. Nəticədə, Nadir şahın vəfatından sonra
Qarabağ torpaqlarında Qarabağ xanlığı
yaranıb.
Şəki, Gəncə, İrəvan,
Naxçıvan, Qarabağ, Cavad və Şamaxı
xanlıqları ilə həmsərhəd olan Qarabağ
xanlığı Araz çayı ilə Kür çayı
arasında yerləşirdi. Qarabağ xanlığı elan
edildikdən sonra onun möhkəmləndirilməsinə nail
olmaq başlıca vəzifəyə çevrilir. Pənahəli
xanın bu sahədə ilk tədbirlərindən biri
Qarabağın Nadir şah tərəfindən sürgün
olunmuş türk-müsəlman əhalisini doğma
torpağa qaytarmaq olur. Bu tədbir Qarabağ
xanlığını gücləndirir. Sürgündən
qayıdanların arasında Qarabağın gələcək
xanı, 15 yaşlı İbrahimxəlil də olub.
Qarabağ xanlığı yarananda onun ərazisində
Gəncə, Təbriz, Bakı, Dərbənd kimi böyük
şəhərlər olmayıb. Halbuki, belə siyasi və
iqtisadi mərkəzlərin olması xanlığın gələcək
inkişafı üçün çox mühüm idi. Ona
görə də yeni müdafiə qurğuları və
şəhərlərin salınması Pənahəli
xanın, hərbi-siyasi işlərlə yanaşı, dəyərli
quruculuq uğuru sayılmalıdır. Bu şəhərdə
ilk addımlardan biri Azərbaycan türk tayfası olan
bayatların adı ilə bağlı olan Bayat
qalasının inşası olur. Mirzə Camal yazır: “Xan bütün ailəsini, qohumlarını və
el böyüklərinin əhli-əyalını oraya
topladı. Ətrafda olan camaat, hətta Pənahəli
xanın tərəqqisi, onun rəftar və məhəbbətini
eşidən Təbriz və Ərdəbil vilayətlərinin
bir çox əhalisi və sənətkarları öz ailələri
ilə birlikdə gəlib Bayat qalasında yerləşdilər”.
Pənahəli xanın müstəqil dövlət
quruculuğu sahəsində fəaliyyəti onun rəsmən
tanınması ilə nəticələnir. Mirzə
Camal yazır: “1748-ci ildə Adil şahın Pənah xana “xan”
adının verilməsi və onun Qarabağ hakimi vəzifəsinə
təyin edilməsi haqqında imzaladığı fərman
qiymətli xələt, qızıl yəhərli at və
daş-qaşla bəzədilmiş qılıncla birlikdə
sərdar Əmiraslan xanın yaxın adamı vasitəsilə
o zaman yaşadıqları Bayat qalasına gəlib
çatdı”. Adil şahın fərmanı əslində
gecikmiş bir sənəd idi. Çünki həqiqi hakimlik
şah fərmanından əvvəl, ondan asılı olmayaraq
qazanılmışdı.
Pənahəli xanın Qarabağın hakimi
kimi tanınmasında Şəki xanı Hacı Cələbinin
Qarabağ üzərinə uğursuz yürüşü
mühüm rol oynayır. Tarixçi-salnaməçi
Mirzə Adıgözəl bəyin yazdığına görə,
Qarabağ məlikləri Hacı Çələbiyə məktub
yazaraq bildiriblər ki, “Pənahəli xan burada taxta
çıxmış, qala və səngər tikdirmişdir.
Əgər bir xəta edilərsə, sonra onun
qarşısında durmaq mümkün olmayacaq”. Nəticədə,
Hacı Çələbi Qarabağa hücum edir, Bayat
qalasını mühasirəyə alır, fəqət bir
aylıq mühasirə heç bir nəticə vermir.
Tarixçi-salnaməçi Əhməd bəy Cavanşir
yazır: “...Bu qalibiyyətdən sonra Pənahəli xanın
igidliyi haqqında dillərə düşən dastan o zaman
Qarabağda yaşayan bütün müsəlman
tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə
tabe etdirdi... Bayat savaşı eyni zamanda, bu qalanın gələcək
tarixi sınaqlara davam gətirə bilməyəcəyini də
üzə çıxarır. Buna görə də Pənahəli
xan 1751-ci ildə Şahbulağ adlanan yerdə yeni paytaxt-qala
saldırır. Daş və əhəngdən məscidlər,
evlər, bazar meydanı və hamamlar tikdirir. Pənahəli
xan oranı qurduğu dövlətə mərkəz edir”.
Ölkədə cərəyan edən mürəkkəb
hərbi-siyasi hadisələr gənc dövlətin təhlükəsizliyi
üçün yeni yerin seçilməsini zəruri edir.
Tarixçi-salnaməçi Əhməd bəy Cavanşirin
yazdığına görə, Pənahəli xan yeni paytaxt
yaratmaq fikrində olarkən Şahbulaqda geniş Məşvərət
Şurası çağırır. Şurada iştirak edənlərə
belə müraciət edir: “...Biz gərək dağların
içində, möhkəm və keçilməz yerdə elə
bir əbədi, sarsılmaz qala tikək ki, ən güclü
düşmən belə onu mühasirəyə ala bilməsin.
Qalanın bir tərəfi dağlarda olan ellərin
üzünə açıq olmalı və mahallarla əlaqəmiz
kəsilməməlidir.”
Qarabağ xanlığının yeni
paytaxtı Azərbaycanın qədim yaşayış məskənlərindən
olan, monqollar tərəfindən dağıdılan
Şuşa qalası olur. Qısa müddətdə burada bərpa
işləri aparılır. Buraya, qarabağlılardan əlavə,
qonşu xanlıqlardan da köçüb gələnlər
olur. Bunu Şuşa şəhərindəki bir çox
küçə və məhəllələrin adları – Təbrizli,
Aqulisli, Qazançılı, Köçərli, Culfalar da
sübut edir.
Şuşa məhəllələrinin
hər birində məscidlər, hamamlar, məhəllə
bulaqları tikilir. Şəhərdə qalıqları
dövrümüzə qədər gəlib
çatmış güclü kanalizasiya sistemi
yaradılır. Şəhərin cənub-qərbində təlim
keçmək üçün Cıdır düzü adlanan
geniş düzəngah yaradılır, şimal-şərq
hissəsindəki ərazi isə əhali, təsərrüfat,
qoşun və başqa məqsədlər üçün
ayrılır.
Pənahəli xanın dövlətçilik
siyasətində Qarabağ məliklərinin mərkəzi
hakimiyyətə tabe etdirilməsi və onların
separatçılıq əməllərinə son qoyulması
mühüm yer tuturdu. Bu iş həm hərbi,
həm də diplomatik bacarıq tələb edirdi.
Çünki onlar bir tərəfdən mərkəzləşdirmə
prosesinə mane olur, digər tərəfdən də xaricdən
Qarabağ xanlığına qarşı hücumların təşkilində
və həyata keçirilməsində iştirak edir, onun
müstəqilliyini sarsıtmağa
çalışırdılar. Ona görə də məlikləri
tabe etmək məsələsi mahiyyətcə
Qarabağın, bütövlükdə Azərbaycanın
istiqlaliyyəti uğrunda bir mübarizə idi.
Pənahəli xanın hakimiyyəti gücləndikcə
pərakəndəlik tərəfdarı olan feodalların
– məliklərin pozuculuq fəaliyyəti
də artıb. Bunun qarşısının alınması hərbi-siyasi
baxımdan zəruri bir məsələyə çevrilib.
Xanlığın ərazi-inzibati
bütövlüyünü itirmək təhlükəsini dəf
etmək üçün yeganə çıxış yolu
separatçılığa qarşı mübarizədən
keçirdi. Bu tarixi həqiqətləri ilk mənbələr
də təsdiq edir. Qarabağ salnaməçilərinin
yazdıqları kimi, Xəmzə məliklərindən
yalnız Xaçın əhalisi yerli idi. Digər məliklər
və onların mənsub olduqları nəsillər isə əslən
Qarabağdan deyildilər və bu diyara başqa yerlərdən
gəlmişdilər. Bu diyara gələn əhali
keçmiş alban nəsillərinə mənsub olub. Bu gəlmə
məliklər Qarabağda mahal
başçılığını ələ keçirdikdən
sonra, kiçik də olsa, heç bir dövlət birləşməsi
yarada bilməyiblər. Onlar bir-birindən təcrid olunan,
çox zaman da bir-birilə çəkişən mahal
başçıları səviyyəsindən yuxarı qalxa
bilməyiblər. Bu xüsusiyyətləri ilə məliklər
Qarabağda feodal dağınıqlığının
güclənməsini istəyən qüvvələri təmsil
edirdilər.
Pənahəli xanın hakimiyyətini ilk olaraq
Vərəndə məliyi Şahnəzər tanıyıb.
Bu tanıma həm də “nikah diplomatiyası” vasitəsilə
möhkəmləndirilib. Onun qızı Hürzətlə
İbrahimxəlil ağa nikahlanıb. Xaçın məliyi
Məlik Mirzənin tabe olmaqdan imtina etməsi Pənahəli
xanın onun üzərinə yürüş etməsinə
səbəb olub. O, Ballıqaya adlı yerdə baş verən
döyüşdə məğlub olduqdan sonra mərkəzi
hakimiyyəti tanımaq məcburiyyətində qalıb. Dizaq,
Çiləbörd, Gülüstan məliklərinin də
düşmənçilik siyasəti iflasa uğrayıb. Bir
müddət sonra onlar da xan hakimiyyətinə tabe olublar.
Bayat savaşından sonra Qarabağ
xanlığının ərazisi xeyli genişlənib.
Şamaxı, Şəki, İrəvan, Naxçıvan, Təbriz
və Qarabağ xanlıqları Pənahəli xanla
yaxınlaşmağa çalışıb. Pənahəli
xan isə öz növbəsində Gəncə, İrəvan,
Naxçıvan və Ərdəbili ələ keçirərək
onların idarəsini öz adamlarına tapşırıb.
Çiləbörd və Talış məliklərinin Pənahəli
xana qarşı yaratdıqları ittifaq da iflasa
uğrayıb.
Qarabağ xanlığı kimi bir dövlətin
yaranması ətrafdakı xanları və hakimləri ciddi
narahat edib. Onlardan biri də Astrabad hakimi Məhəmmədhəsən
Qacar olub. O, 1757-ci ildə güclü bir qoşunla Qarabağ
xanlığı üzərinə yürüşə
başlayıb. “Xatın arxı” deyilən yerdə baş verən
döyüş Qarabağ qüvvələrinin qələbəsi
ilə nəticələnib.
Xanlıq 1759-cu ildə Urmiyalı Fətəli
xanın hücumuna məruz qalıb. Urmiyalı Fətəli
xanın Qarabağ xanlığı üzərinə
yürüşünü Qarabağ salnaməçiləri ətraflı
şəkildə təsvir edir.
Əhməd bəy Cavanşir bu barədə
belə yazır: “...Urmiyalı Fətəli xan
adlı birisi 30 min nəfərlik qoşunla qəflətən
Şuşa yaxınlığında göründü. Fətəli
xan qalanı qəflətən tutmaq üçün öz
seçmə qoşunları ilə Qarqar çayı tərəfdən
hücuma keçib. Fəqət qala divarlarının
yaxınlığında mühasirəyə alınanlar gizləndikləri
yerlərdən çıxıb çağırılmayan
“qonaqların” üzərinə cumdular və onlarla əlbəyaxa
vuruşmağa başladılar...” Səkkiz aylıq
mühasirədən sonra Pənahəli xan Fətəli xandan
asılılığı qəbul etmək məcburiyyətində
qalıb. Tezliklə Kərim xanın Fətəli xan
Əfşar üzərinə hücumu və Pənahəli
xanı öz müttəfiqinə çevirməsi ilə bu
asılığığa son qoyulub. Urmiya xanlığı
tutulduqdan sonra Kərim xan burada dustaq olan İbrahimxəlil
ağanı buraxdırıb hakimiyyət fərmanı ilə
Qarabağa yola salıb. Pənahəli xan isə “Şiraz
qonaqlığı”na aparılıb. Beləliklə,
Qarabağ xanlığına ciddi zərbə vurulub.
Xanlığın banisi hakimiyyətdən
uzaqlaşdırılıb.
Mirzə Camal yazır: “Mərhum Pənahəli
xan az bir zaman Kərim xanın paytaxtı Şirazda
qaldıqdan sonra Uca Allahın rəhmətinə qovuşur.
Onun cənazəsini böyük hörmətlə Qarabağa
gətirib indi Ağdam adı ilə məşhur olan,
özünün satın aldığı halal mülkündə
dəfn ediblər.”
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU
Bakı
xəbər.- 2017.- 25 oktyabr.- S.15.