Azərbaycan xalçalarının dünya sərgilənmə
prosesi başlayıb…
Özbəkistanda “Odlar yurdunun naxışları” Azərbaycan
xalçaları sərgi
zalının açılışı
olub
Kübra Əliyeva:
“Hesab edirəm ki, bu, Azərbaycan
xalçasının təbliğ
edilməsi, tanıdılması
baxımından olduqca
əhəmiyyətli, gözəl
işdir”
Nuranə Mehdiyeva:
“Mümkün qədər
çox Azərbaycan xalçası evləri açılmalıdır ki,
bu sahə geniş miqyasda təbliğ olunsun”
Azərbaycan xalqının maddi-mədəni
sərvətlərindən biri olan milli
xalçalarımız dünyanın
hər yerində təbliğ olunmalıdır,
özü də Azərbaycan adı ilə. Azərbaycanda xalçaçılıq sənətinin
təbliği kifayət
qədər güclüdür
və bu ulu, ənənəvi dekorativ tətbiqi sənət növü inkişaf pillələrində
irəliləyir. Azərbaycan xalçasının
dünyaya çıxışı
bu gün ən çox müzakirə edilən, arzulanan bir haldır.
Əlbəttə, qədim
zamanlardan dünya xalça bazarında özünəməxsus yer
tutan, xalçaları
ilə böyük heyrət doğuran Azərbaycan müasir dövrdə də dünya bazarında əsas xalça ixracatçısı kimi
özünü təsdiqləməlidir.
Bu arzuediləndir. Buna mərhələ-mərhələ
nail olmaq olar.
Ancaq əsas
məsələlərdən biri odur ki,
dünyanın müxtəlif
ölkələrində Azərbaycan
xalçası evləri
yaradılmalı, daimi
xalça satış-sərgi
zalları açılmalıdır.
Bu ən vacib məsələlərdən
biri kimi diqqət mərkəzində
olmalıdır.
“Trend.az” xəbər verir ki, Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində
“Odlar yurdunun naxışları” Azərbaycan
xalçaları sərgi
zalının açılışı
olub. Bu olduqca əlamətdar hadisədir və Azərbaycan xalçasının
tanıdılması istiqamətində
atılan addımlardan
biridir.
Özbəkistandakı Heydər Əliyev
adına Azərbaycan Mədəniyyət Mərkəzinin
direktoru Samir Abbasov Azərbaycan xalçaları haqqında
çıxış edərək,
xalq sənətinin ən geniş yayılmış növü
olan xalça sənətinin Azərbaycan
xalqının bədii
təfəkkürünü, istedadını nümayiş etdirdiyini və qədim Azərbaycan xalçaları
barədə bir sıra mənbələrdə
antik yunan tarixçilərin yazdıqlarını
qeyd edib. O, Azərbaycan dövlətinin
milli mədəniyyətimizin
qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində
həyata keçirdiyi
işlər barədə
məlumat verib. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olunduğunu,
zəbt olunmuş ərazilərdə 762 mədəniyyət
abidəsi və 1431 mədəniyyət müəssisəsi
qaldığını, 22 muzeyin,
4 rəsm qalereyasının
tamamilə işğalçılar
tərəfindən məhv edildiyini bildirən diplomat, maddi-mədəni irsimizin,
islam irsinə aid abidələrin qarət edildiyini, Azərbaycanın qədim
xalça məmulatlarının
işğalçıların əlinə keçdiyini qeyd edib. Samir
Abbasov Heydər Əliyev Fondu tərəfindən həyata
keçirilən layihələr
və 2010-cu ildə Azərbaycanın ənənəvi
xalça sənətinin
UNESCO-nun Qeyri-maddi irs siyahısına daxil edildiyini vurğulayıb.
Özbəkistanda Azərbaycan xalçalarının
tanıdılması və
satışı ilə
məşğul olan mütəxəssis-sahibkar Şəmsəddin
Museyibzadə Azərbaycan
xalçalarının rəngarəngliyi,
özünəməxsusluğu, onları dünyaya sevdirən xüsusiyyələri
barədə məruzə
edib. O təmsil etdiyi təşkilat adından Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
yeni yaradılan “Azərbaycan xalçaları”
daimi sərgi zalına Qarabağ xalçasını hədiyyə
edib.
Məlumdur ki,
Azərbaycanda 7 xalçaçılıq
məktəbi var. Onlar Şirvan, Qarabağ, İrəvan, Dərbənd, Quba, Naxçıvan, Qazax-Borçalı,
Təbrizdir.
Qeyd edək
ki, Azərbaycan xalçası sərgi zalının Daşkənddə
açılmasının əhəmiyyətini
şərh edən mütəxəssislər bildirirlər
ki, bu olduqca
müsbət bir hadisədir. Ekspertlərin bildirdiyinə görə,
Azərbaycan xalçaçılıq
sənəti ənənələr
üzərində inkişaf
etdiyindən və qədim çeşnilər
əsasında toxunduğundan,
öz təbii halında təqdim edildiyindən, tamaşaçıların
daha çox xoşuna gəlir.
Ekspertlərin bildirdiyinə görə,
Azərbaycan xalçasının
təbliği istiqamətində
daha böyük işlərin görülməsinə
ehtiyac var. Onlar bildirirlər ki, Orta Asiyanın
digər şəhər
və respublikalarında
da Azərbaycan xalçası evləri, daimi sərgi zalları açmaq olar. Bu məsələdə
xaricdəki diaspor qurumları, səfirliklər
və iş adamları xüsusilə fəaliyyət göstərə
bilər.
Özbəkistanda “Odlar yurdunun naxışları” Azərbaycan
xalçaları sərgi
zalının açılışının
mahiyyətini şərh
edən görkəmli
xalçaşünas, professor
Kübra Əliyeva “Bakı-Xəbər”ə açıqlamasında
bunu olduqca yüksək qiymətləndirdiyini
bildirdi: “Hesab edirəm ki, bu, Azərbaycan xalçasının təbliğ
edilməsi, tanıdılması
baxımından olduqca
əhəmiyyətli, gözəl
işdir. Mən bu zalın açılmasını
yüksək dəyərləndirirəm.
Bu müsbət işin davamı olmalıdır. Bu gün dünyanın bir çox ölkələrində Azərbaycan
xalçasının təbliği,
tanıdılması məqsədilə
Azərbaycan xalçası
evləri, sərgi zalları açılmalıdır.
Bu iş Avropa ölkələrində,
Amerikada daha kütləvi şəkildə
həyata keçirilməlidir.
Sirr deyil ki, bu ölkələrdə
hələ də Azərbaycan xalçalarını
“Qafqaz xalçaları”
adı ilə təqdim edirlər. Halbuki, o xalçalar Azərbaycan xalçalarıdır
və azərbaycanlı
sənətkarlar tərəfindən
toxunulub. Yeni xalça evləri yaradılsın və burada qoyulan xalçaların aşağı
hissəsinə “Azərbaycan”
sözü yazılsın.
Buna ehtiyac var. Azərbaycan dövləti xalçaçılığı
çox yüksək
səviyyədə təbliğ
edir. Burada mən ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətini qeyd etməliyəm. O, bu sahədə çox böyük işlər görüb. Hansı ölkəyə gedirsə,
harada tədbir keçirirsə, mütləq
ora Azərbaycan xalçası sərgisi də aparır. Bu çox əlamətdar
bir işdir. Azərbaycan xalçası
beynəlxalq aləmdə
daha çox tanıdılmalıdır”.
Gənc xalçaçı-rəssam
Nuranə Mehdiyeva bizimlə söhbətində
xaricdə açılmaqda
olan xalça evlərinin və xalça sərgi zallarının daha çox olmasını arzu etdiyini dedi.
Onun sözlərinə
görə, qədim zamanlardan xalça Azərbaycan mədəniyyətinin
vacib elementi kimi diqqəti cəlb edib. O bildirdi ki, son
illər Azərbaycan xalçasının dünyaya
çıxışı baxımından
çoxlu işlər
görülür və
bu iş gənc xalçaçı
rəssamlara böyük
stimul verir. O qeyd etdi ki, xeyli müddət
əvvəl Belarusda “Azərbaycan Ticarət Evi” açılıb və burada bir sıra Azərbaycan
məhsulu təqdim edilir, onların arasında milli xalçalarımız da var. Özbəkistanda xalça sərgi zalının açılmasının
Azərbaycan xalçasının Orta Asiyada
tanıdılmasına şərait
yaratdığını deyən
ekspert bildirdi ki, xalçalarımız
Özbəkistana gələn
turistlərin də diqqətindən yayınmayacaq.
“Bu olduqca əlamətdar hadisədir.
Düşünürəm ki, Azərbaycan xalça evi Moskvada da, Sankt-Peterburqda
da, Parisdə də açılmalıdır. Çünki
düşmənlərimiz oralarda
daha geniş fəaliyyət göstərir.
Azərbaycan xalçasının
geniş səviyyədə
təbliği bizə
çox şey qazandırar. Mümkün
qədər çox Azərbaycan xalçası
evləri açılmalıdır
ki, bu sahə
geniş miqyasda təbliğ olunsun. Onsuz da xalça
sənəti Heydər
Əliyev Fondunun, Mədəniyyət və
Turizm Nazirliyinin xətti ilə təbliğ olunur. Amma müvəqqəti sərgi belədir ki, uzaqbaşı bir ay davam
edir və sonra bağlanır. Amma daimi sərgi
zallarının açılması
xalçalarımızın həmişə göz önündə olacağını
şərtləndirir. Bu
baxımdan, dünyanın
müxtəlif ölkələrində
Azərbaycan xalçası
evləri, daimi sərgi zalları fəaliyyətə başlamalıdır.
Bu məsələyə
xaricdəki iş adamları da qoşula bilər. Xaricdə Azərbaycan xalçasının satışı
da həyata keçirilə bilər. Bilirsiniz ki, ermənilər xalçalarımıza
qarşı da təcavüzkar mövqe tuturlar. Amma nə qədər çox təbliğ etsək, erməni təbliğatı alt-üst
olar” - deyə mütəxəssis bildirdi.
İradə SARIYEVA
Bakı
xəbər.- 2017.- 25 oktyabr.- S.14.