Vətən uğrunda fədakar
əsgər oldu...
Qədim zamanlardan
əcdadlarımız Vətən
müdafiəçilərinə müraciətlə “bu torpağın suyu və çörəyi sizə halal olsun” deyərək onları alqışlamışlar.
Tarix boyu Vətən təhlükədə
olanda xalqımızın
məhz qeyrətli oğulları sinəsini sipər edərək düşmən qarşısına
çıxıblar. Qarabağ
müharibəsində də
belə oğulların
varlığı xalqımıza
başucalığı gətirdi
və onlar düşmənə heç
vaxt yenilməyəcək
gücümüzü, döyüş
ruhumuzu göstərdilər.
Daxili Qoşunların
yüzlərlə cəsur
hərbi qulluqçusu
ön cəbhədə
respublikamızın ərazi
bütövlüyü uğrunda
döyüşlərdə şəhidlik zirvəsinə
ucalıb. Onlardan bir qismi ilə
birgə döyüş
yolu keçmişəm.
İllər ötür,
zaman bizi o qanlı-qadalı günlərdən
daha da uzaqlaşdırır.
Ancaq şəhidlərin
xatirəsi heç zaman unudulmur.
Bu yazını
şəhid hərbi qulluqçularımızdan biri
- əsgər Həsənov
Zöhrab Məmmədxan
oğlunun əziz xatirəsinə həsr edirəm. Odlu-alovlu səngərlərdə aramızda
döyüşçü qardaşlığı yaranmışdı.
Bütün müharibəni
üstümdə gəzdirdiyim
bloknotumda onun qeydləri və çəkdiyi şəkillər
yadigar qalıb. Məqaləni hazırlayarkən
o qeydləri bir daha oxudum, adi
qələmlə çəkilmiş
şəkillərə nəzər
saldım, çox təsirləndim.
Z.Həsənov 1974-cü il avqustun 20-də Masallı rayonunun Köhnə Alvadı kəndində dünyaya göz açıb. Köhnə Alvadı qədim tarixi köklərə malik kənddir və özünəməxsus adət-ənənələri
ilə fərqlənir.
İnsanın Vətənə
bağlılığı öz doğma el-obasından başlayır.
Zöhrab ailədə
aldığı tərbiyə
və böyüyüb
boya-başa çatdığı
kəndin müsbət
mənəvi mühiti
sayəsində vətənpərvər
gənc kimi yetişmişdi. O, kənd
orta məktəbində
10 il oxuyub. Ancaq sonra təhsilini
davam etdirməyib. Öz ədəb-ərkanına,
xeyirxahlığına, elin
xeyrində-şərində köməyini əsirgəmədiyinə,
həmişə böyüklərə
sayqı ilə yanaşdığına görə
kənd camaatının
hörmətini qazanıb.
Zöhrab 1992-ci ilin oktyabr ayında
həqiqi hərbi xidmətə çağırılıb.
Beləliklə, o, Daxili
Qoşunların Sumqayıtdakı
“N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlayıb. Hərbi andı da bu
hərbi hissədə
qəbul edib.
Həmin ilin
mart ayından başlayaraq Daxili Qoşunların hərbi hissələri Dağlıq
Qarabağ və ətraf rayonların ərazisində erməni işğalçılarına qarşı döyüşlərdə
iştirak edirdilər.
“N” saylı hərbi hissədən də ön cəbhəyə müntəzəm olaraq hərbi qulluqçular göndərilirdilər. Belə
ağır vəziyyətdə
arxa cəbhədə
yerləşən hərbi
hissələrin şəxsi
heyəti döyüşə
getməyə can atırdı. Müharibə
hərbi qulluqçularımızın
döyüş ruhunu
daha da artırmışdı.
1993-cü ilin mart ayının 14-dən
etibarən Zöhrab ön cəbhədə - Ağdamdakı “N” saylı
hərbi hissənin tərkibində hərbi xidmətini davam etdirib. Beləliklə, onun gərgin sınaqlarla dolu döyüş yolu başlayıb. İlk döyüş anlarının
sarsıntısı nə
qədər ağır
olsa da, iradəsini toparlamağı
bacarıb.
Ağır döyüşlər
isə səngimək
bilmirdi. Ağdərənin Canyataq və
Gülyataq kəndləri,
Ağdamın Papravənd,
Qalayçılar, Boyəhmədli,
Salahlı, İlxıçılar
kəndləri və ətraf yüksəkliklər,
Füzuli rayonunun Bala Bəhmənli, Böyük Bəhmənli
kəndləri və ətraf ərazilər uğrunda döyüşlərdə
iştirak edib. Zöhrab o ölümlü-itimli günlərdə
hərbi andına sadiq qalıb, komandirlərinə və döyüşçü yoldaşlarına
inamını itirməyib.
Qeyd etdiyim döyüş yolunun əvvəli və son məqamı
istisna olunmaqla, qalan aylarda döyüş
mövqelərində bir
yerdə olmuşuq. Ön cəbhədə üzləşdiyimiz bütün
çətinliklərə dözümlə yanaşırdı.
Mənən saflığı,
dürüst olması,
qayğıkeşliyi onu
fərqləndirən əsas
cəhətləri
idi. Hərdən özünə qapanırdı,
belə anlarda kimisə xatırladığını
düşünürdüm. Bir dəfə soruşdum ki, kimi tez-tez xatırlayırsan?
Yoxsa ailədən bir nigarançılığın
var? Bir xeyli susdu, ancaq
sonra anasını xatırladığını dedi.
Anası
o, əsgərliyə getməmişdən
bir neçə ay əvvəl vəfat etmişdi. Ümumiyyətlə, Zöhrab
söhbətlərimiz zamanı
uşaqlıq, yeniyetməlik
illərini həmişə
xatırlayırdı. Deyirdi
ki, kaş müharibə tez qurtarsın, hamımız
sağ-salamat evimizə
qayıdaq, doğma kəndi üçün çox darıxırdı.
1993-cü ilin
dekabr ayında düşmənin hərbi
hissəmizin yerləşdiyi
mövqelər istiqamətində
müdafiə xəttini
yarmaq cəhdlərinin
qarşısı alınmışdı.
Ermənilər Füzuli
rayonunun ərazisinin işğalını başa
çatdırmağa, Beyləqana
doğru irəliləməyə
can atırdılar.
Hamımız dərk
edirdik ki, son nəfəsimizədək
mövqelərimizi qorumalıyıq.
Qarşıdakı Horadiz
əməliyyatına da
az vaxt qalırdı.
1993-cü il dekabrın 12-də ermənilər
tərəfindən zirehli
texnika və artilleriya vasitələri ilə bizim postlar şiddətli atəşə tutulub. Həmin gün Böyük Bəhmənli
kəndi yaxınlığındakı
təpəlik ərazidə
Zöhrab minaatan mərmisinin partlayışı
nəticəsində ağır
yaralanıb. Minaatan mərmisinin qəlpəsi
onu başından yaralayıb. Zöhrabı
döyüş meydanından
çıxaran döyüşçü
yoldaşlarından biri
Natiq Mirzəyev olub. O, Zöhrabın həmkəndlisidir. Orta məktəbdə də birlikdə oxuyublar. Qismət belə gətirib ki, hərbi xidmətə və eləcə də ön cəbhəyə birgə
yola düşüblər.
Natiq Zöhrabın döyüş yolunun bütün məqamlarında
onun yanında olub. Onun özü
1993-cü il dekabrın
25-də elə həmin
ərazidə ağır
yaralanıb. Hazırda
müharibə əlilidir.
Z.Həsənov öncə Beyləqanın
Daşburun qəsəbəsindəki
hərbi qospitala yerləşdirilib, sonra isə Bakıdakı Neyrocərrahiyyə Xəstəxanasına
çatdırılıb. O, 1993-cü il dekabrın 26-dək koma vəziyyətində olub. Həmin gün isə həkimlərin bütün
səylərinə baxmayaraq,
Zöhrab dünyasını
dəyişib.
Şəhid doğma yurdunda - Köhnə Alvadı qəbiristanlığında dəfn
edilib. Həmçinin,
kənddə şəhidlər
abidəsinə onun şəkli də həkk olunub.
Zöhrabın atası Məmmədxan Həsənov kəndin hörmətli ağsaqqallarından
biridir, din xadimidir. Atası və ailənin digər üzvləri: qardaşlar Mustafa Həsənov, Ədalət
Həsənov, Vüsal
Həsənov, Mahir Həsənov, bacısı
Zəminə Həsənova
hər il onun xatirəsinə ehsan verirlər. Doğmaları üçün
Zöhrabın yoxluğu
nə qədər acılı olsa da, onun şəhidlik
zirvəsinə ucalmasından
qürur duyurlar.
Onu da qeyd edim ki,
şəhidin qardaşı
Ədalət Həsənov
da erməni işğalçılarına qarşı döyüşlərdə
iştirak edib. Digər qardaşı Vüsal Həsənov isə atəşkəs dövründə hərbi
xidmətdə olarkən
Ağdam rayonu ərazisində torpaqlarımızın
müdafiəsində dayanıb.
Mən şəhidin bəzi
ailə üzvləri,
habelə kənd ağsaqqalı, “Kəndimiz
və sakinləri” kitabının müəllifi
Əli Mahmudoğlu ilə telefonla danışdım, qardaşı
Mahirlə, döyüşçü
yoldaşı və həmkəndlisi Natiq Mirzəyevlə Bakıda görüşdüm, onlardan
Zöhrabın həyat
yolu barədə xeyli məlumat
əldə etdim. Şəhidin ailə üzvlərinə, Natiq Mirzəyevə məqalənin
hazırlanmasında göstərdikləri
köməkliyə görə
minnətdarlığımı bildirirəm.
Novruz Novruzovun
müəllifi olduğu
“Masallının şəhid
oğulları” kitabında
şəhidin döyüş
yolu barədə məlumatlarda qeyri-dəqiqliyə
yol verilib. Kitab 1994-cü ildə çap olunub. Müharibə mövzusunda
kitablarda bəzən belə xətalara rast gəlinir.
Zöhrabın döyüşərək canını qurban verdiyi torpaqlarımızın
bir qismi işğaldan azad olunub və bu gün orada
Azərbaycan bayrağı
dalğalanır. Şəhid
qanı axan torpağın öz sahibinə qovuşması,
yağı tapdağından
qurtulması böyük
səadətdir!
Allah rəhmət
eləsin!
Yalçın QAYA
Bakı xəbər.- 2017.- 25
oktyabr.- S.12.