Dünyada Azərbaycanı
tanıdan müasir rəssamlar...
Müasir dünyanı nə iləsə təəccübləndirmək
olduqca çətindir. Çünki artıq dünyanı
heyrətləndirəcək çox az şey var desək, yəqin
ki, yanılmarıq. Təsviri incəsənət, rəssamların
fırçasından çıxan əsərlər həqiqətən
də tamaşaçıların marağını cəlb
etməyə qadirdir. Azərbaycan təsviri incəsənət
ustalarının çəkdiyi əsərlərin çox
az hissəsi dünyada tanınıb, barmaqla sayılacaq qədər
rəssamımızı dünya tanıyır.
Sənətşünaslar qeyd edir ki, Azərbaycanda
tarixən ölkəmizi tanıtmağa qadir olan rəssamlar
olub, sadəcə, onların dünya sənət okeanına
çıxışları məhdud idi. Orta əsr Azərbaycan
rəssamlarının əsərlərinin dünya muzeylərində
və şəxsi kolleksiyalarda sənət inciləri kimi yer
tutması Azərbaycan təsviri incəsənətinin qələbəsi
deyilmi? Bununla belə, Azərbaycan rəssamları tam olaraq hələ
dünyaya inteqrasiya etməyiblər. Bu gün dünya Azərbaycan
rəssamları deyəndə daha çox Səttar Bəhlulzadənin
bənzərsiz əsərlərini xatırlayır. Sovet
dövrü Azərbaycan rəssamlarının əksəriyyətinin
o illərdə xarici ölkələrdə sərgiləri təşkil
edilirdi. Bu rəssamlar Azərbaycan
həyatını bu sərgilərdə ifadə edə
bilirdi.
Əməkdar incəsənət xadimi, sənətşünas
Ziyadxan Əliyev hesab edir ki, bu gün dünya Azərbaycanın
Sovet dövrü rəssamlarını tanıyır:
“Dünyada əsasən keçmiş rəssamlar
tanınır”.
Sənətşünas Səkinə Baharlı
bizimlə söhbətində bildirdi ki, Azərbaycan rəssamlarının
əsərlərinin dünyaya təqdim edilməsi incəsənət
tariximizdə yeni hadisə olardı:
“Orta əsrlər Azərbaycan rəssamlarının
çəkdiyi əsərlər, miniaütürlər bütün
dünyada məşhurdur. Dahi rəssamımız Soltan Məhəmmədin
“Bəhram Gurun şir ovu”, “Məhəmməd Peyğəmbərin
meracı”, “Xosrovun çimən Şirini görməsi”,
“İsgəndərin Çin xalqı ilə
görüşü” və s. əsərləri dünyada
çox məşhurdur. Ağa Mirəkin əsərləri də,
həmçinin, dünya muzeylərini bəzəyir. Onun “Məcnun
heyvanlar arasında”, “Xosrov və Şirinin xidmətçilərin
nağılını dinləməsi”, “Xosrovun taxta
çıxması”, “Şapurun Xosrovun yanına
qayıtması” unikal nümunələrdir. Seyid Əlinin “Bəhram
Gur və qoca çoban”, “Məcnun Leylinin çadırı
qarşısında”, “İbn Səlamın elçiliyi” və
s. əsərlərin adını çəkə bilərik.
Azərbaycan rəssamlarının əl işləri qədim
zamanlardan dünya səyyahlarını maraqlandırıb.
Onlar əsl sənət inciləridir. Sadəcə, təbliğatları
zamanında yüksək səviyyədə qurulmayıb”.
Azərbaycan rəssamlarının
üstün cəhətlərini vurğulayan S.Baharlı qeyd
etdi ki, bizim rəssamların təhsil səviyyəsi də
yüksək olub: “Azərbaycan rəssamları həm
çox savadlı, həm dünya tarixini yaxşı bilən,
həm də istedada malik olan sənətkarlardır. Bizdə
rəssamlıq məktəbi çox güclüdür. Biz
onların çox qüdrətli nümayəndələrini
tanıyırıq, amma çox təəssüf ki, o sənətkarları
dünyada lazımi səviyyədə tanıda bilməmişik.
Bunun da bir səbəbi uzun illər imperiya tərkibində
olmağımızdır. Sovet illərində bizim rəssamlar dünyaya sovet rəssamı
kimi təqdim edilirdi. Yəni onların azərbaycanlı
olduğunu dünyada çox az adam bilirdi. O rəssamlar Azərbaycan
adına tanınsaydılar, biz bu gün onun daha çox
faydasını görərdik. Halbuki, bizdə elə rəssamlar
olub ki, onları bütün dünya tanımalıdır.
Ancaq bununla belə, Azərbaycan rəssamlarının işi
dünyanın müxtəlif ölkələrində sərgilənirdi.
Sovet dövrü Azərbaycan rəssamlarının müraciət
etdiyi mövzular ancaq ölkə ilə məhdudlaşmırdı,
dünyanın əksər xalqları, onların məişəti,
həyat tərzi ilə bağlı dəyərli əsərlər
yaradırdılar. Bu əsərlərin beynəlmiləl
mahiyyəti də böyük idi. Bu gün dünya muzeylərində
Azərbaycanın Sovet dövrü rəssamlarının əsərləri
sərgilənir. Bu gün sevindirici haldır ki, dövlətin
bu sahəyə dəstəyi nəticəsində klassik Azərbaycan
rəssamlarının əsərlərindən ibarət sərgilər
açılır, onların kataloqları çap olunur.
Bundan başqa, müasir rəssamlar arasında da dünyaya
çıxmağa iddialı olanlar var. Hətta bəzi rəssamlarımız
dünyanın müəyyən yerlərində tanına da
bilirlər”.
Sənətşünasın sözlərinə
görə, bu gün Azərbaycan təsviri incəsənətini
dünyada tanıdan rəssamlar arasında Sakit Məmmədovun
nailiyyətlərini qeyd etmək lazımdır. Ekspert bildirdi
ki, S.Məmmədovun fırça nümunələri
dünyanın bir sıra ölkələrində sərgilənib.
Azərbaycanla yanaşı, Türkiyədə,
Rusiyada, Ukraynada, Belarusda, İsveçdə, Almaniyada,
İtaliyada, Belçikada, Fransada,
Avstriyada, Misirdə, Çində, Gürcüstanda,
Tatarıstanda, Sinqapurda, Portuqaliyada və digər ölkələrdə
fərdi sərgisi keçirilən Sakit Məmmədovun
uğurlarından danışan ekspert vurğuladı ki, Azərbaycan
rəssamlıq sənətinin görkəmli
nümayəndələrindən biri olan Sakit Məmmədovun
rəsmləri bu gün dünyanın məşhur muzeylərinin,
qalereyalarının, habelə hərraclarda kolleksionerlərin
məmnuniyyətlə əldə etmək istədikləri əsərlər
sırasındadır: “Xatirə şəkli”, “Oyun”, “Məşq”,
“Falabaxanlar”, “Ad günü”, “Leninqrad xatirələri”,
“Yaşasın İstanbul”, “Bayram”, “Toy”, “Metro”, “13 nömrəli
avtobus”, “Həvəska” və s. əsərləri S.Məmmədovun
maraqlı əsərlərindəndir. S.Məmmədovun
yaradıcılığına bələd olanlar bilirlər
ki, o çox zaman qəhrəmanların libaslarını da
öz fantaziyası ilə “geyindirir”. Bu rəsmdəki geyimlərdə
isə bizə tanış olan dəbi görürük. Qeyd
edək ki, rəssamın bəzi tematik rəsmlərini konkret
bir məkana, zamana aid etmək qeyri-mümkündür. Belə
əsərlərdə rəssam sanki öz
dünyasının zamanını göstərmək istəyir.
Görkəmli rus tənqidçisi Andrey Bajenov da rəssamın
yaratdıqlarından heyrətlənərək, “Sakit Məmmədovun
əli intibah rəssamının əlinə bənzəyir”-
deyib. Rəssamlıqda Opalizm akademik rəssam S.Məmmədov
tərəfindən özülü qoyulmuş bir məktəbdir,
üslubdur. Opalizm sözünün etimiologiyası opal
daşından götürülüb. Qədim
yunan dilində gözqamaşdıran, latın dilində
valehedici görünüş, sanskrit dilində qiymətli
daş kimi tərcümə edilən bu mineral daş
növü özündə birləşdirən rənglərlə
yalnız zərgərlik məmulatı kimi deyil, müalicəvi,
fövqəladə və ilhamlandırıcı xüsusiyyəti
ilə minillərdir insanların zövqünü
oxşamaqdadır.Opalda mövcud olan isti rəng çələngi
S.Məmmədovun hələ gənclik illərindən
böyük rəğbətini qazanıb. Təsadüfi deyil
ki, daşda olan rəng oyununa onun, demək olar, bütün
yaradıcılıq nümunələrində rast gəlinir.
Bununla sənətkar sübut eyməyə
çalışıb ki, heç bir rəssam Tanrının
təbiətə bəxş etdiyi rənglərdən
savayı yeni bir çalar icad etməyib. Rəssamın əsərlərində
opalın daha çox nəcib, alovlu, yaxud bolder, hidrofan
növündəki rəng çalarlarını görmək
mümkündür. Düzdür, opal rəssamın yumşaq
yaxma ilə yaratdığı əsərlərində
daş növü kimi deyil, əlbisələrdə, baş
geyimlərində, qadın zinət əşyalarında və
s. formalarda təzahür edir. Yəni opal rəssamın
yaratdığı tablolarda yeni forma ilə üzə
çıxır. Buna baxmayaraq, rəsmlərdə
daşın insanda yaratdığı xoş ovqatı və
müalicəvi xüsusiyyətini hiss etmək olar. Sevindirici haldır ki, S.Məmmədovun
yaratdığı Opalizm məktəbi yalnız özü
deyil, rəssamın tələbələri tərəfindən
də yüksək peşəkarlıqla təqdim olunur.
Şübhə yoxdur ki, sənətkarın
yaratdığı bu üslub gələcəkdə yetirmələri
ilə yanaşı, dünyanın müxtəlif
ölkələrində yaşayıb yaradan yüzlərlə,
minlərlə rəssamın yaradıcılığı tərəfindən
də davam etdiriləcək”.
Azərbaycan mədəniyyətinin
dünyada təbliğ olunmasında müasir fırça
ustaları arasında Dünya Rəssamlıq
Akademiyasının üzvlərinin də olduğunu deyən
S.Baharlı bildirdi ki, bir neçə il əvvəl həmin
rəssamların Bakıda sərgisi də açılıb:
“Xalq rəssamları Xanlar Əhmədov, Mir
Nadir Zeynalov, əməkdar incəsənət xadimi Arif Aziz, əməkdar
rəssam Eldar Qurbanov, tanınmış rəssamlar Səmədağa
Cəfərov və Nağdəli Xəlilov Dünya Rəssamlıq
Akademiyasının üzvləridir. 100-dən çox ölkənin tanınmış
fırça ustalarını öz ətrafında birləşdirən
bu mötəbər quruma rəssamlarımız 2009-cu ildən
üzv olmağa başlamışlar. Belə bir təşkilatda
təmsil olunmaqla biz Azərbaycan rəssamlıq məktəbinin
qədim və özünəməxsus ənənələrini
dünyada daha geniş formada təbliğ etməyə nail
oluruq”.
Ekspert bildirdi ki, son illər Azərbaycan təsviri
incəsənətinin dünyada təbliğ edilməsi və
onun müasir nümayəndələrinin
tanıdılması üçün Heydər Əliyev Fondu
da böyük işlər görür. Onun bildirdiyinə
görə, vaxtaşırı olaraq Azərbaycan rəssamlarının
fırça nümunələri dünyanın müxtəlif
ölkələrində sərgilənir: “Bilirsiniz ki,
dünya dəyişir, mədəniyyət sisteminə yeni
baxış formalaşıb. Rəssamlıqda da bir sıra
yeni izmlər yaranır, dəst-xətlər formalaşır.
Azərbaycan rəssamlığı ancaq Sovet dövründə
olduğu kimi qala bilməz, təbii, inkişaf etməlidir. Bu
gün dünyada yeni mövzular, yeni dəst-xətlər,
hadisələrə yeni baxış istəyirlər.
Zamanında klassik Azərbaycan rəssamları çəkdikləri
əsərlərlə öz sözlərini deyiblər. Bu
gün sözü müasir rəssamlar deməlidir. Onu da
vurğulayım ki, dövlətin bu sahəyə diqqəti və
qayğısı böyükdür. Keçən
çağlarda Səttar Bəhlulzadə, Mikayıl Abdullayev,
Maral Rəhmanzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov,
Rasim Babayev və digər rəssamlar dünyaya çıxmaq
üçün mücadilə aparırdılarsa, buna müəyyən
qədər nail oldular. Onların əsərləri dünyada
az-çox tanınır, qiymətləndirilir.
Bu gün Heydər Əliyev Fondu mədəni
irsimizə çox böyük qayğı ilə
yanaşır. Fondun təşkilatçılığı
ilə dünyanın müxtəlif ölkələrində
rəsm sərgiləri açılır, rəssamlarımız
tanıdılır. Bayaq mən S.Məmmədovun adını
çəkdim. Amma o tək deyil, bu axına qoşulan digər
rəssamlarımız da var. Sovetlər Birliyi dağılandan
sonra bir sıra Azərbaycan rəssamları xarici ölkələrə,
xüsusən də qardaş Türkiyəyə üz tutdu.
Bu gün Türkiyədə Azərbaycan rəssamlarının
böyük məktəbləri formalaşıb. Bizim rəssamlar
dünyanın harasında olursa-olsun, Azərbaycan təsviri
incəsənət məktəbini yaşadır və təbliğ
edirlər. O rəssamlar xarici ölkələrdə Azərbaycan
rəssamlıq məktəbinin özəlliklərini
başqa xalqların övladlarına da təlqin edirlər. Bu
çox müsbət haldır. Düzdür,
Sovet dövrü Azərbaycan rəssamlarının
şöhrəti o qədər böyükdür ki,
müasir rəssamlar o şöhrətə çata bilməyib
hələ. Amma dünyaya çıxmaq, dünyanın diqqətinin
Azərbaycan incəsənətinə cəlb etmək hər
kəsin arzusudur. Dediyim
kimi, bir-iki nəfər, az da olsa, buna nail
ola bilib.
Onu da vurğulayım ki, gənc rəssamların beynəlxalq
aləmdə tanıdılması çox mühümdür. Bu gün
çox istedadlı gənc rəssamlarımız var, sadəcə
onları tanıda bilmirik”.
İradə
SARIYEVA
Bakı
xəbər.- 2017.- 16-18 avqust.- S.15.