Azərbaycan aşıq sənətinin
son mogikanı aşıq Ədalət Nəsibov haqqında
vida sözü...
Əlvida mogikan, əlvida... Bu ayrılıqdan
sonra təkrar görüşümüz olmayacaq heç vaxt.
Qara sazının çanağına qulağını
söykəyib onun sənə bitdə-bitdə
pıçıldadıqlarını nə sən təkrar
duyacaqsan, nə də biz.
Son görüşümüzdə gözlərində
yaşamağın şəklini görmüşdüm.
Saçını sığallayıb üzündən
öpəndə elə bilmişdim ki, təkrar-təkrar
görüşəcəyik. Mənə elə gəldi ki,
quruyub qaxaca dönən barmaqların sazın pərdələrinə
toxunsa, sən sağalarsan. Saz yaşadırdı səni, sən
sazı yaşadıb ucaltmışdın axı.
Azərbaycan Aşıqlar
Birliyinin katibi, tanınmış aşıq Altay Məmmədliyə
minnətdarlığımı bir də bildirmək istəyirəm
ki, məni səninlə görüşdürdü. O da
yadımdadır ki, aşıq Altay sənə dedi ki, ustad, Gədəbəydən
sənə su gətirmişəm, amma yaman soyuqdur,
qorxuram içəsən, sənə ziyanı dəyə.
Gözlərin işıqlandı, dədə:
- Ayə, o suyu bura gətir. Həkimlər
çox söz deyir. Düzdür, boğazıma zərərdir,
ancaq içəcəyəm. Aşıq Altay tələsik
suyu gətirməyə getdi. Dərin bir xəyala daldın.
Dağların füsunkar təbiətini bir anlıq gözlərin
önünə gətirdin, buz bulaqların tamını
ağzında hiss etdin, keçirdiyin keyf-damaqlı gözəl
günlər yadına düşdü... Bəlkə də
içində bir zümzümə də etdin.
Bir-bir düşər,
Atlanan bir-bir düşər.
O yerlərdə
keçən günlər
Yadıma bir-bir düşər.
Aşıq Altay əlində su qabı içəri girəndə
xəyaldan ayrıldın. Bir stəkan su süzüb səni
yataqdan dikəltdim və buz kimi dağ suyunu sənə
içirdim...
- Oxayyy –
dedin, dədə. O söz indi də qulağımda cingildəyir.
Soyuq su ürəyini sərinləşdirdimi,
bilmirəm. Amma onu hiss etdim ki, gözlərində qəribə
bir işıq göründü.
Aşıq
Altay dedi ki, ay ustad, vallah səndə bir şey yoxdur. Söz
verirəm ki, bir az düzəl, səni
maşına oturdub o gəzdiyin oylaqlara aparacağam, meşədə,
sarı xəzəlin üstündə oturub qara sazını
dilləndirərsən, o buz bulaqların başı sənin
sazının səsini ömürlük unutmayıb, yenə
də arzulayır.
- Nə
deyim, qardaşoğlu, görək - dedin. Sözündə
heç bir ümidsizlik notu hiss etmədim.
Düşündüm ki, tezliklə sağalacaqsan...
Jurnalistlərlə
ünsiyyətə elə də can atmazdın, müsahibə
verməyi sevməsən də, ürəyinə yatan
jurnalistlərin suallarına canla-başla cavab verərdin. Məqsədin öyrətmək, sazı daha
çox ürəklərə sevdirmək idi.
Son görüşümüz kino lenti kimi gözlərim
önündə canlanır, məni təkrar-təkrar o anlara
qaytarır. O
günə qayıtmaq necə böyük səadətdir,
bircə bilsən...
Saz Adəmdən icad olub, Adəmdən indiyə qədər
minlərlə haqq aşığı, ozanlar, pirlər,
saz-söz sərrafları bu dünyanı kəşf edib
dolanıb, dövran sürüb, elin-obanın xeyir işini
urvatlayıb, xeyir-dua verib. Elə aşıq
sözünün də kökündə, mahiyyətində
“işıq” amili dayanır. Bəli, bu sənətinin
son zirvəsi kimi haqqın yadigarı olan sazımızı
şərəflə, urvatla yaşatdın. Adın əbədi olaraq sazla qoşa çəkiləcək.
Necə ki, müasir dövrdə ustad
aşıq deyəndə, sən Ədalət Nəsibovun
adı çəkilirdi. Eləcə də
minillər sonra da adın tər-təzə qalacaq, heç bu
ada kölgə düşməyəcək. Zirvə ancaq günəşlə
görüşür, günəş isə zirvənin
qarını əritməkdə acizdir. Zaman
nə qədər sürətlə keçsə də,
öz yel qanadında, işıq sürətində səni də
özü ilə yaşadacaq. Sən hələ
sağlığında bütün zamanların dədə sənətkarı
statusunu qazandın.
“Aşıq Ədalət Nəsibov dünyadan
köçüb” xəbəri bütün sazsevərləri
dərindən sarsıtdı. Ürəklərdə
elə bir zəlzələ qopardı ki, o xəbər selinin
qarşında hamı aciz qaldı. Hətta
“bəlkə vəziyyəti pisləşib” deyənlər də
tapıldı. Ancaq nə edək ki, xəbəri
“Yalıncıq” gətirmədiyi üçün doğru
çıxdı...
Qazaxda
görünməmiş izdiham - Dədə Ədalətlə
vida mərasimi...
Dədə, sənin nəşini Qazax camaatı
böyük hüzn və göz yaşı ilə ayaqda
qarşıladı. Qazaxlılar onları bütün
dünyada tanıdan Dədə Ədalətin pişvazına
çıxmışdılar. Orada iştirak edənlər
bildirir ki, Dədə Ədalətin dəfni Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun rəhbərliyi və təşkilatçılığı
ilə çox yüksək səviyyədə, ustad
aşığın adına layiq
keçirilib. Ustad, pir adına
böyük sayğı ilə yanaşan Rayon İcra Hakimiyyəti
və rayon ziyalıları, ictimaiyyət nümayəndələri
var olsun.
Azərbaycan aşıq sənətinin böyük bir
epoxasının son qüdrətli təmsilçisi olan
Ədalət Nəsibov Qazax rayonunun Ağköynək kəndində
torpağa tapşırılıb. Dəfn olunduğu
gündən Ağköynək məzarlığı,
sözün həqiqi mənasında, ziyarət yerinə
çevrilib. Türk dünyasında əli
saz tutan istənilən insan Ağköynək məzarlığını
ziyarət etməyi özünə borc biləcək. Çünki saz haqqı, ustad haqqı Tanrı
haqqıdır.
Yetim qalan
saz...
Onu da deyim ki, bu gün Azərbaycanda ustad aşıqlar
var, o aşıqların hər biri çağdaş
aşıq sənətimizin layiqli odqoruyanları, təəssübkeşləridir. Allah
ustadların hər birini qorusun. Etiraf edək
ki, son dövrlər Ədalət Nəsibov səviyyədə
tanınan, dünyanın dörd bir yanını dolanan, ana
sazımızı tanıdan, qara sazla dünyaya meydan oxuyan
aşıqlarımız olmayıb. Bu
gün gənc aşıqlar haqlı olaraq deyirlər ki,
Ədalət Nəsibovun vəfatı aşıq sənətini
dədəsiz qoydu. Onlara görə,
artıq sazımız yetim qaldı. Gənclər
üçün də, orta nəsil üçün də
Ədalət Nəsibov sənəti bir etalon idi. Təbii, bunu birmənalı qəbul etməliyik.
Sentyabrın 17-də “Heydər” Məscidində
çağdaş Azərbaycan aşıq sənətinin
görkəmli nümayəndəsi, əməkdar incəsənət
xadimi, Prezident təqaüdçüsü aşıq
Ədalət Nəsibovun üç mərasimi keçirildi. Azərbaycan ictimaiyyətinin
tanınmış nümayəndələrinin
qatıldığı üç mərasimində “Mərasim
evi”nin foyesində Dədə Ədalətin
möhtəşəm fotosu qoyulmuşdu. Dədə
başını sazın çanağına qoyub öz aləmindəcə
qalmışdı. Sanki indi sazın səsi
duyulacaqdı, “Yanıq Kərəm”ini, “Ruhani”ni, “Cəlili”ni,
“Hicran Kərəmi”ni dilə gətirəcəkdi. Şəkli ilə üz-üzə gələndə
kövrəldim. Qeyri-ixtiyari olaraq ürəyimdən “Dədə,
gör sənin görüşünə nə qədər adam gəlib, hamı sənin sazına qulaq
asmaq istəyir” söyləmək keçdi... Dədə
əbədi yuxuya gedib. Nə qara sazı,
nə də fotoları ondan soraq verə bilər. Qara sazı da bizdən betər yasa batıb. 5-6 ay idi ki, əlinə almamışdı qara
sazını. Deyərdim ki, heç 50-60
illik könül həmdəmi ilə
vidalaşmamışdı da. Sazı ilə
halallaşmamışdı məncə. Təfərrüatları
bilmirəm, ola bilsin
halallaşıbmış, amma mənə məlum deyil.
Dədə
başını qara saza söykəyəndə bir ayrı aləm
olurdu... Ay qara saz, indi sənə kim
başını söykəyəcək? Üç mərasimində
çıxış edən xanım aşıqlardan
hansısa dedi ki, Dədə Ədalət bir dəfə məclislərdən
birində “vəsiyyət edəcəyəm ki, sazımı
da mənimlə birgə dəfn etsinlər” deyibmiş... Sonra məclisdəkilər onu fikrindən
daşındırıb ki, sənin sazının
yaşaması sənin yaşamağın deməkdir. Bildiyim qədər, qədim zamanlarda da ozanlar, ustad
aşıqlar arasında “sazımı da mənimlə birgə
dəfn edin” vəsiyyətində bulunanlar olub. Dədə
Ədalətin qara sazı onun ruhu kimi bizə əziz və
doğmadır...
Dədə Ədalətin üç mərasimində
qadınların iştirak etdiyi məkanda oldum. Tanınmış
teleaparıcı, şairə Çiçək
Mahmudqızı çox gözəl bir söz dedi. Dedi ki, Dədə
Ədaləti ağlamaqla, sızlamaqla yox, xoş xatirələrlə,
onun işıqlı işləri ilə
xatırlamalıyıq.
Çiçık
xanım çıxışının əvvəlində
aşıq Ədalətin həyatda ən böyük
dayağı olan və vəfatından sonra da onun uğrunda
böyük işlər görməkdə davam edən
aşıqların anası, mənəvi himayədarı
Sultan xanım Nəsibovanın xeyirxah əməllərindən
danışdı, ona təşəkkür etdi: “Dədənin
özünün vəsiyyəti ilə bu gün də məclisə
Sultan xanım böyükcəlik edir, övladları ilə
bərabər o da başsağlıqlarını qəbul
edir. Neçə illər əvvəldən
başlayaraq bütün ağrılı məqamlarında
Sultan xanım dədənin yanında olub, onun
qayğısını çəkib. Bəlkə
də Dədə Ədaləti bu yaşa qədər
yaşadan yuxarıda Allah, aşağıda Sultan xanım kimi
insanlar olub. Dədə Ədalət təkcə
övladlarının deyil, o bütün Türk
dünyasınındır, saz dünyasınındır.
Dədənin ölümünə biz ağlamadıq,
çox möhkəm olduq. Vəfatından
bir gün əvvəl Sultan xanım bütün Qazax
ziyalılarını Dədə Ədalətin
görüşünə çağırmışdı.
Hamı yığışmışdı.
Mən Gəncədə olduğum
üçün o görüşdə iştirak edə bilmədim.
Sultan xanım mənə dedi ki, Çiçək, dədə
yol üstündədir, getmək məqamındadır. Mən onunla vəfatından bir həftə əvvəl
görüşmüşdüm. Sultan xanım dedi ki,
hamı ilə danışdı-güldü, Nəriman Həsənzadəni
dinlədi, Teymur Bünyadovu dinlədi, Firdovsi Umudov onun boynunu
qucaqlayıb şəkil çəkdirdi, İlham Pirməmmədov
onunla zarafat etdi. Hər kəs onun
könlünü almağa çalışdı. Sultan xanımdan soruşdum ki, bəs dədə nə
etdi? Dedi ki, dədə gah uşaq təbəssümü
ilə güldü, gah da gözünün küncündən
damla-damla yaş axıtdı...”.
El
şairəsi Səadət Buta isə
çıxışında bildirdi ki, aşıq Ədalət
Nəsibov bütün Turan dünyasınındır: ”Ədələt Türk dünyası
aşıq sənətinin şahıdır. Ədalət
sazı çalanda bəzən Koroğlu olurdu, bəzən
aşıq Cunun olurdu. Ədalət haqqdan
oxuyanda haqqı müdafiə edən hakimə çevrilirdi.
Yunis Əmrə demişkən, Ədalət
özündə deyildi “bir mən vardı, məndə məndən
içəri” fəlsəfəsi yaşayırdı ustadda.
Ədalətdə bir mən var idi özündən
içəri. Min
illərdir “Yanıq Kərəmi”
çalınıb, hər ustad da onu bir cür çalıb,
öz xalını, gülünü vurub, amma Ədalət bu
havaya elə bir naxış vurdu, əsrlər keçsə də,
o naxış pozulmayacaq. Kimsə onun ifasına
öz ifasını bənzədə bilər, amma o bu
havanı Ədalət kimi çala bilməz. Ədalət
Nəsibov adi bir adam deyildi, Allahın sevib
seçdiyi və dərgahına qaldırdığı sənətkar
idi. Ədalət ölməyib, Ədalətin
sazı əbədi olaraq Türk dünyasında öz
havasını çalacaq”.
Əməkdar
mədəniyyət işçisi, Prezident təqaüdçüsü
aşıq Ulduz Sönməz də Dədə Ədalət
haqqında xatirələrini bölüşdü: ”Harda “saz” sözü yazılsa, orada Ədalətin
adı olacaq. Hələ heç kim
bilmirdi ki, Ədalət nə üçün sazı
qulağının dibinə tutub çalırdı? Ürəyi ilə sazı
çuğlaşdırıb, birləşdirib sazı
qulağının dibinə qoyub çalırdı. Çünki Ədalət sazın
çanağından, içindən gələn səsi
duyurdu. Bəlkə də hələ bir aşıq onu
hiss etməyib. İndiyə qədər görmədim
ki, Ədalət nəyinsə xatirinə bir bayağı
söz oxusun, bir bayağı hava çalsın. Ədalət həqiqətən
sazın-sözün, Türk dünyasının sənətkarı
idi. Mən onun ruhunu alqışlayıram.
Ədalət heç vaxt ölməyəcək,
o ölən sənətkar deyil”.
Əməkdar mədəniyyət işçisi Solmaz
Kosayeva da dahi sənətkar haqqında danışdı. “Ədalət
sağlığında dədə statusunu alan
sənətkardır. Xoş bizim halımıza
ki, biz aşıq Ədaləti görmüşük, onunla
bir məclisdə oxumuşuq, ünsiyyətdə olmuşuq.
Sənət yoldaşlarımın dediyi kimi,
aşıq Ədalət sazın Ədaləti olduğu kimi,
hər zaman ədalətli danışırdı. Heç vaxt heç kimə əyilmədi, həmişə
düz danışdı. O, uşaqdan böyüyə,
hər kəsin ürəyində iz salan sənətkardır.
Onunla eyni məclisdə olmuşam. O,
haqqın bizə bəxş etdiyi bir dahi idi”.
Əməkdar
mədəniyyət işçisi Gülarə Azaflı da
ustadın vəfatından üzüldüyünü bildirdi:
“Ustad, sən hər zaman səni sevənlərin qəlbində
yaşayacaqsan. Sən ölməz bir sənətkarsan.
Ruhun şad olsun, ruhun qarşısında
baş əyirəm”.
Şairə Cığatel İsaqızı
çıxışında bildirdi ki, 5 yaşından
Ədalət sənətinin vurğunu olub və onun sənətinin
sehrindən heç vaxt çıxa bilməyib. Şairə
Nazilə Səfərli isə çıxışında
ustadın ona verdiyi mənəvi dəstəkdən
danışdı və onun ruhunu sayğı ilə andı.
Folklorşünas-alim, aşıqşünas İlhamə
Qəsəbova isə çıxışında ustad
aşığın aşıq sənətinə verdiyi
böyük töhfələrdən, yetişdirdiyi şəyirdlərdən,
sənət sahəsində açdığı
böyük yoldan danışdı. Onu da bildirdi ki, Qazaxda
xor lirikasının da əsasını aşıq Ədalət
Nəsibov qoyub.
Ustad aşıq Ədalət Nəsibov doğrudan da Azərbaycan
aşıq sənətinin son mogikanı idi. O elə bir zirvədir ki,
ora ancaq ona məxsusdur. Əlvida mogikan, əlvida.
Ruhun şad olsun, əmi!
İradə SARIYEVA
Bakı
xəbər.- 2017.- 19 sentyabr.- S.15.